Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astaranın SIM kəndi – daim bizi gözəlliyi və sirləri ilə heyrətləndirən məkan


Neçə dəfə getməyimizdən asılı olmayaraq Astaranın Sım kəndi qədimliyi ilə bizi həmişə heyran edə bilir

Astara şəhərinin mərkəzindən 40 kilometr aralıda bir möcüzəli kənd var – SIM kəndi yollarının bərbad olması səbəbindən uzun müddət gözdən, könüldən uzaq bir məkan olub. Son illər isə bu kəndə gedən yollar abadlaşandan sonra Sıma gedən turistlərin, tarixçi-tədqiqatçıların sayı nəzərə çarpacaq  dərəcədə artıb.  Bir jurnalist kimi ilk dəfə Sıma 2010-ci ildə, o vax 11, indi 23 yaşlı nəvəm Elcanla getmişdik. Həmin vaxt olduqca bərbad yolu olan Sım kəndinə 16 nəfərin topalandığl bir UAZ maşınında getdik.  Hörmət əlaməti olaraq məni UAZ-ın qabaq oturacağında 4 nəfərlə birgə əyləşdirmişdilər. Bir neçə saata getdiyimiz bu səfər zamanı yolda nə qədər yorulsaq da, kəndin gözəlliyi bizə hər şeyi unutdurmuşdu. Səfər təəssüratlarını o vaxt çap etdiyimiz “Cənub xəbərləri” qəzetində “Cənnətə gedən cəhənnəm yolları” silsilə yazılarımda qələmə almışdım.

Bu gün hamar yollarla Sıma gedənlər yüzlərlədir. Dəyərli tarixçi-tədqiqatçı dostumuz İldırım Şükürzadə də bu günlərdə Sım kəndində olub. Onun bu kənd haqqında hazırladığı yazını sizə təqdim edirik.

Zahir Əmənov


                                                            SIM KƏNDİ

            Sım Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindn 40 km şimal-qərbdə, Talış dağlarının qoynunda, Təngərüd çayının sahilində yerləşir. 

         Sım kəndinin 220 təsərrüfatında 886 nəfər yaşayır. Kənddə 1933-cü ildə 160, 1999-cu ildə 524 nəfər yaşamışdır. 

         Sım toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Toponimlərə dair kitablarda bu toponim talış dilində “sıldırım”, “hündür yer”, “sünbə, şiş”, “qıraq, kənar” mənalarında izah olunur. Yerli sakinlər isə Sım sözünün daha çox “qırmızı”, “gil torpaq” mənalarında işləndiyini qeyd edirlər. 

         Fikrimizcə, Sım qeyri-şəffaf toponim olub, tam mənası açılmamışdır.

        Sım qədim tarixə malikdir. O, nəinki Astaranın, həmçinin ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri sayılır. Burada qeydə alınan arxeoloji abidələr Sımın tarixi keçmişindən soraq verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust   2001-ci il tarixli 132 saylı Qərarına əsasən, Sım kəndində ölkə əhəmiyyətli Sım yaşayış yeri (inv: 828; IX-X əsrlər), yerli əhəmiyyətli Damğalı daşlar (inv: 5773; Orta əsrlər), Utey yaşayış yeri (inv: 5774; XIV-XVII əsrlər), Çayu yaşayış yeri (inv: 5775; XIV-XVII əsrlər) arxeoloji abidələri və yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunəsi kimi Nizə tutmuş atlının təsviri olan qəbir daşı (inv: 6109; təəssüf ki, abidə artıq mövcud deyildir) abidəsi qeydə alınmışdır.

         Bu, heç də Sımda olan abidələrin tam siyahısı deyildir. Kənddə aşkarlanmamış və eyni zamanda mövcud olub, rəsmən qeydə alınmayan çoxlu sayda abidə vardır. Kənd ərazisində 12-yə qədər köhnə qəbiristanlığın, bir neçə ziyarətgahın, 150-170 il yaşı olan və ağacdan inşa edilən məscidin, köhnə dəyirmanın olması bunu bir daha sübut edir.

         Kənddımlığında müxtəlif ölçülü qayalar vardır. Bəzi qayaların üzdin hər aərində işarələr, şəkillər vardır. Utey yaşayış yerində olan qaya (petroqlif) üzərində müxtəlif heyvan şəkilləri çəkilmişdir. Sımdakı qayalar və qayaüstü təsvirlər Qobustanı xatırladır. 

         Sım qədim tarixi ilə yanaşı, həm də əsrarəngiz təbiətə malikdir. Meşə ilə əhatə olunan kənddə 100-ə qədər bulaq, 25 və 30 metr hündürlükdə  olmaqla 2 şəlalə, hündür təpələr, kəndin mərkəzində kiçik şəlalə vardır. 

          Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, meyvəçilik və maldarlıqdır. Qoz ağacları xüsusilə çoxluq təşkil edir.

         Sovet dönəmində Sımda əvvəl “Qırmızı oktyabr” kolxozu, daha sonra isə “Sosializm” sovxozu fəaliyyət göstərmişdir. “Sosializm” sovxozu 13 kəndi əhatə etmiş və mərkəzi Pəlikəş kəndi olmuşdur. “Sosializm” sovxozu kartofçuluq, taxılçılıq (buğda, arpa) və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Kolxoz dövründə kəndin özünün heyvandarlıq ferması olmuşdur. 1990-cı illərin əvvəllərində “Sosializm” sovxozu əhatə etdiyi kəndlər üzrə ayrı-ayrı təsərrüfatlara bölünmüş və Sımda da təsərrüfat “Sım” sovxozu adlanmışdır. 

         1997-ci ildə ölkədə keçirilən Aqrar islahat nəticəsində kolxoz və sovxozların, kooperativlərin balansında olan torpaqlar payıbəlli torpaq kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.

         Sım kəndində sosial obyektlərdən tam orta məktəb, kitabxana, kitab köşkü, folklor evi, tibb məntəqəsi, məscid, bərbərxana, mağaza-dükanlar, ictimai-iaşə obyektləri vardır.

         Sım kəndi Pəlikəş kənd inzibati ərazi dairəsininin və Pəlikəş bələdiyyəsinin tərkibindədir. Pəlikəş inzibati ərazi dairəsi və bələdiyyəsi Pəlikəş kəndi mərkəz olmaqla Pəlikəş, Avyarud, Çükəş, Duriyyə, Diqo, Dolu, Lomin, Sım, Sibiyyət, Sipiyəpart, Şəvqo, Şümrüd və Vovada kəndlərini əhatə edir. Sım kəndi Pəlikəş inzibati ərazi dairəsindən əvvəl Pəlikəş kənd sovetliyinin və Unuz kənd şurasının tərkibində olmuşdur.

         2000-2010-cu illərdə Sım ayrıca bələdiyyə kimi fəaliyyət göstərmiş, 2010-cu ildə isə ləğv edilərək Pəlikəş bələdiyyəsinə birləşdirilmişdir.

        Sım qədim tarixi, füsunkar təbiəti ilə yanaşı ziyalıları ilə də tanınır. Kəndin tanınmışlarına misal olaraq Astara rayonunun Şuvi kəndində parket zavodonun, daha sonra isə Zaqatala, Balakən, Qəbələ, Ağdərə (keçmiş Mardakert) və Kəlbəcər rayonlarında zavod direktoru işləmiş Qəhrəman Məmmədov, 1962-1965-ci illərdə Astara RXMŞ-nin (Təhsil Şöbəsi) müdiri olmuş Nurəddin Məmmədov, Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışmış Asəf Məmmədov, Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərində müxtəlif vəzifələrdə işləmiş polis polkovniki Əmrah Yusubov, kəndin ilk müəllimi, uzun müddət Pəlikəş kənd sovetinin sədri (icra nümayəndəsi) vəzifəsini daşımış Böyükağa Xalıqov, Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin prezidenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov, şairə Aliyyə Sımlı, ictimai fəal Fəranə Fikrət, tanınmış pedaqoqlar Nəbi Xalıqov, Zahirəddin Məmmədov, Zikrulla Həmzəyev və digərlərini göstərmək olar.

                                                                                     İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

 

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10