Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Boraltan. Azadlığın tələsi” və ya xəyanəti bağışlamaq olarmı?


Xəyanətin bəhanəsi nə olursa olsun, “başqa yol qalmamışdı” desən də, etdiyinin bədəlini mütləq ödəməlisən

Xəyanəti sevmirəm, etməyi, görməyi də bağışlaya bilmirəm. Nə qədər cəhd etsəm də, beynimdə “keçdim” qərarını versəm də, ürəyim bağışlamağa və tam unutmağa imkan vermir. Nə özümün etdiklərimi, nə də mənə qarşı edilənləri. Bəlkə elə ona görədir ki, dostum Yunis Orucovun yazdığı ikinci kitabı olan – “Boraltan. Azadlığın tələsi” tarixi romanını birinci kitabından – “Nargin. Saralmış kədər”dən daha uzun müddətə oxudum. Əgər “Nargin”i oxumağa bir yuxusuz gecə və bir qutu siqaret bəs etmişdisə, “Boraltan” məni bir neçə gün yuxusuz qoydu. Bəzi yerlərini geri dönüş edib, bir də oxudum. Yəni belə də ola bilərmiş qardaşlar arasında?

Əslində bu mövzu haqqında roman yazmaq fikrini  Yunisə birinci kitabının təqdimatından sonra görüşəndə mən vermişdim. Mənə elə gəlirdi ki, mən vermişdim. Yadımdadır, ağıllı-ağıllı “Yunis, gəl sənə bir mövzu verim. Boraltanda güllələnən azərbaycanlılardan yaz. Orada bilirsən nə olub...?”, deyəndə, təəccüblə “Sən nə bilirsən ki, mən o barədə materiallar toplayıram?” deyə soruşdu. Sən demə məlum oldu ki, dostum neçə vaxtdır ki, Türkiyə-Azərbaycan münasibətlərində siyasəti qardaşlıqdan, dostluqdan üstün tutmağın acı nəticəsi barədə əl altdan sənədlər yığır, araşdırma aparırmış. Nəticədə ölkəmizdə çox az öyrənilən, tətqiq olunmayan bu faciənin qaranlıq məqamlarına Yunis Orucovun oxunaqlı, hamının rahat həzm edə biləcəyi dili ilə işıq salındı və bir tarixi roman ortaya çıxdı.

Romanda müxtəlif tarixi dövrlər arasında keçidlər o qədər ustalıqla verilib ki, oxucu əsərin bir fəslindən başqa fəslinə, Azərbaycanda repressiya dövründən İkinci Cahan savaşına, oradan isə 20-ci əsrin 70-ci illərinin Türkiyəsinə rahatca adlaya bilir, dövrləri qarışıdırmır və tarixi baxımdan müxtəlif formasiyalar, quruluşlar fonunda bir həqiqəti yenidən dərk edir: harada, hansı quruluşda, hansı dövrdə yaşamağından asılı olmayaraq, qardaşa xəyanət etmək olmaz. Xəyanətin bəhanəsi nə olursa olsun, “başqa yol qalmamışdı” desən də, etdiyinin bədəlini mütləq ödəməlisən. Siyasət də insan əməli kimidir – bütün etdiklərin bumeranq kimi üstünə qayıdacaq. Və bu aksiomu oxucusuna yenidən xatırladan Yunis Orucov “Boraltan”ı yazmaqla sanki həm Azərbaycanda olan türk adı gələndə ağzını büzənlərə, həm də Türkiyədə Azərbaycan adı gələndə üzlərini turşudanlara xəbərdarlıq edir: dövlətinə, millətinə, qan qardaşına xəyanət etmə! Edəcəksənsə, sənin cəzanı elə vətəndaşı olduğun dövlət, birgə yaşadığın xalq, toplum verəcək.

Romanın qəhrəmanları olan Azər, Araz, Baycan, Səhər adlarını müəllif təbii ki, elə-belə seçməyib. Bu adlar Azərbaycan üçün bir simvoldur və Azərbaycan xalqının yaralı Araz problemini simvolizə etməklə yanaşı, Səhərə, Türkiyə ilə münasibətlərdə, millətin bu keşməkeşdən də qalib çıxacağına ümid sərgilənir. Axı hər qaranlıq gecənin bir işıqlı səhəri olur. 44 günlük Qarabağ savaşı Azərbaycan-Türkiyə qardaşlığının Boraltan faciəsindən sonra ürəyimizdə qalan çapıqlara baxmayaraq, yenə də üzüağ çıxdığını əməldə sübut etdi. Ötən əsrin ortalarında iqtidarını saxlamaq üçün onlara pənah gətirən azərbaycanlıları Stalinə qurban verən o zamankı CHP  höküməti “dövləti xilas etməyin başqa yolu qalmadı”ğını arqument kimi önə çıxarsa da, bu barədə olan sənədləri, izləri itirməyə cəhd etsə də, həqiqət, haqq öz yerini həmişə tapır. Çünki, haqq əyilər, sına bilməz!

Əsas qəhrəmanlardan başqa romanda iki epizodik personaj diqqətimi xüsusi cəlb etdi. Azadlıq əsirlərinin saxlandığı düşərgənin rəhbəri, azərbaycanlıların düşdüyü vəziyyətə görə ömrünün sonuna qədər vicdan əzabı çəkən, rahatlıq tapmayan Abdurəhman bəy, və əsirlər ruslara təhvil verilməmişdən qabaq onları xilas etmək üçün müdriyyətinə son dəfə zəng edən, “yox” cavabı alandan sonra baş verənlərlə barışa bilməyən, bütün ömrünü bu mənzərənin əzabı ilə yaşaya bilmyəcəyini başa düşərək, özünü vuran zabit Rəşad. Və mənə elə gəlir ki, o zaman müxtəlif siyasi mənafelərə görə dostunu-qardaşını satmağa qərar verən hökümətə ilk cavabı onlar vermiş, Türkiyə-Azərbaycan qardaşlığının əbədi olması yolunun daha bir əzabkeşi və şəhidi də onlar olmuşlar.

Əminəm ki, oxucular “Boraltan. Azadlığın tələsi” romanını oxumaqla dövlətlərimiz arasında baş verən bu qaranlığın da işıqlı Səhərə çıxmasını məmnuniyyətini dadacaqlar.

Yunisin “Nargin. Saralmış kədər” kitabı barədə fikirlərimi (https://ayna.az/cehennem-adasina-seyahet-ve-ya-niye-bu-romani-filme-cevirmeyek-ki) yazanda, ümid etmişdim ki, Narginlə bağlı bir film çəkiləcək, bunu bizimkilər edə bilməsələr də, maliyyəsini ayırmaqla professional türk rejissor və aktyorları da dəvət edə biləcəyimizi yazmışdım. Təəssüf ki, olmadı. Niyəsini bilmirəm. Əslində bilirəm, amma umu-küsü yazmaqla, bu gözəl romanın ab-havasını korlamaq istəmirəm. Amma, “Boraltan”ın belə bir şansı var. Çünki, kitabın prezentasiyası zamanı onun işıq üzü görməsində böyük rolu olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun adını unutduğum nümayəndəsi (prezentasiyadan sonra, yaxınlaşıb, ona təşəkkür etdim və film barədə fikirlərimi də bildirdim) şad xəbər verdi. Bu kitab türk dilinə tərcümə edilib, nəşr ediləcək. Bu isə o deməkdir ki, hansısa türk rejissoru mütləq bu romanı görəcək və oxuyan kimi də çəkmək qərarına gələcək. Özümüz bacarmadıqsa (istəmədiksə), Türkiyədəki dostlarımız edəcək. Axı türkün türkdən başqa dostu yoxdur! Kaş bu həqiqəti bizim Mədəniyyət Nazirliyində, kino çəkməyə məsul bütn qurumların rəhbərliyində, kino camiəsində də mümkün qədər tez dərk edəydilər. Bunu bizdən həm Boraltan qurbanlarının, həm repressiya olunaraq, Qazaxıstanın şaxtasında ölənlərimizin, həm də dilində Vətən kəlməsi ilə canını torpaq uğrunda qurban verənlərin ruhları tələb edir...

Müəllif: Mətin Yaşaroğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10