Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məmməd Arazın lənkəranlı şair Şəkər Aslana məktubları


Məmmıd Araz: “Sən bölgə şairi deyilsən, ölkə şairisən”

Bölgəmizin çox dəyərli şairlərindən sayılan, bu günlərdə 85 yaşı qeyd edilən Şəkər Aslan Lənkəran rayonunun Boladi kəndində anadan olub.

  Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakultəsini bitirmişdir. 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur.

"Şərəf nişanı" ordenli şair 1995-ci il iyunun 12-də vəfat etmişdir.

 14 şeir kitabının müəllifidir. 2 pyesi Lənkəran Dövlət Dram teatrında tamaşaya qoyulmuş

Tanınmış bəstəkarlar -Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə.Əzimov, H.Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu və sairləri onun onlarlarla şeirinə mahnı bəstələmişdir.

Bu günlərdə bölgəmizin dəyərli qələm sahibi Sevda Əlibəyli  əvəzsiz şairimiz  Şəkər Aslan yazdığı 2 məktubu redaksiyaya təqdim etmişdir. Xatırladaq ki, hər  şair oktyabrda, 3 gün fərqlə dünyaya gpz açıb. İzləyicilər üçün maraqlı olacağını nəzərə alıb həmin yazını sizə təqdim edirik. 


Sevda Əlibəyli:

Bu yaxınlarda Şəkər Aslanın arxivinə baxarkən iki məktub diqqətimi cəlb etdi. Hər ikisi də əbədiyaşar Xalq şairi Məmməd Arazın imzası ilə.

 Biri 1967-ci ildə Şəkər Aslana ünvanladığı cavab məktubudur. Yəqin ki, Şəkər Aslanın məktubu da Məmməd Arazın arxivində qorunur və ya heç qalmayıb...

İkinci məktubun yazılmasının isə canlı şahidiyəm. Lənkərandan Bakıya gələndə Şəkər Aslan “Evə məktub” adlı kitabını Məmməd Araza çatdırmağımı xahiş etdi. Şair kitabın bəzi səhifələrinə “quş” qoyaraq vərəqlədi. Bildim ki, nəsə yazacaq. Növbəti həftə “Azərbaycan” nəşriyyatına gedəndə Məmməd müəllim makinadan çıxmış yazını mənə oxutdu. Kövrəldiyimdən təşəkkür etməyə söz tapmırdım. Və yazını zərfə qoyub Şəkər Aslana ünvanladıq. “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.

Bu həmin dövr idi ki, Şəkər Aslan 22 il işlədiyi doğma “Lənkəran” qəzetindən uzaqlaşdırılmışdı. “Söz” jurnalının təsis olunmasına isə aylar qalırdı.

Məmməd Arazın qayğısı, xeyirxahlığı sayəsində çoxlarının taleyinə işıq düşüb. Bunun şahidi çox olmuşam. Əksəriyyəti bu xeyirxahlıqları unutsa da, Şəkər Aslan bu təmənnasız qayğını, diqqəti ömrünün sonunadək minnətdarlıqla yad edirdi.

Bu gün dönə-dönə oxuduğum məktubların müəlliflərinin heç biri həyatda yoxdur. Amma hərarət dolu, səmimi məktublar qalır. Nə xoş ki, yazılanların ömrü onları yazanların cismani ömründən uzundur. Bir də ki, bu məktublarda onların xətti, yazı üslubları ilə  yanaşı, həmin anlardakı ovqatları da aydın seçilir. Bu məktublar o zaman üçün iki şəxs arasında olan söhbət idi. İndi isə o məktublar, o yazılı söhbətlər hamıya ünvanlana bilər. Məktublarda ötən əsrin həmin dövrünün ab-havası var, tarixi var.

Şəkər Aslan Məmməd Arazın Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik (1993) yubileyində çıxış edib və yubilyara həsr etdiyi şeirini oxuyub. Fikirlərini çıxışında ürək genişliyilə əks etdirərək şairə minnətdarlığını bildirib.

1-ci məktub

“Şəkərcan, salamlar!


Məktubunu alıb sevindim. Mən yaza bilməyəndə, yazmağa vaxtım olmayanda, istəyimcə yazmayanda çox bədbin oluram, yata bilmirəm, əsəbi hal keçirirəm. Belə vaxtlarda dostların məktubu məni tərpədir, düşünürəm ki, heç olmasa bir adamın yadında varam, bir adam üçün yaşayıram, bir adama təsəlli verə bilirəm.

Həm məktubun, həm qəzetdəki rəyin məni sevindirdi. Təşəkkür edirəm. İndi gənclər şöbəsi “Azərnəşr”dən ayrılıb ayrı nəşriyyat olduğundan bizdən (bizim şöbədən) bir sıra əlyazmalar ora verilib (siyahı ilə). Vəziyyəti öyrənərəm (mən bu gün evdəyəm, odur ki, doğru məlumat verə bilmirəm), bizdə qalıbsa özüm məmnuniyyətlə redaktə edərəm; ora da verilsə, yenə narahat olmaya bilərsən, hamısı öz yoldaşlarımızdır. Bir də, sənin kimi şairi hər vicdanlı kəs ürəklə redaktə etməyə sevinər.

Bakının havası çox bulanıqdır: yağır, kəsir, gün düşür, külək qopur və s. (elə ədəbi havası da ondan betərdir).

Arzu edirəm ki, yeni şeirlərlə Bakıya gələsən, bizi sevindirəsən. Mən də ara-sıra yazıb-pozuram. Ancaq istədiyim yazıları çap eləmirlər. Mən isə istəyimi ütüləyə bilmirəm. Belə gedişlə də bir yana çıxmaq çətindir. Nə isə, sağlıq olsun. Nə yaxşı ki, sabaha ümid var.

Hörmətlə: qardaşın Məmməd Araz.

30.I.67

2-ci məktub

Sən bölgə şairi deyilsən...


Hörmətli dostum, sənətkar qardaşım Şəkər Aslan!

Sənin poeziya məclisinə dəvət olunduğum üçün razılığımı bildirirəm. Ancaq gələ bilmədiyimə görə səndən və məclis iştirakçılarından üzr istəyirəm. Sən elə xoşbəxt şairlərdənsən ki, sənin geniş poeziya “məhsulun” var. Bu əsl sənət məhsuludur, əsl söz varıdır. Bu mənada sənin sənətinlə bütün dalğalarda, bütün zaman və məkanlarda danışmaq olar, hər cür mübahisə və müqayisələr aparmaq olar və bu söhbətdə hər cür məxrəcə gəlmək mümkündür. Sən yazırsan:


Xalqımla ötüşüb hər günüm, ayım,

Dilimdə gül açıb sözü, kəlməsi;

Xalqımın dərdinə yüz yol yarayım,

Mənim dərdim nədir, o heç bilməsin.


Ömrümüz ömrünə qovuşur, bitir...

Xalq həmişə yaşar, biz gedəriyik.

O, özü qüdrətli qala kimidir,

Biz həmin qalanın kərpicləriyik.


Həyatda mən nələr gördüm gözümlə,

Nə duydum hər qəlbin haray səsində.

Hər sağlam şeirimlə, sərrast sözümlə,

Döyüşən əsgərəm xalq cəbhəsində.


Əziz şair, xalq cəbhəsinin əsgəri olmaq hər “xalq” deyən şairə qidmət olmur. Bunun üçün gərək onun rəsmini çəkəsən, bu çəkmək azdır, gərək sözün təzə ola, həm də gərək xalqın sözünə qaynaq ola sözün; onun möhürü ilə təsdiqlənə sözün; sən belə bir bəxtəvərliyə qovuşan şairlərdənsən. Sənin arxanda böyük xalq dayanır, sən bölgə şairi deyilsən, sən ölkə şairisən. Vaxtı ilə Sovetlər birliyi adlanan respublikaların əksər xalqlarının dilində sənin şeirlərin səslənib, dünya dillərinin çoxunda şeirlərin ünvan tapıb, hələ bundan sonra sənin şirin dilin yeni-yeni ünvanlar tapacaq.

“Şəki” şeirində yazırsan:


Abidə yazıdır daşın, divarın,

Demə saralacaq, demə solacaq.

Belə bir dünəni olan diyarın

Gör indi sabahı necə olacaq!


Millət, xalq özünə inanmalıdır, öz sabahına inanmalıdır, hər bir qələbənin ilk addımı inamdan başlanır, şair uğurları, şair qələbələri də belədir: ümid-inam qapıdan perikəndə ilham da yazı masasından uzaq düşür. Ümidinin keşiyində dur, əzizim! İnamının keşiyində dur, əzizim! İnadının keşiyində dur, əzizim! Bütün bunların əbədi mərkəzində sən özün olmalısan; bundan ötrü bədbinliyə qapılmaq deyil, böyük bir ehtirasla yazı masana, qələminə söykən, ilhamını küsməyə qoyma! İşləyən qələm, dünyanın ən güclü hakimlərindən, fatehlərindən daha güclüdür. Qələmin məhsulu sözdür, sözün sürəti isə ən yeni güllələrin sürətindən itidir.

Yazırsan:

Həyata sevinən bir ürəklə bax,

Hər kəs taleyinin elə şahıdır.

Bu gözəl torpaqda xoşbəxt olmamaq

İnan ki, insanın öz günahıdır!


Çox gözəl demisən! Bu deyimin eyhamından çoxumuza pay düşür.

Azərbaycan poeziyası heyrətamiz dərəcədə böyük poeziyadır, qədim poeziyadır, neçə yüz illərin poeziyasıdır. Bu poeziya meydanına çıxıb, at səyirtmək hər oğulun işi deyil. Sən, Şəkər Aslan, bu yolda öz sözünü deyən, onun qənşərində görünə bilən, görünmək azdır, öndə gedən şairlərdən biri kimi yeri olan şairlərdənsən. Mən bu “yeri olan” sözünü nahaq işlətmirəm. Uzun müddət mənəmliyi ilə “istedadsız cızmaqaraçılar” həqiqi sənəti görünməyə qoymayan qələm tutanlar çox olub, elə indi də var. Günlərin birində yəhərdən enəndə məlum olub ki, onun yeri yox imiş, ya yel aparıb, ya sel aparıb, ya da külək üfürüb dağıdıb. Yeri olmayanları isə torpaq tez gizlədə və unutdura bilir...

Sən bu böyük sənət xəritəsində öz poetik nöqtəsini tapan şairsən. Təkrar edirəm: bu qələbə hər sənətkara qismət olan səadət deyil. Neçə illərdir ki, sənin təptəzə poeziyandan zövq alan, onu ürəkdən təbliğ edən qələm dostlarından biri də mənəm.

Sənə bundan sonra da böyük uğurlar diləyən dostun

Məmməd Araz.

25.VIII.92.

Şair üçün tərif


Tərifdən qorxuram, qorxuram yaman...

M.Araz.


Şair, başla yenə şeir deməyə,

Hər təzə misraya bir əsirəm mən.

Səni ürəyimcə tərifləməyə,

Qələm götürmüşəm, söz gəzirəm mən.


Hər təzə şeirdən ürək sevindi,

Bir az şöhrətləndi, ucaldı vətən!

İlhamla, həvəslə qoy yazım indi

“Tərifsiz bir ömrün tərifi”ni mən.


Həm ülvi, həm müdrik, həm səmimisən,

Ah, necə boy atdın sən bu ölkədə?

Bir qollu-budaqlı ağac kimisən,

Bütün yaşıdların qalıb kölgədə...


Düşür hər sözündən nur üzümüzə,

Hər kəs nurlu misra yazan deyildir!

Etiraf edirik öz-özümüzə,

Məmməd Araz olmaq asan deyildir!


Sən böyük Məmmədsən, mən adi Şəkər,

Sinəndə döyünən odlu ürəkdir!

“Hamı Məmməd Araz olsaydı əgər,

Onda Məmməd Araz kimə gərəkdi!”


Təmkinli olaydıq kaş sənin kimi,

Odlu misralardır hünərin, gücün...

Qorxuram oxuyub indi şerimi

Məndən inciyəsən bu tərif üçün.


Olmadın heç kəsə tərif şəriki...

Bulud tək boşalıb yenə dolmusan.

O qədər sevmisən tənqidləri ki,

Böyük təriflərə layiq olmusan.


Sənət ümmanında açanda yelkən,

Bilmisən kim idin, sonra kim oldun.

Hələ başqasına tələbə ikən,

Mənə bir sevimli müəllim oldun!


Hər qəlbə bir təzə qapı açırsan,

Nə qədər mənalı il ötüşəcək!

Tərifdən ki, belə qorxub qaçırsan,

Hər yerdə payına tərif düşəcək!..

Şəkər ASLAN.

1977-1993







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10