Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gülhüseyn Hüseynoğlunun ömür yolundan oğlunun unudulmaz xatirələri


 

Masallının hələ ki, ilk və yeganə xalq yazıcısı, Mikayıl Müşfiqin ən sadiq silahdaşı, tədqiqatçısı, Azərbaycanın müstəqillik mücahidlərinin öncüllərindən olan, 7 illik sürgün həyatı yaşayan Masallı rayonunun Molloba kəndində dünyaya göz açmış Gülhüseyn Hüseynoğlunun həyatından oğlu Toğrul bəyin dilindən bu vaxta qədər eşitmədiyimiz film kimi xatirələr.

 

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun oğlu, həkim-stomatoloq Toğrul Abdullayevdir.

Səxavət Həmid: Toğrul müəllim, sizinlə söhbətimiz Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış nakam şairimiz Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı KİV-də materialların yayıldığı günlərə təsadüf edir. Atanız, mərhum xalq yazçısı Gülhüseyn Hüseynoğlu da Mikayıl Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Bilirsiniz ki, Mikayıl Müşfiqlə yanaşı, bir çox digər ədiblərimiz də Stalin repressiyasının qurbanı olub. Gülhüseyn Hüseynoğlu repressiya qurbanlarından niyə məhz Mikayıl Müşfiqi tədqiq edirdi? Sizcə, Müşfiqin həyatından onu cəlb edən nə idi?

 

– Çox doğru buyurdunuz. Gülhüseyn Hüseynoğlu haqqında danışanda istər-istəməz Mikayıl Müşfiq yada düşür. Müşfiqin adı ilə bağlı olan bütün ədəbi-bədii gecələrdə Gülhüseyn Hüseynoğludan bəhs olunur. Çünki atam Gülhüseyn Hüseynoğlu şairliyi, yazıçılığı ilə yanaşı bütün yaradıcılığını həm də Mikayıl Müşfiqin tədqiqatına həsr etmişdi. O, Müşfiqin vurğunu idi. Müşfiqin şeirlərindən çox ilham almışdı. Onun həyatda 3 amalı olub. Birincisi, Azərbaycanın müstəqil ölkə olmasıdır ki, buna görə çox böyük əzab-əziyyətlər çəkib. İkincisi, Mikayıl Müşfiqin yaradıcılığı, üçüncüsü ailəsi, övladlarıdır. Deyə bilərəm ki, bu amallarına çatıb.

Onu da doğru qeyd edirdiniz ki, həmin dövrdə Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli və bir sıra digər görkəmli şəxsiyyətlərimiz Stalin repressiyasının qurbanı olub. Onların hər biri elə böyük dəryadır ki, bir insanın onların iki-üçünü tədqiq etməyə ömrü yetməz. Yəni, “birini et, mükəmməl et” devizi ilə və qəlbən Müşfiqə vurğun olduğuna görə ömrünün sonunadək onun yaradıcılığı ilə məşğul olub.

Qurban Yaquboğlu: Qohumluqları olubmu?

– Xeyr, heç bir qohumluqları olmayıb. Ayrı-ayrı bölgələrdəndir. Ümumiyyətlə, atam heç vaxt yerlibazlığı sevməyib, həmişə vahid Azərbaycan deyib. Amma ömrünü Müşfiqə həsr etdiyi üçün dağlılar atama “Fəxri dağlı” adı veriblər (gülür).

 

Nərgiz Cavadzadə: Dünən (müsahibə noyabrın 2-də alınıb-S.Həmid) Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadədən müsahibə götürərkən onun evində də dedilər ki, Müşfiqin adı gələndə Gülhüseyn Hüseynoğlu ağlayırmış…

– Bəli, atam olduğu üçün tərifləmirəm, ancaq biz hər zaman onun mübarizliyini, çılğınlığını, haqqın tərəfində olduğunu, məzlumu müdafiə etdiyini görmüşük. Stalin repressiyasına dözən, 8 il Sibirin ən şaxtalı, çətin yerlərində olan, qayıtdıqdan sonra heç vaxt əyilməyən o cür möhkəm kişinin yeganə kövrək yeri Mikayıl Müşfiq olub. Çox heyfislənirdi ki, bu cavan yaşında insan bu qədər yaratdı və cavan yaşında da getdi. Yəni, yaşasaydı, daha çox yazıb-yarada bilərdi.

Bilirsiniz ki, yaradıcı adamın ən gözəl əsərlər yaradan, yəni kamilləşən bir dövrü var. Bu, 40-50 yaşdan sonrakı dövrdür. Bu adam cavan yaşda o qədər gözəl əsərlər yaratd ki… Ona görə də atam Mikayıl Müşfiqin adına və yaradıcılığına heç zaman səthi yanaşmayıb. Hər zaman ürəyinin içindən, yəni yana-yana yanaşıb.

S.Həmid: Bəs son günlər Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı KİV-də materialların yayılması ilə bağlı düşüncələriniz nədən ibarətdir?

 

– Bununla bağlı ilk olaraq mənə “Real TV”dən Mirşahin müəllim zəng etdi. Mikayıl Müşfiqin heykəlinin yaxınlığında məndən müsahibə götürdülər. Onlara da dedim ki, atam Müşfiqi tədqiq edib, ancaq onun güllələndiyi yer, məkan, yəni, harada necə olduğuna dair sualları dair cavabları kim bilirdi ki? O vaxtlar NKVD idi. NKVD-nin arxivinə kim girə bilərdi ki? Bilirsiniz ki, bunları gzli saxlayırdılar. O vaxt deyirdilər ki, Nargin adasında güllələyiblər.

Çünki o vaxt yazırdılar ki, minlərlə insan adada ölüm hökmünün icra ediləcəyi günü gözləyirdilər və onun harada dəfn edildiyi barədə məlumat yox idi. Bu günlərdə yayılan bu xəbər əlbəttə, böyük bir xəbərdir. Bütün Azərbaycan xalqı, bütün müşfiqsevərlər kimi, bizim ailəmiz də çox həyəcanlandı və çox böyük səbirsizliklə bu işin sonunu gözləyirik. Şükürlər olsun ki, cənab prezident özü bu məsələni şəxsi nəzarətinə götürüb. Bu iş “ölü nöqtə”dən tərpəndi və mən yüz faiz əminəm ki, axırına çatacaq. Artıq ekspertlərin bir işi qalıb; qohumlar var, sümüklər var.

Həkim olduğum üçün bilirəm ki, sümüklər köhnə olduğundan DNT analizinin aparılması, bu məsələnin tam aydınlaşması günlər yox, aylar çəkəcək. Amma inşallah, Müşfiqin elə 110 illiyində bu məsələyə aydınlıq gələr.

Daha maraqlısı da odur ki, təkcə Mikayıl Müşfiqin deyil, Əhməd Cavadın və repressiyaya məruz qalmış digər şəxslərin də qalıqlarının orda olduğu söylənilir. Ona görə də bu işin davamlı olacağı gözləniləndir. Bütün repressiya qurbanlarının, Azərbaycanın qaymaqlarının hamısının qalıqlarını tapmaq lazımdır. Mən xatırlayıram ki, 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyində Stalin repressiyasının 65 illiyi qeyd olunurdu. Bu günlərdə onun diskinə baxdım. Əhməd Cavadın oğlu Yılmaz Axundzadə göz yaşlı deyirdi ki, o illərdə güllələnənlərin harada dəfn olunduğunu kimsə bilməlidir axı… Dönə-dönə deyirdi ki, onlar nə vaxt tapılacaq, onlara nə vaxt ümumi bir abidə qoyulacaq?

Atamın 1990-cı ildə yazdığı “Məzar” adlı şeir var. Orda məzarsız şair haqqında yazır ki, məzarı tapılmasa da, Müşfiq xalqın qəlbində özünə yer tutub, xalqın qəlbində yaşayır. Bir az da dərinə gedəcəm. Atam o şeirində də, digər əsərlərində də mühakimə edənləri yazıb. Onların soyadlarını göstərib. Yəni, bu işin axırına çıxmaq, onların qalıqlarını tapmaq olar. Yəqin ki, bu məsələlərə aydın gələcək. Çünki kökünü unudan xalq məhvə məhkumdur.

Kökümüzu unutmaq olmaz. Bu insanları tapıb araşdırmaq lazımdır. Onlar hələ lazımı qədər araşdırılmayıb. Düzdür, şair və yazıçıların əsərləri çap olunub. Ancaq orda şair-yazıçı olmayan, mütəfəkkirlər, alimlər, fəhlələr olub. Onların ürəyi Azərbaycanla döyünüb. Onların hamısını araşdırmaq lazımdır.

– İstərdik, həkim kimi bu məsələyə dair fikirlərinizi bir qədər də ətraflı şəkildə açıqlayasınız. Şübhələr var ki, tapılan qalıqların Müşfiqə aid olduğunu sübut etmək çətin, yaxud mümkünsüz olacaq…

– Mən bu suala bildiyim qədər cavab verməyə çalışacam. Bizim elmi-tədqiqat institutları, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi var. Mən onların əməkdaşlarının xətrinə dəyməyim, onların sahələrinə girməyim. Mən stomatoloqam. Amma mənim bildiyim, institutda oxuduğum qədər, üstəlik indi elmin inkişafı o dərəcəyə çatıb ki, bunu 99 faiz təyin etmək olar. Amma həm ana, həm də ata tərəfdən qohumlar olsa. Çünki iks-X və iqrek-Y xromosomları var. Onların hər ikisi olanda daha dolğun olur.

Bir də hardan analiz götürüldüyü əsasdır. Qandan, tüpürcəkdən, daha dəqiqi qaraciyərdən – biopsiyadan analiz götürülməsi çox uğurludur. Ancaq buna da hər adam razılaşmaz. Məsələn, mən razılaşaram. Müşfiqə görə qaraciyərimi, də ürəyimi də kəssinlər. Qohumlardan razılaşıb-razılaşmayacaqları əsasdır. Yəni, burda belə nüanslar var.

Bizim bu sahə üzrə güclü mütəxəssislərimiz mövcuddur. Lazım olanda dünyadakı mütəxəssislər də bizə bu işdə kömək edəcək, dünya laboratoriyalarına göndəriləcək. Cənab prezident bu işi şəxsi nəzarətinə götürübsə, bu işin sonuna arxayın olmaq olar. Ona görə də bu suallara cavab tapacağıq. İnşallah, ömrümüz yetsin.

– Bir qədər də konkretləşdirək…

– Mümkündür. İki tərəfin qohumlarından nümunələr götürülsə daha yaxşıdır. Bir tərəfdən götürüldükdə isə 90 faizin üzərində nəticəyə gəlmək olar. Sümüklərin nə vəziyyətdə qalmasından da çox şey asılıdır. Yəqin ki, dünya muzeylərində şəkil çəkməyə də icazə verilmədiyini görmüsünüz. Çünki şəkil çəkərkən verilən şüa onları xarab edir. Sümüklər orda hansı vəziyyətdə qalıb? Qurudur, yoxsa yaşdır? Sümüklərin vəziyyətindən çox şey asılıdır. Mən bunu görməmişəm. Bunu alimlər bilir Onun içindən DNT-nı çıxarmağın nə dərəcədə mümkün olub olmadığı sualının cavabını biz bu yaxınlarda biləcəyik.

 

– İcazənizlə, mərhum xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə bağlı digər suallara keçid alaq. O, harada doğulub? Həyatının ilk illəri harada, necə keçib?

– Atam Masallı rayonunun Mollaoba kəndində anadan olub. Uşaqlıqda Bakıya köçüblər. Biz hələ o rayonda, o kənddə olmamışıq. Çünki ev-filan yoxdur. Atam İçərişəhərdə böyüyüb. 132 saylı məktəbdə oxuyub. Bütün uşaqlığı Bakıda, Xəzərin sahillərində keçib.

– Atanız repressiya illərini necə xatırlayırdı?

– Repressiya illərindən çox şeylər xatırlayırdı. Atam bu barədə az danışsa da, biz qardaşlar o illərdə baş verənləri öyrənməkdə çox maraqlı idik. Suallar verirdik. Bu barədə kitablar tapıb oxuyurduq. Atamın danışdıqlarına qulaq asanda onun çox çətin, mürəkkəb, ancaq həm də maraqlı həyat yolu keçdiyini deyə bilərəm.

Bu insanlar gənc yaşda azərbaycançılıq, Azərbaycan uğrunda mübarizə aparıblar. Azərbaycan Dövlət Universitetinin, Xarici Dillər İnstitutunun və Neft və Kimya İnstitutunun tələbələri bir yerə yığışıb 1944-cü ildə antisovet təşkilatı yaradıblar. Onlar 8 nəfər olublar. Bunlar Azər Ələsgərov, Aydın Vahidov, Kamal Əliyev, Hacı Zeynalov, İsmixan Rəhimov, Musa Abdullayev, Kamil Rzayev və Gülhüseyn Abdullayev. Həmin dövrdə atam universiteti yeni bitirmişdi. Onlar qarşılarına bir sıra məqsədlər qoyublar. Əsas məsələ Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin dövlət dili olması idi. Onlar təşkilatı “İldırım”, özlərini isə “Dönməzlər” adlandırıblar.

Həmin ilin mayında Səməd Vurğuna məxfi məktub yazıblar ki, sən də gəl bizə qoşul. Həmin məktubda Azərbaycan dili, Azərbaycanın gələcəyi ilə bağlı elə gözəl sözlər var ki... Məktubu doğrudan da sakit oxumaq olmur.

Yazıblar ki, cəbhədə bu qədər itki verən bir xalqın dövlət dili nəyə görə Azərbaycan dili deyil? Məktubun tam mətni olduğu kimi qalmaqdadır. Rəhmətlik Ziya Bünyadov arxivlərdən atamın bütün işini götürüb. Onu “Qırmızı terror” kitabında dərc edib. Yəni, atamın bütün işi açıqdır. O vaxt “Ədəbiyyat qəzeti”nin nömrələrində bütün məhkəmə işini dərc ediblər. Bu məktub müəmmalı şəkildə DTK əməkdaşlarından birinin əlinə keçir və 1945-ci ilin yanvarında bu məktubu yazan İsmixan Rəhimovu tapırlar. Təsəvvür edin ki, bu kimi şeylərə görə bunlara güllələnmə cəzası kəsilib. Məktubu İsmixan Rəhimovun yazdığının necə tapılması da maraqlıdır. Bunu atam mənə danışıb.

Demək, rəhmətlik İsmixan müəllim bunu sol əli yazıb. Yəni, bunlar ağıllı adamlar olub, yoldan keçənlər olmayıb. Fikirləşiblər ki, necə edək ki, bunu tapa bilməsinlər. Azərbaycanın bütün orta və ali məktəblərində inşa yazdırılıb. Sovetin məhkəmə-xətt ekspertləri bu yolla məktub yazanın kim olduğunu tapıblar.

 

 

İsmixan müəllim həmin vaxt Azərbaycan Pedaqoji İnstitutunun aspirantı imiş. Onu həbs edib, işgəncələr veriblər. Ondan sonra atam və digər təşkilat üzvləri saxlanılıb. Bu təşkilatın başçısı Gülhüseyn müəllim idi. Üç nəfərə ölüm hökmü kəsilir. Həyat və ya bəxtləri elə gətirir ki, hökmdən bir-iki gün qabaq SSRİ-də ölüm cəzası ləğv olunur və bunlara ən yüksək cəza olan 25 il həbs cəzası verilir. Hətta Stalin özü bu işdən xəbərdar imiş. Staliun SSRİ DTK-nın sədri Abakumova göstəriş verib ki, tələbələrə 10 il verməzlər. Onlar 10 ildən sonra daha da güclənərək gələcəklər. Onlara maksimal cəza verin ki, gedər-gəlməzə getsinlər, gedib ordan qayıtmasınlar.

Bir maraqlı fakt da ondan ibarətdir ki, məhkəmədə 3 nəfərə 25 il, digərlərinə 10-15 il cəza verəndə həmin o “yüngül cəza” verilənlər “bizə də 25 il cəza verin” deyiblər. Onlar o vaxtkı Poluxin, indiki Murtuza Muxtarov küçəsində yerləşən məhkəmə binasında mühakimə olunublar. Məhkəmə binasının qarşısına o qədər adam yığışırmış ki, konvoy onları aparmaq üçün hansı küçə ilə getməyə qərar verməkdə çətinlik çəkib. Atam danışır ki, camaatın onları qaçırmaması üçün qandalları bir-birinə bağlanıbmış. Deyirdi ki, Hacı Zeynalovla məni yan-yana bağlamışdılar. Birdən Hacı əlini qaldıranda mənim də əlim qalxdı. Hamımız əlimizi qaldırdıq. Qadınlar ağlaşırdılar, bütövlükdə camaat yola salırdı. Yəni, mərd, qorxmaz insanlar var idi. Bu cür ağır ittihamlara rəğmən xalq məhkəmənin qarşısına gəlmişdi və onları yola salırdı.

Bundan sonra Sibirdə ağır həbs həyatı başlayır. Atam danışırdı ki, orda da Azərbaycandan olan adamları axtarırdı, tapırdı. Hətta, yapon dostu da var imiş. Belə ki, müharibədən sonra gələn dustaqların arasında yapon da var imiş. Ordan da maraqlı şeylər danışırdı. Anar müəllim (Yazıçılar Birliyinin sədri-S.Həmid) atamdan inciyirdi ki, bunu kitab şəklində yazmadın. Mirşahin müəllim istəryirdi ki, “Milli ön” verilişinə çəksin, atam müsahibə vermirdi. Mən də hərdən güclə evdə bəzi suallara cavab tapırdım. Bilirsiniz, ora da düşərgədir, təzə gələnləri köhnədən yatanlar incidirlər. Yəni, belə şeylər olur. Atamı orda da başçı təyin ediblər. Ətrafındakıları qoruyurmuş.

Q.Yaquboğlu: Sibirin hansı hissəsində olub?

– İrkutsk vilayətində. İlk düşdükləri gün bunlara deyilib ki, gecə hücum olacaq, nəyiniz var aparılacaq. O zaman atam deyib ki, bizim əlimizi necə qandalla bağlamışdılarsa, eləcə də biz çemodanlarımızı məftillə, iplə bir-birinə bağlayaq. Deyir ki, gecə hücum oldu. Dava-dalaş düşdü. Hücum edənlər hansı çemodanları dartırlarsa, gəlmir. Çünki hamısını bir-birinə bağlamışdıq. Atamın orda da nüfuzu olub.

Orda danışıb ki, biz işimizi işləyirik, ağacı kəsirik və mənim briqadama toxunmursuz. Ona görə də baxırdılar, hörmət edirdilər. Atam danışırdı ki, orda da repressiyaya uğramış azərbaycanlı ziyalıların, o cümlədən Hüseyn Cavidin izlərini axtarırmış. Biri deyirmiş nəsə eşitmişəm, bir deyirmiş eşitməmişik. Yəni, o günlər olub.

 

S.Həmid: Necə oldu ki, 25 il başa çatmadan onlar azadlığa buraxıldı?

– 1953-cü ildə Stalin öldükdən az sonra SSRİ Ali Soveti “Amnistiya haqqında” fərman verir. Bu da maraqlı olub. Tez-tələsik Azərbaycanda yenidən məhkəmə qurulub və bunlara 5 il cəza kəsiblər. Məhkəmənin qərarı belə olub ki, bunların günahı olub. Ancaq 5 ildən çox – 7 il keçdiyi üçün bunlar qayıtmalıdırlar. Deməli, kameranın qapısını açıb, bunlara amnistiyaya düşdüklərini deyiblər. Bu vaxt atam kameradan çıxmır. Rus mayor təəccüblənir ki, niyə çıxmırsan? Atam deyir ki, mən tam bəraət istəyirəm. Məni bura günahsız yerə salmısız, mənə belə əfv lazım deyil. Gülhüseyn müəllim Azərbaycana qayıtdıqdan sonra buna nail olur. O deyib ki, mən üzərimdə şərti cəza ilə yaşaya bilmərəm. Bir sözü var idi, deyirdi ki, mən şairəm, deyişirəm, sözümü deyirəm. Sabah bir başqası mənim üzümə vurmasın ki, sən özünü yaxşı apar, yoxsa təzədən gedərsən. Yəni, o belə şeyləri qəbul etmirdi. Ona görə də axıradək getdi və tam bəraət aldı.

 

 

Q.Yaquboğlu: Bəs, digər 7 nəfərin sonrakı taleyi necə oldu?

– Hamısı sağ-salamat qayıtdılar. İsmixan müəllim, bəstəboy, çox maraqlı bir insan idi. Çox yaxşı ingilis dili mütəxəssisi idi. Mənim hazırda ABŞ-da yaşayıb işləyən qardaşımın ingilis dilini öyrənməyində rolu olmuşdu. Qardaşım hazırlığa onun yanında gedirdi. Biz onunla, Hacı müəllimlə görüşürdük. Sonradan yavaş-yavaş əlaqələr kəsildi.

– Ancaq daha o fəaliyyətlər olmadı...

– Onlar qayıtdıqdan sonra dilimiz Azərbaycan dili idi. Bilirsiniz ki, xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində olarkən onun təşəbbüsü ilə 1956-cı ilin avqust ayında Ali Sovetin üçüncü sessiyasında Moskva məlumatlandırılmadan Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi qərar qəbul olunub.

– Məktub məsələsinə bir daha qayıtmaq istərdim... Səməd Vurğuna yazılan məktubdan DTK-nın xəbər tutması necə olub?

– Mən bu məsələyə nöqtə qoyulmasını istərdim. Bu müsahibə də bir fürsətdir. Mətbuatda Səməd Vurğunu qaralayan yazıları görmüşəm. Mənim buna münasibətim neqativdir. Bilirsinizmi, o illəri görmək lazımdır. İndi oturub nələrsə danışmaq asandır. Mən rəhmətlik Vaqif Səmədoğlu ilə dost olmuşam. Son illərədək özü, qızı və həyat yoldaşı Nüşabə xanımla görüşürdük, bizim klinikaya gəlirdilər. İlk tanış olduğumuz və bu ümumiyyətlə, bu söhbətləri eşitdiyimiz gündən bu sualı atama vermişəm.

Atamın Səməd Vurğun haqqında heç bir düşmənçiliyi, neqativ fikri olmayıb. Atam mənə izah etdi. Dedi oğlum, biz ona imzasız məktub göndərmişdik.

O vaxt çox çətin illər idi. Səməd Vurğun hardan bilsin ki, bu məktubu ona kim göndərib? Bəlkə fikirləşib ki, onu yoxlamaq üçün elə DTK özü göndərib? Dedi ki, ona görə də mən onu günahlandırmıram. Mən bu sözü başqa yerdən eşitməmişəm, bunu mənə atam deyib. Səməd Vurğun da Azərbaycanın böyük şairidir. Yəni, o çətin illərə getməyək. Mənim atam onu günahlandırmırsa, mən kiməm ki, onu günahlandırım?!

Orda heç kimin bilmədiyi bəzi başqa məsələlər də olub. Mən indi onları açıb-ağartmaq istəmirəm.

– Heç olmasa, ümumi mənzərə yaradın...

– Demək, Səməd Vurğun rəhmətə gedəndə onunla vida mərasimi Dövlət Filarmoniyasında keçirilib. Xalq növbəyə durmuşdu. O vaxt bacımın 6 yaşı var idi. Bacım sağdır və danışır ki, hava soyuq idi. Biz 2,5 saat növbəyə durduq. Növbənin ucu-bucağı görünmürdü. Xalq öz şairi ilə vidalaşırdı. Atam mənim əlimdən tutmuş, biz növbədə dayanmışdıq.

Bilirsiniz ki, sovetin qaydalarına müvafiq olaraq o vaxt vəfat edəni tabuta üzüaçıq, medalları taxılmış kostyumda qoyurdular. Deyir, yaxınlaşanda birdən məni qaldırıb çiyninə qoydu və hirsli şəkildə dedi ki, “bax, bu sifətə yaxşı bax”.

Bacım danışır ki, sonra atamdan bu hərəkətinin səbəbini dəfələrlə soruşum. Deyib ki, balacasan, böyüyəndə deyərəm. O vaxtadək demədi. Sonra da biz soruşanda az öncə dediklərimi dedi. Yəni, mən durum deyim ki, atam onu tərifləyirdi, bu yalan olar. Sən birinə məktub yaz, sonra da səni tutsunlar, sən ona qarşı kinli olarsan, düşmənçiliyin olar. Amma böyük insanlar bağışlamağı da bacarır. Dərindən fikirləşəndə, onun yerinə özünü qoyanda deyir ki, bəlkə burda onun çıxış yolu yox idi. Səməd Vurğunun mənim müdafiəmə ehtiyacı yoxdur.

Amma məktubun yazılması ilə onların həbsi arasında nə qədər vaxt keçib. Yəni, məktub dərhal ələ keçməyib. Bəlkə təsadüfən kimsə tapıb, kimsə deyib. Biz məktubun ora necə gedib çıxdığını bilmirik. Ona görə də atam mənə deyib ki, Səməd Vurğuna qarşı heç bir iradı yoxdur.

Müşfiq tutulandan sonra isə Məmməd Rahim “Ədəbiyyat qəzeti”ndə “Kontrrevolüsioner, kontrabantçı, oğru…” sərlövhəli geniş məqalə dərc etdirib. Müşfiq bəraət alandan sonra isə tamam başqa şeylər yazıb. Kim nə yazıbsa, hamısı tarixdədir.

Süleyman Rüstəm yazıb ki, “oxuma tar, səni sevmir proletar”. Müşfiq isə yazıb ki, “oxu tar, səsindən ən lətif şerlər dinləyim, səni kim unudar?” Belə-belə şeylərə görə Müşfiqi satıblar, düşmən adı ilə tutub aparıblar. Əslində, Müşfiq gözəl şair olub. Müşfiq inqilab etməyib ki... Atam inqilabçı olub, deyib ki, bunları devirmək lazımdır.

– Atanız həbsdən qayıtdıqdan sonra Səməd Vurğunla görüşübmü?

– Xeyr, görüşməyiblər.

– Gülhüseyn müəllim, qayıdandan sonra ailə qurub, yoxsa, tutulanda ailəli idi?

– Gülhüseyn müəllimin ailəsi var idi. Qızı təzə anadan olmuşdu. 1948-ci ildə atam həbs olunanda ADU-nun aspirantı idi. Axundov adına kitabxanada oturub kitab oxuyan vaxt iki nəfər gəlib ordan aparıblar. Qayıdanda artıq yoldaşı ailə qurmuşdu. Yəni, atama çox zərbələr dəyib. Bir müddətdən sonra ikinci dəfə ailə qurub. Amma atam kişi kimi gəlib deyib ki, o evdə mənim qızım yaşayır, evi də onlara bağışlayıb, heç nə götürməyib. Sonradan Yazıçılar İttifaqı ona yeni ev verib.

Yadımdadır, bir dəfə Mərdəkan tərəfə gedirdik. Mən maşın sürürdüm, atam yanımda oturmuşdu. Mən bu məsələni ondan soruşdum. Dedim, ata, bu sənə necə təsir edib? Mənə baxdı, dedi ki, qabağa bax, maşını sür. Yəni, daha danışmadı. O məsələlərə getmədi. Bir faktı da deyim ki, bacım Gülçinin oğlu Elçinin toyu vaxtı atam-anam o toya getməyə hazırlaşırdılar. Artıq bizim öz ailəmiz var idi, mən də gəldim ata-anamı götürüm.

Gördüm, geyinməyiblər. Oturublar ki, getmirik. Anam o tərəfdə dilxor, deyir ki, atan getmir. Deyirəm ata, bəs söz vermişdin, niyə getmirsən? Dedi ki, gəl otur. Dedi, mən gedəcəm ora. O xanımı (ilk həyat yoldaşını) orda görəcəm. Mənə salam verəcək, mən də məcbur olub onun salamını alacam. Ona görə mən getmirəm. Beləliklə, getmədi. Yəni, o vaxtdan onu görməmişdi, görmək də istəmirdi.

– Ancaq siz getdiniz..

– Mən getdim. Mənim borcum idi getmək. Biz uşaqlar ortada birləşdirici idik. Amma bacım həmişə bizə gəlirdi və mənim anamla ən yaxın rəfiqə olub.

– Siz neçə uşaq idiniz?

– Biz 4 uşaq, 3 qardaş, bir bacı idik.

– Bəs, ikinci həyat yoldaşı ilə necə, neçənci ildə tanış olub?

– Universitetdə tələbəsi olub. Hətta bir şeyi də deyim ki, anam da Səməd Vurğunun qızı Aybəniz xanımla rəfiqə olublar. Bir yerdə oxuyublar. Yəni, gediş-gəliş olub. Onlarla heç bir düşmənçiliyimiz olmayıb. Yəni, atam bir kişi kimi bu işi unutmağı bacarıb.

S.Həmid: Atanız həbsdən qayıtdıqdan sonra həyatını necə qurub?

– Bu da maraqlı bir sualdır. Bilirsiniz ki, o cür insanlara iş tapmaq, cəmiyyətə adaptasiya olunmaq bir qədər çətin olur. Qayıtdıqdan sonra ona ilk növbədə görkəmli ədibimiz, rəhmətlik Mir Cəlal Paşayev dayaq olub. Onun atama böyük köməyi dəyib. Atam həbsə getməzdən qabaq Mikayıl Müşfiq haqqında dissertasiya işi olub.

Gələndən sonra – hamı ondan üz döndərən zaman Mir Cəlal müəllim onu müdiri olduğu Müasir Azərbaycan ədəbiyyatı kafedrasına işə götürüb. Atam 1956-cı ildə bəraət alıb. Mir Cəlal müəllim isə onu 1955-ci ildə o şərtlər altında, yəni bəraət almamış işə götürüb. Atama görə riskə gedib. Daha sonra atamın dissertasiya mövzusunu təsdiqlədib. Həmin mövzu üzrə də müdafiə edib. Allah Mir Cəlal müəllimə rəhmət eləsin. Mir Cəlal müəllim atamın yaradıcılığı haqqında da gözəl sözlər yazıb.

Atam başqa dostlarının da köməkliyi ilə yenidən Yazıçılar İttifaqında da fəaliyyətini davam etdirməyə başlayıb.

– Universitetdə neçə il işləyib?

– Universitetdə ən çox işləyən elə Gülhüseyn müəllim olub. Hətta, vaxtilə universitetin rektoru Faiq Bağırov deyirdi ki, ikinci “starşiy” mənəm. Məsələ ondadır ki, 1945-ci ildən universitetdə işləməyə başlayıb. 1946-53-cü illərdə həbsdə olub. Bəraət alıb gələndən sonra həbsdə olduğu 7 il də iş stajına əlavə olunub. Demək, 1945-ci ildən 2013-cü ilədək, təxminən 68 il bircə iş yeri olub. Bu, universitetin tarixində ən böyük iş stajıdır. Hətta, atam hərdən zarafatla deyirdi ki, o ağır illəri birə üç gəlmək lazımdır (gülür).

Necə müəllim olduğunu tələbələri bilir. Mənim üçün çox xoşdur harda onun tələbələrinə rast gəlirəmsə, hamısı onun haqqında gözəl sözlər deyir. Hələ haqqında neqativ bir şey eşitməmişəm. Təmannasız, tələbələrin dostu olub. Tələbələrlə Müşfiqdən çox danışıb. Deyirlər ki, hətta dərsini çox zəif bilənə də deyirmiş ki, yaxşı get Müşfiqin şeirini öyrən gəl, onu əzbər de, qiymət yazım.

– Kimlərlə dostluq edirdi?

– İşlədiyi Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dostu çox idi. Mir Cəlal müəllimlə dost idi. Ailəvi gedib gəlirdilər. Kafedra müdiri rəhmətlik Cəlal müəllimlə, Bəxtiyar Vahabzadə, Qabil, aktyorlar Əliabbas Qədirov, İlham Əsgərov, qiraət ustası Əminə Yusifqızı, Nizami Cəfərov və Sərxan Sərxanlı ilə yaxın dost idi. Ümumiyyətlə, dostları çox idi.

Q.Yaquboğlu: Atanız həbsdən qayıdandan sonra ona təzyiqlər olurdumu?

– Heç bir təzyiq-filan olmurdu. Hətta, açıq da etməsələr, insanlardan gizli hörmət-izzət görürdük. Atam da təmiz həyat sürüb. Hansısa qanunazidd hərəkət etməyib. Biz uşaqlar da hamımız orta məktəbi əlaçı kimi bitirmişik. Qardaşlarım ikisi də professordur. Xarici ölkələrdə işləyirlər. Baxmayaraq ki, atam heç bir əsərində məddahlıq etməyib. Amma hər zaman hörməti olub.

Mən əlbəttə, prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Cənab prezident atamın yaradıcılığını qiymətləndirdi və 2005-ci ildə ona xalq yazıçısı adını verdi. Çünki hamı hər zaman deyirdi ki, Gülhüseyn Hüseynoğlu xalqın yazıçısı, şairidir, xalqın içindədir. Niyə görə bu adı ona vermirlər? Belə söhbətləri atamın yanında edəndə o deyirdi ki, “get, işinlə məşğul ol”. Heç vaxt şəxsi ambisiyaları olmayıb. Heç kimdən də narazılığı olmayıb, heç kimdən gileylənməyib. Həyatını kişi kimi yaşayıb. Verilən qiymətə görə minnətdarlığımı bildirirəm. Cənab İlham Əliyev atamı qəbul etdi, xalq yazıçısı adını şəxsən özü təqdim etdi və sonra prezidentin fərdi təqaüdü kəsildi. O, ömrünün sonunadək prezident təqaüdü ilə də yaşadı.

Belə bir xasiyyəti var idi ki, heç bizdən – uşaqlarından da minnət götürmürdü. Hətta, paltosu köhnəlmişdi, deyirdim, ata gedək təzə palto alım. Bunu geyinmə, nimdaşdır. Deyirdi ki, yox, mən özümü kimə göstərirəm ki?! Bir dəfə harasa gedirdik, deyəsən hüzr yeri idi. Saçını düzəltdirmək üçün bərbərə gəldik. Paltosunu çıxarıb asdı, oturdu. Bərbər onun saçını düzəldənədək mən tez qaçıb təzə palto aldım, gətirib onun paltosunun yerinə asdım. Çünki bunu açıq-aşkar etmək olmurdu. Bərbərə göz vurdum, köhnə paltonu götürüb kənara atdıq. Eyni rəngdə palto almışdım ki, bilinməsin. Ayağa durdu, təzə paltonu geyindi. Maşında oturub gedirdik, birdən əlini cibinə saldı. Qayıtdı ki, bay, başqasının paltosunu geyinmişəm, qayıt geri. Deyirəm, ata sənindir. Deyir, yox, mənimki deyil. Cibinə baxıb, nəsə tanıyıb. Bu, artıq lap yaşlı vaxtları idi. Deyirəm, ata, qurban olum, mən hədiyyə almışam, qəbul elə. Yəni, xasiyyəti belə idi. Allaha şükür pensiyası özünə çatırdı, hətta nəvələrinə də hədiyyələr alırdı.

 

 

Rəhmətlik Qabil onun haqqında şeir yazmışdı. O şeiri oxusanız Gülhüseyn müəllimin xasiyyətini bilərsiniz. Onun bir baxışı bəs idi ki, Yazıçılar İttifaqında da, universitetdə də hamı özünü yığışdırsın. O cümlədən də biz ondan çəkinirdik. Ailədə, evdə, işdə çox ciddi bir insan idi. Amma hər zaman haqqın yolunda idi və buna görə də çox əzab-əziyyətlər çəkmişdi. Ailəsi üçün də çalışırdı. Hər kitabı çıxanda qonorar alırdı.

Biz uşaq vaxtı Sovet İttifaqının çox ölkələrinə səyahət edirdik. Hər yay harasa gedirdik və yaxşı da qarşılayırdılar. Çünki o SSRİ Yazıçılar İttifaqının üzvü idi. Hətta, yadımdadır ki, bir dəfə gecə Kiyevə getmişdik. Qeydiyyatda bir qız idi. Atamın SSRİ Yazıçılar İttifaqının üzvü kitabçasına baxan kimi öz müdriyyətinə zəng edib dedi ki, bura öz uşaqları və “drujina”sı (drujina-qədim Rusiyada knyazın yaxın xidmətçilərinə deyilirdi-S.Həmid) ilə yazıçı gəlib. Biz də uşaq idik, gülərək anamıza dedik ki, ana sənə “drujina” dedilər. Yəni, hər zaman uşaqları, ailəsi üçün nələrsə etməyə çalışırdı.

Amma çox prinsipial insan idi. Mən 5 il Tibb İnstitutunda oxudum. Nə mənim qəbulumda gedib kiməsə nəsə demişdi, nə də qrupumun nömrəsini bilirdi. Deyirdi ki, özünüz oxumalısınız.

S.Həmid: Övladlarından onun yolunu davam etdirən olmadı...

– Onun yolunu davam etdirən olmadı. İnşallah, nəvə-nəticələrindən gələr. Bir şeyi də deyim ki, rəhmətlik mənim rejissor olmağımı istəyirdi. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutu var idi. İstəyirdi ki, orada oxuyum. Mən isə istəmirdim. Bizim ailədə hamı Azərbaycan Dövlət Universitetini bitirib, mənim isə uşaqlıqdan həkimliyə həvəsim var idi. Hətta, mən bir il qəbul oluna bilməmişəm.

Bilirsiniz ki, o vaxtlar Tibb İnstitutuna qəbul olunmaq nə demək idi. 1980-ci ildə mənim cəmi yarım balım çatmadı. Halbuki, orta məktəbi əla qiymətlərlə bitirmişdim. Getdim bir il fəhlə işlədim. Anam nə qədər dedi ki, oğlum, atanı universitetdə tanıyırlar, hörməti böyükdür. Universitetə qəbul olunmaqda səni belə sıxmayacaqlar. Dedim, yox. Elə oldu ki, ikinci il qəbul oluna bildim. Amma atamın arzusu indi hərdən yadıma düşür. Görürəm ki, məndən rejissor da çıxarmış. Atam bilirmiş. Hətta, institutda, işdə hansısa ssenarilər quranda deyirlər ki, bəli, alınır. O zaman deyirəm ki, atam da elə onu istəyirdi. İnşallah, nəvələrində, nəticələrində bu istedad, yaradıcılıq hardasa özünü göstərəcək. Ola bilməz ki, çıxmasın.

– Yazıçılar Birliyi ilə münasibətləriniz necədir? 2013-cü ildə Gülhüseyn Hüseynoğlunun 90 illik yubileyi niyə keçirilmədi?

– Bu suala da səmimi cavab verəcəm. Atamın Yazıçılar Birliyi ilə münasibətləri yaxşı idi. Anar müəllimi mən indi də ağsaqqalım sayıram. Çingiz müəllimlə (Abdullayev) də çox yaxşı münasibətlərimiz var. Biz istəsəydik, keçirərdilər. Məsələ ondadır ki, 90 yaşı tam hüzr vaxtına düşdü. Hamımız yas içində idik, əlimiz qalxmadı. Atam bütün yubileylərinin ən aktiv təşkilatçısı özü olurdu. Ona görə də Yazıçılar Birliyindən incikliyimiz ola bilməz. İnşallah, 100 illiyi yəqin ki, dövlət səviyyəsində keçirilər. Yəqin ki, bu il 95 illiyini də hansısa formada qeyd edəcəyik.

– Gülhüseyn Hüseynoğlunun əsərləri barədə danışmağınızı istərdik. Sizcə, onun yaradıcılığı yetərincə öyrənilirmi?

– Atamın əsərləri barədə cəmiyyətdə məlumat çox azdır. O, Azərbaycanda mənsur şeirin banisi və hətta mən deyərdim ki, ustasıdır. Ona Azərbaycan ədəbiyyatının klassiki demək olar. Alimlərimiz onun mənsur şeirləri haqqında yazıblar ki, bu mənsur şeirlərdə çox böyük məzmun var.

İlk dəfə onun “Mücrü” mənsur şeirinə film çəkilib. Həmin vaxtadək mənsur şeirə film çəkilməsi olmayıb. Siz ordakı dərin mənaya baxın. Bu haqda böyük bir film, serial çəkmək olar. Müharibə illəri, ağrılı-acılı illər... Evin başçısını müharibə aparır. Qadın məcbur olub evdə nə varsa yavaş-yavaş satır ki, uşaqlarını dolandıra, onları oxuda bilsin. Bax, budur ibrət. Çünki Vətənimiz indi də təhlükədədir, müharibə şəraitində yaşayırıq. İnanın ki, bu, pafoslu söz deyil; inanın ki, mən hər dəfə hərbi çağırış barədə eşidəndə cəbhədə olmağı, nəsə etməyi çox istərdim və Vətən uğrunda getməyə hər an hazıram.

Atamın bütün mənsur şeirləri qısa da olsa, böyük məna kəsb edir. 1966-cı ildə yazmış olduğu “İstək” mənsur şeirini götürək. Yazır ki,

“Bülbül meşə istəyir. Gül qoxulu, bahar ədalı, xoş sədalı meşə. İstəyincə, ürəyincə cəh-cəh vurmaq üçün.

Qartal dağ istəyir. Dörd bir yanı sıldırım qayalı dağ. Qıy vurub ənginliklərə şığımaq, səma dərinliklərinə yol almaq üçün.

Qağayı dəniz istəyir. Balıq nəfəsli, sahilləri insan ləpirli dəniz. Doyunca, yorulunca süzmək, hey süzmək üçün.

Sənətkar sərbəstlik. Ürəklərə girmək üçün, əsrlərə getmək üçün!”

İnanın ki, 1966-cı ildə bircə bu şeirə görə insanı incidə bilərdilər. Bayaq qeyd etdiyim kimi gözəl ədibimiz, professor Mir Cəlal müəllim atamın yaradıcılığı haqqında da gözəl sözlər yazıb. Mir Cəlal müəllim hələ 1974-cü ildə belə yazmışdı: “Gülhüseyn heç kimə bənzəməyən, öz dəst-xətti, üslubu olan, həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, lakin mənalı yazmağı sevən yazıçıdır”. Hətta, bu yaxınlarda atamın 80 illik yubileyinin diskinə baxırdıq. Orda aparıcı da deyir ki, bir sözlə “Mir Cəlal müəllimin dediyi kimi, Gülhüseyn az yazır, amma saz yazır”.

Atamın hekayələri, novellaları var və 1960-ci illərdən satirik hekayələr də yazmağa başladı. O, təkcə ana haqqında bir yox, bir neçə hekayə yazıb. Məsələn, “Ana”, “Ana kələğayı”, “Bir ömrün çıraqları”, “Sağ ol, ana...” və sair. Bunların heç biri bir-birinə oxşamır. Hərəsində ana bir cür təsvir olunub. Çünki ana müqəddəsdir, onun çoxlu müsbət keyfiyyətləri var və hər hekayədə onları bir-bir üzə çıxarır. Yaxud, “Ata düşüncələri” silsiləsindən bir neçə hekayəsi var. Burda da atanın necə olmağı, uşaqları necə tərbiyə tərbiyə etməli olması kimi məsələlərə pedaqoq kimi toxunur. Yəni, onun əsərləri bədii tərəflərindən başqa həm də gözəl pedaqoqun yazdıqları kimi həmişə diqqəti cəlb edib. Onun irəli sürdüyü fikirlər gənc nəslin tərbiyəsində böyük rol oynamalıdır.

Qeyd etdiyim kimi 1960-ci illərdən etibarən satirik hekayələr də çox yazıb. Məsələn, “Ağzımıza çullu dovşan sığışmır...”, “Xalanəvəsi”, “Boşluq”, “İmtahan” “Günah qatıqdadır”, “Cığallıq” və sair. Yəni, yaradıcılığı çoxşaxəli olub. Bunu da yaymaq, KİV-də bunlardan bəhs etmək lazım olduğunu düşünürəm. Yəni, əsərləri təkcə mənsur şeirlərlə məhdudlaşmır. Povestləri, novellaları, uşaqlarla bağlı yazdığı əsərlər də var. Çox dillərə, məsələn ispan, ingilis dillərinə tərcümə olunub.

Moskvada “Polyot orlov” (“Qartalların uçuşu”) adlı kitabı çıxıb. Hətta, mən bu yaxınlarda onlayn kitab satışını həyata keçirən saytda yoxlamaq üçün “Polyot orlov” yazıb axtarışa verdim. Yəni, onu sifariş etsəm Moskvadan göndərərlər. O sayta bizdən çox ədibin əsərləri düşmür. Adətən, rus yazıçıların əsərləri düşür.

– Son vaxtlar kitab oxumağa maraq xeyli azalıb. Bu barədə sizin də bir ziyalı kimi fikirlərinizi bilmək istərdik...

– Əlbəttə, bu məsələ məni də narahat edir. Ümumiyyətlə, kitab oxumaq son vaxtlar bütün dünyada azalıb. Bu, ümumi dərddir, yəni təkcə Azərbaycanın deyil, dünyanın dərdidir. Mən bizim televiziya kanallarında Müşfiqin şeirlərinin səsləndirilməsini istəyirəm. İnanın ki, onun hər bir şeiri böyük bir mənadır.

SSRİ dağılan illərdə məşhur olan amerikalı tele-maqnat Ted Törner deyirdi ki, tele-radio maarifləndirici yox, əyləncəli olmalıdır. İndi bu əyləncələri bir qədər azaldıb, maarifləndirmə işlərini bir qədər artırsaq çox yaxşı olar. Bir tələbənin Müşfiqin bir şeirini intonasiya ilə oxuması indi səsləndirilən 5-10 mahnıdan daha yaxşı effekt verər və gənclərin təlim-tərbiyəsində böyük rol oynayar. Kitabları reklam etmək lazımdır. Ədəbiyyat dərsliklərinə Müşfiqi daha çox salmaq lazımdır. Eləcə də, təvazökarlıqdan uzaq olmasın, Gülhüseyn Hüseynoğlunun yaradıcılığını. Çünki onun qısa mənsur şeirlərində çox böyük məna var. Hər biri haqqında bir film çəkmək olar.

– Toğrul müəllim, bir daha dəvətimizi qəbul edib redaksiyamıza gəldiyiniz üçün çox sağ olun. Sonda özünüzün demək istədiyiniz nəsə varmı?

– Çox sağ olun, təşəkkür edirəm. Siz mənim redaksiyanıza gəlməyim üçün çox çalışdınız. Mən indiyədək heç bir media orqanına atamla bağlı müsahibə verməmişdim. İlk dəfə sizə müsahibə verdim. Çünki danışığınızda səmimiyyət gördüm. Suallarınızdan da gördüm ki, səmimi bir söhbət oldu. Mənə elə gəlir ki, söhbətimiz maraqlı keçdi və oxucuların da ürəyincə olacaq.

Müəllif: Səxavət Həmid

Teleqraf.com

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10