Şüvəlan sahilində batan 22 dənizçinin hekayəti
Redaksiyadan: Yaşadığı məkanın tarixi insan üçün həmişə maraqlı olub. Hər gün dolaşdığımız küçələrdən tutmuş, yanından keçdiyimiz, əlimizi sürtdüyümüz binalara, divarlara, tiklilərə qədər hər şeyin tarixi, taleyi bizim üçün önəmlidir. Pressklub.az-ın “İzim qala” rubrikasında ölkəmizin, paytaxt Bakının tarixi baxımdan önəmli məkanlarının və obyektlərinin haqqında araşdırma, reportaj və müsahibələr yayımlanır.
***
1850-ci illərin sonunda astronomik və hidroqrafik ekspedisiya vasitəsilə Xəzərin öyrənilməsinə başlanılır. Məqsəd Xəzərin tədqiqi və dəqiq xəritəsinin hazırlanması idi. Ekspedisiya məşhur rus hidroqrafı Nikolay Alekseyeviç İvaşintsovun rəhbərliyi ilə 1856-cı ildə fəaliyyətə başlayır. Lakin elə həmin il ekspedisiyanın astronomu vəba xəstəliyindən vəfat edir.
1857-ci il sentyabrın 14-də isə Xəzər dənizini tədqiq edən «Quba» ekspedisiya gəmisi Şoulan (Şüvəlan) burnu yaxınlığında qəzaya uğrayır. Gəmi güclü külək nəticəsində sahildə sualtı riflərə dəyərək, batır. Ekipajın 22 üzvü həyatını itirir, 57-si isə xilas edilir. Ekspedisiya rəhbəri xilas ola bilsə də, gəminin kapitanı leytenant Poskoçin həlak olur. Tədqiqat materiallarının hamısı məhv olur.
Faciədə həyatını itirənlər Şüvəlanda qəzanın baş verdiyi yerə yaxın ümumi məzarda dəfn edilirlər. Məzarın üzərində sadə qəbirüstü abidə ucaldılır. 1887-ci ildə abidəni ziyarət edən II dərəcəli kapitan P.Orlov onun acınacaqlı vəziyyətdə olduğunu görür. Bundan sonra Orlov abidəni bərpa etmək təşəbbüsü ilə çıxış edərək, Xəzər dənizçilərindən ianə toplamağa başlayır. Yığılan vəsait hesabına 1888-ci ildə Şüvəlan sahilində memorial abidə ucaldılır. Abidə Bakıda bir çox möhtəşəm binaların müəllifi olan memar İohann Edel tərəfindən hazırlanır. Edel öz işinə görə heç bir haqq almır. Sovet dövründə baxımsız qalan abidə 2005-ci ildə Böyük Vətən müharibəsində qələbənin 60 illiyi ilə əlaqədar bərpa olunur.
Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayaklar inşa edilməyə başlanır.
Yeri gəlmişkən, N.A.İvaşintsovun təşəbbüsü ilə 1858-ci ildə yenidən Xəzərə ekspedisiya təşkil olunur. Ekspedisiya 1867-ci ilə qədər davam edir. Bu zaman Xəzərdə 61 astronomik nöqtə müəyyən edilir, ilk dəfə olaraq bütün Xəzər dənizinin müfəssəl ölçüləri aparılır, 900 m-dən çox dərinlik aşkar edilir. Tədqiqatdan 20 il sonra atlas və Xəzər dənizinin losiyası (gəmi səfəri ehtiyacları üçün dənizlərin və sahillərin təsviri), dərinlik xəritəsi çap edilir. Ekspedisiyanın tam nəticələri 1877-ci ildə – İvaşintsovun ölümündən sonra cəmiyyətə təqdim olunur.
1968-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix Muzeyinin əməkdaşları tərəfindən Xəzər dənizində aparılan arxeoloji işlər zamanı «Quba» gəmisinə məxsus zəng, o dövrün sikkələri və digər tapıntılar aşkar edilir. Həmin eksponatlar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır.
Abidə yaxınlığında Fyodor və Yakov Vyalov qardaşlarına məxsus balaca qəbir var. Məzar daşının üzərində 1885-ci il qeyd olunub.
İstifadə olunmuş ədəbiyyat:
- ourbaku.com saytı
- «Бакинские Тайны» verilişi: Затонувшие и затопленные суда Каспия
Fotolar müəllifə məxsusdur. Şəkillərdən vikipediya məqaləsinin yaradılması zamanı da istifadə edilib.
Fəridə Ziyadova