Amma danışmağa söz vermədilər, bir az da qurultaya əyalətdən baxanda
Jurnalistlərin 2003-cü ildə keçirilən 1-ci qurultayında fəal iştirak etsək də, bir də 19 il sonra növbəti qurultayına, VIII qurultayına dəvət aldıq. Öncə, bir neçə illik üzvlük haqqını ödəməsək də, hörmət qoyub, qurultaya dəvət etdikləri üçün təşəkkür edirik.
Bu tədbirə, 200 nəfərdən artıq dəvətli sırasında 12 əyalət təmsilçisi dəvət olunsa da, onların əksəriyyəti icra hakimiyyətlərin himayəsində olan qəzetlərin nümayəndələri idi.
Masallıdan tək dəvətli olsam da, paytaxtda çalışan masallılardan Sarvan Bəhlul oğlunu, Azər Niftiyevi, Şəmsəddin Əliyevi, Cəsarət Hüseynzadəni və başqaları görmək çox xoş oldu.
Qurultayda ən böyük “qazancımız” çoxdan görmədiyimiz, az qala bəzilərini unutduğumuz dostları görmək oldu. Xatirələri təzələdik, dərdləşdik və sair.
Jurnalistlərin son qurultayından möcüzə gözləmirdik, olmadı da -çünki gedən də bəlli idi, gələn də. Səsvermədən də göründü ki, “BAŞ ”dəyişsə də, əsas “bədən” üzvləri yerindədir.
Qurultayın işinə kölgə salmaq istəməzdim. Namizədlərin seçkisində də şübhəli bir iş yox idi. Bir çox dəyərli dostlarımız namizədlər sırasında idi. Müəyyən qaydalar dairəsində sözlərini də dedilər, replikalarını da atdılar. Daha niyə seçilmədilər, niyə seçilmək istəmədilər – o məsələlər mənlik deyil.
Yeni seçilən Şura Sədri hörmətli yazarımız Rəşad Məcid isə necə illərdir ki, “hamının dostu” statusunu uğurla qoruyur. Onun istedadlı jurnalist, yazıçı, eləcə də yaxşı dost, ünsiyyətçi insan olduğuna da kimsənin şübhəsi yoxdur. İnanırıq ki, o heç vaxt jurnalistlərin “mehriban düşməni”nə də çevrilməyəcək.
Qurlutayda sabiq sədr, dostumuz Əflatun Amaşovun haqqında da xoş sözlər deyildi. Çıxışçılar onun barışdırıcı, sakit adam olduğunu xüsusi vurğuladı.
Bütün bunlarla yanaşı qurultay “amma”lardan xali deyild.
Qurultay iştirakçıları sırasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin, mətbuat üzrə dəyərli ekspertlər Ələsgər Məmmədlinin, Xalid Ağəliyevin və başqalarının olmaması, Aqil Abbasdan başqa millət vəkilinin, yaxud humanitar təşkilatların – Yazıçılar Birliyinin, Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin... belə nümayəndəsinin bu tədbirsə görünməməsi də qəribə suallar doğurdu və mənə elə gəldi ki, qurultayın daha “cansız” görünməsinə şərait yaratdı.
Qurultayda mətbuata sağalmaz yaralar vurmuş, dünənə qədər nəinki keçmiş, hətta indiki şura üsvlərinin ən yaxın dostu, mətbuatın “maliyyə naziri” adlandırılan Vüqar Səfərlinin nə xeyrinə, nə ziyanına heç nə deyilmədi.
Eləcə də dəyərli jurnalist Əvəz Zeynallının həbsi barədə jurnalistlərin qurultayında hər hansı münasibət səslənmədi. Qısası, jurnalistlərə ardıcıl təzyiqlər də müzakirə mövzusundan, diqqətdən kənarda qaldı.
Bu gün ictimai rəyə təsir miqyasına görə, blogerlərin fəaliyyəti də “unudulan” mövzular sırasında idi. Xatırladaq ki, təkcə, Kəramət Böyükçölün statuslarına baxışların sayı, ən çox tirajlı ən populyar qəzetin tirajından xeyli artıqdır. Yəni, bu məsələ də müzakirədən kənarda qaldı.
Qısası, mətbuatın əksər köklü problemlərinin yanından qurultayda “həsiri basma, dolan keç” prinsipi ilə dolandılar.
Ən maraqlısı isə qurultaydakı çıxışlar oldu. Qurultay səhər saat 10-da başlasa da, 1 saat hesabat və texniki proseduralara sərf edilsə də, günün 1-ci yarısında çıxışlara cəmi 1 saat vaxt ayrılmışdı. Günün 2-ci yarısında isə, verilmiş səslər sayılan zaman yaranmış boşluğu doldurmaq üçün 2 saatdan çox vaxt sərf edildi.
Daha qurultayda çıxış etməyən qalmadı. Boşluğu doldurmaq üçün qurultayın 2-ci hissəsi, sanki rəsmi hissədən “bədii” hissəyə keçdi. Əflatun Amaşov bir çox şəxsləri az qala zorla tribunaya dəvət edirdi - lətifə danışan kim, xatirələrə meydan verən kim, heç dəxli olmayan məsələlərdən söz açan kim, “cızıq” dan çıxıb, sərbəstlik edən kim. Ən çox isə Aqil Abbasın zarafatları yadda qaldı.
Hamının qədərindən də artıq çıxış etdiyi bu qurultayda cəmi bir nəfərə söz verilmədi- o da mən oldum.
Düzü, əvvəl çıxış etmək istəmirdim. Gördüm ki, hamı danışır, dedim, mən də bir-iki kəlmə deyim. Sədrlik edən Əflatun müəllimə söz almaq üçün 2 dəfə işarə versəm də, əllərini sinəsinə sıxıb qəribə formada “yox” işarəsi verdi. Hətta məndən sonra da çıxış etmək istəməyən bir neçə nəfəri təkidlə tribunaya çağırdı. “Paralel” qəzetinin redaktoru Tapdıq Abbas belə uca səslə mənim çıxışımı tələb etsə də, yenə əhəmiyyətsis oldu. (Sonra öyrəndim ki, daha bir neçə “dili acı” jurnalistdən əvvəldən “aman” kağızı alıblar ki, dəvət edərik, amma danışmazsan.)
Çox qəribə idi. Bir əyalət jurnalistinin çıxışına dözümsüz olan, qurultay... nə isə.
Çıxış edib nə deyəcəkdim ki, “Partizanlıq” edən, “çevriliş” edən deyildim ki. Yəqin ki, 5 ay öncə 2 günlük həbsim zamanı mənə dəstək verən dostlarıma təşəkkür edəcək, 2-cisi əyalət mətbuatı ilə bağlı nastolji, bəzisi şablon fikirlərdən, “kəsilmiş başın” saçı üçün ağlayanlardan fərqli olaraq əyalət mtbuatı üçün daha konkret yol xəritəsi təqdim edəcək, mətbuatın digər, əyalətdən görünən problemlərinə diqqət çəkəcəkdim.
Şuranın yaddaqalan detallarından biri yeni seçilən keçmiş şura üzlərinin əksər insana təkrar-təkrar “səni çox istəyirik” deməsi oldu.
Nə isə, keçmiş olsun. Yeni seçilmiş sədri, hörmətli Rəşad Məcidi və digər üzvləri də təbrik edirəm. Yəqin ki, növbəti qurultaya qədər üzvlük haqqı borclarımı da ödəyərəm, region qəzetinin də o vaxta “öldüsü-qaldısı” bilinər. Rəşad müəllim də məni indidən çıxışçılar siyahısına salmağı unutmaz.
“Şurasız mətbuat” çağırışına Yox.
Cenub.az. Zahir Əmənov