Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada “dəli”adı ilə işdən qovulan müəllimin olayından doğranan ərəb jurnalist Qaşıqçı olayına baxanda


O qədər haqsızlıqlarla qarşılaşırıq ki, ən dəhşətli ədalətsizliklər də bizə çox adi görünür.

Astara olayı yəqin ki çoxlarına bəllidir. Müəllim, məktəbdə pul yığımına etiraz etdiyi üçün “dəli”adı ilə xəstəxanaya yerləşdirilib, sonra da işdən qovulub.

Saytlarda bu olayla bağlı maraqlı və məntiqi suallar səsləndirilir:

-Bu adam dəlidirsə, 6 ildir ki, ona sağlam kimi niyə arayış verilir?

- Bu adam dəlidirsə, ölkə üzrə cəmi 10-15 faizin nail ola bildiyi 54 balı necə yığıb?

- Bu adam dəlidirsə, sağalmamışdısa, niyə onu psixi xəstəxanadan çölə buraxıblar?

-Bu adam dəlidirsə, niyə onun sağalması üçün təxirəsalınmaz tədbirlər görülmür? Və sair.

Müəllimin izahatından bəlli olur ki, o, məktəbdə pul yığımına etiraz etdiyi üçün belə təzyiqlərə məruz qalıb. Bəzi mənbələr isə bildirir ki,   müəllim bir qədər emosianal olduğu üçün hökumətin xoşu gəlməyən bəzi adamların xeyrinə fikirlər səsləndirdiyi üçün belə kəskin cəzalandırılıb.

Necə deyərlər, bu yerdə yadıma İlqar İbrahimoğlunun bir fikri düşdü. Təxminən 10 il öncə Bakıda bir məsçidi sökdülər və adını qoydular ki, sənədi yoxdur. İlqar müəllim də bildirdi ki, sənədi yoxdur, imkan verin düzəltsinlər. Müqayisə də etdi ki,  hər hansı uşaq dünyaya gəlibsə və bir neçə il sənədsiz yaşayıbsa, onu öldürmürlər ki, olmayan sənədini düzəldirlər.

Bizim bu başı bəlalı müəllim də, çaşıb bir-iki xoş olmayan fikir səsləndiribsə, yaxud doğrudan əsəbləri pozulubsa, hökumət də, çalışdığı kollektiv də əl-ələ verib, onu sağaltmalı, yaxud səhf yoldan çəkindirməlidir.

Biz bütün xəstələrə, qanun pozanlara qarşı belə sərt münasibət göstəririkmi? Bu olayı Masallıdakı bir olayla müqayisə edək.  Hökumət işində, konkret Masallı xəstəxanasında çalışan gənc bir qadın çıxılmaz vəziyyətə düşən bir  qadın müəlliməyə  sələmə ilə 800 manat pul verir. Özü də necə faizlə versə yaxşıdır? Ayı 12, ili 144 faizlə. 3-4 il müddətinə həmin 800 manata görə müəllimədən 4 min manata yaxın pul alır. Son haqq-hesab bir-iki həftə geçikdiyi üçün girov götürdüyü qızılları da qaytarmır. Bu barədə xəstəxananın baş həkiminə də məlumat verilir. Nəticəsi bu olur ki, sələmçi işi yoluna qoymaq əvəzinə müəlliməyə məktəbdə hücum çəkir, aləmi bir-birinə vurur. Hamını da qorxudur ki, atam hüquqşünasdır, belə asaram-belə kəsərəm.

Xatırladaq ki, sələmə ilə pul vermək qadağan deyil. Lakin ortada müqavilə olmalı, qazancdan vergi ödənilməli və sair. İnsafsızcasına, 144 faizlə sələmə verəsən, qanunu pozasan, müəllimi iş yerində təhqir edəsən, hökumət işində çalışasan, baş həkim də sənə güldən ağır söz deməyə. Bu həkim sağlamı belə söyürsə, gör, xəstə hansı əzablara düçar olur. Bəs beləsinə, niyə cəza verilmir, onu niyə “dəli”etmirlər?

Yəqin ki, bu mövzuya adlı ünvanlı bir daha qayıdacağıq, bir daha Astara olayı barədə söhbəti davam etdirək.

Bu olayda sındırılan təkcə müəllim deyil. Ona yalançı diaqnoz qoyan həkim, onun hüququnu müdafiə etmək əvəzinə əleyhinə qərar  çıxaran həmkarlar ittifaqının üzvləri, məktəb direktoru, təhsilin müdiri, iş yoldaşları, polis şöbəsi... daha kimlər-kimlər məcburən bu çirkaba bulaşmış oldular. Necə deyərlər, buna qarşı mütəşəkkil bir komanda mübarizə aparıb.

Bir məqam da maraqlıdır ki, sağımızda, solumuzda kifayət qədər ruhi xəstə dolşasa da, onların bir çoxunu ruhi xəstəxanaya qəbul etmir-təmənna umurlar. Bu 54 bal yığan müəllimi nə tez həmin xəstəxanaya qəbul edirlər.

Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseynin “Çərpələng uçuran” romanı yadınızdadırmı? Oğul atadan soruşur ki, dünyada ən pis əməl nədir? Ata deyir ki, oğurluq. Oğul razılaşmayıb deyir ki, oğurluqdan da pis əməllər var, quldurluq, adam öldürmə və sair. Ata deyir ki, elə onlar da oğurluqdur. Əgər sən birini öldürürsənsə, o ailənin sevincini oğurlayırsan. İndi bu prizmadan yanaşanda, kimsə müsabiqədə 54 bal toplayan müəllimi şərləyib işdən “dəli” adı ilə   qovurlarsa, bütün kollektivin haqqın, ədalətə, dövlətə inamını oğurlayırlar.

Bu cür addımı rayonun baş rəhbərinin  razılığı olmadan etmək olarmı?

Məktəb direktoru təhsil şöbəsi müdirindən, təhsil şöbə müdiri icra başçısında xəbbərsiz belə addım ata bilərmi?

Astara rayonun icra başçısı Qəzənfər Ağayevdir. Qəzənfər müəllim 13 ildən artıqdır ki, cənub rayonlarına- əvvəllər Yardımlı, Masallı, hazırda  Astara rayonuna başçılıq edir. Cənublular da onun əməllərinə yaxşı bələddir-adamları necə şərləməsinə,  kişinin əvəzinin onun qadınından çıxmasına, ağacları necə qırmasına... yaxşı bələddir. Qəzənfər  müəllim Astaraya gedəndən sonra maraqlı işlərə imza atdı-bulvar, ucqar kəndlərə yollar və sair. Elə güman  edilirdi ki, Qəzənfər müəllim Masallıdakı günahlarını Astarada yuyur. Sonradan aydınlaşdı ki, bu diqqətçəkən abadlıq işləri heç də Qəzənfər müəllimin fövqəladə təşkilatçılığının nəticəsi yox, hökumətin ölkən çıxış qapısı olan Astaraya xüsusi diqqətinin nəticəsidir ki, ölkəyə bu qapıdan daxil olanlar, buradakı gözəlliyə heyran olsunlar. İndi isə bəlli olur ki, Qəzənfər müəllim köhnə xasiyyətlərini tərgitməyib və Astaraya xəcalət gətirən addımlardan çəkinmir.

Nəhayət, yazının başlığı barədə. Yəqin düşünürsüz ki, doğranan Qaşıqçının bu olaya nə dəxli? Dəxli çoxdur. Bu gün belə hallara sussaq, sabah o əli mişarlılarla biz də qarşılaşa bilərik.

Hazırda, yüzlərlə insan, o cümlədən onlarla cənublu Kərbəla ziyarətindədir. Görəsən, təzə kərbəlayılardan, eləcə də əvvəlki Hacılardan, Kərbəlayılardan, məşədilərdən, eləcə də tutullarını gözümüzə soxan əməkda müəllimllərdən, medallı müəllimlərdən, təhsil fədailərindən neçəsi  çərlənib işdən qovulan müəllimin məhkəməsinə gələcək.

 

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10