Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş nazir ətrafında qalmaqal: videogörüntülər finləri niyə qəzəbləndirdi? - FOTOLAR


Sanna Marinin əyləncəsi başına bəla oldu: "Rəqs etdim, oxudum, əyləndim. Bu, şəxsi həyatımdır"

Sosial şəbəkələrdə Finlandiyanın Baş naziri Sanna Marinin rəqs etdiyi, spirtli içki qəbul etdiyi və dostları ilə əyləndiyi məclisdən videogörüntülər yayılandan sonra siyasətçi xanımın həyatında çətin dövr başlayıb. Şəbəkə istifadəçiləri həmçinin tədbir iştirakçılarından birinin "toz" haqqında dediklərinin narkotik olduğunu iddia edib. Bununla da Marin qeyri-münasib davranışda günahlandırıldı və narkotik testindən keçməsi istənildi. Daha sonra Finlandiyanın rəsmi hökumət iqamətgahında istirahət edən çılpaq qadınların öpüşməsinin fotoları sosial şəbəkədə yayıldı. Baş nazir hər iki hadisəyə görə açıq şəkildə üzr istəməli oldu və ictimaiyyət onun yüksək vəzifəsinə nə dərəcədə uyğunluğuna şübhə etməyə başladı. Sözügedən qalmaqalın xanım Baş nazirin siyasi karyerasına necə təsir edəcəyini və siyasətçilərin adi insanlar kimi şəxsi həyatın toxunulmazlığı hüququna malik olub-olmadığını "Lenta.ru" araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir.

Vəhşi əyləncə

Sosial şəbəkələrdə avqustun 17-də Helsinkidə keçirilən özəl məclisdən bir video yayılıb. Görüntülərdə bir neçə gənc rəqs edir, spirtli içki qəbul edir və əylənir. Obyektivə düşən tədbirin qonaqları arasında Finlandiyanın Baş naziri Sanna Marin də olub: 36 yaşlı siyasətçi yerli məşhurların əhatəsində mahnı oxuyub və əylənib.

Video Finlandiya cəmiyyətində qalmaqala səbəb olub. Bəzi vətəndaşlar onun davranışını ictimai şəxsə yaraşmayan hal hesab ediblər. Kameraya tuş gələn qonaqlardan birinin fin dilində "un" və ya "toz" mənasını verən "jauho" sözündən götürülmüş "jauhojengi" sözünü dediyi məlum olur. Adətən bu söz narkotik üçün jarqon sayılır. Bu səbəbdən Baş nazir narkotikdən istifadədə də şübhəli bilindi. Eyni zamanda, bəzi sosial şəbəkə istifadəçiləri belə qənaətə gəliblər ki, çox güman, qeyddə fin likörü "Jaloviina" ifadədə "jallujengi" sözü kimi səslənib.

Videonun yayılmasından bir gün sonra Marin vəziyyəti şərh edib. Baş nazir heç bir bəhanə gətirməyib və davranışını dəyişməyə ehtiyac görmədiyini bildirib. Marin çəkilişdən xəbərdar olduğunu, lakin videoların şəbəkəyə sızacağını düşünmədiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, sadəcə istirahət edib ki, bu, şəxsi həyatına aiddir: “Mənim ailəm var, işim var və dostlarımla keçirmək üçün boş vaxtım var. Mənim yaşımda olan bir çox insanlar kimi əylənmişəm”.

Marin narkotik istifadəsi ilə bağlı iddiaları tamamilə rədd edib: “Spirtli içkidən başqa heç nə içməmişəm. Rəqs etdim, oxudum, əyləndim. Bu, tamamilə qanunidir". 

Baş nazir ona qarşı ittihamları haqsız hesab edib. Bununla belə, öz hüquqi təminatları üçün narkotik testindən keçməyə qərar verib. Eyni zamanda qeyd edib ki, hətta yeniyetmə yaşlarında belə narkotikə cəhd etməyib.

Bir neçə gün sonra Marin başqa bir hadisə ilə bağlı izahat verməli oldu. Sosial şəbəkələrdə bu dəfə Finlandiyanın rəsmi hökumət iqamətgahında - Kesyaranta iqamətgahından iki qadının "Finlandiya" yazılmış lövhənin arxasında gizlənərək açıq şəkildə öpüşdüyü foto yayıldı. Marin məzuniyyət zamanı iqamətgahda ziyafət təşkil etdiyini və dostlarını ziyafətə dəvət etdiyini etiraf edib. “Məncə bu foto uyğun deyil. Bunun üçün üzr istəyirəm. Belə bir fotoşəkilə icazə verməməliydim", - deyə bildirdi.

Marinin öz hesabına keçdiyi narkotik testi mənfi çıxıb. Lakin bu, siyasətçiyə qarşı ictimai qınaq dalğasını dayandıra bilmədi. Marinin iştirakı ilə keçirilən məclisin ətrafındakı müzakirələr bir müddət Finlandiyanın informasiya sahəsində ən çox müzakirə edilən mövzuya çevrildi və ölkənin NATO-ya qəbulu, Ukraynadakı münaqişə ilə bağlı məsələni kölgədə qoydu.

İctimai reaksiya

Marinin tətil xəbəri Finlandiya əhalisi arasında ziddiyyətli reaksiyalara səbəb olub. Bir sıra yerli media onu hakimiyyətin reputasiyasına xələl gətirməkdə ittiham edib. Jurnalistlərin fikrincə, sözügedən məclislə bağlı vəziyyətin müzakirəsi bütün dünya qəzetlərində gedir. Məsələn, HBL nəşrinin baş redaktoru Erja Ylyajarvi Marini səriştəli nazir adlandırdı, lakin onun alkoqol asılılığı probleminə həddindən artıq diqqət yetirildiyini qeyd etdi.

"İndi yalnız Marinin davranışını müdafiə edən və bu davranışında heç bir problem görməyənlər, onu bu qədər qorumaq istədikləri halda heç olmasa, hansı həyat tərzini müdafiə etdikləri barədə bir az da düşünsünlər. Baş nazir istəsə də, istəməsə də bütün ölkə üçün həmişə ictimai nümunədir", - redaktor söyləyib.

Siyasətçi və sosioloq Anna K Ontula "Twitter"də yazıb ki, Finlandiyada yarım milyona yaxın alkoqolik yaşayır. Qeyd edib ki, alkoqollu içkilərdən istifadəni, xüsusən də ölkənin birinci şəxsinin simasında normallaşdırmaq olmaz.

Finlandiya Parlamentinin deputatı Mikko Kyarna Marinin komandasını təsvir etmək üçün "jauhojengi" (narkotik deməkdir) sözündən istifadə etməyi təklif edib. Onun fikrincə, insanların onun narkotik istifadəsi ilə bağlı tam müayinədən keçməsini tələb etmək hüququ var.

Finlandiyanın keçmiş xarici işlər naziri Timo Soini vəziyyətin ictimaiyyətin diqqətindən kənarda qala bilməyəcəyini vurğulayıb: "Mən ilk daş atan olmaq istəmirəm, amma bilirəm ki, bu vəzifələrdə qeyri-təbii qüsursuz bir həyat yaşamaq lazımdır". Soini xəbərdarlıq edib ki, siyasətçilər tez-tez karyeralarının zirvəsində ciddi səhvlərə yol verirlər.

Eyni zamanda Finlandiyanın bir çox rəsmiləri və deputatları Baş naziri dəstəkləyiblər. Sosial Demokratlar Partiyasının parlament fraksiyasının sədri Antti Lindtman bildirib ki, siyasətçi partiyanın etimadını qoruyub. O xatırladıb ki, video onun şəxsi istirahəti zamanı çəkilib və Marinin peşəkar fəaliyyətinə təsir etmir.

Axı Baş nazir də insandır

Bir çox xarici siyasətçilər də Sanna Marini dəstəkləyiblər. Məsələn, Estoniyanın Baş naziri Kaja Kallas özünün də rəqs etməyi xoşladığını, lakin bunun üçün kifayət qədər vaxtının olmadığını bildirib: "Biz hamımız insanıq". 

Eyni zamanda, Tartu Şəhər Şurasının üzvü Evelis Padar qeyd edib ki, oxşar vəziyyət Kallasın özünün də başına gəlsə, bu, həm də ictimai qınaq dalğasına səbəb olacaq.

Bununla yanaşı, sosial media istifadəçiləri siyasətçiyə dəstək məqsədilə genişmiqyaslı #SolidaritywithSanna (“Sanna ilə həmrəylik”) fləşmobuna start veriblər: Finlandiya və Danimarkadan olan yüzlərlə qadın şəbəkədə rəqs etdiyi, spirtli içki qəbul etdiyi videolar yerləşdirib və "dostlarla əylənin", - deyə bildiriblər. 

Fləşmobda hər bir insanın istədiyi kimi istirahət etmək hüququ olduğu xatırladılıb. Aksiyada siyasətçilər də iştirak ediblər. Belə ki, Avstraliyanın Viktoriya ştatının Qanunvericilik Şurasının üzvü Fiona Patten meydanda rəqs etdiyini əks etdirən fotosunu paylaşıb və yazıb: "Əgər Baş nazirinizin edə biləcəyi ən pis şey bir məclisdə rəqs etməkdirsə, deməli çox şanslısınız.

Politoloq, İtaliyanın “Vision & Global Trends” analitik mərkəzinin sədri Tiberio Qratsiani bildirib ki, Marin qalmaqalı müasir nəslin əziyyət çəkdiyi “media nevrozunun” nümunəsidir. Politoloq belə qənaətə gəlib ki, qərblilər hələ də real və virtual həyat arasında balans tapmayıblar. Qratsianinin sözlərinə görə, videoçarxın baş qəhrəmanının siyasətçi olması onu deməyə əsas verir ki, bu gün internetin hər yerdə olduğu bir dünyada şəxsi və ictimai həyat arasında sərhəd artıq mövcud deyil.

"Bu hadisə həm də dəyərlər böhranı içində olduğumuzu sübut edir: Sanna Marinin reaksiyası nəsillərin bu böhranını əks etdirir. Başqa vaxt belə bir video onun dərhal istefasına səbəb olardı", - deyə politoloq söyləyib .

Gənclik hər şeyi bağışlayır

Bu, Marinlə bağlı bir ildə ikinci qalmaqaldır. 2021-ci il dekabrın əvvəlində xanım Baş nazir sonradan koronavirus diaqnozu qoyulan xarici işlər naziri Pekka Haavisto ilə görüşdə iştirak etdi. Ertəsi gün siyasətçi həmkarının yoluxmasından xəbər tutaraq kluba gedib. Ancaq o, özünü təcrid etmək və təmasdan qaçmaq üçün tövsiyə almayıb. Marin daha sonra izah etdi ki, telefonuna necə davam edəcəyi ilə bağlı təlimatlar göndərilib, lakin o, telefonu özü ilə aparmayıb. Bəzi siyasətçilər onu səhlənkarlıqda və karantin qaydalarını pozmaqda ittiham etdilər.

Qeyd edək ki, bütövlükdə, siyasətçinin ətrafında maraqlı obraz formalaşıb. 2019-cu ildə Baş nazir vəzifəsinə təyin olunduqdan sonra Marin dünyanın ən gənc hökumət başçısı olub. Marin Baş nazir kimi ilk günlərdən özünü açıq və ictimai siyasətçi kimi göstərib, mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlayır. Bununla yanaşı, Baş nazir sosial şəbəkələrdə həm işi ilə bağlı, həm də şəxsi həyatı haqqında məlumatları aktiv şəkildə açıq saxlayır.

Marin Finlandiyanın əsas partiyalarına rəhbərlik edənlər və qadınlar tərəfindən yeni nəslin siyasətçisi, tərəqqi və bərabərlik simvolu adlandırılır.

Açıqlıq və mütərəqqilik bəzən onun xeyrinə işləmirdi. 2020-ci ilin payızında Marin Finlandiyanın "Trendi" moda jurnalında göründü. Nəşrin dərc etdiyi fotolarda o, çılpaq bədəninin üstünə pencək geyinib. Sosial şəbəkə istifadəçiləri geyimi çox açıq-saçıq hesab edib və siyasətçini "gənclərə pis nümunə" göstərməkdə ittiham ediblər. Daha sonra fin qadınları da #imwithsanna heşteqi ilə Marini dəstəkləmək üçün onlayn fləşmob başlatdılar və sosial şəbəkələrdə oxşar geyimlərdə fotolar yerləşdirdilər. Onlar nazirin tənqidini seksist adlandırıblar və vurğulayıblar ki, geyim onun peşəkarlığına şübhə etməyə əsas olmamalıdır.

Rusiya Beynəlxalq Araşdırmalar İnstitutunun analitiki Nikita Lipunov qeyd edib ki, Finlandiyada səs-küylü siyasi qalmaqallar nadir hallarda baş verir: “Finlandiyanın siyasi mədəniyyəti qalmaqallı hekayələri, xüsusən də yerli səviyyədə ictimailəşdirməkdən daha çox susdurmaq üçündür. Finlandiyada bir siyasətçinin səssizcə istefa vermə ehtimalı daha yüksəkdir. Rezonans zamanla azalacaq və tarix unudulacaq".

Eyni zamanda, ekspert bildirib ki, Marin qaydaları pozmaq üçün nadir bir istisnadır: "Bununla belə, 34 yaşında Baş nazir olan və “Fin siyasətini silkələmək” sözünü verən Marin Avropa liderlərinin yeni nəslini təcəssüm etdirir və müxtəlif yaşlarda olan finlər tərəfindən fərqli qəbul edilir. Gənclər ona heyrandırlar, onlar üçün Marin nümunədir. Yaşlı finlər üçün o, ölkədən utanmaq üçün bir səbəbdir".

"Tarixən Finlandiya cəmiyyəti kifayət qədər mühafizəkar olub. Lakin son onilliklərdə ən liberal cəmiyyətlərdən birinə çevrilib. Ata-övlad münaqişəsi də bu xətt üzrə gedir və bu, istər-istəməz siyasətdə özünü göstərir", - deyə ekspert vurğulayıb.

Marin təkcə internetdəki fəaliyyətinə görə insanlara yaxın deyil. Onun uşaqlığı yoxsul, əlverişsiz şəraitdə keçib: "Mən kasıb ailədənəm, dövlətin və təhsil sisteminin sosial dəstəyindən başqa uğur və irəliləyiş üçün heç bir şəraitim yox idi. Mən "göy qurşağı" ailəsindənəm, ona görə də təbii ki, gender bərabərliyi və insan hüquqları mənim üçün vacibdir".

15 yaşından Marin ailəsinə kömək etmək üçün çörək sexində işləyirdi. O, Tampere Universitetini bitirərək ailəsində ali təhsil alan birinci şəxs olub. 21 yaşında o, Sosial Demokrat Partiyasının gənclər təşkilatına qoşulub və 2013-2017-ci illərdə Finlandiyanın üçüncü böyük şəhəri olan Tampere Şəhər Şurasına rəhbərlik edib. Paralel olaraq siyasətçi təhsilini davam etdirib. 2015-ci ildə parlament üzvü seçilib. Dörd il sonra isə Baş nazir olub. Beləliklə, yeddi il ərzində o, siyasi fəal tələbəlikdən Baş nazir postuna qədər irəliləyib.

Sudan quru çıxan siyasətçi

Təxribat xarakterli videonun yaratdığı ajiotajlara baxmayaraq, vəziyyətin siyasətçinin reputasiyasına ciddi zərbə vurduğunu söyləmək olmaz. Əksinə, qalmaqal ona yeni tərəfdarlar qazanmağa imkan verdi. 

“Mən insanam. Mən də bəzən bütün bu qara buludların ortasında sevinc, işıq və əyləncə istəyirəm”, - deyə Marin davranışına görə açıq şəkildə üzr istəyərək göz yaşları içində dedi. O, bir iş gününü də qaçırmadığını və bütün işlərini vaxtında yerinə yetirdiyini xatırladıb.

N.Lipunov qeyd edir ki, öz mövqeyini qorumaq istəyən siyasətçi üçün baş nazirin reaksiyası tamamilə təbiidir: "İnandırıcı izahatlar və kütləvi ictimai dəstək yəqin ki, ona vəziyyəti düzəltməyə və bu işi öz postunda “adi insan” imicinə çevirməyə imkan verəcək".

Bununla belə, ekspertin fikrincə, müxalif siyasi qüvvələr qalmaqaldan Marinə qarşı istifadə etmək fürsətini əldən verməyəcəklər: “Marin hətta vəziyyəti öz xeyrinə çevirə bildi, çünki çıxışında emosiyalardan istifadə etdi. Belə bir addım onun tərəfdarları arasında dəstəyini artırdı, lakin çətin vaxtlarda onun ölkəyə rəhbərlik edə biləcəyinə şübhə edən siyasi rəqiblərinə "kozır" verdi”.

Baş nazirin qalmaqallı videosunun Finlandiya Parlamentinə seçki kampaniyası ərəfəsində ortaya çıxması simvolikdir. Lipunov qeyd edib ki, sosial demokratların - Marinin partiyasının reytinqi son həftələrdə durmadan artır, müxalifətin sağ mərkəzçi Milli Koalisiyası isə aşağı düşür. Marinin gələcəkdə yüngül xarakterli davranışı onun rəqiblərinə elektoratın bir hissəsini öz tərəflərinə çəkməyə imkan verəcək. Ən azından siyasətçinin əleyhdarları buna ümid bəsləyirlər.

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov isə xatırladıb ki, siyasətçilər bəzən bu cür qalmaqallardan yaxa qurtara bilmirlər. Ekspert buna misal olaraq Britaniyanın keçmiş baş naziri Boris Consonu göstərib: "Conson koronavirusa görə sərt karantin zamanı iqamətgahında şənliklər keçirməkdə və bundan sonra cinsi qısnamada günahkar olan siyasətçinin əməlini ört-basdır etməkdə günahlandırıldı. Nəticədə Nazirlər Kabinetinin rəhbəri istefa verməli oldu. Bu baxımdan, Marin ətrafındakı qalmaqal daha da uzana bilər".

Kortunov qeyd edib ki, Marin və Conson nümunələri siyasətçilərə həqiqətən də vətəndaşları narahat edən məsələlərlə məşğul olduqlarını nümayiş etdirmək zərurətini xatırladır. Eyni zamanda analitik bu qalmaqalın Finlandiyanın xarici siyasətinə heç bir şəkildə təsir etməyəcəyini proqnozlaşdırıb: "Marin ətrafındakı qalmaqal göstərir ki, ictimaiyyətin diqqəti getdikcə daxili problemlərə və münaqişələrə yönəlib".

Finlandiyanın Baş nazirinin ətrafında yaranmış vəziyyət Avropa cəmiyyətlərində yüksək vəzifəli siyasətçilərin öz postlarında təbii qalıb-qalmaması və adi insanlar kimi açıq şəkildə vaxt keçirə bilmələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Axı cəmiyyətin mühafizəkar hissəsi onları qüsursuz, sadə zəifliklərdən məhrum görməyə öyrəşib. Lakin internetin yayılması dövründə məmurlar üçün məxfiliyi qorumaq getdikcə çətinləşir. Marin kimi siyasətçilər imic yaratmaq və tərəfdar kimi daha gənc seçiciləri cəlb etmək üçün sosial mediada açıqlıqdan istifadə etməyi öyrənirlər. Siyasətçilərin olduqları kimi davranmaq və bütün təzahürlərdə ictimai olmaq istəyi Qərb ölkələrində tədricən yeni tendensiyaya çevrilir. Və əgər dövlət məmurlarının aktiv istirahəti işə mane olmursa, o zaman tezliklə beynəlxalq ictimaiyyət onların iştirakı ilə keçirilən əyləncə gecələrinin videolarına öyrəşəcək.

Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10