Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara rayonu - UTEY YAŞAYIŞ YERİ, Padşah taxtı, “Ulduzlu-Səmalı”, işarəli qaya, dustaqxana, oyuqlu qaya, daş “təndir”...daha nələr, nələr


Cenub.az Astaranın “Qobustanı”ndan olduqca maraqlı məlumatları təqdim edir.

Utey yaşayış yeri Astara rayonunun arxeoloji abidələrindən biridir. Abidə rayon mərkəzindən 40-42 km şimal-qərbdə, Talış dağlıarının qoynunda qərar tutmuş “Astaranın Qobustanı” sayılan Sım kəndinin eyni adlı məhəlləsində yerləşir. 

     Utey yaşayış yerinin xarabalığı Məmmədəli Hüseynov tərəfindən 1960-cı illərdə müəyyənləşdirilmişdir. Kəndin cənub hissəsində yerləşən Utey təxminən 10 hektar sahəni əhatə edir. Abidələrlə zəngin olan Sım kəndində, o cümlədən kəndin Utey məhəlləsində “Padşah taxtı” (“Pudşu taxt”), astroloji təqvim sayılan “Ulduzlu-səmalı” qaya, damğalı daşlar, nizə tutmuş atlının təsviri ilə qəbir daşı, üzərində yazıya bənzər işarələr olan “İşarəli qaya”, daş qutu qəbirlər, oyuqlu daş, petroqlif, hovuz, “dustaqxana” , köhnə qəbiristanlıqlar vardır.

    Uteydə ən çox diqqət çəkən yerli sakinlərin “Pudşu taxt” adlandırdıqları “Padşah taxtı”dır. 

“Taxt” barədə tarix elmləri doktoru, arxeoloq Tufan Axundov yazır:  “Mürəkkəb formalı böyük daşlardan birini yerli sakinlər “Padşah taxtı” adlandırır. Onun hündürlüyü indiki yer səthindən 1,1-1,25 metrdir. Qaya süni şəkildə işlənmişdir. Təməldə ona şimal-şərqdən cənub-qərbə meyilli 3,75 x 2,85 metr sahəsi olan düzbucaqlı forma verilmişdir. Bu düzbucaqlı 10-12 sm qalınlığında meydançaya oxşayır. Onun üzərində platformada olduğu kimi yüksələn “taxt” yerləşir, o da öz növbəsində təməldə olduğu kimi parametr boyunca sahəsi 3,2 x 2,3 metr və hündürlüyü 10-12 sm olan qabarıq düzbucaqlı pillə ilə ayrılır. Beləliklə, “taxt”ın təməlində iki pillə yaranır.  Birinci 50 sm enində, ikincisi 25-60 sm olaraq “taxt”ın formasına keçir” (Astarada 20 gün. B., 2009, səh. 28-29).

    “Ulduzlu-səmalı” qaya adlandırılan daşın üzərində qədim astronom-kahinlər tərəfindən istifadə olunan ulduzlar və ayrı-ayrı bürclər təsvir olunmuşlar.     

Uteydə insanların böyük marağına səbəb olanlardan biri petroqlifdir.

Yunan sözü olan petroqlif - qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənəti hesab olunur. Burada olan petroqlifdə müxtəlif heyvan təsvirləri vardır. Uteydəki petroqliflər ölkəmizdə qayaüstü rəsm əsərlərinin təkcə Qobustan, Gəmiqaya (Naxçıvan) və Dəlidağda (Kəlbəcər) deyil, eyni zamanda Sım kəndində də olduğunu göstərir.

    Uteydə daş “təndir” də olmuşdur. Daş “təndir” açıq muzeydə nümayiş etdirilmək məqsədi ilə 1980-ci illərdə, Çingiz Fərəcovun rayonda I katib işlədiyi dövrdə Astara şəhərinə aparılmışdır.

    Uteydə “Padşah taxtı”nın və “dustaqxana”nın olması ərazinin qədimdə mərkəz roluhu oynayan şəhər olduğunu söyləməyə əsas verir. Uteyin mərkəzi hissəsində, abidələrin olduğu yerin yaxınlığında kənd stadionu salınmışdır. 

    Utey ərazisində həmçinin müxtəlif vaxtlarda təsərrüfat işləri zamanı şirli-şirsiz saxsı qabları, saxsı qazan, küp, xəncər, qədim balta və digər maddi-mədəniyyət nümunələrinə rast gəlinmişdir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Utey yaşayış yeri 5774 invertar sayı ilə XIV-XVII əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır. Əslində yaşayış yerinin tarixi daha qədim görünür.

    Qeyd edək ki, Uteydəki Damğalı daşlar və Nizə tutmuş atlının təsviri ilə qəbir daşı da Nazirlər Kabinetinin məlum qərarı ilə müvafiq olaraq orta əsrlərə aid yerli əhəmiyyətli arxeoloji  abidə (inv: 5773) və yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunəsi (inv: 6109) kimi qeydə alınmışlar.

                                                                             İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10