Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsxanaları bağlatdıracaq kitab evi: “Baku Book Center” - REPORTAJ


Burada arzuladığınız kitabı həm ala, həm də  orada oxuya bilərsiniz

 

Sentyabrın birində Azərbaycanın ən böyük kitab mağazası olan "Baku Book Center”in açılışı oldu. Mərkəz Üzeyir Hacıbəyov küçəsində, Xəqani bağının yaxınlığında yerləşir. Kitabxana açıldığı gündən  bu yana oxucu kütləsi arasında çox ciddi müzakirə və söhbətlərə səbəb oldu. Belə ki, insanlar "Baku Book Center”ə gedənlər və getməyənlər olaraq iki hissəyə ayrıldılar. Kitabxana demək olar ki, günün bütün saatlarında dolu olur. Düzü, nəhəng, ikimərtəbəli binanın içində özünü kitabların ixtiyarına verən adamları görmək bir oxucu kimi məni sevindirir. Kitabxanada bir az gəzişdikdən sonra içəridəki atmosferdən anlamaq olur ki, bura bir-birindən xəbərsiz olan oxucuları eyni məkana yığmağı qarşısına məqsəd qoyub. Artıq şəhərin göbəyində bahalı mağazaların, lüks kafelərin, vitrinlərin arasında həyatdan, reallıq hissindən qaçıb sığına biləcəyimiz və özümüzlə yalnız qalacağımız bir məkan var. Əlbəttə, bu ən çox kitab qurdlarının ürəyincədir. Çünki kitabxana yalnız mağaza kimi yox, həm də oxu zalı kimi fəaliyyət göstərir. "Baku Book Center”dəki atmosferi dərindən hiss eləmək üçün oranı ziyarət elədim və təəssüratlarımı bir mətnlik yığdım. 

 

 Üzeyir Hacıbəyov "Koroğlu” üverturası 

 Satıcı oğlan bir anlıq "Düşünən adam” heykəlinə döndü.

 Məni geniş salon qarşılayır. Hər iki tərəfdən burulan pilləkənlər adamları ikinci mərtəbəyə "ötürür”. Ancaq ikinci mərtəbə üçün hələ tezdir. Çantamı kasaya qoyub, özümü salonun ixtiyarına buraxıram. İçərinin xoş atmosferi qısa zaman ərzində adamı bürüyür. Bu ürək açan genişlik bir neçə hissədən ibarətdir. Aksesuarlar, köynəklər, oyuncaqlar olan hissə, geniş bir kafe və salonun böyük hissəsini əhatə edən kitablar. "Kitab köşələri” kitabların dillərinə görə, daha sonra isə nəşriyyatlara görə tərtib olunub. Əgər axtardığınız kitabı tapmasanız kədərlənməyə dəyməz. Sensorlu ekranlarda axtardığınız kitabının adını yaza, qiymətini və yerini öyrənə bilərsiniz.  İlk olaraq Türkiyə türkcəsində kitablar olan bölməyə keçirəm. Uzaqdan Tahsin Yücelin romanları görünür. Hə, bu da Oğuz Atay. Nədənsə mənə elə gəlir Oğuz Atayın kitablarından biri rəfdə az qala sallaşa qalıb. Yəni, toxunsan düşəcək. Elə bu an içimdən kədərli bir fikir keçir.

  – Oğuz Atayın hətta romanları belə həyata tutunmaqda əziyyət çəkirlər. 

  Satıcı yaxınlaşır. 

  – Hansı kitablarla maraqlanırsız? Köməklik göstərə bilərəm?

  Aha, bu da ilk müsahibim. Soruşuram: 

 – Kitabxanada təxminən neçə kitab olar?

Satıcı oğlan əlini çənəsinə qoyub düşünən adam heykəlinə dönür. Aha, üzü güldü. Deyəsən, xatırladı.

 – Kitabxanamızda on minə yaxın kitab var. Əminliklə gülümsəyir. Bizim danışdığımız hissədən iki qız peyda olur. Müsahibimin diqqətini məndən oğurlayırlar. 

 – Sizdə Turqut Uyarın şeir kitabları var? Satıcının cavabı gecikmir. Və arxaya çevrilib Turqut Uyarın qalın kitabını rəfdən alıb qıza təhvil verir. Qız xəzinə tapmış kimi kitabı qucaqlayıb uzaqlaşır. 

İkinci sualıma keçirəm. 

 – Neçə dildə kitablar var?

Müsahibim yenidən düşünür. "Hal hazırda əsasən dörd dildə kitablarımız  var”. Ancaq bu sözdən sonra daha bir satıcı oğlan yaxınlaşır. Deyəsən, söhbətimiz onun xoşuna gəldi. Əlavə edir.

 – Yaxın zamanda daha iki dildə kitablarımız gələcək. İtalyan, bir də fransız dilində.

 Qala kimi hündür rəflərdən sivişib rusca kitablarının arasına keçirəm. Budur, Viktor Pelevin mənə gülümsəyir. Tolstoy, Dostoyevski, Turgenev və Çexov üzlərini turşudub Pelevinin kədərli sifətinə "zilləniblər”. Yəqin ki, Pelevinin bu postmodern oyunları bu klassiklərə keçmir. Hər rəfin ucunda yerdə sərili döşəkcə və masa. Rəflərlə əhatə olunmuş ümumi salonun ortasında oxumaq üçün daha başqa oxu masaları. Yerdəki döşəkcələrin rahatlığını kənardan hiss edirəm. Sanki Bulqakov, Master və Marqarita triosu fonunda döşəkçələr adama deyir.

  – Götür bu dəhşətli romanı, otur və unut hər şeyi.

  Ancaq təbii ki, döşəkcənin bu "təklifi” ilə razılaşmıram. Rus dilində kitablar olan rəflərin arasında çıxıb ikinci mərtəbəyə qalxıram. Məni ilk olaraq Üzeyir Hacıbəyovun "Koroğlu” uvertürası qarşılayır. 

Bəli, ikinci mərtəbədə musiqi klassiklərimizin dünya səviyyəli əsərləri ifa olunur. Bu həm içəridəki qəribə uğultuya rəng qatır, həm də oxucuları kitablara daha dərindən köklənmələrinə səbəb olur. Bəlkə də, məhz buna görə ikinci mərtəbədəki oxu masaları daha çox idi.

İkinci mərtəbə öz genişliyi ilə adamı özünə çəkir. İlk olaraq diqqətimi küncdəki dekorasiyalar cəlb edir. Burdakı kitabların böyük hissəsi Azərbaycan dilində olan kitablardır. Sol küncdə "Şərq-Qərb” nəşriyyatından olan yeni nəşrlər, solda "Qanun” nəşriyyatı. Və bütün varlığıyla kitablara həbs olunmuş insanlar. Bu mənzərənin qarşısında rahat durmaq mümkün deyil. Elə bil kitab oxuyan insanlar rəflərin kölgəsidir. Yaxınlaşıb oxuculardan biriylə söhbətləşirəm. "Üzr istəyirəm”, deyirəm. Diqqətlə başını kitabdan ayırıb mənə baxır. Özümü təqdim edirəm və ilk sual:

– Kitab Mərkəzinə tez-tez baş çəkirsiniz?

– Əlindəki kitabı göstərib deyir. "Bax, beş gündür hər işdən çıxanda bura gəlirəm. Bu gün bu kitabı bitirəcəm, sabah da başqasına keçəcəm”. 

 Emin Sabitoğlu və "Limanlar” 

 

  Emin Sabitoğlunun "Limanlar”ın səsi oxucularla arama girir və mən pəncərəyə doğru yaxınlaşıb şəhərə yuxarıdan aşağı baxıram. Pəncərələrin düz ağzında Bakının tarixi və arxitekturası ilə bağlı kitablar düzülüb. Bir tərəfdən Bakını kitablardan, başqa bir tərəfdən isə pəncərədən görürsən. Kitabların hər birinin üç dildə nəşri var. Azərbaycan, Rus, İngilis. Kitabxananın bu hissəsində kompüterlər və printerlər var. İnternet üzərindən işlər bu hissədə görülür. İçərinin dizaynı insana özünü özəl hiss etdirir. Xüsusilə kitablardan təşkil olunmuş ağac dekorasiyası. İçərinin sakit, adama hüzur verən uğultusunda o qəribə doğmalıq hissi birdən insanın içinə nüfuz edir. Bu məkanın yalnız satışı üçün yox, kitab oxuyan hər kəs üçün açıq qapı olduğunu düşünürəm. Bundan əlavə bu məkana hələ də getməyən üçün deyə bilərəm ki, "Bakı Book Center”də yalnız kitablar satılmır. Uşaqlar üçün oyuncaqlardan tutmuş, geyimlərə və hədiyyəlik əşyalara qədər sizin üçün maraqlı olan hər şeyi buradan əldə edə bilərsiniz.

 Qara Qarayev  və "Yeddi gözəl” 

 Pəncərədən uzaqlaşıb ikinci mərtəbənin geniş salonuna çıxıram və bu zaman Qara Qarayevin "Yeddi Gözəl” baletindən bir parça ifa olunur. Bu musiqinin sədaları altında uşaq kitabları olan hissəyə keçirəm. İçəri addım atan kimi Qara Qarayevin "səsi” uşaqların şən nidalarına qarışıb, gözəl bir harmoniya yaradır. Uşaq kitabları ilə əhatə olunmuş dördkünc masaların arasında içi döşəkçələr ilə doldurulmuş mini oyun zalı... Həmin kitablar insanı uşaq olmağa səsləyir. 

  Nəzarətçilərdən biriylə söhbətim əsnasında məlum oldu ki, kitablar xarici nəşriyyatlar ilə müqavilələr əsasında gətirilib. 

 Bir neçə kitabı qoltuğuma vurub keçirəm kassaya. Ödənişi edib yollanıram kafeyə. Hə, onu da deyim ki, birinci mərtəbədə Kitabxananın böyük kafesi də var. Qiymətlər də məkana uyğundur. Deyəsən, bu kafeyə əlindəki kitabı isti kofenin "müşayiəti” ilə vərəqləyən bütün o romantik adamlar yığılıb. İsti çayı qurtumlaya-qurtumlaya düşünürəm, doğrudan da, hətta Oğuz Atayın kitabları da indi həyata tutunmaq üçün ümidlə çırpınır.

 Günün sonunda aldığım kitablardan birini açıb ilk cümləsini oxuyuram. "Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Biz də bu optimistliklə açılan hər kitabxananın bir nəsil yetişdirmək mənasına gəldiyinə və Senekanın da dediyi kimi açılan hər kitabxananın bir həbsxananın bağlanması mənasına gəldiyinə inanırıq.  Və sonda "Bakı Book Center”in açılışı münasibətiylə bütün oxucuları təbrik edirəm!

 

Kaspi.az saytının əməkdaşı Orxan Həsəni "Baku Book Center"dən reportaj hazırlayıb.

 Aktual.az həmin reportajı təqdim edir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10