Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mən Masallıya sizinlə dərdləşməyə gəlmişəm”


Qafqaz Müsəlmanlarının Şeyxülislamı masallılarla görüşdə nələrdən danışdı?

“Mən də uşaq vaxtı ələm dalınca getmişəm, amma bu gün belə işlər lazım deyil”

“Repressiya qurbanı olan din xadimləri haqqında kitab hazırlayırıq”

“Hər ölkənin yerüstü sərvəti olmur”

“Dünyanın hər yerində bizi ona görə çox hörmətlə qarşılayırlar ki, güclü dövlətimiz, güclü rəhbərimiz var”

“Yalançı  işgəncə səhnələri  düzəldib, videoya alıb, düşmənlərin əlinə oynamaq olmaz”

 

 

Görüş barədə yazını təqdim etməzdən öncə Şeyxin həyat yolundan seçmələri sizə təqdim edirik:

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir.  Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.

2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilmişdir.[3] Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır.

 

İndi isə Şeyxülislamla görüşdən hazırladığımız yazını diqqətinizə  çatdırırıq.

 

5 sentyabr 2018-ci il.

Şeyxülislam Allahşükür Paşazadə ilə Masallıda görüş keçirib.  “İlqarPlaza” Şadlıq Sarayında keçirilən görüşə rayonda fəaliyyət göstərən dini icmaların, imamların, imam müavinlərinin, eləcə də rayondakı idarə və təşkilatların 100-dən artıq təmsilçisi toplaşmışdı. Həmçinin tədbirdə 2 millət vəkili- Cavanşir Paşazadə, Nəriman Əliyev və digər  dövlət rəsmiləri iştirak edirdi.

Məlumat üçün bildirək ki, eyni görüş bir gün öncə Lənkəran şəhərində keçirilmişdi. Onu da xatırladaq ki, Şeyx istər Lənkəranda, istər Masallıda icra başçıları səviyyəsində, xüsusi kortejin müşayiəti ali çox yüksək səviyyədə qarşılanmışdır.

Şeyx Masallı səfərində şəhər cümə məscidindəki dini icma üzvləri ilə də görüşmüşdür.

Tədbirin rəsmi adı “Dini mərasimlərdə ənənəvilik və müasirliyin vəhdətinə necə nail olmalı?”  başlıqla seminar-konfrans adlansa da, hamı  toplantıya “Şeyxlə görüş” dəvəti ilə gəlmişdi.

 

İlqarPlaza Şadlıq Sarayında çay süfrəsi arxasında keçirilən tədbirdə Masallı İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun təqdimatında sonra söz Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya verildi. Mübariz müəllim çıxışında  öncə dini dəyərlərdən, dinin həyatımızdakı rolundan danışdı. Eləcə də bir sıra rəqəmləri xatırladaraq bildirdi ki, hazırda  Azərbaycanda 2500 məscid, 843 dini icma fəaliyyət göstərir. Dövlət dinə xüsusi diqqət yetirir ki, insanlar dini inanclarını normal yerinə yetirə bilsin.

 O sovet dövrü ilə müqayisələr də apardı. Bildirdi ki, 1918-20-ci illərdə- müstəqillik dövründə dini dəyərlərə nə qədər üstünlük verilsə də, sovet dövründə, xüsusən 20-40-ci illərdə çoxlu məscidlər dağıdıldı, dindarlar həbs edildi, sürgün olundu, güllələndi. Həmin dövrdə ölkədə dini təhsil alan cəmi 10-15 nəfər var idi. Hüzr məclisləri istisna olmaqla insanlar dini inanclarını basqı  altında icra  edirdilər.

M.Qurbanlı eləcə də yaxınlaşan Məhərrəmlik ayı, onun dəyəri, eləcə də bəzi şəxslərin bu ayda ata biləcəyi səhv addımlar haqqında danışdı.

Şeyxülislam Allahşükür Paşazadənin çıxışı:

Qafqaz Müsəlmanlarının Şeyxi Allahşükür Paşazadə çıxışına Mübariz Qurbanli ilə zarafatla başladı. Şeyx çıxışında Masallıya çox bağlı olduğunu, burada babaserli Şeyx Qüdrətdən dini dərs aldığını, uşaqlığının çox acınacaqlı, kasıbçılıqla keçdiyini xatırlatdı.  Bildirdi ki,  dini dərs almağa  gedib-gələrkən kənd qadınlarının  verdiyi isti təndir çörəyi,  hətta 15 qəpikli yol puluna imkanı olmadığından bir çox sürücülərin onu pulsuz aparmasını heç vaxt unutmur.

 

“Dünyanın hər yerində bizi ona görə çox hörmətlə qarşılayırlar ki, güclü dövlətimiz, güclü rəhbərimiz var”

 

 Şeyx çıxışını maksimum səmimi çalarlarla quraraq xüsusi vurğuladı kı,  tədbir bir qədər rəsmi təqdim olunsa da, əslində mən  təhsil aldığım Masallıya masallılarla dərdləşməyə gəlmişəm. Dünyanın çox yerlərində oluram. Almaniyadan İsveçədək nüfuzlu dini tədbirlə dəvətli olunuram. Yaxın aylarda Dağıstanda onlarla millətin dini liderləri ilə görüşüm olacaq. Həmin tədbirdə Rusiyanın dövlət rəsmiləri də iştirak edəcək. Aparıcı isə mən olacağam. Dünyanın hər yerində məni ona görə belə hörmətlə qarşılayırlar ki, bizim güclü dövlətimiz, onun güclü rəhbəri var. Hansı ucalıqlara çatmışamsa bu  Azərbaycan dövlətinin, onun güclü rəhbərinin sayəsində olub.

 

“Hər ölkənin yerüstü sərvəti olmur”

 

Dünyanın bir çox ölkələrinin çoxlu yeraltı sərvətləri var. Lakin hər ölkəyə yerüstü sərvət qismət olmur. Yerüstü sərvət isə həmin ölkənin  güclü rəhbəri, lideridir.  Haradasa güclü yerüstü sərvət, güclü lider-rəhbər olmur,  orada qan-qada, özbaşınalıq olur, yeraltı sərvətlərdən də bacarıqla faydalana bilmirlər.

Şeyx daha sonra  çıxışında “ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin” xidmətlərini , dinə qayğısını bir neçə dəfə vurğuladı.

 

“Repressiya qurbanı olan din xadimləri haqqında kitab hazırlayırıq”

 

Şeyx:- Bizim həmişə güclü din xadimlərimiz olub. Təəssüf ki, onların bir çox sovet dövründə repressiya məruz qaldı- sürgün edildi, həbs olundu, güllələndi, min cür işgəncələrlə üzləşdi. Bizim masallılı gözəl alim, tarix elmləri doktoru Anar İsgəndərovun rəhbərliyi həmin repressiyaya məruz qalan din xadimlərimiz haqqında kitab hazırlayırıq. Hansı ki, həmin alimlərin bəzisi ətrafındakı  satqınların güdazına gedib. Amma biz o satqınların adın çəkməyəcəyik. Kitabın hazırlanmasında arxiv  materiallarından geniş istifadə olunacaq.

 

“Məscid, onun həyəti  dindarlarındır, onlar qanunu pozmursa, onlara maneçilik törətmək olmaz”

 

Şeyx çıxışında hüquq mühafizə orqanlarının rəhbərlərinə də müraciət etdi. Tovsiyyə edərək bildirdi ki, dini inanclılarla, dindarlarla maksimum səmimi olsunlar. Məscid, onun həyəti həmin şəxslərə məxsusdur. Hər hansı hüquq pozuntusu yoxdursa bu şəxslər üçün problem yaratmaq arzu olunan deyil. Polisin  məscidə gəlib dindara “Mikrafonu söndür deməsi, yolveriməzdir”

 

“Mən də uşaq vaxtı ələm gəzdirənin arxasınca getmişəm, amma bu gün belə işlər lazım deyil”

 

Şeyx:- Qarşıda müqəddəs Məhərrəmlik ayı gəlir. Biz bu aydakı mərasimləri imamlarımızın  ruhuna uyğun ehtiramla yad etməliyik. Mən də uşaq olanda ələm gəzdirənin arxasınca  getmişəm. Amma bu gün  məhərrəmlik ayında belə addımlar atmaq, baş yarmaq, zəncir vurmaq, özünə işgəncə vermək düzgün deyil. İslamda, Quranda belə şey yoxdur. Yürüşlər keçirtmək isə yol verilməzdir.  Dövlət buna icazə vermir. Uşaqların məscidlərə aparılmasını məsləhət bilməzdim. Bu aylarda  qanvermə aksiyaları keçirtmək, imkansızlara əl tutmaq daha faydalı olardı.

“Yalançı  işgəncə səhnələri  düzəldib, videoya alıb, düşmənlərin əlinə oynamaq olmaz”

 

Azərbaycan böyük dövlətlərin diqqətindədir. İslamın düşmənləri az deyil. Məhərrəmlikdə yalançı işgəncə səhnələri düzəldib, məscidə digər ölkələrin bayraqların gətirib,  dini şağırışlar, eləcə də siyasi çağırışlar edib, bunları vireya çəkmək, sonra da xarici ölkələr yollamaq olduqca xoşagəlməz haldır.

 

“Talış-türk söhbəti salıb ədavət yaratmaq olmaz”

 

Şeyx çıxışında Ermənistanın məkrli siyasətindən tutmuş, Gəncə hadisələrinədək danışdı. Həmçinin Türk-talış söhbətinə toxunaraq separatçılığın olduqca ziyanlı bir iş olduğunu vurğuladı. Qeyd etdi ki, biz bir dəfə bunun acısını dadmışıq. Bizim bir vətənimiz var. Onu bölmək olmaz. Biz onu qorumalıyıq.

Şeyx sonda rayon rəhbərliyindən tutmuş tanıdıqları, onunla zəhməti olan insanlara, onların övladlarına minnətdarlıq etdi, salamlar yolladı.

Qonaqların yorğunluğu nəzərə alaraq hər hansı çıxış edən, sual verən olmadı. Tədbir rayon İcra Hakimiyyəti başçısının minnətdarlıq nitqi ilə yekunlaşdı.

 

Hazırladı: ELCAN

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10