Sən demə, asbest adlanan bu dam örtüyü xərçəng yaradır, ömrü qısaldır və buna görə də 55 ölkədə ondan istifadə qadağan edilib.
Azərbaycanın rayon bölgələrindəki, xüsusilə kənd yerlərində əksər evlərin üstünün şiferlə örtüldüyünü görmək olar. Bu dam örtükləri isə əsasən asbest-sement materialdan hazırlanır.
Lakin çox az adam əslində başlarının üstündəki dəhşətli təhlükənin fərqində deyillər.
Asbest həmişə insanlar üçün cəzbedici sayılıb. Bu lifə bənzər materialdan hətta parça da hazırlamaq olur. Həmin materiallar oda davamlılığı ilə seçildiyi üçün olduqca möhkəmdir.
“Hələ qədim Romada asbest mədənlərində çalışan kölələr qəribə xəstəliyə tutulur və tezliklə ölürdülər. İndi bunun səbəbi hamıya məlumdur: asbestin mikroskopik hissəcikləri ciyərlərə hoparaq orada xərçəng xəstəliyini törədir. Bu on illər boyunca davam etsə də, xəstəlik olduqca tez inkişaf edir və ölümlə nəticələnir”, - İsveçrəinin “Tages-Anzeiger” qəzetindən Andreas Şvander yazır.
Müəllifin yazdığına görə, keçən əsrin əvvələrində asbestin üstünlükləri çox şişirdilib. Bu möcüzəli lifin köməyi ilə gül dibçəkləri, əyləc tutqacları, dam və döşəmə örtükləri hazırlanıb. Sözü gedən material yanğın zamanı metal kirişləri qorumaqda kömək edib və binanın uçmasının qarşısını alıb.
Superlifin bu dərəcədə populyarlığı ilk növbədə ABŞ-la bağlıdır. ABŞ-da asbest həddindən artıq istifadə olunub. Hətta onu saf halında çəkiliş meydanlarında süni qar kimi, həmçinin yolkaların bəzənməsi zamanı tətbiq ediblər.
Lakin elə keçən əsrin ortalarından bu maddənin zərərli xüsusiyyətləri ortaya çıxıb. Məsələn, ötən əsrin 50-70-ci illərində asbestin ən çox çıxarıldığı Finlandiyanın Paakila adlanan bölgəsində kişilərin orta hesabla cəmi 57 il ömür sürdüyü bəlli olub. Halbuki bütün ölkədə uzunömürlülüyün orta statistikası 67 yaş imiş. Həmin yerdə ölənlərin sayı 150%-i ötüb. Nəticədə mədəni bağlamalı olublar.
Bundan sonra asbest bütün dünyada təhlükəli hesab olundu və kanserogen maddə olaraq təsbitləndi.
Beynəlxalq Əmək Təşkilatının “Asbestdən istifadə ilə bağlı əməyin mühafizəsi haqqında” 172 saylı qətnaməsi ilə həmin maddənin insan sağlamılığı üçün olduqca təhlükəli olduğu və onun başqa bir materialla əvəz olunmasının zəruriliyi vurğulanıb.
Xərçəng xəstəliyinin araşdırılması üzrə beynəlxalq agentlik isə asbesti birinci dərəcəli və ən təhlükəli kanserogərin sırasına daxil edib.
“Asbest 55 ölkədə qadağan olunmasına rəğmən hələ də Rusiya, Hindistan və Çində populyarlığını qoruyur. Bunun nəticələri isə çox ağırdır. Yeni tikilən binalar, fabriklər, otellər və hətta prestijli göydələnlər asbestin nəhəng anbarları sayılır, - Şvander yazır.
Çində asbestozdan əziyyət çəkən yüzminlərlə xəstə qeydə alınıb.
“Belə görünür ki, asbestin çoxəsrlik və kədərli hekayəsi hələ uzun müddət davam edəcək”, - isveçrəli yazar sonda qeyd eidb.
Musavat.com