Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

17 yaşında, 65 manata görə ömürlük həbsə? - Ölkədə qatillər niyə cavanlaşıb...


Bu günlərdə Tovuzda törədilən qan donduran qətllərin ilginc motivi açıqlanıb. Məlum olub ki, iyulun 25-də rayonun İbrahimhacılı kəndində oğurluq məqsədilə evə girən şəxslər tənha yaşayan ev sahibini və onun qonşusunu (2 qadını) öldürüb, daha sonra izi itirmək üçün evi yandırıblar. Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib: “Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, evə oğurluq məqsədilə girmiş 19 yaşlı E.Bağırov və onun 17 yaşlı tanışı Quliyev bıçaqla hər iki qadını öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib”.

Cinayət qanunvericiliyinə görə, 2 və daha çox şəxsi qəsdən öldürməyə görə onların hər ikisini ömürlük həbs gözləyir. 17 yaşında, 65 manata görə ömürlük həbs? Burada yeniyetməyə hansısa güzəşt ola bilərmi? Sovet dövründə də xırda oğurluğa görə belə qəddarlıq faktları olubmu?

Keçmiş polis rəisi Mahmud Hacıyev isə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində insanların mənəvi dəyərlərində problemlər var: “Haqlı olaraq amansız qətllərdə sosial problemlərin yükünü daha çox qeyd edirlər. Əlbəttə ki, başqa problemlər də var. Sovet dövründə azyaşlı uşaqların belə bir cinayət törətməsi olduqca nadir hadisə idi.  Yeniyetmələrin puldan ötrü belə qəddar cinayətə əl atması ağlasığmaz idi. Pioner və komsomol təşkilatlarının, məktəb, universitet, partiya-sovet orqanlarının və yerli icraiyyə komitəsinin uşaqlar və yeniyetmələr üzərində yüksək səviyyədə nəzarəti vardı.

Mahmud Hacıyev: “Belə yerlərdə mühafizə, təhlükəsizlik xidməti yüksək  səviyyədə icra oluna bilməz”

Mahmud Hacıyev: “Texnologiyaların inkişafı cinayətlərin artmasına, cavanlaşmasına gətirib”

Hətta yeniyetmələrin xırda xuliqanlıq etməsi böyük sensasiyaya səbəb olurdu. Yoxlamalar aparılırdı, xırda xuliqanlığın törədilməsinin səbəbləri araşdırılırdı, nəzarət edən orqanlara töhmət verilirdi. İcraiyyə komitələrinin nəzdində azyaşlı və yeniyetmələrlə iş üzrə komissiya olurdu. Hüquq-mühafizə orqanının tərkibində azyaşlılarla iş üzrə xüsusi inspektor vəzifəsi vardı, bu vəzifəyə əsasən qadınlar işə götürülürdü. Yerli təhsil şöbəsi ilə həmin inspektor məktəblərdə olur, müvafiq maarifləndirmə tədbirləri həyata keçirilirdi. Yeniyetmələrin iştirakı ilə hər hansı bir hadisə baş verəndə çox ciddi rezonans doğururdu. Çox ciddi şəkildə araşdırmalar aparılırdı".

Keçmiş polis rəisi deyir ki, texnologiyaların inkişafı cinayət statistikasında özünü göstərir: “Texnologiyaların inkişafı cinayətlərin üstünün açılmasına çox böyük təkan verir. Bununla belə texnalogiyaların inkişafı cinayətlərin artmasına, cavanlaşmasına da gətirib çıxarıb. Sosial şəbəkələrdə, internetdə qəddarlıq nümayişi adi hala çevrilib. Kriminal hadisələrin efirlərdən detallı şəkildə göstərilməsi, xüsusilə qətllərin necə baş verməsi ilə bağlı verlişlərin bolluğu yenicə formalaşmaqda olan, təhsil səviyyəsi aşağı, ailədaxili münasibətləri o qədər də yüksək səviyyədə olmayan yeniyetmələrdə düşüncə formalaşdırır ki,  gördükləri normal haldır və uyğun hərəkət edirlər”.

Həmsöhbətimizin sözlərinə görə, yerlərdə yeniyetmələrlə iş aparan qurumların yox səviyyəsində olması nəticə etibarı ilə cəmiyyəti şoka salan cinayətlərin baş verməsinə gətirib çıxarır: “Qəsdən adam öldürmə hadisələri çox müxtəlif situasiyalarda baş verir. Burada insanın affekt, psixoz vəziyyətdə, narkotik maddənin təsiri altında olması barədə danışmaq olar. Bu motivlər varsa, qətllər də olacaq. Ölüm hökmünü qaytarmaqla qisasçılıq motivində baş verən qətllər azalmayacaq. Həmin situasiyada hər 100 adamdan 99-da psixoloji durum başqa cür olur. O adam o anda düşünmür ki, onu ölüm hökmü gözləyir. Rusiyada da qəsdən adam öldürmə cinayətlərində artım var. Ona görə də ölüm hökmünün qüvvəyə minməsi ilə bağlı müraciətlər var. Amma Rusiya hökuməti onu qaytarmır. Onlarda ölüm hökmü ləğv olunmayıb, monitorinqə görə müvəqqəti dayandırılıb. Hər hansı bir halda onu yenidən tətbiq edə bilərlər. Buna baxmayaraq, 1997-ci ildə qanunun tətbiqi dayandırılıb.

Sovet dövründə yeniyetmələrlə iş aparan inspektorların səlahiyyətləri müstəqillik illərində əməliyyat müvəkkillərinə verilib. Amma bilinmir ki, görülən iş hansı səviyyədədir. Son nəticədə insanları vahiməyə salan belə cinayətlər baş verir. Cəzaya gəldikdə isə keçmişdə belə cinayət törətmiş yeniyetmələrə qarşı humanizm göstərilirdi. Ümumiyyətlə isə yeniyetmə, gənc yaşında cinayətə yol vermiş şəxslərə fərdi yanaşma olmalıdır. Hakim cəza kəsməklə yanaşı yeniyetmənin yenidən həyata qayıtmaq, keçmiş səhvlərindən nəticə çıxarması üçün ona şans verməlidir. Cəza ədalətli və humanist olmalıdır".

mks.az - Əkrəm Həsənov: "Vergi işçisi ilə sahibkar dost ola bilməz"1

Əkrəm Həsənov: “Xüsusən də qadınlara, uşaqlara cinsi təcavüz, xüsusi qəddarlıqla qətlə görə ölüm cəzası verilməlidir”

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xüsusi qəddarlıqla törədilən cinayətlərə, xüsusən də qadınlara, uşaqlara, cinsi təcavüz, xüsusi qəddarlıqla ölüm hadisələrinə görə ölüm cəzası verilməlidir. Onun fikrincə, Azərbaycan Konstitusiyası bunu istisna etmir: “Cinayət Məcəlləmizdə ölüm cəzası yoxdur. Çünki Azərbaycan 2000-ci ildə Avropa Şurasına daxil olandan sonra şərtlər bu olub ki, ölüm cəzası ola bilməz. Bu şərti qəbul etdik ki, bizi də Avropa Şurasına qəbul etsinlər”.

Əkrəm Həsənov xatırlatdı ki, ABŞ-da ölüm hökmü var: “Bəziləri ölüm hökmünün Qərbdə deyil, Şərqdə daha çox olması ilə bağlı fikir formalaşdırmağa çalışır. Faktiki isə  ölüm hökmü Qərb ölkələri arasında da var. Ölüm hökmünün əleyhdarları bildirir ki, hər bir insanın yaşama hüququ var və bəşəri dəyər olan bir hüquqdur. Bu, əslində belə deyil. Onsuz da qanun müəyyən hallarda imkan verir ki, insan özünü müdafiə edərkən başqasını öldürə bilər. Ya da müharibədə öldürə bilər. Amma mənim bu arqumentlərə ən böyük cavabım nədir? Onlar özlərinə sivil insan deyirlər. Amma bir faktı unutmaq olmaz ki, xüsusən Avropa Şurasında abort hüququnu tanıyırlar. Abort da doğulmamış uşağın öldürülməsidir. Şəxsən mən abortu o halda qəbul edirəm ki, uşağın sağ qalması anasının həyatı üçün təhlükə törədir. Amma belə təhlükə olmadığı halda insanların abort hüququn tanıyanlar deyirlər ki, hansısa cinayətkarları öldürməyək, onlar bizim kimi vergi ödəyicilərinin hesabına türmədə həyatlarını yaşasınlar. Bəziləri deyir ki, ölüm hökmünün olması cinayətlərin azalmasna səbəb olmur. Hər qətl hadisəsinə görə ölüm cəzası verilsin demirik. Xüsusi qəddarlıqla, əvvəlcədən düşünülmüş, hazırlanmış cinayətlərdən söhbət gedir. O cür insanlar cinayəti törətməyə hazırlaşanda bu faktı nəzərə alırlar”.

Qeyd edək ki, ölüm hökmü dünyada ən çox Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və Vyetnamda icra olunur. Türkiyədə edam cəzası 2006-cı ildə tam ləğv olunub. Müasir dünya praktikasında xüsusi ağır cinayət törədən qatillər, manyaklar edam edilir. Bəzi ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, Çinin bəzi əyalətlərində isə hətta oğrular da edam olunur. İranda isə narkotik tacirləri, narkotikin yayılmasında iştirak edənlər barədə ölüm hökmü çıxarılır. Azərbaycanda 1998-ci il fevralın 10-da ölüm cəzası ləğv olunub. Əvəzində xüsusilə ağır cinayətlərə görə ömürlük həbs cəzası təyin olunur.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10