Turizmin inkişafı üçün nələr etmək lazımdır; ekspertdən təklif
“İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir, bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir. Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, hotel kompleksləri inşa edilib. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır”.
Bunu Prezident İlham Əliyev Göygöl, Masallı və Lerik rayonlarına təyin etdiyi yeni icra başçılarını qəbul edərkən söyləyib. O deyib ki, vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu: “Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir”...
Bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, cənub bölgəsində işsizlik daha çoxdur. Prezidentin tövsiyələrinə uyğun olaraq, icra başçıları burada turizmi inkişaf etdirə bilsələr, xidmət sektorunda inkişaf baş versə, həm yerli, həm də xarici turistlərin ora cəlb olunması rahat olacaq. Bu o deməkdir ki, minlərlə yeni iş yeri yaranacaq.
Bəs bunlara nail olmaq üçün nədən başlanılmalıdır? Hansı yeni təkliflər var? Konkret olaraq bu bölgələrdə turizmin inkişafı üçün turizm üzrə ekspertlər nələri təklif edir?
Əziz Şiriyev
Turizm eksperti Əziz Şiriyev “Yeni Müsavat”a açıqlamasında həmin bölgələrdə turizmin inkişaf etdirilməsi üçün ilk növbədə sahibkarlarla görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb:
“Son statistikalar onu göstərir ki, may-iyun aylarında Şamaxı və cənub bölgəsinə maraq həddindən artıq çoxdur. Cənun bölgəsinin bir çox kəndi, o cümlədən Astara rayonunun Sim kəndi açıq səma altında muzeydir. Lerik, Masallı rayonlarındakı kəndlər də həmçinin. Lakin turizmi zəiflədən amillərdən biri də yol infrastrukturunun bərbad olmasıdır. Bilirsiniz ki, turizm ilk növbədə yol infrastrukturundan başlayır. Bəzi kəndlərə demək olar ki, yol yoxdur. Əgər bir məkana yol-nəqliyyat vasitəsi gedib, çata bilmirsə, həmin əraziyə turist aparmaq çox çətin olacaq.
Eyni zamanda gedəcəyimiz məkanlarda xidmət məsələsi çox aktual olmalıdır. İlk növbədə sahibkarlarla görüş keçirilməlidir. Onlara regionlarda şərait yaradılmalıdır ki, həmin sahibkarlarda hotel, restoran işlərini görməyə, investisiya yatırmağa maraq oyansın. Onlar vergilərdən azad ola bilərlər, nazirliklər tərəfindən dəstəklər olmalıdır. Bu kimi tədbirlərin görülməsi, problemlərin həll edilməsi turizmin inkişafına xeyli dəstək ola bilər.
Turizmin inkişafı üçün eyni zamanda təbliğat da önəmlidir. İlk olaraq öz vətəndaşlarımız ölkəmizi yaxından tanımalıdır ki, onlardan məsləhət alan xarici ölkə vətəndaşlarına ölkəmiz haqqında məlumatlar verə bilsinlər".
Ekspert işsizlik və kadrlar haqqında da öz fikirlərini bildirib:
“Turizmin inkişafı üçün ən önəmli məsələlərdən biri də kadr məsələsidir. Çünki bir çox sahibkarlar yerli əhalinin yerinə Bakıdan kadr cəlb edirlər. Lakin Bakıdan kadr aparmaq çox baha başa gəlir. Çünki buradan gedən işçi heç vaxt 500-600 manat maaşa qane olmur. Ən azı 1000-1200 manat əməkhaqqı tələb edir. Bu isə sahibkara sərf etmir.
Bəs nə etmək olar?
Həmin regionda olan gəncləri işə cəlb etmək lazımdır. Təbii ki, gənclər öz bölgələrində işlə təmin edilməlidir. Bu məsələ eyni zamanda Bakını da yükləmək olmaz. Yəni bölgələrdəki gənclər işləmək üçün paytaxta yox, öz bölgələrinə üz tutmalıdırlar. Hər bir regionun özündə iş olmalıdır. Yeni iş yerləri açılacaq və gənclər həmin fürsətdən yararlana bilərlər.
Mənim istəyim odur ki, yeni təyin olunmuş icra başçıları həm sahibkarlara, həm də gənclərə dəstək olsunlar. “Yüksəliş” müsabiqəsindən və bir neçə sınaq mərhələsindən çıxmış gənclər də bu işlərə yaxşı kadr kimi cəlb edilə bilərlər.
İnanıram ki, çox potensiallı, savadlı gənclərin olması bizim turizm sektoruna müsbət təsirlərini göstərəcək. Onlar keçmiş düşüncəli deyil, müasir düşüncəli gənclər olacaqlar və həmin gənclərin yeni işlərdə olması bizləri daha yaxşı başa düşmələrinə, sahibkarlara dəstək olmalarına gətirib çıxaracaq. Onlar mütəxəssis kimi yetişəcək və öyrəndiklərini, təcrübələrini gələcək nəsillərə ötürəcəklər. Bu da turizmin inkişafı üçün olduqca mühüm amildir".
Anar ƏHMƏD,
“Yeni Müsavat”