Şahin Cəfərli: "Əsas odur ki, Rusiyanın bu müharibədə qələbə qazanmaması üçün Qərbdə strateji qərar var"
Zərdüşt Əlizadə: "Qərb Ukraynaya hərbi yardımla yanaşı, siyasi dəstək verməli, onu məcbur etməməlidir ki, Rusiyanın diktəsini qəbul etsin"
Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı ilə Ukraynaya qarşı başlatdığı işğalçı müharibədə Qərbin Kiyevə dəstəyinin azaldığı iddia edilir. Beynəlxalq analitiklər hesab edirlər ki, xüsusilə də Avropa ölkələri tərəfindən Ukraynaya dəstək müharibənin ilk aylarındakı kimi deyil. Ekspertlər fikirlərini onunla əsaslandırırlar ki, Avropanın əsas ölkələrindən rəsmi və qeyri-rəsmi verilən bəyanatlarda Rusiyaya loyal yanaşmalar sezilir. Hətta Moskvaya qarşı tətbiq edilən sanksiyaları tənqid edən siyasi dairələr də mövcuddur.
Düzdür, müharibənin ilk aylarında Rusiyanın işğalçı siyasəti səbəbindən bu ölkəyə misli görünməmiş sanksiyalar tətbiq edildi. Paralel olaraq, Ukrayna maliyyə və hərbi texnika baxımından yardımlar aldı və silahların verilməsi davam edir. Demək olar ki, ABŞ-ın Ukraynaya dəstəyində dəyişiklik müşahidə edilmir. Amma Almaniya, Fransa, İtaliya kimi ölkələr əvvəlki kimi fəal deyillər. Bununla yanaşı, Avropa İttifaqı ölkələri Rusiyanın enerji daşıyıcılarından imtina edə bilmirlər ki, bu, Rusiyanın ayaqda qalmasında əsas rol oynayır.
Daha bir məqam isə Ukraynanı ən çox dəstəkləyən Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra Londonun Kiyevə dəstəyi ilə bağlı proqnozlar ürəkaçan deyil. Bəzi analitiklər hesab edirlər ki, Consonun istefasından sonra Britaniyanın Ukraynaya dəstəyi əvvəlki effektdə olmayacaq.
Mövzu ilə bağlı AYNA-ya danışan politoloq Şahin Cəfərli sözügedən mülahizələrlə razılaşmır. Analitik bildirib ki, Qərb cəmiyyətləri plüralistdir, orada istənilən əks fikirlər səsləndirilir: "Təbii ki, Qərbdə Ukraynaya dəstək mövcud olduğu kimi, bunun əleyhinə çıxan qruplar da mövcuddur. O çevrələrin də Qərb cəmiyyətlərində mövqeləri eşidilir. Müxtəlif mövqelər mövcuddur, amma əsas məsələ Qərbin strateji qərarlarıdır ki, bu qərarlara nəzər salmaq lazımdır".
Politoloq xatırladıb ki, strateji mahiyyətli qərarlar G7-nin və NATO-nun Zirvə Toplantısında qəbul olundu: "Hər iki toplantıdan sonra Qərb elan etdi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər yardım ediləcək: həm maddi, həm hərbi, həm də siyasi baxımdan. Strateji qərar budur və Qərb dövlətlərinin hökumətləri də bu qərara uyğun öz siyasətlərini həyata keçirirlər".
"Təbii ki, müxtəlif mövqelər var. Məsələn, "Ukraynanın qələbəsi necə olmalıdır?" sualına müxtəlif cavablar mövcuddur. Bir qism deyir ki, Ukrayna cənubunu - Xersonu işğaldan azad etsə, bu, kifayətdir, artıq Ukraynanın qələbəsidir. Bəziləri deyir ki, yox, 24 fevral 2022-ci il tarixindən əvvəlki vəziyyətə qayıtmaq Ukraynanın qələbəsi anlamını verəcək. Müəyyən dairələr isə ümumiyyətlə, hesab edirlər ki, Ukrayna 1991-ci ildə SSRİ-dən hansı sərhədlərlə ayrıldısa, o sərhədlər çərçivəsində də ərazi bütövlüyü bərpa edilməlidir. Dediyim odur ki, müxtəlif baxış bucaqları var. Əsas odur ki, Rusiyanın bu müharibədə qələbə qazanmaması üçün Qərbdə strateji qərar var. Bütün Qərb dövlətlərinin başçıları da bu qərara uyğun addımlar atırlar".
Britaniya Baş nazirinin istefası ilə bağlı bədbin proqnozlara gəlincə Ş.Cəfərli bunları deyib: "Təbii ki, Conson qeyri-standart siyasətçi idi, özünəməxsus tərzdə siyasət aparırdı. Əlbəttə, onun istefasından sonra bu istiqamətdə boşluq hiss olunacaq. Çünki Conson hiperaktiv siyasət adamıdır. Tutaq ki, qəfldən Kiyevdə peyda olurdu. Bu, qeyri-standart addımlar idi. Onun yerinə gələn siyasətçi yəqin ki, belə hiperaktivlik nümayiş etdirməyəcək. Amma Birləşmiş Krallığın oturuşmuş dövlət siyasəti var və bu siyasət Qərbin Ukrayna ilə bağlı strateji qərarlarına uyğun olmalıdır".
"Ötən il Böyük Britaniya dövləti "Qlobal Britaniya" strategiyasını elan etdi ki, bu, "Brexit"dən sonra Krallığın yenidən dünya siyasətinə qayıdışını özündə ehtiva edir. Bu strateji sənədlə Britaniya müstəqil beynəlxalq oyunçu kimi səhnəyə çıxdığını elan etmiş oldu. Sözügedən strategiyaya uyğun olaraq, Britaniyanın yeni xarici siyasət və müdafiə hədəfləri təsdiqlənib. Orada konkret göstərilib ki, Britaniyanın maraqları baxımından ən böyük təhlükə yaradan güc Rusiyadır. Krallıq uzunmüddətli perspektiv baxımından strateji rəqib kimi Çini göstərdi. Amma cari mərhələnin əsas rəqibi və düşmən ölkə kimi Rusiya elan edilib. Buna görə də Britaniyada hakimiyyətdə kim olur-olsun, siyasət qəbul olunmuş strategiya əsasında yürüdüləcək. Ona görə də, Consonun istefası ilə Britaniyanın siyasətində ciddi dəyişiklik olmayacaq", - analitik əlavə edib.
Ş.Cəfərli hesab edir ki, Britaniyanın Ukraynaya dəstəyi davam edəcək: "Hazırda Baş nazir postuna iddialı namizədlərin də Ukrayna ilə bağlı açıqlamalarına nəzər salsaq görərik ki, hamısı aydın və konkret şəkildə Kiyevi dəstəkləyirlər".
Politoloq Zərdüşt Əlizadə də AYNA-ya deyib ki, Qərbin Ukraynaya dəstəyini dayandırması fikirləri ilə razı deyil. Analitik xatırladıb ki, Qərb Ukrayna Ordusunu lazımı qədər silahla təmin edəcəyini açıqlayıb və məlumatlardan da görünür ki, silahlar hələ də gəlməkdədir: "Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar tətbiq edilib, yumşalma yoxdur. Dəstək bəs necə olur? Qərbdən lazımi qədər silah-sursat aldıqdan sonra - söhbət ağır və həm də hücum silahlarından gedir - Ukrayna əks-hücuma keçərək ərazilərini təmizləyə bilər. Qərb Ukraynaya hərbi yardımla yanaşı, siyasi dəstək verməli, onu məcbur etməməlidir ki, Rusiyanın diktəsini qəbul etsin".
"Bu gün Qərbin əlinə fürsət düşüb ki, qaniçən, quldur, başqa xalqların hüquqları ilə hesablaşmayan, beynəlxalq hüququ pozan bir ölkəni yerində oturtsun. Bu imkanı əldən vermək olmaz və məncə, Qərb bu imkanı buraxmayacaq. Qərb ölkələrinin liderləri, xüsusilə, ABŞ, Britaniya, Polşa, Pribaltika, Şərqi Avropanın keçmiş sovet respublikaları bu fürsəti əldən verməməlidirlər", - deyə Z.Əlizadə vurğulayıb.
Politoloq bildirib ki, Almaniya, Fransa, İtaliya Ukraynanın güzəştlərə getməsi müqabilində Rusiya ilə müharibəni dayandırmaq istəyirlər: "Bir müddət öncə bu barədə bəyanatlar da səsləndirilmişdi. Amma Ukrayna xalqı və hakimiyyəti bunu qəbul etmir. Demək ki, Qərb ardıcıllığını qorumalıdır. Ukraynanın əks-hücum əməliyyatlarına dəstək verməlidir. Əsas qəbul olunan strateji qərarlardır ki, Qərb bu qərarı verib. Birmənalı deyilib ki, Rusiya müharibədən qələbə ilə çıxmamalıdır. Ona görə də dəstəyin davamlı olacağı gözlənilir”.
Consonun istefasından sonra Böyük Britaniyanın siyasətində dəyişiklik olub-olmaması məsələsinə gəlincə, analitik deyib ki, Birləşmiş Krallıq böyük dövlətdir, ciddi dəyişiklik olmayacaq: "Britaniya kimi ölkələrin siyasi kursu bir-iki gün içində dəyişmir, nə də şəxslərə bağlıdır. Conson getdi, yerinə gələn də qəbul olunmuş siyasəti yeridəcək. Hansı formada yeridəcək, o başqa məsələdir. Məsələn, Conson emosional idi, bəyanatları bəzən sərt olurdu. Yerinə gələcək siyasətçi ola bilsin ki, Conson kimi emosional olmayacaq, amma Britaniyanın qəbul etdiyi strateji siyasəti davam etdirəcək".
Müəllif: Anar Bayramoğlu