Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu 5 müsəlman alim 800-1000 il öncə dünya elmində inqilab edib …-ARAŞDIRMA


“Bu gün müasir avadanlıqlarla yaxşı təchiz olunmuş laboratoriyalarda  aparılan tədqiqatlardan aydın olur ki, o, 1250 ildən çox əvvəl öz dövrünü qabaqlayan bir alim olub…”


“O dövrdə heç kim cərrahiyyə sənətində və bu sahədəki yeniliklərdə ondan üstün olmayıb…”
 
“XII əsrdə o, dörd insanabənzər robot düzəldib, onları qayığa mindirib nağara və simbal çalmağa vadar edib…”
 
Elmi nailiyyətlərdən uzaq olduğu iddia edilən müsəlmanlarla bağlı planetdə hökm sürən stereotip mövcud gerçəkliklə kökündən ziddiyyət təşkil edir. Keçmişə nəzər salsaq, görərik ki, hələ əsrlər öncədən İslam dünyasının müxtəlif məkanlarında kütləvi şəkildə elmi mərkəzlər açılıb, orada biliklər toplanıb, elmi fənlərdə, texnologiyalarda irəliləyişlər əldə edilib. Və sonradan bütün bunlar Qərb ölkələrində elmi fikrin inkişafına təkan verib...
Güman edirik ki, xarici İslam saytlarına(islam.ru, islam-today.ru) istinadla təqdim etdiyimiz dünya elmində inqilaba səbəb olmuş 5 müsəlman alim haqqındakı yazımız müqəddəs Qurban bayramı günlərində hafta.az oxucuları üçün də maraqlı olar:
 
Əl-Xarəzmi
Məhəmməd ibn Musa əl-Xarəzmi (təxm. 783-850) mübaliğəsiz "cəbrin banisi" adlandırılır. Sıfır rəqəmindən ilk dəfə istifadə edən o olub. Əl-Xarəzmi ilk dəfə olaraq cəbri xətti və kvadrat tənliklərin həllinin ümumi üsullarından ibarət müstəqil elm kimi təqdim edib və bu tənliklərin təsnifatını verib. O, sinus, kosinus, tangens və kotangens funksiyalarını ehtiva edən ətraflı triqonometrik cədvəllər hazırlayıb.
 
Əl-Xarəzminin əsərləri ərəb dilindən latın dilinə, sonra isə yeni Avropa dillərinə tərcümə edilib. Onların əsasında riyaziyyat üzrə müxtəlif dərsliklər yaradılıb. Əl-Xarəzminin əsərləri İntibah elminin inkişafında mühüm rol oynayıb, Şərq və Qərb ölkələrində orta əsrlər elmi fikrinin inkişafına səmərəli təsir göstərib.
 
Bu müsəlman elm korifeyi daha çox riyaziyyat tarixində mühüm rol oynamış “Tamamlama və müqayisə kitabı” (“Əl-kitab əl-muxtasar fi hisab əl-cəbr vəl-müqəbələ”) ilə tanınır. “Əl-cəbr” sözündən (başlıqda) cəbr sözü yaranıb…
 
Cabir və ya Qaber
Cabir ibn Həyyan (təx. 721–815-ci illər) müasir kimyanın atası hesab olunur. Cabir İbn Həyyandan əvvəl kimya müxtəlif sənət növləri üzrə bir neçə səpələnmiş əsər şəklində təqdim olunurdu ki, bu da müxtəlif növ digər çoxsaylı sənətkarlıq növləri ilə qarışırdı. Amma İbn Həyyan kimyanı inkişaf etdirə və on ibtidai səviyyədən ən yüksək səviyyəyə qaldıra bildi. Bu, böyük elmi iş və çoxsaylı müşahidələr sayəsində əldə edilib. O, həmçinin kimyəvi maddələrin alınması və onların qarşılıqlı təsirinin əsas qaydalarını müəyyən edib. Ona görə də Cabir İbn Həyyan, şübhəsiz ki, "bütün kimyaçıların müəllimi (şeyxi)" sayılır…
 
Belə ki, o, elmi təcrübələr nəticəsində bir çox turşuları müəyyən etməyə nail olub. O, öz laboratoriyasında distillə, ərimə, kristallaşma, saflaşdırma, oksidləşmə, buxarlanma, filtrasiya proseslərini daim təkmilləşdirir; sulfat turşusu istehsal etmək üçün reaksiyalar meydana gətirir; spirtlərin, metalların və mineralların təsnifatlarını hazırlamağa başlayırdı. Con Daltonun kəşfindən 10 əsr əvvəl Cabir elementlər arasında əlaqə kimi kimyəvi bağlar obrazını yaratmışdı…
 
Bu gün müasir avadanlıqlarla yaxşı təchiz olunmuş laboratoriyalarda  aparılan tədqiqatlardan aydın olur ki, 1250 ildən çox əvvəl Cabir öz dövrünü qabaqlayan bir alim olub…
 
Əz-Zəhravi
Əl-Zəhravi (Əlbukasis) (936-1013) orta əsrlərin ən böyük cərrahı kimi şöhrət qazanıb - o dövrdə heç kim cərrahiyyə sənətində və bu sahədəki yeniliklərdə ondan üstün olmayıb. Piroqov anesteziyanın qabaqcılı hesab edildiyi kimi, Əl-Zəhravi də qarın cərrahiyyəsində və dərialtı tikişlərdə ilk dəfə katqutdan istifadə etmişdir. Katqut - cərrahi sapdır, tərkibi üzvi olduğu üçün insan orqanizmində iz qoymadan əriyir. Çox vaxt qoyunların bağırsaqlarından hazırlanır.
 
Əl-Zəhravi kiçik çanaqda əməliyyatların (sonradan klassik hala gəldi) ilk dəfə uzanmış vəziyyətdə tətbiqini təqdim edib. O, bu gün sümüklərin vərəmi adlanan xəstəliyi təsvir edib və kataraktın(mirvari suyu)(termin Əz-Zəhraviyə məxsusdur)  çıxarılması əməliyyatını Qərbin göz cərrahiyyəsinə daxil edib. Bu müsəlman cərrah bütün katarakt prosedurunu təsvir edən və onu rəsmlərdə təqdim edən yeganə müəllif olub və olaraq qalır. Əvvəllər bu olduqca sadə əməliyyatın sirləri yalnız seçilmiş bir neçə nəfərə ötürülürdü…
 
Əl-Zəhravi yeni cərrahi alətlərin müəllifi idi (150-dən çox). O, şpris, forseps(maqqaş), cərrahi qarmaq və iynə, həmçinin sümük mişarının ixtiraçısı hesab olunur. Onun yaratdığı alətlərin bir çoxu müasir tibbdə istifadə edilir…
 
Əz-Zəhravinin “Tibbi biliklərin təqdimatı kitabı onu tərtib edə bilməyənlərin ixtiyarındadır” ensiklopedik əsəri adətən “Kitab ət-təsrif” kimi tanınan, onun bütün həyatının təcrübəsini ümumiləşdirən 30 cilddən ibarətdir. Bu ensiklopedik əsər orta əsrlər Avropasında cərrahlar üçün məlumat kitabçasına çevrilmiş, dəfələrlə yenidən yazılmış və nəşr edilmiş və beş əsr ərzində cərrahiyyə üzrə əsas dərsliklərdən biri olmuşdur.
 
Əl-Heysəm
İbn əl-Heysəm (965-1039) - Avropada Alhazen adı ilə tanınan optikanın banisi. 
 
Alim Evklidin işığın təbiəti ilə bağlı araşdırmalarını davam etdirib. Ondan əvvəl qədimlərin optikası yalnız işıq hadisələrinin ən sadə empirik qanunlarını bilirdi: bircins mühitdə işığın düzxətli yayılma qanunu; güzgülərin səthlərindən işığın əks olunması qanunu; iki şəffaf mühitin sərhədində işığın sınması hadisəsini.
 
Qədim Roma tibb alimi Qalenin ardınca  Əl-Heysəm gözün quruluşunu tədqiq edərək Platon və Evklidin insanın görmə qabiliyyətinə dair fikirlərinin uyğunsuzluğunu sübut edib. Əl-Heysəm binokulyar-durbin görmə (iki gözlə görmək) anlayışını inkişaf etdirib. O, ilk dəfə görmə fenomenini obyektlərdən gözə daxil olan şüaların linza daxilində təsvir əmələ gətirməsi prosesi kimi izah edib və  gözün hissələrinə (“buynuz qişa”, “büllur”, “şüşəvari cisim” və s. ) adlar vermiş ilk şəxs olub. Əl-Heysəm kristal və şüşədən linzaların modellərini hazırlayaraq, bikonveks linzalardan istifadə edərək görmə korreksiyası ideyasını irəli sürüb və  onları qocalıqda oxuyarkən istifadə etməyi təklif edib (eynəklər!)...
 
İbn Əl-Heysəm havanın cazibə qüvvəsi anlayışını elmi dövriyyəyə daxil etmiş, havanın sıxlığını hündürlüklə əlaqələndirmişdir. Ondan sonra alimlər işığın sınması problemləri ilə məşğul olmağa başladılar. Lakin 17-ci əsrin əvvəllərinə qədər optika elmi sahəsində böyük kəşflər olmamışdır.
 
Əl-Heysəm tərəfindən yazılmış “Optika haqqında traktat” (“Kitab əl-Mənazir”) kitabı Şərqi və Qərbi Avropa ölkələrində 600 il ərzində əsas hesab edilib…
 
Əl-Cəzari
Əbu Əl-İzz İsmayıl ibn Ər-Rəzzaz Əl-Cəzari (ö. 1206) “Ərəb dünyasının Da Vinçi” ləqəbini almış astronom, riyaziyyatçı və mexaniki ixtiraçı, mühəndisliyin ən böyük dahisi.
 
Mexanikanın ən mühüm ixtiralarından birinə, hələ də müasir maşınların əsas komponentlərindən biri olan təkərin ixtirasından sonra ikinci ən vacib ixtiraya - dirsək valına sahib olan Əl-Cəzari idi.
 
O, “Mükəmməl mexaniki qurğular haqqında bilik kitabı” (“Kitab fi mərifət əl-hiyal əl-xəndəsiyyə”) traktatında saatlar, kombinə edilmiş qıfıllar və robotlar da daxil olmaqla 50-yə yaxın mexanizmin dizaynını təsvir edib. Əslində kibernetikanın əsasını o qoyub. O, dörd insanabənzər robot düzəldib, onları qayığa mindirib nağara və simbal çalmağa vadar edib. Ə-Cəzari həmçinin musiqi qutuları, kombinasiyalı qıfıllar, itələyici klapan nasosları, su qaldıran maşınlar, su saatları, fəvvarələr dizayn etmişdir.
 
Əl-Cəzari həmçinin texnoloji yeniliklərə sahibdir: ağacın laminasiyası, miqyaslı modellərdən istifadə edilməsi (alim onları kağızdan düzəldib), korundla(mineral növü) hərəkət edən hissələrin üyüdülməsi, metal qapılar, istənilən enliklər üçün universal günəş saatı olan kompas hibridi və s.
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10