Yardımlı rayonu üzrə evdə təhsilə cəlb edilən 60 şagirddən 15-i Bozayran kəndinin düşür. Lənkəran rayonu Separadi kəndində 18, Masallı rayonu Həsənli kəndi üzrə isə 20-yə yaxın şagird evdə təhsilə cəlb edilib. Bu kəndin ətrafında yerləşən məktəblərdə isə evdə təhsilə cəlb edilən 10-dan artıq şagird Həsənli kəndinin pasport qeydiyyatındadır. Qısası, bəzi kəndlər “xəstə” uşaqlarla aşıb-daşır, həmin ərazi ilə qonşu kəndlərlə sərhəddə olan məktəblərə “xəstə” uşaq tapılmır.
Lənkəran-Astara Regional Təhsil İdarəsini əhatə edən rayonlar üzrə psixoloji-tibbi-pedaqoji komissiyalar artıq fəaliyyətə başlayıb və artıq gələn il evdə təhsilə cəlb ediləcək sağlamqlıq imkanları məhdud uşaqları müəyyən etmək üçün sənəd qəbuluna başlanılıb. Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla regional təhsil idarələrinin əmri ilə yaradılır.
Heç kimə sirr deyil ki, evdə təhsilə cəlb edilən şagirdlərin seçimi bir çox hallarda obyektiv aparılmayıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18 yaşınadək uşağın sağlamlıq imkanları məhdudluğu təsdiq olunur, belə uşaqlara müavinət və onlaraq qulluq edənlərə Prezidentin aylıq təqaüdü verilir. Bu uşaqlar evdə təhsilə cəlb olunandan sonra valideynlərinə əlavə olaraq uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinət də təyin edilir.
Evdə fərdi təhsil alan şagirdlər isə məktəbə xəstəxana, poliklinika və dispanserlərin verdiyi sənədlər əsasında rayon psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunur. Bu komissiylar şagirdi evdə təhsilə cəlb edən zaman adətən onların sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət almasını nəzərə alırlar. Komissiyaların qeyri-obyektiv qərarlarına da səbəb məhz bu amil səbəb olur.
Rayonlardakı xəstəxana, poliklinika və dispanserlərin verdiyi saxta sənədlərin psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən təftiş edilə bilməməsi, bu komissiyaların keçmiş rayon təhsil idarəetmə orqanları tərəfindən formalaşdırılması amili elə onların da bu işdə sui-istifadəsinə yol açmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitə iclasındakı çıxışı zamanı Cəlilabad və Masallı rayonlarında uşaq əlilliyinin yüksək həddə olmasının səbəbi barədə ritorik və ironik sual ünvanlamışdı. Məhz bu çıxışdan sonra bölgəmizin rayonlarının sosial müdafiə və səhiyyə müəssisələrində intizam tənbehləri və həbslər həyata keçirildi. Məlum oldu ki, bir qrup dələduz dövlət orqanarı ilə əlaqəyə girərək saxta əllilliyin alınması ilə bağlı cinayətkar şəbəkə yaratmışlar. Təssüf ki, bu cür qanuna zidd hallar və cinayətkar şəbəkə uşaqların evdə təhsili ilə bağlı da mövcuddur. Belə ki, bir qrup dələduz uşaqların sağlamalıq imkanlarının məhdudluğu barədə sənədləri əsas götürərək rayon psixoloji-tibbi-pedaqoji komissiyalarını şanataj edib bu uşaqları evdə təhsilə cəlb edirlər.
Lənkəran-Astara Regional Təhsil İdarəsini əhatə edən Cəlilabad, Masallı və Lənkəran rayonları üzrə hər il xeyli şagird saxta yolla evdə təhsilə cəlb edilir. Masallı rayon əksər vaxtlar sənədlə xəstə uşaqların sayına görə “Lider” olub. Lakin, Astara rayonu üzrə aparılmış məqsədyönü tədbirlər nəticəsində evdə təhsilə cəlb edilən şagirdlərin sayı cəmi 18 nəfərə enmişdir.
Bölgənin bəzi kəndləri ilə bağlı statistik nəticələr isə çox şübhəli və narahatedici məqamlardan xəbər verir. Məsələn, Yardımlı rayonu üzrə evdə təhsilə cəlb edilən 60 şagirddən 15-i Bozayran kəndinin payına düşür. Digər bir misal isə, Lənkəran rayonu Separadi kəndində 18 nəfərə qədər uşağın evdə təhsilə cəlb edilməsidir. Masallı rayonu Həsənli kəndi üzrə isə vəziyyət daha acınacaqlıdır. Belə ki, bu kənddə yerləşən məktəbdə 20-yə yaxın şagird evdə təhsilə cəlb edilib. Bu kəndin ətrafında yerləşən məktəblərdə isə evdə təhsilə cəlb edilən 10-dan artıq şagird Həsənli kəndinin pasport qeydiyyatındadır.
Bir vaxtlar bu kənddən kənarda yerləşən məktəblərdə evdə təhsilə cəlb edilənlərin, kənd məktəbində evdə təhsilə cəlb edilənlərdən daha artıq olması halları da mövcud olmuşdur.
Qısası, bəzi kəndlər “xəstə” uşaqlarla aşıb-daşır, həmin ərazi ilə qonşu kəndlərlə sərhəddə olan məktəblərə “xəstə” uşaq tapılmır.
Bütün bunlar sübut edir ki, bəzi rayonlarda yerli təhsil idarəetmə orqanlarının təşkil etdiyi psixoloji-tibbi-pedaqoji komissiyaların, bəzi rayonlarda səhiyyə və sosial müdafiə orqanlarının bir qrup dələduz və məktəb rəhbərləri ilə qanuna zidd əməkdaşlığı bu mənzərəni yaratmışdır. Lənkəran-Astara Regional Təhsil İdarəsi və yerli tibb müəssisələri bu neqativ halların qarşısını almaq üçün iradə ortaya qoymalı, qeyd edilən hallar aradan qaldırılmalıdır
Cenub.az üçün Rabil Abdinov