Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Gəl, bizim yaylağa gedək, əzizim”. Astaradakı yaylaq festivalı abidələrlə zəngin olan Hamoşam kəndini tanımayanlara da tanıdacaq və sevdirəcək


Bir də  “2000 yaşlı astaralı”,   “Podşo sel” (Padşah hovuzu), “Podşu kinə sel ” (Padşah qızının hovuzu”)   barədə                   

Hamoşam Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon  mərkəzi olan Astara şəhərindən 40 km şimal-qərbdə, Talış sıra dağlarının Peştəsər silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Toradi, Azarud, Reqloba, Kamlakan, Klınbi kəndləri və meşə zolağı ilə həmsərhəddir. 

     Hamoşam kənd inzibati ərazi dairəsinin ümumi  sahəsi 1800 hektardan çoxdur.

 Kənddə 1933-cü ildə 375 (kişi 198, qadın 177) nəfər, 1986-cı ildə 843 nəfər, 1999-cu ildə 1053 nəfər yaşamışdır. 

Hazırda kənddə 1000 nəfərdən bir qədər çox əhali yaşayır. 

    Hamoşam talış dilində Həmoşəm adlanır. Hamoşam Həmoşəmin cüzi təhrifə uğramış (“ə-a” əvəzlənməsi) adıdır. Toponim talış dilində “həmo” – hamar və “şəm” – çay qırağı sözlərinin birləşməsindən yaranaraq azərbaycan dilinə tərcümədə “çay qırağında hamar yer” mənasını verir.  

    Hamoşam respublikamızın qədim yaşayış məntəqələrindən sayılır 

Burada IX – XVII əsrlərə aid Kalakafo (Qala Kafu, Ğələ Kəfo) qala və yaşayış yeri (inv: 823), tunc dövrünə aid Biyaylaq kurqanı (inv: 824) ölkə, orta əsrlərə aid Qəbiristanlıq (inv: 5769) isə yerli əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır. 

Bu heç də Hamoşamda olan abidələrin tam siyahısı deyildir. Kənddə rəsmən abidə kimi qeydə alınmayan 10-dan çox kurqan, bir neçə qədim qəbiristanlıq, “Podşu ğəb” (Padşahın qəbri), “Podşu huni/honi” (Padşah bulağı), “Podşo sel” (Padşah hovuzu), “Podşu kinə sel” (Padşah qızının hovuzu”) adlanan tarixi yerlər, üç pilləli daş qutu qəbirlər, dörd ziyarətgah – Hacı Məhəmməd Şərif Əfqani,  Şeyx Siracəddin, Şeyx Ambə (Şıxambə) və İbrahim türbələri (pirləri) vardır.

     1982-ci ildə Hamoşam kəndinin şərq tərəfində, Diqoband dağının cənub ətəyində, Tıbə bın adlanan yerdə ev tikməkdən ötrü dik yamacı qazan zaman kişi və qadın təsviri olan iki daş antropomorf heykəl aşkar edilmişdir. 

Daş qadın heykəlinin hündürlüyü 94 sm, maksimal eni kürək nahiyəsində 40 sm, maksimal qalınlığı 14 sm-dir. 

Daş kişi heykəl 10 sm qalınlığında yastı qumdaşı lövhəsindən düzəldilmişdir. Onun hündürlüyü 1,1 metr, maksimal eni çiynində 35-36 sm-dir. Daş kişi heykəl 728 invertar nömrəsi ilə Astara tarix-diyarşünaslıq muzeyində eksponat kimi qorunur (Tufan Axundov. Astarada 20 gün. B., 2009, səh. 92-96).

“2000 yaşlı astaralı”     

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu mütəxəssislərinin muzeyə təqdim etdikləri rəyə görə daş kişi heykəlinin yaşı 2 min ildən çoxdur. Buna görə də, yerli sakinlər bu daş heykəli “2000 yaşlı astaralı” adlandırır.

     Tarixi və arxeoloji abidələrin yerləşdiyi Bi yaylağında təsərrüfat işləri zamanı əmək alətləri, şirli-şirsiz saxsı qablar, silahlar, pullar aşkar olunmuşdur. Bi yaylağının tarixi qoruq elan edilməsi tarixi və turizm baxımından daha məqsədəmüvafiq sayıla bilər (16 iyul 2022-ci il tarixində “Bi yaylaq festivalı”nın keçirilməsi planlaşdırılmışdır).

    Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sovet dönəmində kənddə kollektiv təsərrüfat yaradılmış və təsərrüfat “Komsomol” adlandırılmışdır. “Komsomol” kolxozu, daha sonra isə sovxozu taxılçılıq və maldarlıq üzrə ixtisaslaşmışdır. Təsərrüfatın xırda və iri buynuzlu heyvanlardan ibarət ferması olmuşdur. Ötən əsrin 60-cı illərinin ortalarına qədər Hamoşamda çəltikçilik də geniş yayılmışdır. Sovet imperiyasının parçalanması ərəfəsində “Komsomol” sovxozunun adı dəyişdirilərək Mirzə Cəbiyev adlandırılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra kolxoz və sovxozların yerində istehsalat kooperativləri yaradılmışdır.

1997-ci ildə həyata keçirilən Torpaq islahatı nəticəsində kolxoz və sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır. 

    Hamoşam kəndində tam orta məktəb, kitabxana, folklor klubu, poçt, ATS, həkim məntəqəsi, baytarlıq məntəqəsi, məscid, mağaza-dükanlar, ictimai iaşə və digər sosial obyektlər vardır. 

    Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Hamoşam əvvəl Motlayataq kənd şurasının, daha sonra isə Asxanakəran kənd sovetliyinin tərkibində olmuşdur. 

1975-ci ildə Hamoşam kənd sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 

 Bələdiyyə 2000-ci ilin yanvar ayından fəaliyyət göstərir. Hamoşam kənd inzibati ərazi dairəsi və bələdiyyəsi  Hamoşam mərkəz olmaqla Hamoşam, Toradi, Reqloba, Rıvadila (Ruədılə), Klımbı və Kamlakan kəndlərini əhatə edir.

    Hamoşam kənd inzibati ərazi dairəsi Qarabağ müharibəsində - ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə  4 şəhid vermişdir. Şəhidlərdən Bəkir Qasımov, Aqil Babayev Hamoşam, Çinar Əliyev Toradi, Rəhman Babayev isə Kamlakan/Toradi kəndlərindəndir. 

   Ən gənc Sovet İttifaqı Qəhrəmanı

 bu kəndin sakini olub

 Hamoşam tarixi abidələri

Füsunkar təbiəti ilə yanaşı özünün  ziyalıları ilə də tanınan yaşayış məntəqələrimizdən biridir.  Azərbaycanlı döyüşçülər sırasında ən gənc Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mirzə Cəbiyev (22.02.1925-10.02.1978), 2001-2003-cü illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Aydın Cəbiyev, Polis Akademiyasının Kriminalistika kafedrasının rəisi, polkovnik, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudov, Abşeron rayonunda məsul vəzifələrdə çalışmış İbrahim İbrahimov, RF Sankt-Peterburq şəhərində böyük bir avtonəqliyyat bazasının baş mühədisi İntizar Abdulov, əməkdar müəllimlər Sabir Kişiyev, Azər Kişiyev və digərləri Hamoşam kəndindəndirlər.

 

                                                                                       İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

 

P.S.   Hamoşam kəndi ilə bağlı müəyyən məlumatların və şəkillərin əldə edilməsində mənə yardımçı olan Ağarəhim Abdulova təşəkkür edirəm.

P.S.S.   Reqloba və Klınbi kənd sakinləri üçün ünvan Hamoşam, Kamlakan kənd sakinləri üçün ünvan isə Toradi yazılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10