Son dövrdə dünyada boşanmalar artaraq çox təhlükəli həddə çatıb və ailə qurumu süquta doğru irəliləməkdədir. Artıq Avropada, ABŞ və Rusiya kimi ölkələrdə boşanma səviyyəsi bağlanan nikahların səviyyəsini keçib.
Azərbaycan KİV-də və ictimaiyətində də boşanmaların artması ilə əlaqədar həyacan siqnalı çalınır. Bu mövzunun sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir. İnsanlar həm Dövlət Statistika Komitəsinin KİV-də təqdim olunan statistikasına, həm də öz şəxsi müşahidələrinə və ya təcrübələrinə əsaslanaraq mövcud durumun səbəblərini və ondan çıxış yollarını düşünürlər.
Son illər isə boşanmalarda səbəb kimi “qarşı tərəf narkoman idi” arqumenti daha çox səslənməkdədir. Statistika da ölkəmizdə narkoloji asılılığı olan şəxslərin də artığını təsdiq edir.
Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, 2021-ci ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib.
Bu gün Azərbaycanda nikaha daxil olmaq istəyən cütlüklər məcburi tibbi müayinədən keçməlidir. Bununla da müayinədən keçən cütlüklərin hər hansı xəstəlik daşıyıcısı olduğu aşkarlanarsa, bu barədə onlara məlumat verilir.
Bəs görəsən, evlənməyə hazırlaşan gənclər həm də narkoloji müayinədən də keçməlidirlərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dünya praktikasında bu cür müayinələrin könüllü şəkildə aparıldığını deyib:
“Əslində, evlənməyə hazırlaşan şəxslər özləri haqda bütün məlumatları açıq şəkildə qarşı tərəfə deməlidirlər. Zoraki yolla hansısa məsələnin aşkarlanması sui-istifadələrə də gətirib çıxara bilər.
Yaxşı olar ki, cütlüklər evlənəcəkləri şəxsə dürüst davransınlar, özləri ilə bağlı şəffaf olsunlar. Qarşı tərəf narkoloji müayinədən keçmə məsələsini qaldıra bilər, amma əksər hallarda evliliyə hazırlaşan şəxslər çox şeyə göz yumurlar.
Yaxud qarşı tərəf bu müayinəni özünə qarşı qərəz hesab edə bilər, bunu etbarsızlıq kimi qəbul edə bilər. Bu baxımdan, sözügedən müayinə tərəflər arasında inciklik yarada, nikaha girməyə hazırlaşan şəxslərin nikahını əvvəldən poza bilər.
Bu bir tərəfdən yaxşıdır, belə nikah elə əvvəldən pozulsa yaxşıdır. Narkoloji test aparılması bəlkə ölkəmizdə ola bilər. Dünyada belə bir təcrübə yoxdur. Əslində, tibbi müayinə də könüllü olmalıdır. Bizdə bəzi genetik xəstəliklərin qarşısının alınması üçün bu addımı ataraq tibbi müayinəni məcburi etdilər, amma bu könüllü olmalıdır.
Mən elə cütlüklər tanıyıram ki, başdan-ayağa çek-ap etdirib sonra evlənirlər. Bunu uşaqlarının gələcəyinə və sağlamlığına görə edirlər. Bəzən məcburi addımlara ehtiyac olur, məsələn, genefond təhlükə altında olduqda. Bu zaman hökumət müəyyən qərar qəbul edə bilər və narkoloji testi də məcburi edə bilər”.
M.Zeynalova qeyd edib ki, artıq evlilikdən öncə psixoloji testdən də keçmək vətəndaşlar üçün bir öhdəliyə çevrilməlidir:
“Biz hətta deyirik ki, evlilikdən öncə psixoloji diaqnostika da olsun. Çünki zorakılığa meyilli insanların ailə həyatı uğurlu olmur, ailədə hər hansı qətl, qeyri-insani münasibətlər özünü mütləq göstərir. Bu baxımdan həm narkoloji, həm də psixoloji müayinələr olsa, çox yaxşı olar. Bu ailələrin bütövlüyü və gələcəyi üçün vacibdir.
Amma bir daha qeyd edim ki, bu müayinələr mahiyyətcə könüllü olmalıdır və insanlar özü şüurlu şəkildə buna getməlidir. Bir halda ki, insanlar gələcək nəsli düşünmür, ancaq özlərinin eyiblərini ört-basdır edirlər, bu zaman müəyyən dövr üçün narkoloji testi də məcburi etmək olar”.
Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevin sözlərinə görə isə evliliyə hazırlaşan gənclərin məcburi narkoloji müayinədən keçirilməsi insan hüquqlarına ziddir:
“Əvvəlcə onu qeyd edim ki, maddə asılılığı xroniki bir xəstəlikdir. Bu xəstəlik olduğuna görə, biz şəxsləri yoxladığımız halda maddə təyin olunduğu müddətdə evliliyin baş verməsinə maneə törədiriksə, bu bir növ günahlandırma, mühakimə etmə və həmin şəxsin insani hüquqlarını tapdalama sayılır.
Bu xəstəliyi infeksion və ya digər xəstəliklərlə qarışdırmaq olmaz. Bu müalicə olunur və həmin şəxslərin dəstəyə ehtiyacı var, mütləq ki, cəmiyyət onları qəbul etməlidir və protokola uyğun müalicə getməlidir. Biz bunları yoxladığımız təqdirdə nəzərə alırıq ki, qarşı tərəfin həyat fəaliyyəti qaydasında olsun, konfliktlər olmasın.
Amma şəxsin prizmasından baxdığımız təqdirdə məcburi narkoloji test zamanı onda ciddi problemlər ortaya çıxar. Bu gün kimsə maddə istifadə edirsə, normal şəkildə müalicəsini alıb, yenidən həyat fəaliyyətini davam etdirə bilər.
Hal-hazırda Azərbaycan Qanunvericiliyinə görə, evlilikdən öncə narkoloji müayinə aparılmır. Bunun da səbəbləri var. Bu, həmin insanların günahlandırılmadan, mühakimə edilmədən normal cəmiyyətə qaytarılması üçün bir yoldur və onların hüququdur”.
Ekspert qeyd edib ki, maddə istifadəçilərində bir sıra dəyişikliklər olur. Bu dəyişiklik sosial, psixoloji və fiziki ola bilir:
“Evliliyə hazırlaşan gənclərin qarşı tərəfin narkotik asılılığı olub-olmadığını bilməsi üçün bir neçə yol var. Onun davranışına, düşüncələrinə görə iddia edə bilərik ki, bu adam maddə istifadəçisidir, lakin bu professionallıqdan kənar yanaşmadır.
“Mən müşahidə etdim və bildim” fikri düzgün deyil və bu iddiaların heç birinin təsdiqi yoxdur. İlk öncə laborator şəraitdə verilən sidik və qan analizi vasitəsilə şəxsin maddə istifadəçisi olduğunu bilə bilərik.
Bundan əlavə, maddənin növünə, istifadə müddətinə əsasən şəxsdə bir sıra dəyişikliklər əmələ gəlir. Onlarda sosial, fiziki və psixoloji dəyişiklik müşahidə edilir. Maddə istifadəçilərinin əmək fəaliyyəti zəifləyir, dərslərə qarşı marağı olmur, depressiv əlamətlər müşahidə edilir, tənhalığa meyilli olurlar. Fiziki olaraq arıqlayır, tez-tez tərləyir, daxili orqanlarda problemlərlə üzləşirlər.
Biz tez-tez valideynlərə məsləhətimizdə də qeyd edirik ki, əgər övladlarınızda bu cür hallar müşahidə edirsinizsə, qəti olaraq narkotik maddə üzərindən yola çıxmayın. Uşağın davranışı üzərindən yola çıxaraq onu müalicəyə yönləndirmək lazımdır.
Çünki əvvəlcədən məsələyə “Sən narkotik istifadəçisisən” kimi yanaşdıqda və nəticədə narkotik maddə çıxmayanda valideynlə uşaq arasında şiddətli boşluq yaranır. Uşağın şüuraltına “Onsuz da anam məndən şübhələnir” fikri yeridilir və o nə zamansa bu maddələrə yönəlir”.
Əsmətxanım RZAZADƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.