Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gəzməli və görməli: Azərbaycanın qeyri-adi yerləri


Bir neçə iqlim tipi, zəngin tarix və təbii irs Azərbaycanı turizm imkanları ilə dolu ölkəyə çevirir. Ölkəmizdə bir çoxlarının bilmədiyi, xüsusilə maraqlı yerləri sizə təqdim edirik:

Quba, Qrız kəndi: Donmuş şəlalə

Qubanın Qrız kəndi dəniz səviyyəsindən 2 200 metr yüksəklikdə, Ağ dağın ətəyində yerləşir. Bu kənd ölkənin ən çox qar düşən yerlərindəndir. Xınalıq yolundan Qrız kəndinə keçərkən Qudyalçayın üzərində tikilmiş körpü Azərbaycanın ən yüksək körpüsü (dəniz səviyyəsindən 2 500 metr yüksəklikdə) sayılır.

Ucqar kəndin ətrafında bir neçə şəlalə, mağara və bulaq var. Mağarada yerləşən şəlalə donan zaman daha cəlbedici görünür: donan şəlaləni noyabr-aprel aylarında izləmək olar.

İsmayıllı, Basqal kəndi: Kəlağayı 

Rayon mərkəzindən 56 kilometr aralıda yerləşən Basqal kəndi dövlət qoruğu hesab edilir. 20 il öncə 3 000 sakinə malik olan kənddə hazırda 1 500 nəfər qalıb.

Basqalda evlər üzü qibləyə tərəf tikilib. Kəndin digər maraqlı xüsusiyyəti odur ki, XVII əsrdən hamamlar evlərin içində yerləşib. Bununla yanaşı, 1958-ci ildə “Uzaq sahillərdə” filminin bəzi fraqmentləri burada lentə alınıb.

Basqalda bütün evlər zəlzələyə davamlıdır. Mütəxəssislər buradakı evlərin inşasını “seysmik kəmər” adlandırırlar.

Ötən əsrin 60-cı illərinədək kənddəki hər evdə kəlağayı toxunurdu. Hazırda Basqalda İpək Mərkəzi, ipək məmulatlarının toxunduğu emalatxana və kiçik kəlağayı muzeyi fəaliyyət göstərir.

Həmçinin burada XVI əsrdə çəkilmiş “kürəbənd” kanalizasiya sistemi bu günədək istifadə olunur.

Foto Azerbaijan.travel

Qusar, Ləzə kəndi: Donmuş şəlalələr

Qusar rayonunun Ləzə kəndi Böyük Qafqazın cənub yamacında, dəniz səviyyəsindən 1 300 metr yüksəklikdə olan dağ çökəkliyində yerləşir.

Bu kənd turistləri daha çox sıldırım qayalardan axan şəlalələri ilə cəlb edir. Kənd ərazisində 10-dan çox dağ şəlaləsi var. Qış aylarında şəlalələrin əksəriyyəti donur, havanın temperaturu -30°-dək enir. Donmuş şəlalələrdə buzadırmanma üzrə çempionatlar və məşqlər keçirilir.

Qəbələ, Çuxur Qəbələ kəndi: Lavanda bağı

30 hektara yaxın Lavanda sahələri Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşir. 2021-ci ildə plantasiyaların sahəsi 26 hektara çatdırılıb, ərazidə melisa təsərrüfatı yaradılıb.

Essenso.az lavanda plantasiyasına 12 yaşadək uşaqlar üçün girişi pulsuz, böyüklər üçün isə 5 AZN-ə təklif edir. Güllərin çiçəklənmə mövsümü mayın axırı – iyunun 25-dir.

Video Zeynal Məmmədli:


Zaqatala: Qızılgüllər bağı

“Raduqa”, “Krım”, “Mürəbbə qızılgülü” və s. qızılgül növləri Zaqatala küçələrini bəzəyir. Qızılgül kolları Zaqatalaya ötən əsrin 60-cı illərində Bolqarıstandan gətirilib. Yerli sakinlər bu güllərdən qızılgül mürəbbəsi, gül suyu, şərbətlər hazırlayırlar. “Ovşala” adlanan gül suyu şərbəti isə Zaqataladan başqa, ətraf rayonlarda da məşhurlaşıb.

Həmçinin rayonun Aşağı Tala kəndində yerləşən “AzRose” MMC-nin qızılgül və lavanda plantasiyaları var. Plantasiyaların yaxınlığında yerləşən gül yağı emalı zavodunda isə sənayenin müxtəlif sahələrində istifadə olunan gül yağının istehsal prosesi ilə tanış olmaq mümkündür.

Video Orxan Hüseynzadə:

Şəmkir, Qədimqala: Şəmkir qalası

Şəmkir şəhərinin Qədimqala kəndində yerləşən və 30 hektar ərazini əhatə edən qala xarabalıqları 2007-ci ildə arxeoloji qazıntılar zamanı aşkarlanıb.

Qala Əhəmənilər dövləti dövründə şəhəri kənar basqınlardan qorumaq üçün inşa olunub. Bunun üçün qalanın 8 qülləsi və 4 qapısı olub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər kustar üsulla hazırlanıb, ağ daşlar və çay daşları isə Şəmkir çayından toplanıb.

2013-cü ildə burada, həmçinin yeni “Şəhristan” adlanan qədim inzibati bina, su kəhrizi və ətrafında şəhərin digər qalıq hissələri aşkarlanıb. Keçmişdə “İpək Yolu” da məhz bu ərazidən keçib. Hazırda qazıntılar davam etdirilir.

Foto Vikipediya:

Masallı, Istisu: Müalicəvi sular

Masallı şəhərindən 15 kilometr aralıqda İstisu termal bulağı yerləşir. Termal mənbə Viləş çayının sahilində, dəniz səviyyəsindən 1 650 metr hündürlükdə qərar tutub. Suyun temperaturu təxminən 69°C-dir.

Həmin ərazidə “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası fəaliyyət göstərir. Bulaq sularından revmatizm, dəri, qara ciyər, böyrək və digər xəstəliklərin müalicəsində istifadə olunur. Bütün prosedurlar həkim nəzarəti altında həyata keçirilir.

Naxçıvan, Batabat gölü: Yeganə üzən ada

Naxçıvandakı Şahbuz dövlət təbiət qoruğu dəniz səviyyəsindən 2 200–2 400 metr hündürlükdə yerləşir. Batabat gölü və dünyanın yeganə üzən adası da bu qoruğa daxildir.

Yaşıllıqla əhatələnən Batabat gölünün ortasında bitki kütləsindən yaranan ada var. Adanın gölün dibi ilə bağlılığı olmadığı üçün o, suyun üzərində müxtəlif istiqamətlərə üzür. Adanın hərəkəti küləyə bağlıdır: külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir.

  • Insanoid





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10