Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kolatanlı qızın Sumqayıt faciəsi||--||



Ailə ilə həyatı quranda 33, dünyasını dəyişəndə isə 40 yaşı olan, 2 uşaq anası bu qadın daha hansı fəlakətlər yaşayıb?


Həyat yoldaşı onun dəfninə niyə gəlmədi?


Kəsirə İsmayılova Masallı rayonunun Kolatan kəndində dünyaya göz açıb. Bacılarının dediyinə görə həyatı həmişə çətinliklərlə dolu olub. Çay sahəsində fəhlə işləyib. Buradan qazandığı cüzi əmək haqqı ilə özünə bir az cehiz, bir az qızıl-gümüş almışdı. Beş bacının sonuncusu olan bu qızın həyatına nəhayət 33 yaşında sevgi işığı düşdü. Əgər buna sevgi demək mümkün idisə.

İsmayılova Zenfira (bacısı):- Bacım Kəsirə 33 yaşında ailə həyatı qurmuşdu. Sumqayıtda yaşayan digər bacımın qonşuluğunda yaşayan, əslən lerikli olub Lənkəranda qeydiyyatda olan bir imkansız oğlanla tanış olmuşdu. Biz də onların arzusuna xilaf getməyib razılıq verdik, el qaydası ilə toy etdik, gücümüz çatandan cehiz verdik. Bacımdan 2 yaş kiçik olan bu oğlanın demək olar ki, heç nəyi yox idi. İşsizliyini və kasıbçılığını nəzərə alıb o vaxt ona 1250 manata bir köhnə �Jiquli� maşını da aldıq ki, �taksavatlıq� eləyib çörək pulu qazansın. Oğlanın evi olmadığı üçün Sumqayıtda ev kirayələyib orada yaşayırdılar.

Bu ailə həyatı bacıma xoşbəxtlik yox, faciə gətirdi. Toydan heç bir neçə həftə keçməmiş xəbər tutduq ki, bacım həyat yoldaşı Elman Xəlilov tərəfindən vaxtaşırı döyülür, söyülür.

Toydan bir qədər sonra bildik ki, bu Elman əvvəllər bir dəfə də evlənib, hansısa cinayət əməlinə görə həbsdə də yatıb. Elman tez-tez kirayə qaldığı evləri dəyişir, bacımı döyüb, söyüb üst-başındakı bütün qızıl-gümüşləri, onun üçün aldığımız maşını dəyər-dəyməzinə satdı. Bacımdan xəbərsiz onun min əziyyətlə qazandığı boyunbağını satdığını eşidəndə isə rəhmətlik göz yaşlarını saxlaya bilməyib, qıyya çəkib, bunu görən Elman ona bıçaq tullayıb. Bütün bunlar azmış kimi o, yaşadıqları kirayə evlərin borcunu da verməyib, hər dəfə həmin evlərdən çıxanda bacımın mebellərindən birini kirayə haqqı kimi həmin ailələyə bağışlayırmış.

Rəhmətlik hər dəfə bizi görəndə deyirdi ki, Elman mənə zülm verir, həmişə döyür, söyür, arabir özünə iynə vurub deyir ki, ağrılarım olur, ona görə vururam. Həmişə bacıma deyirmiş ki, səni öldürəcəyəm, məhv edəcəyəm. Heç nədən bir qalmaqal salırmış ki, get anandan, bacılarından mənim üçün pul gətir. Bəzən adi şeylər üstündə evdə mərəkə qopurmuş. Bir dəfə mannıdan hazırlanmış aşdan ona çatmadığı üçün qızdırılmış qaşığı bacımın əlinə basaraq ona damğa vurub. Bacım hətta danışırdı ki, Elman bir dəfə qışda, şaxtalı havada onu lüt soyunduraraq həyətə atıb ki, donub ölüm. Bacımsa təsadüfən sağ qalıb.

Elman bütün vasitələrlə çalışırdı ki, bizdən və digər adamlardan pul qopartsın. Bacımın bütün qızıllarını, mebellərini, digər cehizlərini dəyər-dəyməzinə satıb yox elədi. Hamımızdan borc adı ilə pul alır, amma qaytarmırdı. Bu adam həmişə fırıldaqçılıqla məşğul olurdu. Onun atasının adı Xanış, soy adı isə Əliyev idi. Bu oxşarlıqdan istifadə edib, çox yerdə özünü məşhur Xanışın oğlu kimi təqdim edir, ondan-bundan pul qoparırdı. Tez-tez müğənnilik edən bacısını bizə nümunə gətirirdi ki, o, yəni bacısı Elmana 1000 dollar xərclik verir, biz isə 20-30 manat. 4 uşaq anası olan bacısı da onun əlindən zara gəlmişdi. Hamını aldadır, hamıya fırıldaq gəlirdi.

Bu ilin qış aylarından isə onun vəhşiliyi son həddə çatıb. Təxminən yanvar ayının sonlarından evdə dava-dalaş salandan sonra, səhər tezdən bacıma kəndir verib ki, özün-özünü as, guya intihar edibsən.

Bacım o qədər yalvarıb, o qədər ağlayıb ki, məni öldürmə, bir az sakitləşib. Bacım onun əlindən qurtarandan sonra ayaqyalın, başaçıq, bir xələtlə evdən qaçıb Bakıya, bizə gəldi, mən də onu avtobusla Masallıya yola saldım. Elman onun rayona qaçdığından xəbərdar olandan sonra Sumqayıtdakı bacıma zəng edərək deyib ki, hamınızı öldürəcəyəm. Bundan sonra maşın tutub ondan əvvəl Masallıya, Kəsirənin ata evinə gəlib.

Bura qədər həmsöhbətimiz rəhmətə gedən qadının Bakıda yaşayan bacısı Zenfira İsmayılova idi. Söhbətin davamını isə onun Kolatanda yaşayan bacısı Ceyran Rzayeva davam etdirir:

- Bir də gördüm ki, Elman 2 uşağını da götürüb əsəbi halda gəldi kəndə. Başladı Kəsirəni axtarmağa. Bizim də heç nədən xəbərimiz yox. Kəsirəni tapmayıb getdi. Bir azdan Kəsirə pis gündə, bir şap-şapıda gəlib çıxdı evə. Bir azdan Elman yenə gəldi. Xeyli söz-söhbət, mübahisə oldu. Kəsirə geri qayıtmaq istəmirdi. Deyirdi ki, uşaq da sənin, nə əmlakım var o da sənin, səninlə yaşamaq istəmirəm. Bizə də deyirdi ki, getsəm, məni öldürəcək. Onsuz da həmişə üstündə bıçaq gəzdirir. Sonra Elmanın qardaşı gəldi. Dedi ki, ayrı, rahat ev tutaram yaşayarlar. Bacım axırıncı dəfə gedəndə dedi ki, mən evə yox, gora, ölümə gedirəm.

Bu il iyulun 20-də, axşam tərəfi bacımın bəd xəbəri gəldi. Sumqayıtdakı bacım zəng etdi ki, Elman ona Kəsirənin paltar sərəndə yıxıldığını, ölümcül vəziyyətdə olduğunu bildirib. Sonra biz Sumqayıtdakı yaxınlarımız vasitəsi ilə öyrəndik ki, o artıq ölüb, amma bizə dəqiq demirlər. Bakıda yaşayan bacım deyirdi ki, hələ meyitxanada Elman ora yaxın düşmürdü. Oradakı bacım qışqırırmış ki, bacımı Elman öldürüb, amma polislər buna əhəmiyyət vermirmiş.

Nəhayət, Kəsirənin cənazəsini iyulun 20-dən 21-nə keçən gecə kəndə gətirdilər. Kənd ağsaqqalları meyitə baxanda məlum oldu ki, onu köhnə bir əskiyə büküblər. Meyitin bədəninə nəzər salanda isə bəlli oldu ki, bu heç də eyvandan yıxılana oxşamır. Birincisi, həmin balkonun hündürlüyü az qala 1,5 metr idi. Buradan adi vəziyyətdə yıxılmaq mümkünsüz idi. İkincisi, bədəndə sınıq əlamətləri yox idi. O da bəlli oldu ki, meyit yarılmayıb, ona yalançı rəy verilib. Şikayətlərimizdən sonra Sumqayıtdan ekspert-həkim gəldi (müstəntiqsiz). Meyiti Masallı xəstəxanasına aparıb təzədən müayinə etdilər, beyin qapağından, ürəyindən və sair yerlərdən nümunə götürdülər. Hazırda Sumqayıt şəhər prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır. Elman isə heç həyat yoldaşının hüzrünə də gəlmədi. Oradan-buradan soraq yollayır ki, məni tutdurmasınlar, rəhmətliyə 1000 manatlıq baş daşı qoyduraram. Bacımın başına daş salandan sonra onun baş daşı da təpəsinə dəysin. Biz təkidlə onun həbs olunmasını və cəzalanmasını istəyirik. Yoxsa, o bacımın ondan qalan 2 uşağını da məhv edəcək. Uşaqlardan birini də ata evimizə yazdırıb ki, gələcəkdə buranı da ələ keçirtsin. Özü də o əməli o vaxt törətdi ki, anamız təzə rəhmətə getmişdi, başımız hüzrə qatışmışdı.


Haşiyə. Bəlkə də əlavə heç bir sözə ehtiyac yoxdur-hadisə olub, cinayət işi açılıb, araşdırma aparılır... Bəs nədən hamının gözü qarşısında 7 ildə addımbaaddım bu cinayətə gedildi, lakin onun qarşısını almaq mümkün olmadı?

Rəyini soruşduğumuz tədqiqatçı-pedaqoq Əlizaman Baxış bildirdi ki, belə faciələrə səbəb bəzən hədsiz tələsməyimizdir. Belə ki, qızın ki yaşı 25-i, 30-u keçir, tələsirik ki, onu kim oldu ərə verək. Təki üstündə kiminsə adı olsun, özümüzə təsəlli verək ki, qızımız ərə getdi. Belə hallardan faydalanmaq istəyənlər isə gah özləri, gah dəllalları vasitəsi ilə həmin ailələrə yol tapır, nəinki qızın hərisini alır. Eləcə də ailənin boynuna onun üçün maşın, ev, �qırmızı bilet� və sair almaq kimi öhdəliklər qoyur. Həmin istədiklərini aldıqdan sonra isə ya itir, ya da həmin qadınla vidalaşır.

Bu sahədə iqtisadi faktorlar da var. Yəni qızlarımızın iqtisadi müstəqilliyi yoxdur. Bəziləri onu ailəyə yük hesab edir, bir yeyənimiz də azalsın deyə onu kimə gəldi ərə verirlər. Qızlar üçün iş yerləri olsa, onlar üçün normal tanışlıq imkanları yaransa, belə təsadüfi nikahlar da azalar. Bütün hallarda valideynlər tələsməməli, bəzi işbazların şirin dilinə aldanmamalı, əziyyət də olsa, qohum olacaqları insanın əslini-nəslini öyrənməli, lap lazım gəlsə, qonum-qonşusundan məlumat toplamalı, problem yoxdursa, qızlarını belələrinə ərə verməlidirlər.

Bu sahədə vaxtaşırı ictimai müzakirələr aparılsa, belə faciəli hallar cəmiyyətə təqdim olunsa, yəqin ki, ibrət götürənlər də olar. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10