Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada baş daşı düzəldən kişinin hekayəti, bir də baş daşları niyə bahalaşıb?


Bəziləri sağlığında özünün baş daşının və qəbirqazanın pulun verir

Astara şəhər sakini, 67 yaşlı Feyruz Ramazanovun başdaşı karxanası Bakı-Astara yolun kənarında yerləşir. Onu iş başında haqladıq. Başdaşıya kiçik, qara lövhəni yapışdırırdı. Yoldan fasiləsiz keçən maşınların səsləri belə onu işdən yayındıra bilmir. O, deyir ki, başdaşı hazırlamaq ağır və çətin işdir:   

“25 ildir başdaşı hazırlayıram. Kasıblar adətən yas mərasimlərində yığlan pulları başdaşıya, məclisə xərcləyirlər. Pandemeyə dövründə yas mərasimlərini qadağan etdilər. Adamlar toplaşa bilmədilər. Pul yığılmadı. O dövrdə hazırladığım başdaşı pullarını bu günə qədər toplaya bilmirəm. Dəfn pulu işsizə vermirlər. Kasıblar da işsizdir. Hardan gətirsin bu işləri görsün?  Borcları nisyə dəftərə yazıram.”

Başını qaldırıb düzülmüş baş daşılarını əli ilə göstərib deyir ki, sifarişlə gələn daşlar olsa da pulları verilməyib:

“Elə olur ki, başdaşıdan  heç nə qalmır.  Kasıb adamdır,  gəlir,  xahiş edir.  Amma illər keçsə də insanlar gəlib pulunu verirlər.  Heç kim baş daşıaya görə borclu qalmaq istəmir.  Ayda ağ daşdan orta hesabla 6-7 başdaşı düzəldirik.  Mərmər daş bahadır,  hər kəs onun sifarişini vermir.  Ayda 2-3 ədəd olur.”

Usta başdaşıların da bahalaşdığını bildirir. O, bunun səbəbini ölkədə gedən bahalaşmada, yolların bağlanmsında görür:

“Qara mərməri Rusiydan gətirirlər. Yollar bağlıdır. Ona görə bahalaşır. Ağ daşı Qaradağdan gətiririk. Başdaşıya uyğun kəsdirirlər, hamarlayırlar. Şəkil yerləşdiriəm, tarixini yazıram. Hündürlüyü 1 metr 50, eni 40 santimetr olan daşlar ötən il 70 manata idi, indi olub 170 manata. Eyni ölçüdə olan qara mərmər 500 manata idi, indi olub 700-800 manata.”

O, dikəlib alnındakı təri silir. Hazırladığı başdaşını kənara qoyub yanındakı dəftərə qeydlər edir. Yorğun görünür. Amma deyir ki, işi bu gün başa çatdırmalıdır:

“Uzunluğu 70, eni 40 santimetr olan ağ daşlara ehtiyac çoxdur.  Bu ölçüdə daşların qiyməti aşağı olduğu üçün kasıblar ona üstünlük verirlər.  Üstəlik borclu da qalırlar.  Bahalaşma  adamları kasıblaşdırır.  Qiyməti deməkdə utanırsan.  Fikirləşirsən ki,  doğma adamı rəhmətə gedib,   əli də aşağı.  Karxana mənimdir,daşlar başqasının.  Zəng edirəm ona,  vəziyyəti başa salıram.  Razılaşırıq.  Yola veririk.  Gündə 5 ədəd başdaşı hazırlaya bilirəm.  Pandemeya dövründə gündə bizi yoxlayırdılar,   işləməyə qoymurdular.  Onda sifarişlər çox idi.  Müharibə dövründə şəhidlərmiz oldu.”

Gözləri yol çəkir. Yenidən işə başalyır. Diqqətini işinə verir. Bizi yaddan çıxartmış kimi görünür. Əlini işindən çəkmədən sözünə davam edir:

“Kəndimiz Astara şəhərinə birləşdirilib. Ölüm hadisələri artıb. Elə gün olub 7 qəbir qazdırmışam. Təzə qəbristanlığa da mən nəzarət edirəm. Əhalinin qidalanması pisdir.  Kasıbçılıqdır.  Ölənlərin arasında 60-70 yaş həddində olanlar çoxdur.  Qəzadən,xəstəlikdən ölən cavan adamlar da olur.  10-15 yaşında ölənlər üçün də başdaşı hazırlamışam.  Onda özümü çox pis hiss edirəm.  Qəbir üstünü başqaları götürür.  O gün qəbristanlığa baş çəkdim.  Gördüm ki,  qəbrin üstündə cavan öğlan ağlayır.  Soruşdum nə üçün ağlayırsan .  Dedi ki,   pul vermişəm qəbrüstünü düzəltməyə,   bir neçə gündən sonra başdaşı aşıb.  Deyir boğazımdan kəsib pulunu vermişdim. İnsanları belə vəziyyətdə aldatmazlar.  Günahdır.  Pulsuz  qəbirin üstünü düzəltdim.”

Onun fikrincə mərmər başdaşı qoymaq artıq xərc çəkməkdir:

“Mərmər daşın qiyməti 500 manatdır, deyir 400 manat verim. Deyirəm onda ağ daş qoy . Razılaşmır. Varlı adamlar başdaşı qoymaqda bəhsə giriblər. Başmıza gəlib. Bir gəldi 2000 manata qara mərmərdən başdaşı sifariş verdi. Bir müddət keçdi onun qonşusunda ölən oldu.  Həmin qonşu gəldi dedi ki,  mənim üçün 2300 manata başdaşı hazırla , məndə baha olsun.  Bahalı başdaşı qoyulmasına tərəfdar deyiləm.  Qəbiristanlıqda da göstərmək istəyirlər ki,  pulları var.  Adam var qabaqcadan həm başdaşının,   həm də qəbir qazanın pulunu verir.  Aralarında cavan yaşında olanlar da var.  Elə bil sabaha ümid qalmayıb.”

Bir anlıq dikəlib sözlərinə fasilə verir. Sonra əlavə edir:

“Pensiya alıram.  O pulla dolanmaq olmur.  İşi atacağam.”

Cenub.az. Qoca






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10