Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

*BU DÜNYADA QAZANILAN CƏNNƏT*


*Lənkəranli şəhid 20 yaşli Vüsal Hüseynovun qısa həyat hekayəsi*

3 aylıq bacısını 4 yaşına kimi saxlayan, evdən cəmi 60 qəpik pul istəyən, şəhadətdən öncə qonşularına qədər hər kəsə salam yollayan 

ŞƏHİD VÜSALIN çox hüzünlü  HEKAYƏTİ ilə tanış olun....


Payızın mülayim günlərindən biridir.Zəif noyabr günəşinin ilıq şüaları ağacların seyrəkləşməkdə olan budaqlarında  dolaşır. İstilik və işıq təşnəsi yarpaqlar su kimi içir bu şüaları...sanki anlayırlar ki, bu günəş onların ömrünün son günəşi ola bilər, az sonra qopacaq dəli bir rüzgar onları ağzına alıb hara gəldi apara bilər...Ömrünün günəşli günlərində yolu xəzana düşən şəhid Vüsalın qısa həyatı kimi...

Hüseynov Vüsal Yəhya oğlu 10.06.2001-ci ildə Lənkəranın Velədi kəndində dünyaya göz açmışdır.Velədi kənd orta məktəbinin 9-cu sinfini bitirib Lənkəran Peşə Litseyinə daxil olmuşdur.Burada sürücülük peşəsinə yiyələnməklə yanaşı eyni zamanda Mandarin restoranında ofisiant kimi də işləmişdir.2019-cu ilin oktyabrında hərbi xidmətə çağırılmışdır.Öncə Şəki-Balakən zonasında , sonra isə Füzuli rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir.7 noyabrda Füzuli istiqamətində  şəhidlik zirvəsinə yüksəlmiş, 8 noyabrda Velədi kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Subay idi.


*Həyat onu çox erkən sıxmağa başladı*

Sakit , tərbiyəli, əməksevər, evcanlı bir uşaq olub Vüsal. Səbrli,təmkinli, uzaqgörən.Yəhya kişinin ikinci oğul payı, evinin qulluğa gedəni, bütün qohumların işinə-gücünə yarayanı...Özündən bir yaş böyük qardaşı Orxanla  əkiz tay kimi idi.Bütün sözü-söhbəti onunla olardı.Peşə təhsili almaqla yanaşı restoranda da çalışırdı Vüsal. Bəzən gecə gec saatlarda piyada işdən çıxıb evə gəlirdi.Atası Yəhya kişinin əmisi ağsaqqal  Həsənəli kişi onunla bağlı bir xatirəsini bizimlə bölüşür:

-Vüsal çox zəhmətkeş, ailə qədri bilən, doğmaları üçün hər şeyə qatlaşmağa hazır olan bir uşaq idi.Bir dəfə gecə vaxtı maşınla gedəndə onu yolda piyada gedən gördüm.Saxlayıb soruşdum ki bala, bu vaxt hardan belə? Dedi ki, əmi, işdən gəlirəm.Dedim, bəs qorxmursan belə gec saatda, ins-cins yox ətrafda, tək- tənha yol gedirsən? Dedi əmi, ata xəstədi, ailənin durumunu bilirsən, məcburam...

Onda cəmi 16 yaşı vardı Vüsalın və həyat onu artıq öz sərt yumruğu ilə sıxmağa başlamışdı.  Vüsal kiçik yaşlardan evə ailəyə bağlı biri idi. Ev üçün əlindən gələni, hətta gəlməyəni də  etməyə  can atardı.Ardını Vüsalın qardaşı Orxanın dilindən eşidin:


*,,Etiraf edirəm ki mən belə onu bu cür tanımırdım"*


 -Vüsal məndən bir yaş kiçik olsa da daim böyük kimi düşünüb hərəkət edərdi.Mən dostlarımla gəzməyə, əylənməyə gedəndə onu da çağırardım, amma gəlməzdi. Sanki hərəkətləri və əməlləri ilə həyatın tək əyləncədən ibarət olmadığını anladardı. Həmişə müharibə, savaş filmlərinə baxardı. Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarını,  kəndlərin, qəsəbələrin işğal zamanlarını və günlərini əzbər bilərdi. Etiraf edirəm ki, mən belə düzgün tam bilmirdim! Amma qardaşım... Onunla fəxr edirəm! 5 yaşlı bacım Xanımı Vüsal saxlayıb- 3 aylığından 4 yaşınadək (anam bir müddət bizdən ayrı qalmalı oldu)... Mən və atam orda -burda işləyib evə çörəkpulu gətirərdik, ona görə də yorğun olardıq. Gecə uşağın bezini dəyişdirərdi, bizsə deyinərdik ki ,,işığı söndür, yatırıq”. Halbuki o bizdən daha yorğun idi-həm zehni, həm də fiziki. Amma bizə heç cavab vermirdi... ,,oldu" deyirdi. Uşaq yuxudan qalxan kimi ağlamağa başlayar, onu  incidərdi,  amma Vüsal  yenə də dinməzdi, sakitcə ona qulluq edərdi. Analar bilər körpə saxlamaq, böyütmək, boya - başa çatdırmaq nədir. Ama 16 yaşlı oğlanın 3 aylıq qız uşağını saxlayıb böyütməsi bir möcüzədir məncə. Bunun başqa izahı yoxdur.

Deyirlər ki , şəhidlər həqiqətən də seçilib və Allah sevdiyi qulları həmişə yanına tez alır. Mən bu sözə qardaşım şəhid  olana qədər  inanmazdım,.Biz nəsillikcə hamımız inanırdıq  ki, qardaşım Vüsal  cənnətini bu dünyada qazanıb,  amma ağlımıza da gəlməzdi ki, belə  bir şərəflə də  o dünyaya köçər.


*Gizir olmaq arzusu vardı*


Vüsal və Orxan –hər iki qardaş kilo əskikliyi, Vüsal isə həm də yastıpəncə diaqnozu  səbəbindən hərbi xidmətə yararsız kimi qeyd olunubmuş.Hər ikisi ağlayaraq, yalvararaq əsgər getməyə nail olublar. Orxan Tovuzda ön cəbhədə düşmənlə üz - üzə,  Vüsal isə qonşu ölkələrlə sərhədboyu Vətənin keşiyini çəkirmiş.Yenə Orxanı dinləyirik:

-Heç yadımdan çıxmaz, əsgərlikdə olduğum vaxt  mənə baş çəkməyə gələndə əynimdən formanı çıxartdırıb öz əyninə geyindi. Mən düşmənlə100 metr məsafəlik postda salamat qaldım. Qardaşım isə Balakən rayonundan  düşmənlə 10  metrlik məsafəyə qədər  getdi və şəhadətə qovuşdu...Gizir olmaq arzusu vardı, daha yüksək məqama çatdı.

Hərbi xidmətdə olanda  ailəsi Vüsala baş çəkməyə gedir.Atası ona 10 manat pul  ona verməyə çalışır,  amma  Vüsal ailənin  maddi imkanını nəzərə alaraq:,, Ay ata,  Orxan da əsgərlikdədir, evdə  işləyən yoxdur,  sizin üçün çətin olar,  mənə 60 qəpik ver, bəsdi. Formam üçün boğazlıq alacam.Başqa ehtiyacım yoxdur. Dövlət bizə yaxşı baxır, arxayın olun . Orxana da  deyin ki, hər şey yaxşıdır, narahat olmasın”.


 *Zəng edə bilməsəm narahat olmayın*


Qardaşı ilə son söhbətində:,, bizi ora -bura aparırlar, zəng edə bilməsəm, narahat olmayın”-deyə bildirib.

 Sonuncu dəfə isə nənəsi ilə danışıb. Döyüşlərin qızğın vaxtı  bütün digər əsgərlər kimi o da telefon tapıb və əlaqə saxlayıb,  amma nə bir vəsiyyət edib, nə də bu döyüşün sonunda ölüm olduğuna işarə vurub...  Hər şeyin yaxşı olduğunu, köhnə yerində xidmət etdiyini bildirib, səsindən belə evə bu döyüşdən sağ çıxa bilməyəcəyi ehtimalını sezdirməyib. Əvəzində hər kəsi – atasını, anasını, qardaşını, bacısını, dayılarını, dayısı və əmisi uşaqlarını , hətta qonşularını belə tək-tək soruşub. Özündən çox doğmalarını , miillətini, xalqını  düşünən biri  idi Vüsal.

*Sehrli çubuq, çəhrayı mebel*

Vüsalın yoxluğunu ailə çətin də olsa qəbul edib,üzüntü qarışıq qürurla  ,,Vətən sağ olsun”  deyirlər.Amma əllərində böyütdüyü,  sözün əsl mənasında analıq etdiyi 5 yaşlı bacısı Xanımın - ölümlərin, müharibənin nə olduğundan  xəbəri belə olmayan  bu balaca qızcığazın gözləri hələ də yoldadır... ,,Qaqaşım gələndə mənə pəmbə oda mobilya ( çəhrayı rəngli qız uşağı mebeli-X.X) , bir də sehrli çubuq alacağına söz verib”,-deyir. Rəsm çəkməkdə xüsusi istedadı olan bu şipşirin balaca qızın çəkdiyi bütün şəkillərdə günəş var, ümid var, işıq var, istilik var, ev var, Azərbaycan bayrağı var...Vüsalın söz verib yerinə yetirə bilmədiyi  çəhrayı  mebeli gözəl və xeyirxah insanlar  ,,qaqaşın alıb yollayıb” adı ilə onun bacısına  hədiyyə etdilər.Təzə yazı  masasında çəkdiyi ilk rəsm əsgər qardaşının rəsmi oldu Xanımın-altında da təşəkkür ifadəsi ilə... Bizi bağışla, balaca şahzadə , o dediyin sehrli çubuğu heç cür tapa bilmədik.Amma əminəm ki, o çubuq sənin əlinə düşsə, ondan ölümlərsiz, müharibəsiz, günəş dolu, ümid dolu bir dünya  istəyərdin...İçində Vüsal olan dünya...


Cenub.az, Xatirə Xatun, yazar-publisist






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10