Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uyğur qətliamı yenidən gündəmdə - Çin dalana dirənib


“Qərbi uyğurların yaşamından daha çox öz iqtisadi maraqlarının təmin olunması maraqlandırır”

BBC Çində uyğur qətlimai ilə bağlı məxfi məlumatlar dərc edib. Sincan polisinə aid kompüterlərin serverindən Çinin son dərəcə məxfi bölgəsində çəkilmiş minlərlə fotoşəkil oğurlanıb.

Bu, olduqca ciddi beynəlxalq qalmaqal yarada biləcək məlumatlardır. Qərbin Çinə qarşı mübarizəsində uyğur amili ön plana keçib. İnsan haqları adı ilə aparılan bu proses Çinə qarşı nə kimi problemlər yarada, onu Qərbin təzyiqi altına sala bilər? Bəs bu son məlumatlar Azərbaycanda necə qarşılanır?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Qərbin öz maraqlarını güddüyünü söylədi: “Çin tarixin ən qədim sivilizasiyalarından birinin beşiyi hesab olunur. 4 min illik yazılı tarixi ilə dünya mədəniyyətinə böyük töhfələr verən Çin üçün öz mədəniyyətini qorumaq və təbliğ etmək bu gün böyük əhəmiyyət daşıyır. Öz ərazisində bu mədəniyyətdən yayınmağa çalışanlara qarşı ”Çin işgəncəsi" versə belə... İngilis tarixçisi Vudruffa görə, Avropa və Asiyada insanları vahid cəmiyyətdə birləşdirən, birliyə həvəsləndirən, gələcəyə ümidlə baxmağa güc verən mənəvi amil din amilidirsə, Çində bu, mədəniyyət amilidir. Odur ki, Çində öz mədəniyyətlərinə yad ünsürlər olan müsəlman, həm də türk uyğurlar bir təhdid olaraq görülür. Üstəlik, uyğurların yaşadığı coğrafi ərazi - Xinjiang, yəni Sincan Uyğur Muxtar Rayonu strateji baxımdan Çinin ticari-həssas maraqlarının ana xətti üzərində yerləşir. Belə ki, dünyaya açılan “Böyük İpək Yolu”nun qapısı bu rayon ərazisində yerləşir. Qərb bu qapını Çindən qoparmağı bacararsa, dünyada Çinin ticari hakimliyinə də son qoya bilər. Belə ki, bu rayon Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Monqolustan, Hindistan və Əfqanıstan kimi ölkələrlə 5600 kilometr sərhədi ilə Çinin ən vacib stretaji bölgələrindən biridir. Tək bu deyil, həm də bu region 130 növ mineral resursa, o cümlədən neft, təbii qaz və kömür yataqlarına sahibdir və bu təbii resurslar Çinin neft, təbii qaz və kömür ehtiyatlarının müvafiq olaraq 30, 34 və 40%-i deməkdir. Üstəlik, burada dünya ticarətində böyük əhəmiyyət daşıyan ağ qızıl - pambıq istehsal və ixrac olunur. 2020-ci ildə Çinin ümumi pambıq ixracının 87,3%-i Sincanın payına düşmüşdür. Hətta COVİD-19 pandemiyasının yayıldığı bir dövrdə bu ərazi iqtisadi olaraq geriləməmiş, əksinə, 2020-ci ildə 3,4%-lik iqtisadi böyümə göstərmiş, 210,5 milyard dollar büdcəyə malik olmuşdur. Yəni region böyük geostrateji bir əhəmiyyətə sahibdir. Odur ki, bu əraziyə dünyanın ən böyük şirkətləri başda olmaqla, 1,8 milyon ticarət nümayəndəsi, qlobal təsisatlar maraq göstərir.

Avropadan Rusiyaya diplomatik həmlə

 Şəhla Cəlilzadə

Hantinqton Soyuq Müharibədən sonrakı dövrün, yəni 21-ci əsrin mədəniyyətlərin toqquşması əsri olacağını demişdi. Bu nəzəriyyəyə şübhə ilə yanaşanlar çox idi. Lakin 21-ci əsrin ticarət maraqlarının toqquşduğu bir vaxtda mədəni fərqliliklərin iqtisadi maraqlara xidmət edə biləcəyi və toqquşdurulması siyasətinin təhrik edildiyinə şahidik. Təsadüfi deyil ki, Çinin uyğurlara qarşı həyata keçirdiyi “mədəni soyqırımı” haqqında müsəlman və türk dünyası ölkələrindən daha ağır və gur səslə Qərb dünyası və ölkələri etiraz edir. Məsələn, Azərbaycanda da bu haqda ən çox yazan “BBC Azərbaycan” kanalıdır. Məsələ kimin səmimi olub-olmadığında deyil. Həqiqətən də Çin uyğurlara qarşı mədəni təcrid, öz mədəniyyətindən uzaqlaşdırma və Çin mədəniyyətinə uyğunlaşdırma, bəzən dövlət dəstəkli cinayət siyasəti yürüdür. Bu siyasətin məqsədi regionun Çindən gələcəkdə ayrılmasının qarşısının “mədəniyyətlə” yaxud işgəncə ilə alınmasıdır. Çünki Çin artıq belə bir təcrübəni yaşayıb və bilir. 1944-cü ildə SSRİ-nin dəstəyi ilə bu regionun şimalında Şərqi Türkistan Respublikası təsis olunmuş, 1949-cu ildə Çində kommunist rejiminin qurulmasından sonra isə bu ərazi Çinə ilhaq edilmişdi. Bu qısa ömürlü türk “dövlətinin” hökumətinin baş katibi İsa Yusif Alptekin və ideya həmkarları 1954-cü ildə Türkiyədə sığınacaq tapmış, 1950-ci illərin Türkiyəsi daha çox qərbyönümlü olduğu üçün Türkiyə bir müddət uyğurların mübarizəsinə dəstək göstərmişdi. Bu gün isə uyğurların simvolu olan Rabia Kadir ABŞ-da sığınacaq tapıb və mübarizə aparır. Təsadüfi deyil ki, uyğurlara işgəncəyə dair video və foto materiallar da məhz Qərb aləmindən dünyaya yayılır. Həqiqətən Çin mədəniyyətini və dövlət qanunlarını pozmağa ən cüzi bir cəhdi olanları Nazi kamplarını xatırladan “toplama kampları” adlı cəza müəssisələrində “islah edirlər”. Təsadüfi deyil ki, məhz Sincan bölgəsində 30-a yaxın bu cür toplama kampı vardır. İnsan haqlarının pozulması ilə müşahidə olunan bu prosesin kənardan necə göründüyü və ya təbliğ edildiyi Çini təbii ki, narahat edir və Çin öz təşviq maşını ilə kontrarqumentlər ortaya atır. Lakin Qərbi uyğurların yaşamından daha çox öz iqtisadi maraqlarının təmin olunması maraqlandırır və bu, təbiidir". 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu uyğur məsələsinin Çin üçün böyük problem olmasından söz açdı: “Qərb mediası uzun müddət Çini tənqid edir. Xüsusilə də uyğur mövzusu ilə bağlı Pekinə qarşı ciddi ittihamlar var. Ümumiyyətlə, uyğur türkləri mövzusu Çin üçün ciddi başağrısıdır. Çinə 1950-ci ildə qatılmış Uyğur Muxtar Vilayətində hələ də müstəqillik mübarizəsi var. Və bu həm ölkə daxilində, həm də xaricdə davam edir. Çin isə uyğur mövzusunu radikal islam amili ilə əlaqələndirir və bu ad altında boğmağa çalışır. Amma Çinə qarşı çıxış edən uyğurların heç də hamısı islamçı və ya radikal islamçılar deyil, onların arasında böyük sayda milliyyətçi qruplar da var. Lakin bilindiyi kimi, təhlükəsizlik və əsas da radikal islam mövzusu dünyada çox istifadə olunan, hakimiyyətlərin əlinə işləyən mövzu olduğu üçün Çin uyğurların azadlıq mübarizəsini radikal islamçılıq adı ilə boğmağa çalışır. Qərbdən gələn tənqidləri də radikal islamçılarla mübarizə görüntüsü ilə neytrallaşdırmağa cəhd edir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10