“Qarabağa Böyük qayıdış” planı sürətlə reallaşmaqdadır. Ölkə başçısı İlham Əliyev də dəfələrlə öz çıxışlarında tezliklə 30 ildən sonra məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarını bildirir. Amma heç şübhəsiz ki, qarşıda bizi böyük işlərin həyata keçirilməsi gözləyir ki, bu da bir neçə il zaman alacaq. Ərazilərin minalardan təmizlənməsi, yollar, kommunikasiya xətlərinin çəkilməsi, ictimai əhəmiyyətli binalar, obyektlərin tikilməsi və s.
“Qarabağa Böyük Qayıdış”la bağlı Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz danışıb. Onun sözlərinə görə, əslində bu plan dünyada son zamanlarda bu müstəvidən baxdığımız zaman ən sürətli işləyən, ən sürətli şəkildə həyata keçirilən bir layihədir. Yücel Karauzun fikrincə, bu planın həyata keçirilməsində tək maneə Ermənistanın müharibə cinayəti işləməyə davam edərək, mina xəritələrini verməməsidir: “Zəngilanda Ağalı kəndlərində artıq bu layihə reallaşdırılır.
Yücel Karauz: “Xalq bir qədər səbirli olmalıdır”
Cənab Ali Baş Komandan xalqının dərdi ilə maraqlanan bir siyasi lider olaraq həmin ərazidə olmuş və həmin kəndə qayıdacaq əhali üçün ən yaxşısını etməyə söz verib. Ən qısa zamanda reallaşdırılacaq. Bir tərəfdən minalardan təmizlənərək, təhlükəsiz ərazilərin əldə edilməsi işləri sürətlə həyata keçirilərkən, digər tərəfdən çəkilən yollar, açılan Füzuli hava limanı, yaşayış məntəqələri, ağıllı evlər və bütün müasir sistemlər Azərbaycan dövlətinin gücünü göstərmək müstəvisindən də çox önəmlidir. Xalq bir qədər səbirli olmalıdır. Dövlət öz üzərinə düşən vəzifələri həyata keçirir və edə biləcəyi ən qısa müddətdə bunu həyata keçiriləcək. 2023-cü ildən etibarən, dövlətin nəzarəti altında bir çox vətəndaşların öz torpaqlarına qayıtması gözlənilir”.
Pərvin Kərimzadə: “Bu, asan məsələ deyil”
Deputat Pərvin Kərimzadənin bu barədə fikirləri də diqqət çəkir: “Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda bütün infrastrukturu dağıtdı, yeraltı və yerüstü sərvətləri taladı, maddi mədəniyyət nümunələrini yox etdi. Ermənilər ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd ediblər. Bu gün ölkə başçısının qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyir. Dövlətimizin başçısı Ağalı kəndinin sakinləri ilə görüşündə vurğuladı ki, ”iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad olunmuş bütün əraziləri o qədər tez bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq qədərdir, bir Livana bərabərdir. Yəni təsəvvür edin, nə qədər böyük işlər nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Bütün maliyyə və texniki imkanlar, kadr potensialı layihələrin icra olunması üçün peşəkar şəkildə səfərbər olunub.
“Böyük qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Ağalı kəndi “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir. Zəngilanın, eləcə də digər ərazilərimizin bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. Zəngilanın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin - keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlər sürətlə inşa edilir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur". Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsi olacaq. Ümumilikdə, Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat və biznes mühiti yaradılıb".
Cavanşir ABBASLI