İndi bu sahədə qələmini kimlər sınayır?
Bütün rayonlarda olduğu kimi bizim bölgəmizdədəki rayonların da hər birində ən azı 50-100 arası şair var. Onların sırasında Tofiq Həsənli, Xatirə Xatun, Məmməd Əvəzoğlu, Fikrət Baxış və başqaları kimi gözəl qəzəlxanlar da az deyil.
Qəzəlxanlarımız cərgəsində dünyasını dəyişmiş Xudakərim Məftundan (Masallı, Xırmandalı) tutmuş xanım qəzəlxan Xatirə Xatun (Lənkəran şəhəri) da var. Cenub.az bu sayından başlayaraq qəzəlxanların əsərlərindən nümunələri dərc etməyə başlayır.
Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara və Cəlilabad rayonlarından olan digər qəzəlxanların da qəzəllərini bizə, [email protected]-ya ünvanlaya bilərsiniz.
Nərd eyləmə, söymə zəri heç vaxt uduzanda,
Bəxtin qaraya, ağa sükan məhvəri vardır.
XUDAKƏRİM MƏFTUN
Masallı
VARDIR
Nərdin də bu dünyaya bir az bənzəri vardır,
Udmaq və uduzmaq kimi xeyri-şəri vardır.
On beş daşı, on xanəsi hər bir rəqibin həm,
Meydanda şərik atmağa bir cüt zəri vardır.
Altı üzü var bircəsinin, etibar umma,
Cütləşsə əgər, gör neçə cür şakəri vardır.
Nərd eyləmə, söymə zəri heç vaxt uduzanda,
Bəxtin qaraya, ağa sükan məhvəri vardır.
Əldən gedir insanlığa aid neçə “xanə”,
Düşsə qoşa güclə ağıl, imdad yeri vardır.
Zərdüştün adında “zər” ilə “du” qoşa gəlmiş,
Bəlkə o səbəbdəndir, iki Azəri vardır.
Uymaz zərə Məftun, nə də dünyayə əzəldən,
Çünki öz hidayət yolu, öz bavəri vardır.
Xatirə Xatun
Lənkəran
XATUN, belə tutmuş görürəm ta nəfəsin var,
Çəkdin, çəkəcəksən elə mərdanə bu dərdi!
Ey dil, demədin bəs niyə cananə bu dərdi?
Ol çeşmi-siyəh, zülfü pərişanə bu dərdi?
Ey şəm'i cəmalım, dolanım başuva,rəhm et,
Mən ki çəkirəm, çəkmədi pərvanə bu dərdi.
Ol qədri günah işləmişəm məscidə sığmaz,
Çəksə çəkəcəkdir genə meyxanə bu dərdi.
Sərməst gözün, saqi, verər ömrümü badə,
Nə badə çəkər bunca, nə peymanə bu dərdi.
Hicran yükünü, ey könül, aqil çəkə bilməz,
Ver çəksin ürəkdən başa divanə bu dərdi!
Al şanə ələ, zülfünü tök gül üzə tel-tel,
Mən seyr eliyim, çəksin əcəb şanə bu dərdi.
Qurbanın olum, sirrimi əğyarə danışma,
Hər nə deyisən, de, demə bir danə bu dərdi.
Eşq əhli gərək eşqdə sabitqədəm olsun,
Məntək çəkə bilməz axı biganə bu dərdi!
XATUN, belə tutmuş görürəm ta nəfəsin var,
Çəkdin, çəkəcəksən elə mərdanə bu dərdi!
Yazsa da, pünhan yazsın
Namə cananıma yazdım, oxuyub ,,can" yazsın,
Aşikar eyləməsin, yazsa da pünhan yazsın.
Özgəsindən gələcək naməni heç istəmirəm,
Fərqi yoxdu mənə, lap ayeyi-Qur'an yazsın .
Demirəm fikri, xəyalı səhər -axşam mən olum,
Arabır, vaxtı olanda tapıb imkan, yazsın.
Ondan özgə birini vəsf edər olsam hərgah,
Qəsəm ol canına olsun, qələmim qan yazsın!
Çoxuna sevdiyinin vəslini yazmış tale,
Mən fəqirin niyə bəs bəxtinə hicran yazsın?
Sübh azanında durub zikr elədim, nola təbib,
Yarımın busəsini dərdimə dərman yazsın.
Cüt qara xalına bir də nəzərimnən toxunam,
Razıyam, sora mənim qətlimə fərman yazsın.
Oxşayam saçlarını, düşsə əgər bir dənəsi,
Qoy Xudam hər telinə canımı qurban yazsın.
Bu məhəbbət dolaşıb dilləri gəzsin dilərəm,
Könül istər ki onun şə'ninə dastan yazsın.
Hər kəsin həddi deyil, Xatuna əş'ar yaza,
Belə əş'arı gərək usta qəzəlxan yazsın!
Zəncirə rəva bilmə ki divanə dolansın.
Həsrət çəkirəm tellərüvə şanə dolansın,
Şanəm nola, ol zülfi-pərişanə dolansın.
Gəzsin bu hekayət eli, dildən-dilə düşsün,
Dillərdə yenə bir təzə əfsanə dolansın.
Izn eylə, durum, qoy dolanım başuva, ey şux,
Şəm'in başına rəsmdi pərvanə dolansın.
Sərməst gözün ağlımı almış, nə qəm, ey gül,
Eşq əhli gərək daima məstanə dolansın .
Tökmə üzüvə silsileyi-həlqeyi -zülfün,
Zəncirə rəva bilmə ki divanə dolansın.
Yaz incə qəzəllər ki sevir el səni, Xatun,
Artsın şərəfin, şöhrətin hər yanə dolansın.
Doymazdım əgər versə izin seyr eləməkdən,
Tutsaydım əlin, yarı buraxmazdım ölüncə,
Ayüzlü o dildarı buraxmazdım ölüncə.
Görsəydim əgər boynuna möhkəm sarılardım,
Etməzdim həya, arı, buraxmazdım ölüncə.
Qoy bilsin onun həsrətinə mən necə dözdüm,
Dərd-sərimə səbəbkarı buraxmazdım ölüncə.
Bir kimsəyə meyl eyləməz idim mənim olsa,
Düz əhdi, düz ilqarı buraxmazdım ölüncə.
Mən bülbülü olsaydım o gülçöhrənin əsla,
Bir ləhzə yaxın xarı buraxmazdım ölüncə.
Doymazdım əgər versə izin seyr eləməkdən,
Hüsnün kimi gülzarı buraxmazdım ölüncə.
Onnan yüzü gəlsə, qələmi qoymaram əldən,
Xatun, belə əş"arı buraxmazdım ölüncə.
Məndə o gözəldir ki, ətəkdən tutur ellər,
Səndə nə gözəldir ki, ətəklər dizə dəyməz.
Tofiq Hesenli
Lənkəran
DƏYMƏZ
Hicrinlə tökər göz dəli leysan, üzə dəyməz,
Hicrin mənim olduqda gecəm gündüzə dəyməz.
Dünyaya məni-bəndədən əslində nə bəxşiş,
Dünya özü mənnən doğulan bir sözə dəyməz.
Bir möcüzə eşqindən umanlar bunu bilmir,
Bir xəlq olunan əşrəfə min möcüzə dəyməz.
Məndə o gözəldir ki, ətəkdən tutur ellər,
Səndə nə gözəldir ki, ətəklər dizə dəyməz.
Yar var ki, "gözəllər gözəlindən də gözəldir",
Tofiq deyən ondan da gözəldir, gözə dəyməz.
GETDİN
Mələyim, "ay doğalı" sən məni atdın, getdin,
"Yeniden başlamaq üçün sona çatdın", getdin.
Vardı başımda fəqət yoxluğunun sevdası,
Başımı bir dəli sevda ilə qatdın, getdin.
Dağıdıb köksümü çəkdin sinəm üstən ürəyi,
Tullayıb bir tərəfə, ruhuma yatdın, getdin.
Niyə məndən doğulan eşqi ucuz tutdun sən;
Bu ucuz sevgini, zalım, kimə satdın, getdin?!
Mən ki, öz sevgimi röyada gəzirdim, ey dost,
Gerçək oldun - məni röyadan oyatdın, getdin.
Sarı bir gül kimi açdın bu saralmış ömrə,
Saçların tək qoca dünyanı saraltdın, getdin.
Mən ki, getdim qayıdıb gəlmək üçün bir də sənə,
Nə düşündün belə, arxamca daş atdın, getdin?
Gör nə vaxtandır ölüb, getmiş idim dünyadan,
Yenidən Tofiqi dünyada yaratdın, getdin.
QİSMƏTİDİR
Hüsnünün simu-zəri hər nəzərin qismətidir,
Nəzərin amma nə simin, nə zərin qismətidir.
Tərki-dünya demə, görsən məni divanə əgər,
Belə dünya elə divanəsərin qismətidir.
Hüsnünə həsr olunubdur bu könül dastanım,
Belə şah surət elə şah əsərin qismətidir.
Baxışın hansı görən bəxti-qəranın payıdır,
Dodağın hansı öpən bəxtəvərin qismətidir.
Məndə bir qismətə bax hüsnünü vəsf eyləmişəm,
Heyf, ancaq xəbərim bixəbərin qismətidir.
Eşqini xalqına həsr eylə ölüncən, Tofiq,
Millidirsə əgər eşqin, bəşərin qismətidir.
Qəmə sordum: “Nədi mənası sənin varlığının?”
Dedi:”Mən saçlara vaxtsız yerə dən rəngləyirəm!”
ELXAN ŞOVULU
Lənkəran
RƏNGLƏYİRƏM
Bəxtimin tablosuna hər nə desən, rəngləyirəm,
Mən olan yerlərin ətrafına sən rəngləyirəm.
Bu təlatümlü ömürdə yarışan günlərimin
Qismini qüssəli, bir qismini şən rəngləyirəm.
Solmağa qoymayıram güllərimi, sevgim ilə,
Min nəvaziş edirəm, yəni həmən rəngləyirəm.
Tanrı çəkmiş həyatın cizgilərin, sonra verib,
Ağ ilə, qara ilə üstünü mən rəngləyirəm.
Qəmə sordum: “Nədi mənası sənin varlığının?”
Dedi:”Mən saçlara vaxtsız yerə dən rəngləyirəm!”
Sevgiyə eyni sual ilə soruşdum, o dedi:
“Kəpənəklər uça, mən güllü çəmən rəngləyirəm”.
Bir ləçək qopsa gülündən, gələr əfğana bağı,
Deyəcək: “Güllər ilə mən ki vətən rəngləyirəm!”
Bilmək istərsən əgər, halımı səndən sonra
Sinəmə dağ ki çəkibsən, ora çən rəngləyirəm.
Solur Elxan, gedir əldən, yenə dərk etməyirəm,
Saralan günlərimi bir də nədən rəngləyirəm.
TƏSLİM ETDİM
Zülfü-yari necə ki şanəyə təslim etdim,
Sanki imanımı bütxanəyə təslim etdim.
Vermişəm sailə dünyanı dolansın ,yığsın,
Eşq səhrasını divanəyə təslim etdim.
Mən bilirdim olacaq badəyə zahid qafil,
Çox əcəb ki, onu məstanəyə təslim etdim.
Eşq dərsin mən əzəl bülbülü-şeydayə dedim,
Almayınca, onu pərvanəyə təslim etdim.
Getdi yar,canım apardı, o gedəndən hər gün,
Bu quru cismimi meyxanəyə təslim etdim.
Ömrün ən nəşəli əyyamın apardı, getdi,
Nə gözəl günləri biganəyə təslim etdim.
Gör ki yarın nə qədər sirri yatıb sinəmdə?
Mən də çox sirrimi cananəyə təslim etdim.
Sözə məna gətir, Elxan, qəzəl icad olsun,
Necə mən dürrümü dürdanəyə təslim etdim.
LİBAS
Hökmü-xaliqdi ki, mütləq geyinə bəndə libas,
Tabe ol əmri-xudavəndə, geyin sən də libas.
Etmə zənn Adəmü-həvvanı dolanmış çılpaq,
Bəxş edib onlara xaliq yaranan gündə libas.
Gərçi taətdədisə bəndələrin bəndəliyi,
Onu dərk eylə ki, ondan da durub öndə libas.
Nə ədəb göstərə billəm yerişimlə bəşərə,
Mən müsəlmana tikilmişsə əgər Çində libas.
Qoru əlbisən ilə cismini, ruhun qorunar,
Xəlq edib cismi xuda, ruhunun əynində libas.
Əqlinin sirrini kəşf eylə onun əynindən,
Hər kəsin daxili dünyasıdır əslində libas.
Yox vicudunda eyib, amma həya xətrinə gey,
Bir qəzəl yaz yenə, Elxan, qala hökmündə libas.
Neyçün məni zar etdin, döndün sən özün zarə?
Vallah, pərişan oldum gördüm səni biçarə.
ƏHMƏD HAQSEVƏR
Lənkəran
BİRBAŞA QƏZƏL
Cəlb etdi səni sərvət, aldandın axır varə,
Üz döndərərək məndən verdin könül əğyarə.
Ov etməyə getmişdin, döndün ova-şikarə,
Xoş gündən uzaq oldun, saldın özünü darə.
Heyhat, məni atdın mən möhtac ikən yarə,
Rəhm eyləmədin, zalım, vurdun ürəyə yarə.
Əhdi boğub öldürdün, çıxdın dönük ilqarə,
Gördün əvəzin indi, onçün ötür il qarə.
Xoş günlər üçün getdin, saldın məni azarə,
Xoşluq gəzib axtardın, tuş gəldin axır xarə.
Arzun səni məhv etdi, yanmaqdasan odlarə,
Görməkdədi hər kəs də, ahın uca minarə...
Neyçün məni zar etdin, döndün sən özün zarə?
Vallah, pərişan oldum gördüm səni biçarə.
Mən neyləyə billəm ki, açdın qucaq ol marə,
Peşmançılığın məncə gəlməz daha heç karə.
Of, Haqsevərin qəlbi oldu yenə min parə,
Dərdi ürəyindən bax, vurdu yenə fəvvarə...
ELƏYİR
O pəriçöhrə məni dərdə giriftar eləyir,
Üzümə gülməyərək hey acı rəftar eləyir.
Qəlbimi açdım ona, girmədi eşqin evinə,
Elə biganəyə öz eşqini izhar eləyir.
Sinəmə dağ çəkibdir, dağıdıb xoş günümü,
Bu geniş aləmi öz aşiqinə dar eləyir.
Yanıram, odlanıram sevdiyimin halına mən,
Nə baxır naləmə, heyhat, nə söz kar eləyir.
Ya gözəllik veribən əqlini almış Yaradan,
Ya şirin röyadadır, ömrünü tarmar eləyir.
Gələcək böylə zaman hökmən o gül anlayacaq
Eşqdə naşı olan bir gədəni yar eləyir.
Haqsevər arzulayır, barı, ayılsın yuxudan,
Özü görsün onu bu xar necə xar eləyir.
GƏLİBDİR
Afət, yanına söyləmə biganə gəlibdir,-
Şəmin oduna yanmağa pərvanə gəlibdir.
Hər bir kəsi sən xoş sözə ehsan eləyirsən,
Dərdindən ölən aşiqin ehsanə gəlibdir.
Ümmid yaralı quş kimi dərgahına qonmuş,
Salma, mələyim, ümmidimi qanə, gəlibdir.
Ruhum məni seyr etmədədir, bax, yenə gendən,
Sən ruhumu qaytar bu fəqir canə, gəlibdir.
Gizlin ki, deyil, səndədi yalnız mənə dərman,
Biçarə könül xəstədi, dərmanə gəlibdir.
Etmişsə günah aşiqin hərgah, onu əfv et,
Çəkmişdir əzabın, yeni fərmanə gəlibdir.
Yazıq qulunu eyləmə azad , amandır,
Saf niyyət ilə qarşına mərdanə gəlibdir.
Qurban sənə, qəmçün onu qurbanə çevirmə,
Yoxdur gətirən, bax, özü qurbanə gəlibdir.
Sən vəslin ilə Haqsevərin əqlini qaytar,
Dərdindən olubdur dəli-divanə gəlibdir.
Ölləm, ucuz əyləncəyə can atmaram əsla,
Şahiddir O, fikrimdə ucuz şöhrəti-şan yox.
VÜQAR FƏRZULLAYEV
(Lənkəran)
YOX
Cismimdə fəna aləmə sərf etməli can yox,
Hər istəyə, hər kamə bu könlümdə məkan yox.
Min arzu-murad ilə sərasər dolu qəlbə,
Beş günlük olan dəhridə asudə zaman yox.
Bir qaidə-qanundu muradsız cahan olmaz,
Əmma ötə öz həddini gər, sanma ziyan yox.
Hədsiz diləyin qamətinə yetməz ömür-gün,
Gerçək bir həqiqətdir inan, ayrı güman yox.
Arzu elə bir şeydir onun gözləri doymaz,
Bir təşnədir ondan da, betər şölə fəşan yox.
Ölləm, ucuz əyləncəyə can atmaram əsla,
Şahiddir O, fikrimdə ucuz şöhrəti-şan yox.
Bir sadə geyimlə qorunum isti-soyuqdan,
Xoşdur mənə olsun belə zərxarə-filan yox.
Dünyada beş üç gündü güzaranım uzağı,
Ünvanıma ardımca əcəl gəlsə, aman yox.
Zahirdə və batində, Vüqar, anla buyam mən,
Bax gör, yerişimdən xəbər al, qeyri-nişan yox.
İNSAN
İdrak ilə yerdən göyə qaldırsa baş insan,.
Ey dil, qala bilməz belə axırda çaş insan.
Əfsus ki, fəna mülkünə xeyli kamı bəslər,
Səyyadı əcəl gəlsə tökər qanlı yaş insan.
İnsanla daşın fərqi var hər bir kəsə bəlli,
Əmma daşa bənzər kimidir qəlbi daş insan.
Daim kasıb olsun bir eyib yox təki ey dil,
Torpağın üzündən gedə imanla kaş insan.
Bəsdir saçının qarəsi pisliklə ağardı,
Əmr eyləməyib həq sənə bu həddi aş insan.
Dağdan belə ağır səfərin öndədir anla,
Gəlməkdədi sürətlə yaşın üstə yaş insan.
ÇOX ƏBƏS…
Çox əbəs ömrümü mən dəhridə verdim küləyə,
Yanmadım zərrə bu çat şəklini asmış ürəyə.
Nə edim, yar çəkəni yanə başın çiynimdən,
Sanki çöhrəmdir əkiz, rəngi dəyişmiş çiçəyə.
Ağaran tellərimə bircə anım bənzəmədi,
Verdi əhvalım əcəb qəhqəhə zalim fələyə.
Tutmadı bir söz əlimdən yarıyım mən qaragün,
Səslədim ah ilə yerdən göyü yetsin köməyə.
Çəkilib darə bu sinəmdə inam hissi qəti,
Qalxıb illər boyu əl verdiyim əllər kürəyə.
Bir ömürlük verilən vaxta cəfa bollucadır,
Fani dünyaya yumulmuş bir açıq göz bəbəyə.
Açılıb yarəsi gül tək Vüqarın könlündə,
Dili hər şəxsə dolan könlünü gəlməz deməyə.
Vüqarla dalğalanır Məmməd Əmin bayrağımız,
Kor olan qəlbləri də fəth edəcək şöhrətimiz.
MƏMMƏD ƏVƏZOĞLU
(Masallı)
CÜMHURİYYƏTİMİZ
Çox əzizdir bu gözəl xalqıma cümhuriyyətimiz,
İnşaallah yetəcək hasilə hər niyyətimiz.
Qəhrəman əsgərimiz qanla sübut etdi bizə,
Buna var cürətimiz, ülfətimiz, qeyrətimiz!
Vüqarla dalğalanır Məmməd Əmin bayrağımız,
Kor olan qəlbləri də fəth edəcək şöhrətimiz.
Bir gün qucaqlaşacaq şövq ilə Təbrizlə Bakı,
Bir olmasaq biz əgər, olmayacaq qiymətimiz!
Saf ürəklərdə bu gün Məmməd Əmin heykəli var,
Xalq özü yaxşı bilir kimlərədir beyətimiz.
Bu gün Əhməd Cavadın ruhudu fəryad eləyən,
Günbəgün artır onun zəhmətinə rəğbətimiz.
Hər qarış torpağı birləşməlidir yudumuzun,
Gələcək nəslimizə yetməlidir ibrətimiz.
Məhəmməd, nəzmə çevir sən ürəyindən keçəni,
Yetər olsun deyirik çəkdiyimiz zillətimiz!
28.05.22.
NƏYƏ LAZIM?
Yoxdursa vəzifən, quru vicdan nəyə lazım?
Aclıqda, səfalətdə çıxan can nəyə lazım?
Nazir, deputat bir dayağın olsa bəsindir,
Doğma atanı, həm ananı dan, nəyə lazım!
Cansız pulu canından əziz tutmalısan sən,
Qardaş-bacılar ölsün acından, nəyə lazım!
Dost-aşna gəlib istəsə borc, ölsə də vermə,
Hətta qapıda olsa da giryan, nəyə lazım!
Dinin, imanın cibdə olan puldadır ancaq,
Pulsuz-parasız Allaha iman nəyə lazım!
Yığ başına, həzz al oların yağlı yerindən,
Əl vurmasan o katibə, canan nəyə lazım!
Göndər Dubaya arvad-uşaq keyf eləsin qoy,
Axtarmasın heç dinməyə imkan, nəyə lazım!
Döymə təpənə, çəkmə vətən dərdi,
Məhəmməd,
London var ikən Azərbaycan nəyə lazım!
16.05.22.
CAVANLIQDA İDİ
Ürəyin eşq təmənnası cavanlıqda idi,
Hər şeyin xalisi, əlası cavanlıqda idi.
Balacaydı hələ çiynimdə olan qəm şələsi,
Həyatın ləzzəti, mənası cavanlıqda idi.
Kəpənək tək uçuşardı nazəninlər, pərilər,
Aşiqin məşuqə sevdası cavanlıqda idi.
O zamanlar Bakıda sakini-meyxanə idik,
Eyş-işrət kimi xulyası cavanlıqda idi.
Nəzmilər həsr eləyərdim yetən hər bir gözələ,
Şeir-sənər dolu dünyası cavanlıqda idi.
Yol verərdik həmişə pir ilə piranələrə,
Ədəb-ərkan ilə, faydası cavanlıqda idi.
Dəxi dünya dəyişibdir, pozulubdur mizanı,
Hər şeyin kəhrəba qaydası cavanlıqda idi.
Ya Məhəmməd, təzə röyamı görübsən, deyəsən?
Ömrümün nəşəli röyası cavanlıqda idi.
44 GECƏ-GÜNDÜZ
Namus və şərəf cəngidi 44 gecə-gündüz!
Nə durdu, nə də səngidi 44 gecə-gündüz!
Üç rəngli Vətən bayrağımız ərşə ucaldı,
Xalqın qanının rəngidi 44 gecə-gündüz!
Qan-qan deyəni qanla doyurdu igid əsgər!
Düşmən necə diltəng idi 44 gecə-gündüz!
Əhməd Cavadın ruhudur himnim başım üstə,
Cəngi dolu ahəng idi 44 gecə-gündüz!
Aldı Şuşanı qəhrəman əsgər yalın əllə,
Nə susdu, nə də təngidi 44 gecə-gündüz!
Minlərlə şəhid gördü, dözüb-durdu bu xalqım,
Səd heyf, otuz il ləngidi 44 gecə-gündüz!
44 gecə-gündüz ürəyin əsdi, Məhəmməd!
Nəzmin qələbə zəngidi, 44 gecə-gündüz!
Fikrəta, sözlə dedin, vurdu qulaq ardına o,
Bəlkə saznan deyəsən, "bəsdi, dayan, dur, eləmə".
FİKRƏT BAXIŞ
Masallı
ELƏMƏ
Daşı atdım gölə ki, sus daha, "qur-qur" eləmə,
Daş oyuncaq deyil ha, sanma oyundur, eləmə.
Nədi zəngulə vurub aləmi yığdın başına,
Əşi, bəm də oxuma, istəmirik, şur eləmə.
Kor edərdik, bizə kim ki baxa barmaq arası,
Bizi dırnaq arası aləmə məşhur eləmə.
Gəzdiyin el, bu oba öz ata yurdumdu mənim,
Oturub başda, a zalım, bizə "dur-dur" eləmə.
Bacarırsansa, çağır sülhə bəşər övladın,
Gər alınmırsa, kənardan baxaraq, "vur" eləmə.
Niyyətin xoşdusa, gəl, əks ola, getsən yaxşı,
Səni göndərmək üçün insanı məcbur eləmə.
Cavabı üç olacaqsa, beşin üstündə birin,
Belə bir yerdə əzizim, nədi düstur, eləmə.
Sən də ey qarə bulud, tök ətəyindən bu suyu,
Ya da yağmırsan əgər, boş yerə gur-gur eləmə.
Fikrəta, sözlə dedin, vurdu qulaq ardına o,
Bəlkə saznan deyəsən, "bəsdi, dayan, dur, eləmə".
SADƏCƏ, VAR
Bu həyat böylə həyatdır, onun hər şəkliyi var,
Gerçəyində xəyalı, xəyalda gerçəkliyi var.
Dillərdə əzbər olubdur, "biri vardır, biri yox",
Birinin bağçası yoxdur, birinin əkliyi var.
Birinin hər şeyi vardır, birinin heç zadı yox,
Hər şeyi olan kəsin yaxşıca təlxəkliyi var.
"Üst bəzək, altı təzək" milli şüarımdır mənim,
Daxili çirkinimin üzündə göyçəkliyi var.
Bir kərə yüksələnin enməyi olmaz, əmin ol,
Min kərə yüksələnin, bir dəfə enməkliyi var.
Hay-hayla bəy olanın, baxma at oynatmağına,
Vay-vayla bir gün onun yerdə sürünməkliyi var.
Elə gur-gur elədi, düşündüm, ey dad, yağacaq,
Demə, xox gəlmək üçün, adicə şimşəkliyi var.
Vurulub öz-özünə, söyləmə, "aləmdə mənəm",
O Xudadır ki, Onun hər cəhətdə təkliyi var.
Bircə səndən yoxdur, səd heyf, ey Mirzə Cəlil,
Sayı bir ilxı qədər "eşşəyin itməkliyi" var.
Fikrət də şeirlərin gündə bir ahəngə salır,
Yəni, şair olanı başımda dəlləkliyi var.
Günəş saqi kimi qəzir, bu cahan bir meyxana,
Bu başı eşqdə fırladan meyi səndən yan deyil.
XANLAR HƏMİD
Lerik
DEYİL
Nədəndir bu aləm ey can, arifə meydan deyil,
Eylə bil canımız ayrı, canından bu can deyil.
Rüzumu gözümdən verdin, işimi asan etdin,
Karıma ciyərim gəlir, o verdiyin nan deyil.
Nə qədər hökmündə olsam, mənə xoşdur o qədər,
Bil ki, eşqinin zənciri qollarımda xan deyil.
Üzünün hər nöqtəsində ədəbin şəfaəti,
Bağından bir meyvə dərmək şairə nöqsan deyil.
Ey xaliqim , sən pərdədə, eyvanında məzuram,
Vücudumda nurun axır, damarımda qan deyil.
Günəş saqi kimi qəzir, bu cahan bir meyxana,
Bu başı eşqdə fırladan meyi səndən yan deyil.
Çiynimdə mələklər ordusu hesabımla keyfində,
Dünya zillət dünyasıdır, o Xanlara şan deyil.
GƏLDİ
Gülüm, eşqin dadından dadıma bir dad gəldi,
Doğmalar arasına elə bil ki yad gəldi.
Duzunu elə səpdin, ləzzətə gəldi könlüm,
Qoxusundan məst oldum, damarıma od gəldi.
Hissimə nöqtə- nöqtə sən öyrətdin dərsini,
Əqlimdə kim var idi, siləcək bir ad gəldi.
Elə xoş ki yerişin, gəlişinə mərhəba,
Ruhumu nuş eylədi, baxişima şad gəldi.
Saçından pərvaz etdi sinəmə huma quşu,
Məndə eşqin nəşəsi, çox eylədim dad, gəldi.
Ulduzlu gecələrdə yağışı heyran- heyran,
Həsrətin tənəsindən canıma hər zad gəldi.
Xanlara, sevdan ilə" kaf"u " nun"dan keçmisən,
Qorx ki " əlif" qəddini əyməyə bir " sad" gəldi.
Cenub.az üçün hazırladı Əlizaman Baxış