Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərkivan. “Müdirlər məhəlləsi – Abbaslı" 2-ci hissə


“Uzun Tir”dəki xırman, ya da xeyir-şər məkanı. Eləcə də məhəllənin digər özəllikləri barədə

Daimi izləyicilərimizə bəlli olduğu kimi, bir həftə öncə Masallı rayonunun Ərkivan qəsəbəsindəki Abbaslı haqqında yazının birinci hissəsini paylaşmışdıq. Həmin yazıda məhəllinin tarixindən, coğrafiyasından, rayon, ölkə, dünya miqyasında tanınmışlarından bəhs etmişdik.

Vəd etmişdik ki, növbəti yazımızda Abbaslı məhəlləsinin sakinlərindən olan (və olmuş),  qəsəbənin özündə rəhbər işdə çalışanlar, eləcə də məhəllədən pərvazlanan müəllimlər, həkimlər, din xadimləri, jurnalistlər, idmançılar, mədəniyyət işçiləri, hətta bərbərlər və digərləri haqqında, həm  də məhəllə ilə bağlı özəlliklər, qəribə hadisələr barədə məlumat verəcəyik.

Hazırda təqdim etdiyimiz yazıda bu vədimizə əməl etməyə çalışacağıq.

Ötən yazının linki burada :  https://cenub.az/13050-masalli-erkivan-mudirler-mehellesi-abbasli.html

Öncə ötən yazıda təqdim etdiyimiz  “Abbaslı məhəlləsinin rayonda, ölkədə, dünyada tanınmışları” haqqında bölümündə unutduqlarımızı təqdim edirik:

1.  Bacıxanım Məmmədova Rəzzaq qızı. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. O, 17 minlik qəsəbədən bu dərəcəyə yüksələn ilk və hələlik son millət vəkili olub. 

2. Ramiz Yəhyayev Heydər oğlu – Sankt-Peterburqda  Şampan  və Sement zavodlarında növbə rəisi, Ərkivan qəsəbəsində ilk bələdiyyə sədri olub.

3. Heybət Məmmədov  İsmi oğlu -  Masallı Mehmanxanasının müdiri, Ərkivandakı kolxoz  və sovxoza rəhbərlik edib.

4. Elburs Məmmədov Sadıq oğlu. – “Viləş” futbol klubu yüksək liqada çıxış edən zaman, uzun illər komandanın mərkəz müdafiəçisi  olub. Bu komanda ölkə birinciliyində, 16 komanda arasında 3-cü yerə çıxıb.  Həmçinin onun çıxış etdiyi komanda 2 dəfə UEFA-ın İnter Toto kubokunda, İslandiyada çıxış edib.

5. Arzu Çinarlı (Əliyeva) Çinar qızı –orta təhsili Qızıl medalla başa vuran ilk abbaslılı (həm də ərkivanlı) qız. Hazırda “Toplum tv”də jurnalist.

6. Ayıq Səmədov Rizvan oğlu – Masallı RİHB-də şöbə müdiri, Masallı 70 saylı DSK-nin ilk ərkivanlı sədri, hazırda Dini Qurumlarla İş üzrə idarədə mütəxəssis.

7. Mikayılov Əlifağa Bəhlul oğlu- Azərbaycan Energetika Nazirliyində şöbə müdiri işləyib.

8. Bəhlulzadı Bəhlul Emin oğlu- Abbaslı məhəlləsindən xaricdə- İtaliyanın Turin Universitetində İtaliya hökumətinin təqaüdü ilə magistr təhsili alan ilk abbaslılı gənc.

9. Abdullayev Əli Bünyad oğlu- “ZAQS “-ın (Qeydiyyat İdarəsi) müdiri olub.

10. Novruzov Tarverdi Haqverdi oğlu – Masallı Tütün Fermentləşdirmə  fabrikində aparıcı şöbənin müdiri.

11. Xəlifəyeva (Novruzova)  Həqiqət Şahverdi qızı –ASC-nin Sumqayıt İdarəsində şöbə müdiri.

Abbaslı məhəlləsi - məktəbləri və müəlllimləri

Rayonun ilk 1-2 sinfli məktəblərindən biri o vaxt, 

1920-ci illərin əvvələrində  Abbaslı məhəlləsində, sonradan rəhmətlik “Burci əminin evi” kimi tanınan, Daxıl müəllimgilin evinin arxasında yerləşən kiçik bir daxmada yerləşib.

Daha sonra məhəllədə, 1929-ci ildə rayonda ilk məktəblərdən biri olan, çoxlarının ağ rəngdə olduğu üçün “Ağ məktəb” (ölkədə  3 belə  tipli, yəni tikilişi eyni olan məktəb ) kimi tanıdığı təhsil ocağı inşa edilib, daha sonra isə onun bazasında tam orta məktəb,  625 yerlik C. Cabbarlı adına məktəb tikilib. 

Yaşlılar deyir ki, o vaxt ağ rəng arzu olunan rəng olmadığı üçün heç kimin evi ağ rəngdə rəngləmirdi.

Nəinki Ərkivanın digər məhəllələrindən, hətta rayonun, Yardımlının müxtəlif yaşayış məntəqələrindən şagirdlər tam orta təhsil almaq üçün bura gələrdilər. “Ağ məktəbin” aşağısında, yəni Boradigah-Ərkivan yolunun altında futbol stadionu da var idi. Həmin məktəbin məzunlarından biri kimi xatırlayıram ki, idman dərsində oğlanlar futbol oynayanda, qızlar gen tumanları ilə 5-6 nəfər birlikdə qapıda düzülüb, topun keçməsinə mane olardılar, yəni, qapıçı funksiyasını icra edərdilər.

Məhəllədə məktəblərin olması,  buradan təhsillilərin çox olmasına təkan verib. Abbaslıdan müəllimlik peşəsini ilk seçənlərdən biri Əliyev Əbülfəz Ağamirzə oğlu  və Məmmədov Daxıl Camal oğlu olub.  Əbülfəz müəllimin ailəsindən, onun qardaşı Bəhmənin uşaqlarındn daha 3 nəfər – Zakir Əliyev, Fikrət Əliyev, Mürüvvət Əliyev  müəllimlik peşəsini seçiblər.

Məhəllə sakinlərindən rayon şöhrətli müəllimlər də yetişib ki, onların sırasında Qardaşxan Zeynalovu, Burhan Ağabalayevi,  Qüdrət Abdullayevi, Təzəxan Məmmədovu və başqalarının adını çəkmək olar. 

Həmin vaxtlar ehtiyaca görə Ərkivandakı “Ağ məktəb”ə  Nadejda və Asiya adlı rus dili, Xədicə adlı ədəbiyyat müəllimləri gəlib və uzun illər burada çalışıblar. Xədicə müəllimin qızı Vera sonralar Masallı Musiqi Məktəbinin direktoru olub. Oğlu Arif isə prokuror olub.

Eləcə də hazırda onların ənənəsini davam etdirən onlarla abbaslılı pedaqoq Ərkivanın və rayonun digər məktəblərində müəllimlik edib və edirlər.  Ramin Məmmədov, Tərlan İslamov, Vüsal Növruzov, Ülkər Hüseynova və başqaları yaxşı müəllim adını şərəflə doğruldurlar.

İlk qadın müəllimlər isə ailə həyatı qurmaqla bağlı Ərkivana köçən  lənkəranlı Şəfiqə  Məmmədova və  Solmaz Bağırova olmuşdur. 

Abbaslı müəllimləri sırasında ilk direktorlardan biri Əliyev Orduxan Əbiş oğlu olub. Orta məktəbi yaxşı qiymətlərlə bitirdiyi üçün onu ehtiyaca görə, orta təhsilli ola-ola 17 yaşında  Kosakül ibtidai məktəbinə direktor təyin ediblər.

Daha sonra Abbaslı məhəllə sakini  olan Əliyev Zakir Bəhmən oğlu, Ağabalayev Bürhan  İmran oğlu, Mənijə Yəhyayeva Adil qızı Ərkivan məktəbinin direktoru olub.

Onu da xatırlayaq ki, sonralar Ərkivan gəlinlərindən Talışlı Ofelya Bakı şəhərindəki 1 saylı tam orta, Mahirə Abdullayeva isə uzun müddət  Masallı şəhər 2 saylı tam orta məktəbində direktor işləyiblər. Digər ərkivanlı gəlinlər - Tamilla  Muradxanova, Mətanət Məmmədova kəndin tarixində bacarıqlı pedaqoqlar kimi yaddaşlarda qalmışdır

Ərkivanda, Abbaslı məhəlləsində yaşayıb, çalışan digər müəllimləri də xatırlayaq.

Daha çox xeyriyyə işləri ilə və cəsarətli addımları ilə fərqlənən Mirzəkişi Mirzəyev,    Səkinə Əsədova, Rəna Bağırova,  Sevinc Mikayılova, Ülkər Abdullayeva, Sevin Novruzova, Ülviyyə Məmmədova, Alimə Əliyeva,  Rəna Qurbanova,   Zülfiyyə Ağammədova, Kəmalə Tağıyeva,   Afaq Əliyeva,  Mürsəl əminin  qızları - Zəminə , Sakitə, Məlahər Abdullayevalar,  Əlhüseyn Əliyev, Aydın Cəfərov,  Rafiq Məmmədov,  Elçin Mikayılov, Vaqif Hüseynov, Alim Məmmədov, Ziya Mirzəyev, Şahin Baxşiyev,  Fərasəddin Fərziyev müəllim kimi fəaliyyət göstərmiş və göstərir.

Abbaslı məhəlləsinin 2 sakini meşəbəyi işləmişdir -

Cəbrayıl Cəfərov və Zahid İsmayılov

Abbaslılı Şən və hazırcavalar

Rayonda ilk dəfə ötən əsrin 90-cı illərində Z.Əmənovun rəhbərliyi ilə “Ağ məktəb”də “Şən və Hazır cavablar” klubu yaradılıb və həmin klub rayon tədbirlərində belə yüksək səviyyədə çıxış edib.

Abbaslılı çoxuşaqlı analar

Hər yerdə olduğu kimi  Abbaslı məhəlləsində də şoxuşaqlı qadınlar  olub  - Məhbubə Əmənova, Gülab Məmmədova, Pürüzə Novruzova, Zərəfşən Əliyeva, Balaxanım Abdullayeva, Firəngiz Abdullayea və başqaları.

Ən maraqlısı isə  toy dualarından olan – “7 oğul istərəm, bircə dənə qız gəlin” arzusu İbrahim Qurbanovun ailəsində müstəcəb olub. Belə ki, onun ailəsində  dünyaya  7 oğul, 1 qız gəlib.

“Uzun Tir”,  ya məhəllənin simvolu

Şəklini gördüyünüz bu imarət bir neçə evdən ibarət olub. Şərqdən birinci  imarət Əliyevlər ailəsinə məxsus idi. Burada 3 ailə yaşayıb- Ağabala, Ağamirzə, Əməninin ailələri. Sonradan nəsil artıqca, uşaqlar çoxaldıqca, Ağabala kişi məhəllənin cənub tərəfinə, dərənin sağ sahilinə köçüb və orada yurd salıb. O, həm də məhəllənin uzun ömürlülərindən biri olub və 100 ildən artıq yaşayaraq, qocalığında hətta təkrar süd dişi çıxarıb.

Sonrakı imarət isə Abdullayevlərə məxsus olub. Bu evdən Mürsəl, Qüdrət və Həsənağa Abdullayevlər boya başa çatıb. (Xatırladaq ki, Mürsəl Əmi 30 ilə yaxın Ərkivan XDS Ik-də katib işləyib). “Uzun Tir”-in 2-cİ evin qərb tərəfi Bünyadovlara məxsus olub. Bu ailənin övladları  – Əli, Zəbi, Nəbi, Abdulla, Qədir yer darlığından dərənin əks tərəfinə köçərək, orada yurd salıblar. Ata yurdunda isə kiçik övlad Dövlət qalıb. Bu 2 binanın hər ikisi 2 mərtəbəli olub. Yaşlılar deyir ki, evləri 2 mərtəbə etmək o vaxt qaçaq-quldurdan, oğrulardan qorunmaq üçün olub. Hazırda həmin binalardan 2-cisi hələ də qorunur.

Onu da xatırlayaq ki, Uzun Tir- in Şərq tərəfində, hazırda Əliyev Yusif Həsən oğlunun yaşadığı evin yerində Xırman olub. Burada taxıl döyən Ding qurularmış. Bura həm də kəndin Xeyir-Şər  məkanı olub. Burada bəzən 2-3 günlük toylar, hətta 40 gün çəkən Hüzr məclisləri keçirilib. Belə Toy və hüzr məclislərində bütün xidmətçilər könüllü olaraq işə qoşulan məhəllə cavanları olardı.

Gələcək polis rəislərinin baş-ayaq yatdığı Uzun Tir

50-ci illərdə Abbaslı Məhəlləsindəki “Ağ Məktəb”ə ucqar kəndlərdən də gələnlər olurdu. Hökumət ayrı-ayrı ev sahiblərinə pul ödəyirdi ki, uzaqdan gələnlər həmin evlərdə yaşasın. UZUN Tirdə də  belə şagirdlər yaşayıb.  Qodman kəndindən gəlib, buradakı kiçik, təxminən 10-15 kv.m-lik otaqda yerləşən bu şəxslər Qəyyum Həşimov və Azad Talış oğlu idi. Onlardan biri – Azad Talışoğlu  şonralar Bakı Şəhər Polis İdarəsinin, Qəyyum Həşimov isə Ucar, Zərdab, Yardımlı və digər rayonlarında polis rəisi işləyib.

Qatarda tapılan qız haqqında kitab

Uzun Tir-dəki 2 imarətdən sonra burada bir mərtəbəli ev də olub. Burada Məmmədovlar ailəsi yaşayırdı. Həmin evə uşaq` evində böyümüş Sadığın ailəsi də sığınmışdı. Sonradan Sadıqın bacısı  Şəfiqə Nağıyeva da sığınıb. O imkansızlıqdan  “Ağ məktəbdə” ki  Hospitala yerləşir. Hospitalın isə qəfildən Gürcüstana köçürülməsinə qərar verilir. Qatar Qazaxdan Gürcüstan keçəndə komandir həmin qızı Qazaxda təsadüfi bir şəxsə verir. Sonradan, Zahir Əmənovun axtarışlarından, bu barədə məqaləsindən  sonra həmin qız tapıldı. Dəyərli yazıçımız Rəna Əlisa qızı (Viləş kəndi) bununla bağlı “Qatarda tapılan qız“ adlı maraq bir povest  də yazıb.

Abbaslı-İsoba davaları

Yuxarıda qeyd etdiyimiz kimi iç-içə olan Abbaslı və İsoba  məhəlləsinin sakinlər arasında tez-tez torpaq davaları olub. Onu da xatırladaq ki, hazırkı Abbaslı-İsoba məhəlləsinin içindən keçən rayonlararası yol, indiki ərazidən yox, Ərkivan döngəsindən, Qala aptekin sağ tərəfindəki yoldan keçirdi.

Ortada barışıq yaratmaq üçün çox cəhdlər edilir. Bu məhəllə o məhəlləyə qız verir, o məhəllə bu məhəlləyə. Abbaslıdan Qızdar adlı qızı həmin məhəllənin “bərkgedənlərindən” biri Mirzəli kişiyə verirlər.

Qızdar bibi danışırdı ki, bir axşam yenə İsoba ağsaqqalları yığışır ki, səhər abbaslılara hücum edək. Buna eşidən Qızda bibi, kişini yatızdırıb, gecəyarısı, qaranlıq, kol-kos dolu çığırlardan keçib, Abbaslıdakı qohumlara çatdırır ki, isobalılar səhərə yaxın sizə hücum edəcək. Abbaslılar da yaba, bel, külüng və sair alətlərlə doyüşə hazır vəziyyətdə gözləyirlər. İsobalılar səhər tezdən hücum edəndə qarşı tərəfi hazırlıqlı görüb, geri qayıdırlar.

Məhəllədə İctimai Birliklər

Masallı Rayonu üzrə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 5 QHT-nin 2-si Ərkivanın Abbaslı məhəlləsindəndir.

Bunlardan, Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi orijinal tədbirləri, eləcə də xeyriyyə tədbirləri ilə (Şəhid övladları ilə görüş, pulsuz kitab bayramlar, imkansızlara yardım, geyilmiş paltarların toplanması və imkansızlara paylanması və sair)diqqəti daha çox cəlb edir.

Raci Səfərovun rəhbərlik etdiyi “Tərəqqi” İB-də bir sıra maraqlı layihələri reallaşdırıb.

“Müşfiq” Əlil Uşaqları Cəmiyyətinin cənub bölgəsi üzrə filialı ərkivanlı, abbaslılı Əfrayıl Fərziyevdir. Bu təşkilatın da bir sıra faydalı tədbirləri olmuşdur.  Bölgədə ilk və hələlik son parateatrını da ilk dəfə bu təşkilat yaradıb.

Abbaslı məhəlləsinin çox koloritli, zarafatcıl, eləcə də sanballı  kişiləri, bayatılı, nağıllı nənələri olub.

Heybətin zarafatları

Heybət rayon mərkəzindəki yeganə  mehmanxananın direktoru işləyəndə, yay vaxtı dostları ilə birlikdə dənizə çimməyə gedir. Bu məsələ həmin vaxta rayona rəhbərlik edən partiya komitəsinə, onun ali orqanı olan BÜROYA çıxır. Raykomun 1-ci katibi büro iclasında qəzəblə Heybət Məmmədovdan soruşur:

 Heç sizə yaraşarmı, çimərlikdə soyunub, camaat arasında çiməsiniz?

Heybət Məmmədov təəccüblə deyir:

Yoldaş katib, mən partiyanın Nizamnaməsini və Proqramını dərindən bilirəm. Bu sənədlərin heç birində dənizdə çimmək siyasi səhv hesab edilmir.

(Görəsən, indi hansısa məmurda bu cəsarət ola bilərmi?) 


Nağılları, bayatıları tükənməyən Mənsumə nənə (Mənim anam). Onun “Ərkivan”Qəzetində yer alan bayatılardan parçalar

Gəlin gedək, nar dərməyə,

Narın budağın əyməyə,

Qardaş üçün qız görməyə.

 Ay qız, bənövşə dərməyə gəlmişik,

Yarın camalın görməyə gəlmişik.

Mən olmuşam, sarı laçın,

Fələk qoymur, qəddim açım.

Ay qız, səni götürüm, qaçım.

Ay qız, bənövşə dərməyə gəlmişik,

Yarın camalın görməyə gəlmişik.

Əbiş Lələnin həyatından məqamlar

30 ildən artıq “Ağ məktəb”də təsərrüfat müdiri işləyən, hamının “Əbiş lələ” kimi tanıdığı Əbiş Əliyevin həyatı həm də maraqlı hadisələrlə zəngindir.

“Birin də öyrətmisən, yadımdan çıxıb”

Deməli, Əbiş lələ tövlə qabağında iş görən zaman  “rayon qızı” olan həyat yoldaşı tövlənin qabağındakı eyvanda asqırır.

Əbiş Lələ dərhal reaksiya verir: - Çor, zəhrimar. Sənə deyəndə qalın geyin, soyuqlayıb mənə dərd yaratma və s...

Əbiş Lələlə evə qayıdanda həyat yoldaşı gileylənir ki, o nə sözlər idi, həyətin ortasından mənə deyirdin? Xalxın arvadı asqıranda əri deyir “sağlam ol, salam ol, zdarova...”

Səhər eyni vəziyyət təkrar olunur. Yenə həyat yoldaşı asqırır. Əbiş Lələ kinayə ilə deyir: - Salamat ol, salamat. Birin də öyrətmişdin, yadımdan çıxıb.

Ərkivana  Rusiyadan və başqa ölkələrdən gələn gəlinlər

Abbaslıya  Belorus müillətindən olan ilk gəlin Zəbi Abdullayevin həyat yoldaşı  Vera olub. Qısa müddətdə Azərbaycan dilin öyrənib, namaz qılıb.

Daha sonra Qazaxıstandan gələn, əslən rus olan Tapdıq Feyzullayevın həyat   yoldaşı Qaliya bura gəlin gəlib.

Hazırda  məhəllədə Udin və Tatar millətindən olan gəlinlər də var.

Kəndə rəhbərlik edən abbaslılar

Quliyev Hacıbaba Xudaqulu –oğlu. Müharibə dövründə kənddə XDS İK-in sədri olub.

İmran Əliyev Ağabala oğlu - kənd XDS İK-nin sədri,

Ramazan Əliyev Ağabala oğlu - kənd XDS İK-nin sədri,

Burhan Əliyev İmran oğlu– İHB-nin Ərkivan üzrə nümayəndəsi və sovxoz direktoru,

Bayraməli Əliyev  Ramazan oğlu -     K. Marks adına sovxozun  direktoru.

Zahir Əmənov Əbiş oğlu - İHB-nin Ərkivan ərazisi üzrə nümayəndə. 

Yəhyayev Ramiz Heydər oğlu – Ərkivanın ilk bələdiyyə sədri.

Yəhyayeva Mənijə Adil qızı- Ərkivan bələdiyyəsinin sədri.

Reyhan Əzizova Əziz qızı – Ərkivan Qəsəbəsinin ilk Uşaq Bağça müdiri.

Fizuli Qurbanov  Oruc oğlu– Ərkivan Sağlamlıq Mərkəzinin direktoru.

Bəşirov Tahir Rza oğlu- Ərkivan poçtunun müdiri.

Qurbanəli Yəhyayev Hacıağa oğlu - Ərkivan poçtunun müdiri. Daha sonrala rayon poçtamtının müdiri işləyib.


 Ərkivanın Abbaslı məhəlləsində 10-a yaxın 

bərbər olub və var

Mirzəbala Mirzəyev, Hacıağa Yəhyayev, Şaban İsmayılov, Ağamoğlan Əzimov, Haqverdi Novruzovi, Gülverdi Novruzov, hazırda Səxavət Məmmədov, Hüseyn Baxşıyev və   Rüstəm Abdullayev, Ziya İsmi oğlu Məmmədov.

 Keçmişdə dəlləklər həm də diş çəkİr, uşaqları sünnət edİr, bəzi xəstələri müalicə edir,  çiban yarmaq, qan almaq və sairi işləri  də bacarırdılar.

Məhəllənin mollaları

Molla Səfər Axund  (Məhəlləinin yeganə Nəcəf alimi), Məşədi Əzim (10 yaşında Məşəd ziyarətinə gedib, sonradan Kərbəla ziyarətində olsa belə,  yenə  ona Məşədi deyirdilər),  Hacı Həmid Məmmədov – Ali ruhani təhsilli. Qəriblər kənd məscidinin imamı

Kərbəlayı  Eldar Əliyev Əbiş oğlu – molla.

Əzimov Rövşən Əzim oğlu.- molla

Həmçinin məhəllədə Seyid Əzim kimi  tanınan seyid də yaşayıb. 

Mir Habil Rəhimov – Hazırda İraqın Nəcəf şəhərində təhsil alır

Hacılar

Həmid Məmmədov

Qurbanəli Yəhyayev

Sücəddin Novruzov

Rauf Qurbanov

Polislər

Rəzzaq Məmmədov – Müharibə dövründə Göyçayda milis rəisi olub.

Səftər Əzimov Hacıağa oğlu  - Moskva şəhəri, Moskva Reçski Rayonunun Polis  Şöbəsinin rəisi. Polkovnik.

Saleh Yəhyayev Qurbanəli oğlu- Moskva rayonlarının birində rəis müavini, polkovnik. 

Feyruz Kazımov Baba oğlu – Masallıda Dövlət Yol Polisinin rəisi.

Fizuli Ağabalayev Bürhan oğlu- Xələc təcridxanasında Pendisaner xidmətin rəisi

Fizuli Abdullayev Sahib  oğlu – Yol yol polisində inspektor

Layiq Qasımov  Cəbrayıl oğlu - Yol polisində inspektor

Renat Layiq oğlu Qasımov - Masallı Rayonlararası Mühafizə idarəsində əməkdaş. 

Anar İsmayıl oğlu Qurbanov – Masallı Yol Polisində inspektor

Afiq İsmayıl oğlu  Qurbanov – Astara Yol Polisində İnspektor

Elnur Kazımov  Feyruzun oğlu  -Masallı Polis Şöbəsində əməkdaş.

Ramin Kazımov Ağayar oğlu – Masallı Rayon Polis Şöbəsində əməkdaş.

Fəttayev Əli  Natiq oğlu polis işçisi

Elşən Məmmədov Hüseynağa oğlu – Bakı şəhərində polis işçisi.

Kazımov Yasin Baloğlan oğlu- polis işçisi

Həkimlər

Bu məhəllənin ilk tanınmış həkimi   - Böyükağa Qurbanov  Qasım oğlu olmuşdur. Rusiyada yaşayıb, işləyib, vəfat edib.

Daha sonra Qurbanovlardan- (Qurbanobadan) xeyli həkim yetişmişdir.

Tibb elmləri üzrə fəlsəfə doktoru, Masallı Mərkəzi Xəstəxanasının baş terapevti,  şöbə müdiri. Vaqif  Oruc oğlu Qurbanov

Rauf Qurbanov  İbrahim oğlu– Qəriblər kənd həkim məntəqəsinin müdiri.

Füzulu Oruc oğlu Qurbanov – Ərkivan Qəsəbə Sağlamlıq Mərkəzinin direktoru.

İlqar İbrahim oğlu Qurbanov – Masallı Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin müdiri həkimi.

Bundan əlavə Qurbanovlar nəslindən olan digər həkimlər - Rövşən Qurbanov (pandemiyadan dünyasını dəyişdi) və Xaqani Qurbanov ( vəfat etdi) da olmuşdur.

Gülər Məmmədov Təzəxan qızı – Bakıda özəl xəstəxanada həkim.

Tahirə Əsədova Təzəxan qızı – TUBA-da genekoloq.

Təranə Əsədova Təzəxan qızı – Mərkəzi Xəstəxanada ginekoloq.

Ülkər Novruzova Bəyverdi qızı – Bakıda özəl xəstəxanada cərrah.

Rəna Novruzova Arif qızı – Bakıda özəl xəstəxanada həkim. 

Salam Bağırov Mirkazım oğlu – stomotoloq. Vəfat edib

Seyidağa (Ağamir) Həşimov Maşallah oğlu – həkim. Bədəlan  Tibb Məntəqəsinin müdiri olub.Vəfat edib.

Malik Əhmədov Mirzağa oğlu- stomotoloq.

Əlican Mahmud oğlu Məmmədov- stamotoloq vəfat edib.

Rüfət Məmmədov Əlican oğlu – diş texniki.

Nəsir Məmmədov Əlican oğlu – diş texniki.

Hüseynov Qadir Vaqif oğlu- diş texniki.

Abbaslı məhəlləsindən digər həkimlər də olmuşdur. Əliyev Faiq Ramazan oğlu – Masallı Mərkəzi Xəstəxanasında Travmatologiya Şöbəsinin müdiri.

Kamal Daxıl oğlu Məmmədov – Rentgen şöbəsinin müdir olub, Hazırda özəl  Xəstəxanada çalışır.

Ədalət Daxıl oğlu Camalov –Vərəm dispanserinin müdir olub, gənc yaşında vəfat edib

Xaqani Camalov Kamal oğlu—stomotoloq, vəfat edib.

Əliyev Rəşad Faiq  oğlu - Türkiyə xəstəxanalarından birində cərrah kimi çalışır

Əliyev Renad Faiq oğlu – Bakıda Travmatologiya Xəstəxanasında həkim kimi çalışır

Valideynləri İsoba məhəlləsinə göçmüş Mirhəsən Bağırov (Uçaq sanatoriyasının müdiri olub),  əslən İsoba  məhəlləsindən olan, hazırda Abbaslı məhəlləsində yaşaya  Rasim Əzizov (2 dəfə Masallı Mərkəzi Xəstəxanasının baş həkimi və 20 il  poliklinkanın müdiri olub.). Haazırda Abbaslı ərazisində yaşayır. 

Məhəllə sakinlərindən jurnalistlər də olub

Bu siyahıda sovet dövründə ölkənin ən nüfuzlu Jurnalist təşkilatı olan SİTA- da (Sovet İttifaqı Teleqraf Agentliyi) aparıcı Jurnalist  Teymur Yəhyayevin adı öndə gəlir. 

Hazırda cenub.az, arkivan.az, masallıda.az saytlarının, Cənub Xəbər tv kanalının rəhbəri, “Bu qala bizim qala” (Bölgənin 43 qalası haqqında toplum), “Masallının tarix və mədəniyyət abidələri” kitablarının həmmüəlliflərindən biri (digər müəllif İldırım Şükürzadədir) Zahir Əmənovun da bir sıra xidmətləri olmuşdur. O, ölkədə çox azsaylı müstəqil region qəzətlərindən birinin (onun rəhbərliyi ilə 400-ə yaxın qəzet çıxıb) məhz Zahir Əmənovdur.

Məhəllənin həm müəllim, həm də jurnalist kimi fəaliyyət göstərən şəxslərindən biri də uzun müddət Masallı xəbərlər və Cənub Xəbərləri qəzetinin şöbə müdiri olmuş Mirzəkişi Mirzəyevdir. Hansı ki, onun kəskin ruhlu, cəsarətli məqalələri (Təkcə “XXI əsrin üzə duranları” yazısı  onun səs salan yazılarından biri idi.)

Sonrakı illərdə məhəllənin daha bir sakini- Cəfər Cəfərov jurnalistika ilə məşğul olmaya başlayıb. O, Asiya.az saytını yaradıb, eləcə də şəhidlər və Ərkivanla bağlı bəzi filmlərin müəllifidir.

Məhəllənin ən perspektivli gənc jurnalisti isə Arzu (Əliyeva) Çinarlıdır. Hələ orta təhsil aldığı müddətdə ölkə səviyyəli bir sıra müsabiqələrin qalibi olan, bir neçə dil bilən, Orta məktəbi Qızıl medalla bitirən, hazırda BDU-nun Jurnalistika fakültəsində təhsil alan  Arzu Çinarlı  müstəqil mövqeyi və özünəməxsus yazı tərzi ilə seçilən jurnalistlərimizdəndir.

  Məhəllənin yaradıcı adamları

Məhəllədə yaradıcı adamlar elə də çox deyil

Belələrindən rəssam və gözəl insan kimi  dünyadan vaxtsız köçmüş Bağırov İslam Mirkazım oğlunun adını çəkə bilərik.

Müğənni kimi isə toy şənliklərində özünəməxsus ifası olan Vəkil İsmayılov məhəllənin hələlik yeganə müğənnisidir.

Sonralar mərsiyəxan kimi tanınan, hazırda vəfat edən  Əliyev Həsən Əbiş oğlu da əvvəllər gözəl tarzən və müğənni kimi tanınıb. Məşhur xanəndə  Həsən Kərimovla birgə toy şənliklərini idarə etmişdir.

Abbaslılı hərbiçilər

Hərbiçilər, idmançılar

İmkan olsa kitab

Bunu oxumaq da sizin üçün maraqlı ola bilər. Ərkivanlısan? Doğma yurdun üçün nə etmisən? https://cenub.az/1964-rkivanlsan-bli-bs-doma-yurdun-n-n-etmisn.html.  Bu yazıdan sonra daha 5 ərkivanlı haqqında yazı dərc olunmuşdur. 

Yəhyayev Heydər Hacıağa oğlu – polkovnik-leytenant

Yəhyayev   Natiq oğlu   Gülağa oğlu. Polkovnik. Hərbi Akademiyada dərs deyir.

Yəhyayev  Ramiz Gülağa oğlu, polkovnik. Rusiyada hərbi Akademiyada dərs deyir.

Yəhyayev Rəmzi Gülağa oğlu- polkovnik. Rusiyada işləyib. Hazırda istefadadır.

Fərziyev İmaaməddin Əlifağa oğlu- polkovnik-leytenant, NATO-nun hərbi akademiyasında təhsil alan 5 masallılı

Novruzov Anar Gülverdi –oğlu  şəhid mayor

Bünyadov Mahir Yadulla – oğlu. Şəhid

Fərziyev Fərasəddin Əlifağa oğlu- Prezidentin Mühafizə idarəsində bölmə rəisi. Leytenant.

Novruzov Ramal Hidayət oğlu –Quba Rayon Hərbi Səfərbərlik idarəsində müavin, kapitan

 İdmançılar

Elburus Məmmədov Sadıq oğlu- Yüksək Liqada çıxış edən Viləşin mərkəz müdafiəçisi.

Fərhad Məmmədov Həmid -  güləş üzrə respublika çempionu olub.

İmadəddin Fərziyev Əlifağa oğlu – Şota-kan  karate üzrə 1-ci DAN mükafatçısı.

Fərasəddin Fərziyev Əlifağa oğlu – Sərbəst güləş üzrə idman ustası.

Ruslan Fərziyev Əlifağa oğlu – Qazaxıstanda qaydasız döyüş üzrə ölkə çempionu.

Əlifa Fərziyev İmaməddin oğlu- 14 yaşında AYKİ-do üzrə Qafqaz –Talandı  mükafatı laureatı.

Xəyyam Fərziyev- yeniyetmələr üzrə sərbəst güləş üzrə ölkə çempionu.

Ərkivan məktəbi müharibə illərində hərbi Hospital olub. Ağ məktəb hospital kimi fəaliyyət kimi göstərəndə məktəb isobada Məmmədhüseyn Tağıyevin  evinə köçüb. Bu bina sonralar həmdə  kənd sovetinin binası olub.

Məhəllə ilə maraqlı məlumatlardan biri də milis işçisi olmuş Rəzzaq Məmmədov və onun həyat yoldaşı, hamının Dodo çağırdığı mZibeyda xanım Məmmədova öz evlərində müharibə illərindən 60-cı illərin sonuna kimi mərhələ-mərhələ 100-ə yaxış uşağı evlərində saxlayıb, qeyri-rəsmi yetimxana kimi fəaliyyət göstərib. Bu ailə sonralar bu uşaqların bəzisin evləndirib, digər porblemlərini həll edib. Bütün bu işlər dövlətdən heç nə almadan edilib.

Bir daha yazının 2-ci hissəsinin hazırlanmasında bizə yaxından kömək edən Əfrail Fərziyevə təşəkkürümüzü bildiririk.

Son əvəzi

Bacardığımız bu qədər oldu. Xırda qüsurlarımız olsa da, üzürlü sayın.

Siz də öz yurdunuz haqqıda bu qayda da məlumatlar təqdim etsəniz, cenub.az-da çap etməyə hazırıq.

Hazırladı: Ərkivan qəsəbəsinin 70 yaşlı sakini 

Zahir Əmənov (cənub.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10