Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran-Astara Regional Təhsil İdarəsi- ay başa çatdı. İlk gözləntilər nələr vəd edir?


Ortada xeyli “Niyə”lər var, cavabları olduqca maraq doğurur

5 aydan öncə yaradılan bu idarəyə nəhayət 1 ay öncə rəhbər və müavin təyin edildi. O cümlədən bölgəmizdəki Regional İdarəyə Elxan Nəcəfov müdir, Famil İsayev müavin təyin olundu.

Hər iki rəhbəri haqqında ilkin gözləntilər eynidir – gəncdirlər, enerjilidirlər, korrupsiyaya bulaşmamış kadrlardır, hədsiz mədəni və işgüzradılar.

Hələlik, Regional İdarənin cəmiyyətə yeganə “pəncərəsi” təşkilatın adı ilə eyni olan FB səhifəsidir ki, burada hər gün 5-10, bəzən də bir az çox xəbərlər yerləşdirilir.

Bütün bunlar 1 ay üçün yetərlidirmi?

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi 6 rayonun 4-nə - Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 1 aydır ki, sektor müdiri tapılmır. Hətta, sektor müdiri təyinatından sonra Masallının sabiq Təhsil Şöbə müdiri, yeni “quruluşda” sektor müdiri təyin olunan Tariyel Əkbərovun yeni təyinatdan 1 həftə sonra istefasına Regional İdarə tam aydınlıq gətirmədi. Axı, o, nə səbəbə öz ərizəsi ilə istefa verdi?

Digər rayonlarda təhsil sektor müdirliyinə kadr tapılmamsı da maraqlı suallar doğurur. Doğrudanmı, 15 mindən artıq müəllim ordusu olan bölgədə 5 ayda 5 nəfər layiqli kadr tapılmır? Bəlkə Elçibəy demişkən, gedib özümüz üçün Fransadan “xalq” gətirək?

Ola bilsin ki, nələrdəsə səhv edirəm, bir az tələsirəm. Lakin mənim üçün maraqlı olan məqamlar və “Niyə”lər var.

Niyə Regional İdarənin öz saytı, həmin saytda bu idarənin əhatə dairəsinə daxil olan rayon təhsil sektorlarının bölümləri, statistik göstəriciləri, kadr təyinatları yoxdur? Adamlar bilmək istəyir ki, hara yeni direktor, müavin... təyinatı olub. Həm da yaxşı olar ki, hər rayonunun bölümündə hər məktəbin səhifəsi olsun ki, “xadimə biznesi” ilə məşğul olanların ayıbları açılsın. Yəni hər məktəbin pedoqoji və texniki işçilərinin sayı orada öz əksini tapsın. Çünki əsil aşkarlıq olmayan yerdə, qaranlıq işlərə meydan daha çox olur.

Niyə Regional İdarə rəhbərinin hələ də bir proqram xarakterli çıxışı olmayıb ki, yerli sakinlər bilsin ki, bu sahədə hədəflər hansılardır?

Niyə hələ də Regional İdarə  bölgənin təhsil biliciləri, eləcə də müstəqil ruhlu pedaqoqları ilə işgüzar bir görüş, teledebat keçirməyib ki, bölgədəki real vəziyyəti onların öz dilindən eşitsin.

Hansı səbəbdən LARTİ rəhbəri daha çox Cəlilabad rayonuna gəlir, hansı səbəbdən isə Lerikdə olmayıb? Senarili qəbullardansa açıq elan verərək səyyar qəbullar keçirilə bilməzmi? 

Formal və sifarişli kimi görünən qəbullarla təhsildəki problemləri öyrənmək real görünə bilərmi?

Yuxarıda bölgəmizdəki regional təhsilin rəhbərləri ilə bağlı dediyim müsbətlərlə yanaşı onu da qeyd etmək istəyirəm ki, rəhbərliyin operativ, cəsarətli, çevik addımları hiss olunmur.

Əksər məktəblərdə, uşaq bağçalarında “dədə-baba” qaydaları öz yerindədir.

Ən pisi isə odur ki, Regional Təhsil idarələri özlərini yerli icra hakimiyyəti başçılarından asılı vəziyyətdə hiss edirdilər.

Axı, çoxları onları daha müstəqil, daha mübariz olacağını düşünürdü.

Ya “çevrədə ən uzun xətt diametrdir, o da çevrədən çölə çıxa bilmir” fikri bu sahədə də qüvvədədir?

Bəlkə mən səhv edirəm? Sizin də fikirləriniz maraqlıdır. Təhsilimiz daha şəffaf, daha dəyərli olması üçün susmamağınız məsləhətdir.

Cenub.az. Zahir Əmənov.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10