Elmir Səfərli: “Quru sərhədlərin bağlı olması xeyli sayda insanın fəaliyyətinə, dolanışığına əngəl yaradır”
Vüqar Oruc: “Sanitar-gigiyena qaydalarına əməl olunmaqla sərhədlər açılmalıdır”
Azərbaycan COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından bəri quru sərhədlərini bağlayıb. Qonşu dövlətlərdən Rusiya, Gürcüstan, Türkiyə öz quru sərhədlərini açsa da, Azərbaycan, nədənsə, bu barədə qərar verməyə tələsmir. Yaranmış vəziyyət səbəbi ilə xeyli soydaşımız Rusiyadan, Gürcüstandan Azərbaycana gəlməkdə, eləcə də həmin ölkələrə getməkdə çətinlik çəkir.
Hava yolu ilə ölkəmizə gəlməyə və getməyə maddi imkanı çatmayan soydaşlarımız səbirsizliklə quru sərhədlərin açılacağı günü gözləyirlər. Həmçinin, sərhədyanı ticarətlə məşğul olanlar da iki ildir ki, mövcud məhdudiyyətin əziyyətini çəkirlər.
Bununla bağlı Dövlət Gömrük Komitəsinin isə cavabı dəyişmir: “Quru sərhədin açılması ancaq Operativ Qərargahın müvafiq qərarından sonra mümkündür”.
Nazirlər Kabineti də hələlik quru sərhədlərin açılması ilə bağlı qərar olmadığını açıqlamaqla kifayətlənir.
Mövzu ilə bağlı AYNA-ya danışan iqtisadçı ekspert Elmir Səfərli deyib ki, quru sərhədlərin bağlı olması müxtəlif sahələrdə öz təsirlərini göstərir: “İki ildir ki, quru sərhədləri bağlıdır. Karantin qaydalarında yumşalmalar olsa da, quru sərhədlərin hələ də açılmaması müxtəlif sahələrdə öz təsirlərini göstərməkdədir. Bu təsirləri ilk növbədə turizm sektorunda görürük. Bildiyimiz kimi, il ərzində qonşu ölkələrə on minlərlə vətəndaş səfər edir. Eynilə həmin ölkələrdən də bizə səfərlər olur. Quru sərhədlərin bağlı olması isə buna mane olur. Ölkəyə valyuta daxil olması, ölkələrarası valyuta mübadiləsinin aparılmasına mənfi təsirlər göstərir”.
“Quru sərhədlərin bağlı olması xırda ticarətlə məşğul olan insanların da işinə əngəl olur. Quru sərhədlərin bağlı olması, eyni zamanda xırda sahibkarlıq, xırda ticarətlə məşğul olanların işinə maneə yaradır. Bu baxımdan quru sərhədlərin açılması yaxşı olar”, - deyə həmsöhbətimiz bildirib.
Səfərlinin sözlərinə görə, quru sərhədlərin açılması ikitərəfli məsələdir: “Yəni təkcə Azərbaycandan asılı olan məsələ deyil. Çünki burada sərhəd ölkədəki epidemioloji vəziyyət də önəmlidir. Bu baxımdan hər iki tərəf müzakirələr etməli, qarşılıqlı anlaşma nəticəsində buna qərar verilməlidir”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc da AYNA-ya şərhində söyləyib ki, qonşu ölkələrlə quru sərhədlərin bağlı olması ölkə iqtisadiyyatına, kommunikasiya əlaqələrinə çox ciddi problem yaradır: "Hesab edirəm ki, pandemiya şəraitində epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycanın quru sərhədlərini bağlaması təqdirəlayiq olsa da, hazırda ölkə iqtisadiyyatı bu səbəbdən çox ciddi itkilərlə üzləşir. Quru sərhədlərin bağlı olmasının qonşu ölkələrlə turizm, kommunikasiya əlaqələrinə yaratdığı problemlərə görə, hesab edirəm ki, sanitar-gigiyena qaydalarına əməl olunmaqla sərhədlərin açılması daha məqsədəuyğundur".
“Hər kəsin hava yolu ilə səyahətə imkanı olmadığından quru sərhədlərin bağlı olması bir çox insan üçün ciddi maneələr yaradır. Tarixi torpaqlarımızda yaşayan soydaşlarımız var, bu məhdudiyyətlər onların rahat gediş-gəlişinə mane olur, çox ciddi problem yaradır. Düzdür, hava yolu ilə səyahət imkanları var, amma bu, hər kəs üçün əlçatan deyil”, - deyə müsahibimiz vurğulayıb.
O, hava reyslərinin daha çox imkanlı şəxslər üçün əlverişli olduğunu qeyd edib: “Bundan daha çox yuxarı təbəqə təmsilçiləri, işgüzar səfərlər həyata keçirənlərin istifadə etmə imkanları var. Buna görə əhalinin böyük əksəriyyəti quru sərhədlərinin açılmasını gözləyir”.
“Quru yolların açılması həm insanların rahat səyahətinin təmin olunmasına imkan yaradar, həm də ölkə iqtisadiyyatı üçün mühüm gəlir gətirir. Bu baxımdan hesab edirəm ki, quru sərhədlərin açılması məqsədəuyğundur. Azərbaycan tərəfi hazırda quru sərhədlərin bağlı olmasına görə itirir”, - deyə Oruc fikrini yekunlaşdırıb.
Müəllif: Aləmdə Nəsib