AZAL 2020-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Hansı ki, dünəndən bəri bütün ölkə bu barədə danışır. AZAL rəhbərliyinin aradan iki ilə yaxın vaxt keçəndən sonra açıqladığı hesabatdan məlum olur ki, bu qurum zərərlə işləyir. AZAL 2020-ci ildə 76 milyon manat ziyana düşüb. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı danışan iqtisadçı Nazim Bəydəmirli bildirib ki, idarəçilər şirkətdən daha çox şəxsi maraqlarını güddüyü üçün belə vəziyyət yaranır:
“Bir neçə il bundan əvvəl cənab Prezident televiziyalara müsahibəsində demişdi ki, müxtəlif şirkətlərə, o cümlədən də AZAL-a vəsaitlərin alınmasında dövlət büdcəsindən yardım edilir, ancaq gəlirləri yoxdur və zərərlə işləyirlər.
Bundan sonra bəzi müşahidə şuraları yarandı, biz də fikirləşirdik ki, müşahidə şuraları bu dövlət şirkətlərinin işləməsində nəsə dönüş yaradacaqlar, lakin təəssüf ki, belə olmadı. Mətbuatda AZAL haqqında, onun rəhbəri haqqında nə qədər məlumat getsə də vəziyyət dəyişmir.
Müəssisə zəiflədikcə idarəçilər daha çox şəxsi gəlirlərini artırırlar. Bu təkcə AZAL-a yox, digər şirkətlərə, nazirliklərə də aiddir. Onlara məxsus olan əmlaklar, özəl şirkətlər haqqında jurnalist araşdırmaları üzə çıxır. Bu sırada Cahangir Əsgərov ilk yerləri tutur”.
Nazim Bəydəmirli qeyd edib ki, bunun başında dayanan əsas səbəblərdən biri idarəçiliyin düzgün qurulmaması, ictimai rəyin nəzərə alınmamasıdır:
“Bunun kökündə dayanan səbəb təbii ki, idarəçiliyin düzgün qurulmaması və dövlətin vəsaiti hesabına şəxsi varlanma arzusudur. İllər boyu Nazirlər Kabineti dövlət şirkətlərinin üzərində nəzarəti həyata keçirmək funksiyası olduğu halda heç bir addım atmır. Çünki idarəçilik yerlibazlığın, qohumbazlığın, traybalizmin üzərində qurulub.
Bu mənada bir-birinə qohum olan, uzun müddət münasibəti olan şəxslər necə bir-birini yoxlayıb, nəzarət edəcək? Vəzifələr insanlara savadına, biliyinə, idarəçilik qabiliyyətinə görə verilmir, vəzifə dedikdə bu cür işlər yaxın qohumlara verilir. Bu cür ziyana işləməyin kökündə duran səbəb budur.
Eyni zamanda kütləvi informasiya vasitələrinin, QHTlərin, dövlət qurumları üzərində nəzarət monitorinqinin zəif olması, ictimai rəyin heçə sayılması da səbəblərdən biridir. Xarici ölkələrin birində belə hadisə baş vermiş olsaydı, o zaman təbii ki, istefalar, həbslər olacaqdı, amma biz bunu müşahidə edə bilmirik. Çünki bizdə ictimai rəy heçə sayılır. Ümumiyyətlə, Azərbaycanda bu məsələlərdən danışılanda insanlarda ironiya yaranır”.
Əsmətxanım RZAZADƏ/уenisabah.az