Ölən şeyxin heyrət ediləcək sərvəti...
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirlikləri prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə bağlı başsağlığı üçün bu ölkəyə gedir. Nümayəndə heyətinin tərkibinə dövlət katibi Entoni Blinken, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, müdafiə naziri Lloyd Ostin və digər yüksək vəzifəli ABŞ rəsmiləri daxildir. Böyük Britaniyanın baş naziri Boris Conson da Şeyx Xəlifə bin Zayed Əl Nəhyanin vəfatı ilə əlaqədar başsağlığı üçün bu ölkəyə gedəcəyi məlum olub.Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Əbu-Dabi əmiri Şeyx Xəlifə bin Zayed Əl Nəhyan 73 yaşında vəfat edib. O, 2004-cü ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin prezidenti idi. Ölkədə 40 günlük matəm elan edilib.
Ölümünün səbəbi açıqlanmasa da, 2014-cü ildə Əl Nəhyanın insult səbəbindən ağır əməliyyat keçirdiyi məlum idi. Bundan sonra o, nadir hallarda ictimaiyyət arasında görünürdü. Ölkəni əslində onun kiçik qardaşı, paytaxt Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi və artıq prezident elan olunmuş Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan idarə edirdi.
Şeyx Xəlifənin bir arvadı və səkkiz övladı var. Xəlifə bin Zayed Əl Nəhyan dünyanın ən zəngin insanlarından biri sayılırdı. 2009-cu ildə ailəsinin sərvəti 150 milyard dollar qiymətləndirilirdi. 2007-ci ildən etibarən "Dünyanın ən zəngin monarxları" reytinqində Əl Nəhyan ikinci yeri tuturdu. Şeyx “Forbes”in “Dünyanın ən nüfuzlu adamları” siyahısında 43-cü yerdə idi. Nəhyan 830 milyard dollar aktivləri ilə dünyanın ən böyük fondlardan birini idarə edirdi.
Monarxın bütün dünyada daşınmaz əmlakları- yüzlərlə villaları, sarayları, qəsrləri miras qalıb. Təkcə Londonda 140 mülk var. Ən dəbdəbəlisi Londonda “Vindsor Great Park” yaxınlığında, İngiltərə kraliçasının iqamətgahının yanında 18-ci əsrə aid “Ascot Place” malikanəsidir. Xəlifə onu 1989-cu ildə 22,6 milyon dollara alıb. Aldıqdan sonra malikanənin ərazisində çənlər quraşdırıb, oraya Fransa Alp dağlarından mineral su gətirilib. O, cəmi bir dəfə bu iqamətgahda olub və yarım gününü orada keçirib.
Böyük Britaniyanın paytaxtında daha bir malikanə - “Ham Gate” 1980-ci ildə 6,3 milyon dollara alınıb. Bir dəfə, 2013-cü ildə xəlifənin Böyük Britaniyaya gəlişi şərəfinə iqamətgahda şənlik təşkil olunub. Bu münasibətlə malikanəyə bitişik binalar da yalnız bir gecəlik qonaq qəbul etmək üçün alınıb. 1988-ci ildə Əl Nəhyan Con Lennona məxsus olan “Tittinghurst Parkı”da satın alıb.
Əl Nəhyan daim Əbu-Dabidə, ümumi dəyəri 500 milyon dollar olan dəbdəbəli “Qasr Al Vatan” adlanan prezident sarayında qalıb. Şeyx heç vaxt digər iqamətgahlarına baş çəkmirdi. Məsələn, onun İspaniyada müxtəlif hesablamalara görə, 20-30 milyon dollara başa gələn villası hər gün hazır vəziyyətə gətirilir - orada yataq dəsti və tualet əşyaları dəyişdirilir. Amma 20 ildən artıqdır ki, əmir bir dəfə də olsun nəhəng malikanəyə baş çəkməyib: bütün mətbəx texnikası hələ də orada sellofana bükülü qalıb.
Vəfat edən şeyx dünyanın ən böyük gəmi-yaxtasına da sahib idi. Superyaxtanın illik texniki xidməti 60 milyon dollara başa gəlir. Gəmidə helikopter meydançası, sualtı qayıqlar var və eyni zamanda orada 36 nəfər yerləşə bilir. Yanacaq çənlərinin həcmi elədir ki, yanacaq doldurmadan dünyanı dövrə vurmaq mümkündür.
Dünyanın ən hündür binası Xəlifənin adını daşıyır. Söhbət Dubayda yerləşən 163 mərtəbəli “Bürc Xəlifə” qülləsindən gedir. Belə bir hədiyyə BƏƏ prezidentinə 62 yaşının tamam olmasına üç həftə qalmış edilib.
Xəlifənin səxavətli olduğu və ianələr etdiyi deyilir. Məsələn, 2008-ci ildə BƏƏ borca batmış Seyşel adaları hökumətinə təmənnasız 30 milyon dollar kömək edib. Düzdür, belə bir versiya var: guya əmir bir neçə il əvvəl Seyşel adalarında səkkizmərtəbəli saray tikdirib. Problemli kanalizasiya sistemi səbəbindən yerli su anbarları ciddi zərər çəkib. Adaların sosial ehtiyacları üçün kompensasiya olaraq on milyonlarla dollar göndərilib...
Məmməd Araz yaxşı deyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin...”
Orxan ƏLİYEV,
Musavat.com