Ərkivan qəsəbəsi ərazi cəhətdən ucalıqda yerləşən bir məkandır. Əbəs yerə deyil ki, Ərkivanı Masallının “dağüstü parkı” adlandırırlar.
Ancaq ərkivanlılar təkcə ulu qalaları, digər ucalıqları ilə öyünmür. Həm də Mənəvi Zirvələri ilə də fəxr edir. Həmin mənəvi zirvələrdən biri də Əvəz Cəbiyev ucalığıdır. Bu yazıda sizi Əvəz müəllimin ömür yolu, əldə etdiyi uğurlar, elm sahəsində göstərdiyi fədakarlıqlarla kifayət qədər tanış edəcəyik. Öncə isə onun həyatından bəzi epizodları diqqətinizə çatdırırıq.
Mübariz Cəbiyev (Yaxın qohumu): - Əvəz əmi ölkə şöhrətli bir alim, professor olsa da, sadəliyi və insanpərvərliyi ilə hamını heyran edirdi. Sirr deyil ki, həkim görən kimi hamının xəstəliyi yadına düşür. İllah ki, tibb professoru ola. Rayona, kəndə gələn kimi qohum-qardaş Əvəz müəllimi həm qonaq, həm də həkim kimi evinə qonaq çağırardı.
Əgər bir xəstəyə baxmağa gedirdisə, az qala evdə, qonum-qonşuda uşaqlı- böyüklü kim varsa, 10-15 adamı müayinə edərdi. Həm də pulsuz, parasız, heç bir təmənna ummadan. Hətta bəzisinin dava-dərmanına da kömək edərdi. Adamları dərmandan çox şirin sözü, dəyərli məsləhəti ilə yaşamağa ruhlandırardı. İnsanlar ona çox inanırdı. Kimə bircə kəlmə desəydi ki, gündə 2 dəfə qatıq içsən, sağalarsan, inanardılar və daha tez sağalardılar da. Axı bunu professor Əvəz deyib.
Əvəz müəllimin təmənnasızlığı, dost-yoldaşa qarşı mərhəməti, köməyi barədə çoxlu xoş sözlər eşitmişəm. Onun sifətində hamıya doğma, nurlu, şirin bir çöhrə olurdu, sanki dünyada heç bir dərdi-qəmi yoxmuş kimi.
55 yaşında dünyasını dəyişən Əvəz Cəbiyev kim idi?
Əvəz Cəbiyev 1922-ci ilin baharında Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində anadan olub.
O, anasının bətnində olanda qəfil ölüm nəticəsində, atası cavan ikən dünyasını dəyişmişdir. Yeganə ata yadigarı və ata əvəzi kimi onun adını Əvəz qoyurlar.
Əvəzi çox əziz-xələf böyüdürlər. Bütün qohum-əqrəba ondan diqqətini əsirgəmir. Orta təhsil illərində yüksək biliyi ilə yaşıdlarından ciddi şəkildə fərqlənən Əvəz hələ yuxarı siniflərdə oxuyarkən başqa məktəblərdə fizikadan, riyaziyyatdan, kimyadan müəllim kimi dərs deyirmiş. Orta məktəbi əla qiymətlərlə bitirən Əvəz Cəbiyev öncə mühəndis olmaq istəyib. Lakin o vaxt rayona gələn şair-bəstəkar- həkim Mirkazım Aslanlı onu həkim olmağa həvəsləndirib.
Əvəz Cəbiyev ilk təhsilini Ərkivandakı Bədirli məktəbində alsa da orta məktəbi Masallının Digah kəndindəki “Ağ məktəb”də başa vurub.
Onun orta məktəbi bitirməsi 2-ci Dünya Müharibəsi illərinə təsadüf edir. 1943-cü ildə Tibb İnstitutuna daxil olan Əvəz Cəbiyev o vaxt tələbələr üçün ən ali mükafat - Lenin təqaüdünə layiq görülənlərdən olub, ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.
1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq işini uğurla müdafiə edib.
Dünya şöhrətli akademik A.L.Myasnikov onun rəsmi opponenti olur. Əvəz Cəbiyev Ərkivanın ilk alimi, Masallının ilk Tibb Elmləri doktorudur. 1977-ci ildə, 55 yaşında dünyasını dəyişmiş və Ərkivanın Cəbili qəbiristanlığında dəfn edilmişdir.
O, uzun müddət, həm də ömrünün sonuna kimi ATİ-nin 2-ci hospital terapiyası kafedrasının müdiri olub. Onun tələbələrindən Nizam Vahabov deyir ki, bəzi dərslərdən qaçıb Əvəz müəllimin mühazirələrinə qulaq asmaq üçün rus bölümünə gedərdik. Bizə dərs deyəndə isə auditoriyanın qabaq oturacaqlarında bizim oturmağımıza imkan olmazdı. Çünki qabaq yerlərdə onun mühazirələrini dinləməyə asissentlər, dissertantlar, dosentlər, digər müəllimlər gələrdi. Çünki Əvəz müəllimin mühazirələri heç kimi yormur, sanki bir yaradıcılıq gecəsinə bənzəyirdi.
Onu diaqnozları heç vaxt səhv olmurdu. Xəstənin dərdini zərgər dəqiqliyi ilə bilirdi. Çünki hər xəstəliyin xüsusiyyətini dəfələrlə yoxlayardı.
Tələbələri bildirir ki, o bir dəfə Lənkəranın 2-ci Sarı deyilən ərazisində 1 aya yaxın qalıb, 1000-ə yaxın insanın ürəyini kardioqrama edib, təzyiqini ölçdü.
Yaxın qohumu Rəfael Vahabov isə onun haqqında o qədər minnətdarlıqla və heyranlıqla danışırdı ki, insan görməzə-bilməzə bu dəyərli alimin ömür yoluna heyran olurdu. Rəfael Vahabov bildirirdi ki, Əvəz doktor yaxşı şahmat və nərd oynayardı.
O vaxt Ali Sovetin sədri olan Məmməd İskəndərov, Mərkəzi Komitənin katibi Daniel Quliyev, həkimlər Zülfüqar Cəbiyev, Asəf Əhmədov bu oyunlarda onun tərəf müqabillərindən idi.
Masallının sabiq baş həkimləri Həsən Abdullayev və Vaqif Əhmədov bildirdilər ki, Əvəz müəllimin alim kimi kəşfləri, insanlığı, mədəniyyəti o qədər yüksək idi ki, onun haqqında kitab yazmaq və film çəkmək də azdır. Onu da bildirdilər ki, Əvəz müəllim çox zarafatcıl idi, Arkadi Raykinin çıxışlarını hədsiz xoşlayar, meyvələrdən isə “Qızıl Əhməd” almasının heyranı idi.
Yaxınları dediyi ki, Əvəz Cəbiyevi sevənlər də çox idi, onu özünə rəqib bilib paxıllığını çəkənlər də
Əvəz müəllimin ürək işemiyası ilə bağlı kəşfləri o dövr üçün möcüzə təsiri bağışlayırdı.
Qocaman jurnalist Cəmil Nemətov deyir ki, Əvəz müəllim atam, uzun müddət rayon qəzetinin redaktoru olmuş Nemət Nemətovla dost idi. Rayona gələndə birinci onun otağına gələrdi. Onu görən kimi onlarla xəstə qapıda növbəyə dayanardı. Əvəz doktor hamını pulsuz müayinə edər, hətta bəzisinin cibinə pul da qoyardı
Qeyd: Alimlərimizin həyat yolu detalları ilə öyrənilməlidir. 45 alimi olan Ərkivan qəsəbəsində həmin alimlərin 25 nəfəri Bədirli-Ramazanlı-Cəbilinin payına düşür. Yaxşı olar ki, məhəllədəki məktəbdə, yaxud qəsəbənin daha görünümlü yerində bir otaq ayırıb, burada “Alimlər muzeyi” təşkil edilsin.
Zahir ƏMƏNOV