Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cümhuriyyət dövründə Avropaya göndərilən 100 gəncdən biri-cənublu Nüsrət Rzayev


1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin önəmli işlərindən biri də 100 zəkalı azərbaycanlı gəncin xarici ölkələrə oxumağa göndərilməsi olub.
Həmin 100 nəfərin içərisində hələlik bizə məlum olan bir cənublu gənc də olub. Bu, Rzayev Nüsrət Rza oğludur.



Məlumat üçün bildirək ki, o, digahlı (Masallılı) Mirsadıq bəy Talışxanovun oğlu Mirbəhmən bəyin qız nəvəsi Sürayyə xanımın həyat yoldaşı olub.
Onun haqqında Ədalət Tahirzadə və Oğuz Toqrul Tahirlinin tərtib etdiyi “Azərbaycan Cümhuriyyət tələbələri” adlı tarixi arayışlar, bəlgələr yaşamalar kitabında maraqlı məlumatlar var. Həmin məlumatların bir qismini sizə təqdim edirik:

“Lənkəran şəhər Came məscidinin mollası Molla Mirzə Camal Şəfizadənin 17 avqust 1911-ci ildə Lənkəran şəhər sakini Nüsrətulla Rza oğlu Rzayevə verdiyi doğum şəhadətnaməsində onun 1899-cu ildə doğulduğu göstərilib.

41 saylı kamal attestatında da yazılıb ki, Bakı valiliyi Lənkəran şəhərinin sakini, müsəlman, 1899-cu ildə doğulmuş Nüsrət Rza oğlu Rzayev 23 avqust 1913-cü ildə Lənkəran kişi gimnaziyasına girərək orada 18 may 1919-cu ilədək əla əxlaqla oxuyub...
Lənkəran şəhərinin sakini tələbə Nüsrət Rzayev 21 avqust 1919-cu ildə Bakı şəhərində maarif nazirinə yazdığı ərizədə Türkiyədə (İstanbulda tibb fakültəsində) təhsil almaq istədiyini bildirərək onu Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi tələbələr sırasına salmağı xahiş edib.


Cümhuriyyət dövründə Avropaya göndərilən 100 gəncdən biri-cənublu Nüsrət Rzayev


Əlavə edib ki, Lənkəran şəhərində baş verən sürəkli hadisələr nəticəsində bir neçə dəfə axtarışlara məruz qalmışam və nəticədə maddi imkandan məhrum olmuşam, buna görə də o, xahişinin rədd edilməməsini diləyib.

Rzayev nazirə yazdığı 8 noyabr 1919-cu il tarixli ərizəsində Almaniyaya – Berlinə tarix-filologiya fakültəsinə göndərilməsini xahiş edib.
14 yanvar 1920-cil ildə Rzayev təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dil kağızları verib.

Nüsrət Rza oğlu Rzayevə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 555 saylı vəsiqə 14 yanvar 1920-ci ildə verilib.
Rzayev Almaniyaya oxumağa göndərilib və Berlində tibb ixtisası üzrə oxuyub. SSRİ-yə qayıtmayıb”.

Onu da bildirək ki, Doktor Rzayev Nüsrətin yeganə oğlu Rzayev Nazim Bakı şəhərində yaşayır, ixtisasca mühəndis-mexanikdir. 




Nazim Rzayev uzun müddət Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Hal-hazırda təqaüdçüdür.
Nazim Rzayevin iki oğlu - Nüsrət Rəşad isə ali təhsilli iqtisadçıdırlar. Babasının adını daşıyan Nazimin böyük oğlu Azərbaycan Beynəlxalq Bankında çalışır. Rəşadsa iqtisadçı mühəndisdir. Onlar cənubun ilk ziyalılarından olan bəy babalarının layiqli davamçıları kimi yaşayır, fəaliyyət göstərir.

Ənvər Məmmədov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10