Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə qadınlar arasından peyğəmbər göndərilməyib?..


Sual:
 
Qadınlardan peyğəmbər göndərilibmi? Əgər göndərilməyibsə bunun hikmətləri nədir?
 
Cavab:
 
İslam ailmlərindən peyğəmbərlərin sadəcə kişilərdən olduğunu iddia edənlər olduğu kimi, qadınlardan da peyğəmbər ola biləcəyini söyləyənlər olmuşdur. İslamda iki əsas etiqadi məzhəb olan Maturidi və Əşari məzhəbləri göndərilən bütün peyğəmbərlərin kişi olması məsələsində həmfikir olmalarına baxmayaraq, Əşarilər qadınlardan da peyğəmbər ola biləcəyini irəli sürür.
 
Peyğəmbərlərin sadəcə kişilərdən ola biləcəyini qəbul edənlər bu ayələrə əsaslanırlar:
 
“Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik…”[1]
 
“(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!”[2]
 
Bunun əksinə olaraq Əbul Həsən əl-Əşari isə, “Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər (rəsullar)) göndərdik…”[3] ayəsinə əsaslanaraq qadınlardan nəbilər göndərildiyini, fəqət rəsullar göndərilmədiyini bildirir. Əşariyə görə, Hz. Musanın anası, Fironun arvadı, Hz. Sara, Hz. Məryəm və Bəliqs olmaqla beş qadın peyğəmbər var. Əşarilərin əsaslandığı ayələr bunlardır:
 
“Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik.”[4]
 
“Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.”[5]
 
“(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik. (İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!” (Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!” ”[6]
 
“(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.”[7]
 
“(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü. (Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!” (Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” – dedi. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”[8]
 
Maturidi alimləri isə, (ayələrdə bildirilən və) qadınlara gələn bu vəhyin nəbəvi vəhy sayılmadığını (bal arısına gələn vəhylə eyni olduğunu) bildirirlər. Bu izah daha doğru və ağlabatan görünür. Həqiqətən də qadınlara vəhy olunduğunu bildirilən yuxarıdakı ayələr onların peyğəmbər ola biləcəyini söyləmək üçün kifayət deyil.
 
İslam alimlərinin əksəriyyəti Hz. Musanın anasının peyğəmbər olmadığı haqqında həmfikirdir. Qadınların peyğəmbər ola biləcəyini iddia edən Əşari ailmləri isə, onların dövlət başçısı və hakim olmasına birmənalı münasibət bəsləmir və bunu qəbul etmirlər. Digər tərəfdən “(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik…”[9] ayəsi də qadınların peyğəmbər ola bilməyəcəyinin sübutudur. Qurandakı vəhy kəlməsi ancaq peyğəmbərə gələn vəhy mənasında yox, başqa mənalarda da işlədilmişdir.
 
Niyə qadınlardan peyğəmbər göndərilməyib?
 
Risalət və nübüvvət, başqa sözlə peyğəmbərlik məsləyi qadınlardan çox kişilərə daha uyğundur. Allah tərəfindən kişilərin bu vəzifəyə seçilməsinin bir çox hikmətləri mövcuddur. Dəvət vəzifəsini yerinə yetirmək üçün insanlarla bir arada olmaq, onlarla gizli və açıq şəkildə görüşmək, uzaq yerlərə səyahət etmək, inkar edənlərin təzyiqlərilə qarşılaşmaq, ordulara komandirlik etmək və bənzəri çətinliklərə sinə gərmək qadınlar üçün olduqca çətindir. Çünki, qadın fiziki və psixoloji olaraq daha zərif yaradılmışdır. Bundan əlavə qadınlarda yaradılış gərəyi heyz (aybaşı), nifas (zahılıq), hamiləlik və doğum kimi xüsusi hallar baş verir. Üstəlik onların uşaq baxmaqla da məşğul olması qadınların bu vəzifəni icras etməyinə mane olan faktorlardandır.
 
Bu mövzuda son olaraq onu demək olar ki, qadınlardan peyğəmbər ola biləcəyini iddia etmək sadəcə kəlami fikir müxtəlifliyindən başqa bir şey deyil. Çünki, tarixdən də qadınlardan peyğəmbər göndərilmədiyi aydındır.
 
Mənbələr:
 
[1] Yusuf 12/109.
 
[2] Nəhl 16/43.
 
[3] Yusuf 12/109.
 
[4] Qəsas 28/7.
 
[5] Taha 20/38.
 
[6] Hud 11/71-73.
 
[7] Ali-İmran 3/42.
 
[8] Məryəm 19/16-21.
 
[9] Nəhl 16/43.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10