Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daş konfetlər


Evinin xarabalığını görmək də bir sevinc olarmış...

Bir var, təsəvvür eləmək, bir də var, görmək. Tamam başqa şeylərdir. Bir uçurumun iki tayı yəni. Bu tərəfdən o tərəfə baxanda eyni şeydir sanki. Amma keçib baxanda çox fərqlidir, çünki sən onu görmək üçün uçurum adlamısan. Uçurumlar da cürbəcürdür: torpaqdan əmələ gəlmiş, qayalardan yaranmış, illərdən törəmiş…
Anamın kitabxanasının (Sovet vaxtı bizlərdə (Ağdamda) idarələr həm də müdirlərinin adı ilə deyilirdi bəzən − “filankəsin avtobazası”, “filankəsin uşaq bağçası”, “filankəsin məişət evi” və s.) sürücüsü var idi – Sabir. Yaxşı insan idi. Bizim Muradbəylidən idi o da, müharibədən sonra Bakıda “Zil” sürürdü. Bir dəfə haradansa harayasa nəsə aparmalı idim, Sabir gəlib öz “Zil”ində daşıdı ki, heç olmasa, maşına xərcim çıxmasın. Qısaca hal-əhvaldan sonra ikimiz də susub, yola baxırdıq. Köçkünlüyün ilk illərində bizlərdə anlaşılmaz bir pərtlik var idi. İşğaldan sonra ilk dəfə gördüyümüz həmyerli ilə nədən danışmağı düzüb-qoşa bilmirdik. Beləcə, Şuşası, Qarabağı erməni əlində qalan iki pərt olmuş ağdamlı Bakının küçə və prospektlərinin birindən o birinə keçə-keçə hərə özlüyündə nədən danışmaq barədə düşünürdü. Axırda mən dözməyib Sabirdən vəziyyətini soruşdum. Dedi, vallah, bilmirəm, vəziyyət nə təhərdir: “Bu nədir, nə qaçqınlıqdır, hələ də anlamıram. Biz dedik, qaçqınlıq olar bir il, iki il, qayıdarıq yurdumuza, evimizə-eşiyimizə. Beş il qaçqınlıq olar? Mən hara, Bakıda “Zil” sürmək hara? Bu nədirsə, başqa şeydir…”   
 
Onda mənə elə gəlmişdi ki, Sabirin vəziyyəti bizimkindən daha ağırdır. Çünki o, təkcə öz şəhərini başqa şəhərə dəyişməyə yox, həm də kitab maşınını daş maşınına dəyişməyə məcbur olub. Hər halda, mənə belə gəlmişdi. Amma ikimizə də ağır gələn illər məsələsi idi. O vaxt beş il bizə çox ağır gəlirdi. Sonra necə keyidiksə, bir də gördük, on beş il keçib. On beş də otuz oldu. Nəhayət, otuzillik bir uçurumu adlayıb, o tayına ayaq basdıq, oraları gördük. Amma qoyub getdiyimiz kimi yox, uçurumdan adlamış qədər fərqli…    

Şəhərimizin və evimizin xarabalığını deyirəm. Sabiri xatırlatmağım da evimizin xarabalığını görəndə düşündüklərimdən dolayı oldu: xarabalıq olar bir il, iki il, lap beş il. Sonra ya tikib qaldırarsan, ya da söküb, düzləyib, bir az aralıda daha yaxşısını tikərsən. Otuz ilin xarabası nə deməkdir?

Evinin vaxtilə günəş işığına həsrət qalan zirzəmisində otuz yaşlı ağac görmək haradan çıxdı? Kimə desən, inanmaz. Ya gülər, ya da ələ salındığını düşünüb, inciyər. 
Zirzəmini doldurmuş daş-qalağın üstündə qarnı belinə yapışmış ağ vedrə gördüm. Dünyanın düz vaxtı evimizdə ağ, göy minalı vedrələr var idi. Həmin vedrələr divardan asılmış gəbənin arxasında – divar dolabında olardı. İçi də ağzınacan dolu “moskovski” konfet: “Meçta”, “Mumu”, “Snejok” və s. İldə bir, iki ildən bir həmin vedrələr Moskvadan gələrdi, içi o konfetlərlə dolu. O vedrələrin biri idi xarabalığın daşları arasında gördüyüm. Ağ rənglisi. Əzilib, dağılıb yaman günə qalmışdı evimiz, həyətimiz, şəhərimiz kimi. Amma o idi. Görən kimi urvatlı, hörmətli vaxtını xatırladım vedrənin. Evdə masadakı büllur qabda konfet olsa da, hərdən gəbəni aralayıb üst rəflərində kitablar sıralanan dolaba boylanır, vedrənin qapağını qaldırıb, konfet götürərdim. Bu da olardı mənim heç bir mənaya gəlməyən, sanbalsız-çəkisiz oğurluğum… 

Bu dəfə o vedrənin önünə çəkilən gəbə yundan və gözəl naxışlı deyildi. Və o gözlə görünməyən gəbəni qaldırmaq, arxasındakı vedrəni görmək üçün bizə otuz il vaxt, üç min şəhid vermək lazım oldu. İşğal gəbəsinin arxasından görünən də içi konfetlə dolu vedrə yox, içi daş-qalaqla dolu zirzəmi oldu. Vedrə, sadəcə, həmin daşların arasında düşüb qalmışdı. Yaxınlaşıb toxunmağa, qaldırmağa ürək eləmədim. Dedim, altına minadan, qumbaradan qoymuş olarlar, peşman edər bu nataraz sevincimizi. 
Hə, evinin xarabalığını görmək də bir sevinc olarmış, sən demə. Amma nə qədər sevinc olsa da, öldürücü sevinc idi. O qədər öldürücü ki, o xarabalığa baxdım, baxdım və birdən içimdən bir səs keçdi: nə yaxşı ki, anam ölüb. Yoxsa bu xarabalığı görəndə lap pis ölərdi. Bir var evi, içində keçirdiyin günləri xatırlamaq, bir də var, həm də o evi necə böyütdüyünü, gözəlləşdirdiyini xatırlamaq. Anamın payına ikisi də düşürdü. Həm sonradan evimizi daha da böyütmüşdü, həm də günlərimizi maraqlı, yaddaqalan eləmişdi… 

Elə artıq dünyada olmayan böyük qardaşım da o vəziyyəti görsə, dözməzdi. O, çox həssas idi. Mən də həssasam, əlbəttə. Amma gördüklərimi sonradan yaza bilməyəcək qədər həssas yox yəni… 
Ağdama bacımla getmişdim. Bacımla da qayıtdım. Azərbaycandan kənarda yaşayan kiçik qardaşıma evin indiki şəklini göndərdim. Bu, həm də vedrənin şəkli idi. Moskvanın Qarabağa − Ağdama səpələdiyi “moskovski” daş konfetlər arasında qalmış ağ minalı vedrənin… 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10