Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda kriminal aləm necə yarandı? – Əvvəldən sona...


Hüquqşünas Şamil Paşayevin “Azərbaycanda kriminal aləm necə yaranıb?” adlı yazısının davamını təqdim edirik.

Əvvəli burada

VI hissə


Kriminal aləmdə cəzalar və döymə

Hər kriminal örgütün fərqli cəza mexanizmləri var. Məsələn, yapon mafiyasında kiçik çeçələ barmağın kəsilməsi cəzası var. Bunun tarixi Samuraya dönəminə qədər gedir, həmin barmağın kəsilməsi qılınc tutmağı çətinləşdirirdi, barmağı kəsilənin təhlükəsizliyinin qorumaq üçün digər qrup üzvlərinə ehtiyacı yaranırdı. Bu cəza törənlə icra edilirdi. Hazırda da eyni cəza növü qalıb, amma cəzanın icrasından sonra barmağın yenidən yerinə tikilməsinə icazə verilir. Çünki mafya üzvü barmağı olmadığına görə polis tərəfindən aşkarlanıb saxlana bilər, bu isə dəstənin ifşa olunmasına şərait yaradar.

Kriminal aləmlərdə cəzalar mental, dini görüşlərə görə dəyişir. Qadın paltarı geyindirilməsi, başın qırxılması, bığın qırxılması bizim bölgə üçün xarakterik cəzalar sayılırdı. Təbii ki, linc edilmək, mülkünün kriminal dairə tərəfindən alınması, qızının qaçırılması, öldürmək kimi cəzalar da var.

Kriminal aləm üzvlərinin fərqləndirici xüsusiyyətləri onların döymələrini misal gətirmək olar. Qanuni oğruların sinəsində 8 guşə ulduz vurulması yəqin heç kimə sirr deyil. Əslində iyerarxik kriminal aləmdə bu kimi bir çox döymələr var. Döymələrin hər birinin mənası, şərti işarələrlə daşıdığı düşüncə sistemi var.

Döymələr yaranmasının da maraqlı tarixçəsi var. Məsələn, Yaponiyada xırda cinayət, kiçik oğurluqlar edən cinayətkarın bədəninə döymə vurub digər şəxslərə tanıdırdılar. Adamların bədəninə döymə vurmaq dövlət tərəfindən tətbiq edilən cəza idi . Zaman içində yakudzalar etdikləri cinayətləri duyurmaq üçün və eyni zamanda digər şəxslərin, dostlarının damğalı görünməməsi üçün bədənlərinə döymələr etdirməyə başladılar. Hər edilən döymə bir cinayətin tarixçəsi ilə bağlı oldu. Bu da döymələrdə məna yükünün olması təkan verdi. Bu döymələr mafya üzvünün hansı cinayət sahəsində peşəkarlaşdığını göstərirdi. Kriminal aləmin istifadə etməsi ilə döymə özünün ilkin – alçaldıcı damğa mənasından fəxr ediləsi fərqləndirmə nişanına çevrilmişdi.

VII hissə

Ədalətsiz məhkəmə və kriminal aləm

Azərbaycanda oğru aləminin uğur hekayəsi SSRİ dövründə genişlənib. O zaman da, sonralar da bu aləm azərbaycanlılar üçün “ədaləti bərpa edən son mərhələ” statusunda olub.

Ədaləti məhkəmədə, rəsmi orqanda tapa bilməyən vətəndaş meylini cinayətkar aləmə, avtoritet oğlu qanunlarına salır. İnsanın mahiyyətində ədaləti axtarmaq, ədalətə yaxın olmaq var. Və bu ehtiyacı institutlaşmış orqanlar ödəməyəndə başqa ideoloji yönlərə baş vurulur. Kriminal aləmə, dini cərəyanlara yönəlmək çox hallarda məhz ədalət axtarışının nəticəsində olur. O tamamilə başqa məsələdir ki, bu da ədalətin səhv yerdə axtarılmasıdır. Ən pisi isə yetkinlik yaşında olanların bu təsirlərə düşməsidir. Onlar artıq bu ideologiyaların səmimi daşıyıcısı və hətta təbliğatçısı olurlar. Bəlkə də bir universitetdə professor olacaq adam kriminal aləmdə hansısa cinayət taktikasını quranda ifşa olunur.

Adamların bəziləri isə kriminal aləmin üzvü olmadan onlardan kömək umurlar. Məsələn, dələduzluq qurbanı olmuş, quldurluq və soyğunçuluğa məruz qalmış, ya da qətlə yetirilmiş yaxınının qatili ilə bağlı ədalətli məhkəmə hökmünə nail ola bilməyən adam kriminal aləmin dəstəyinə baş vurur. Orda onun “ədaləti” bərpa edilir vəə nəticədə bu adam artıq kriminal aləmin təbliğatçısına çevrilir.

Yaxşı təhsil ala bilməyən, peşə bacarığı olmayan gənclərin bəzilərinə isə kriminal aləmə qoşulmaq və ya onları məhəlli yamsılamaq “uğur hekayəsi” kimi lazım olur. Kriminal aləmin azərkeşləri daha çox 15-19 yaş arasındakı gənclərdir.

Oğru aləminə meyli azaltmaq üçün ən yaxşı vasitə ədalətli məhkəmə sistemi, polis, prokurorluq strukturlarına vətəndaşın inamını gücləndirməkdir. Eyni zamanda media və sosial şəbəkələrdə daha nümunəvi, elmli, ziyalı gənclər, iş adamları, müsbət obrazlar təbliğ edilməlidir.

VIII hissə

Qırılan pəncərələr...

Uşaqlar kriminal aləmlə harda tanış olurlar? Əgər valideynin kriminal aləmə meyli varsa, birinci mənbə odur. Daha sonra dostlar, internet və s gəlir. Eyni zamanda ayrı-ayrı məclislərdə, meyxanalarda və s kriminal aləm mənsublarının güclü, qorxmaz göstərilməsi də uşaqların onlara meyillənməsində rol oynayır. Məsələn, adamlar arasında təbliğ olunur ki, sıravi vətəndaş güc strukturu nümayəndəsindən qorxub çəkinir, amma kriminal aləmdə olan adam heç kimdən, heç nədən çəkinmir, onlar “odda yanmaz, suda batmazdılar”. Əslində isə elə deyil. Onlar daha çox həbs olunur, hamı kimi istintaq edilir. Məhkəməyə dustaq maşınında aparılıb gətirilir. Müstəntiqin, məhkəmə və həbsxana nəzarətçisinin təlimatlarına əməl edirlər. Sadəcə, mif yaradılıb və bu mif xüsusilə yeniyetmələri çox cəlb edir.

Bu halların azalması üçün ən yaxşı yol cəmiyyətdə fürsət bərabərliyi, azad məhkəmə sisteminin olmasıdır.

Yazıya sözardı: İngilis tədqiqatçıları James Q. Wilson və George L. Kellingin 1982-ci ildə irəli sürdükləri “Qırılan pəncərələr” nəzəriyyəsinə görə, cinayəti azaldan faktor ətraf mühiti yaxşı, səliqəli saxlamaqdır, çirkli, səliqəsiz durum cinayəti artırır.

Adamları oğurlayanda və ya öldürəndə daha uzaq, kimsəsiz, səliqəsiz yerlərə aparırlar. Cinayətlər daha çox xarabalıqlarda, gecəqondularda, dağıdılmış və unudulmuş ərazilərdə baş verir. İşıqlı və səliqəli, geniş, gecə-gündüz lampaları yanan prospektlərdə cinayət çox az olar. “Qırılan pəncərələr” nəzəriyyəsi də bunu deyir. Səliqəsizlik və baxımsızlıq nəzarətsizliyin göstəricisidir. Nəzarətsizlik və diqqətsizlik isə cinayət üçün ən münbit mühitdir./kulisçüz





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10