Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

72 min nəfərin məhv edildiyi həbs düşərgəsi – Faşizmin dəhşətli cinayətləri hələ də tük ürpədir


1940-cı ildə Almaniyanın Bergen şəhərindən bir neçə kilometr aralıda, Belzen kəndinin ətrafında salınan Bergen-Belzen düşərgəsi 500 əsirin saxlanılması üçün nəzərdə tutulsa da, sonralar bu düşərgə kompleksə çevrilib və bu düşərgədən 100 minlərlə əsir keçib.

Artıq 1941-ci ildə düşərgə kompleksinə təkcə SSRİ-dən gətirilən əsirlərin sayı 20 min nəfərdən artıq olub və bir il ərzində onlardan 18 mini ağır iş şəraitindən, soyuqdan, xəstəlikdən, işgəncələrdən ölüb.

Əsirlərin sayının günü-gündən artması onsuz da heç minimum şəraiti olmayan düşərgədə vəziyyəti daha da ağırlaşdırılıb. Baraklarda yer olmadığından ərazidə çadırlar quraşdırılıb, əsirlər hava şəraitindən asılı olmayaraq çadır baraklarda yaşayıblar.

Səkkiz düşərgədən ibarət olan Bergen-Belzen kompleksində qadınlar üçün ayrıca düşərgə fəaliyyət göstərib. Əvvəl burada 9 min kişi, 8 min qadın məhbus saxlanılıb. Sonradan qadınların sayının artması nəticəsində kişi məhbuslar çadır baraklara köçürülüb. Qadın məhbusların sayı 32 min nəfər olub.
1530659425_bergen-belsen-concentration-camp-1945-20.jpeg.pagespeed.ce.kfw40tEvCk.jpg (105 KB)
Düşərgənin ən böyük problemlərindən biri su qıtlığı olub. Əsirlərə içmək üçün su norma ilə verilib. Susuzluq düşərgədə böyük antisanitariyaya səbəb olub. Bunun nəticəsində on minlərlə insanın ölümünə səbəb olan xəstəliklər tüğyan edib.
1944-cü ildə Bergen-Belzen düşərgəsində tif xəstəliyinə kütləvi yoluxma başlayıb. Epidemiyanın qarşısını almaq üçün heç bir tibbi tədbir görülməyib. Həmin ilin dekabrın ayında tifdən ölənlərin sayı 350 nəfər, 1945-ci ilin yanvarında 1000 nəfər, fevralda 6000 nəfər, mart ayında 18000 nəfər, aprel ayında isə 20000 nəfərə çatıb. Ümumilikdə 14 ay ərzində düşərgədə saxlanılan 50 min nəfərdən 36 mini bu epidemiyanın qurbanı olub.
Bergen-Belzen yeganə nasist düşərgəsidir ki, müharibə sona çatmamış almanlar bu düşərgəni könüllü olaraq Britaniya qoşunlarına təhvil veriblər. Bununla bağlı “SS”-in reyxsfüreri Henrix Himmler 1945-ci ilin aprelin 15-də müvafiq sənədlərə imza atıb. Düşərgənin könüllü təhvil verilməsinə səbəb düşərgəyə yaxın ərazilərdə həm Almaniya, həm də Britaniya qoşunlarının yerləşməsi göstərilib. Tərəflər epidemiyanın xəritəsinin genişlənməsindən ehtiyat ediblər.
156647529715124776.jpg (128 KB)
Üç günlük danışıqlardan sonra düşərgə Britaniya silahlı qvvələrinin 9-cu diviziyasına təhvil verilib. Təhvildən öncə düşərgədən 15 minə yaxın əsir nasistlərin digər düşərgələrinə köçürülüb. Epidemiyanın yayılmaması üçün digər əsirləri başqa düşərgələrə köçürmək mümkün olmayıb.
Bu təşəbbüsü əvvəlcə SSRİ tərəfi irəli sürüb. Amma Himmler Bergen-Belzeni sovet qoşunlarına təhvil verməkdən qəti şəkildə imtina edib.
Düşərgəyə nəzarət ingilislərin əlinə keçsə də, epidemiyanın qarşısını almaq mümkün olmayıb. Cəmi bir neçə gün ərzində daha 13 min əsir epidemiyanın qurbanına çevrilib.
1530659427_bergen-belsen-concentration-camp-1945-11.jpeg (129 KB)
Eridemiyanın daha böyük itkilərə səbəb olacağını nəzərə alan britaniyalılar düşərgəyə böyük bir həkim dəstəsi gətiriblər. Ciddi yoxlama və müayinələrdən sonra əsirlərin bir qismi buraxılıb, digər qismi isə müalicə müəssisələrinə göndərilib. Bundan sonra düşərgə yandırılaraq tamamilə məhv edilib.
Düşərgənin fəaliyyət göstərdiyi son günlərdə Bergen-Belzendə 128 əməkdaş xidmət edib. Onlardan 38 nəfəri qaçmağa nail olub, 10 nəfəri epidemiyadan ölüb. Britaniya hərbi tribunalında 17 sentyabr 1945-ci ildə düşərgənin həbs olunan 80 əməkdaşının məhkəməsi prosesi başlayıb. Bir neçə ay davam edən prosesdə sübuta yetirilib ki, Bergen-Belzen düşərgəsində 72 min əsir məhv edilib.
1530659395_bergen-belsen-concentration-camp-1945-13.jpeg (109 KB)
11 nəfər, o cümlədən düşərgənin komendantı Yozef Kramerə asılmaqla ölüm hökmü oxunub. 3 nəfər ömürlük, 41 nəfər isə 10-15 il müddətinə azadlıqdan məhrum edilib. Digər əməkdaşlar, elektrik, anbardar və texniki işçilər sərbəst buraxılıb.
Prosesdə cəza alanların heç biri öz cinayət əməllərini etiraf etməyib, bəraət qazanmağa çalışıblar. “Biz yuxarıların tapşırıqlarını icra edirdik” deyə özlərini gühahkar saymayıblar.
Bergen-belsen.jpg (112 KB)
Bergen-Belzen düşərgəsi ilə bağlı növbəti məhkəmə prosesi 1946-cı ildə keçirilib. Bu dəfə müttəhimlər kürsüsündə qaçmağa nail olanlarda 23 nəfər əyləşib. Bu 23 nəfərdən 14-ü ən ağır cəzaya, asılmaqla ölüm hökmünə məhkum ediliblər.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10