Ekspert: "Yüksək rütbəli məmurlar, deputatlar pomidor istehsalı ilə məşğuldurlar”
İran bir sıra ərzaq məhsullarının, o cümlədən kartof, pomidor, badımcan və soğanın ölkədən çıxarılmasına qadağa qoyub.
İranın ixraca tətbiq etdiyi qadağa Azərbaycanda da bu məhsulların qiymətinə təsir edib. Son bir neçə gündür tərəvəzlər 20-50 qəpik arası bahalaşıb.
Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəindəki topdansatış bazarının satıcıları Meydan TV-yə bildiriblər ki, bahalaşma qıtlıqla bağlıdır.
İrandan məhsul gətirilmir, Türkiyə və Gürcüstandan gətirilən məhsulların isə qiymətində artım var.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, qadağa tətbiq edilən kimi Azərbaycanda tərəvəzin qiyməti artıb.
"Bir neçə gündür tərəvəzlər, xüsusilə badımcan və bibər kəskin bahalaşıb, təxminən 60-70 faiz qiymət artımı var. İran Azərbaycana daha çox tərəvəz ixrac edirdi. Çünki ölkədə əhalinin tələbatını ödəyəcək qədər meyvə-tərəvəz istehsal edilmir”, – ekspert deyib.
Vahid Məhərrəmlinin sözlərinə görə, bahalaşma var, ancaq yaxın bir neçə gündə kəskin qiymət artımı daha çox müşahidə ediləcək: "Bu sahə ilə məşğul olan sahibkarlar çox çevik reaksiya verirlər, qadağa ilə bağlı məlumat alan kimi anbarlarda olan məhsulları bahalaşdırırlar. Bilirlər ki, ölkədə bir o qədər məhsul yoxdur, amma tələbat var”.
Vahid Məhərrəmov,
Foto: Meydan TV
İranın tərəvəz ixracına tətbiq etdiyi məhdudiyyətdən də əvvəl Azərbaycanda pomidor və xiyar mövsümə görə baha satılır. Ekspert hesab edir ki, bahalığı istehlakın artması ilə əlaqələndrmək doğru deyil. Pomidor istehsalı ilə məşğul olan və məhsullarını Rusiya bazarına çıxaran sahibkarlar ötən il 50 milyon dollar dəyərində ziyana düşüblər. 45 min ton məhsulu Rusiya bazarına çıxarmaq mümkün olmayıb. Bəzi bölgələrdə bir çox sahibkar ziyana düşdüklərinə görə istixanaları sökmək məcburiyyətində qalıb.
"Ziyana düşən sahibkarlar bu il pomidor istehsalından imtina etdilər. Pomidorun mövsümə görə baha olması tələbatın artması ilə deyil, təklifin azalması ilə bağlıdır. Deyirlər ki, bu il pomidor ixracı artıb, tələbat varsa, niyə daxili bazara yönəltmirlər, Rusiya bazarına ixrac edirlər? Hazırda Rusiyada pomidor Azərbaycan bazarındakı qiymətdən ucuzdur”, – Vahid Məhərrəmli deyib.
Ekspert qeyd edib ki, Türkiyə və Gürcüstanda da pomidor ucuzdur. Bu isə onunla bağlıdır ki, Azərbaycanda bu sahədə monopoliya var: "Yüksək rütbəli məmurlar, deputatlar pomidor istehsalı ilə məşğuldurlar, çalışırlar ki, fermerləri bazara buraxmasınlar. İndi də faraş kartof istehsal edənlər məhsullarını Rusiya bazarına çıxarmaqda çətinlik çəkirlər”.
Vahid Məhərrəmli deyir ki, monopoliya olduğu üçün bazarda diqtə edilən qiymətlər olacaq: "Bazar inhisardadır. Azərbaycanda yalnız "Meyvəli bazar” var. Halbuki belə bazarların sayı beş-altı olmalıdır, rəqabət mühüti yaradılmalıdır. Bahalaşmanın əsas səbəbi inhisarçılıq və monopoliyadır”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında ötən ilin ilk ayı ilə müqayisədə tərəvəz istehsalı 4,5 faiz artıb.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatında isə bildirilir ki, bu ilin birinci rübündə Azərbaycandan 38 milyon 822 min dollar dəyərində 31 min 763 ton pomidor ixrac edilib.
Ötən ilin ilk 3 ayında Azərbaycandan 21 milyon 259 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac edilmişdi.