Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İşsizlik problemi: “Gənclər gözləyirlər ki, göydən 3 alma düşsün”


Azərbaycan hər il 100 min yeni iş yeri açmağı hədəfləməlidir.

Bunu Bakıda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib:

"Son 30 ildə əhalimizin sayı 3 milyondan çox artıb. Biz hər il 100 min yeni iş yeri açmağı hədəfləməli, əmək bazarında çıxan gənclərin işlə təmin olunmasına zəmin yaratmalıyıq. Bu, həm də sahibkarlar üçün maraqlı olmalıdır. Çünki biznes maraqlarının ümumilli maraqlarla üst-üstə düşməsi önəmli məsələlərdən biridir”.

Qeyd edək ki, işsizlik, ölkədə həllini tapmayan problemlər sırasındadır. Rəsmi rəqəmlərdə bu işsizliklə bağlı rəqəmlər daha az göstərilsə də, qeyr-rəsmi rəqəmlərdə bu rəqəmlər kifayət qədər yüksəkdir. Xüsusilə də bölgələrdə iş tapmayan əhali iş tapmaq ümidilə paytaxta üz tuturdu ki, bir neçə il bundan öncə bu vəziyyət geniş vüsət alsa da, hazırda bir qədər səngimə müşahidə edilir.Bu isə paytaxtda da iş yerlərinin “daralması” ilə bağlıdır.

Hazırda isə ölkədə 100 min iş yerinin açılacağı bildirilirsə, bu nə dərəcədə realdır və əgər bu qədər iş yeri açmaq mümkündürsə, niyə işsizlik problemi indiyədək həllini tapmır?

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, bu gün bəzi iş yerləri var, işçiyə ehtiyac, tələbat var, ancaq o işə gedib işləmək istəmirlər:

“Yəni maaşını az hesab edirlər, iş saatını uyğun görmürlər. Belə hallar çoxdur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu barədə bir neçə dəfə bildirib.Bu məsələnin bir tərəfidir. İndiki şəraitdə, dünyada olduğu kimi Azərbaycanda da iqtisadi böhran, qiymət artımı var. Ancaq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər şərait yoxdur, investisiya mühiti əverişli deyil. Məhkəmə-hüquq sisteminin vəziyyəti acınacaqlıdır. İş yeri hansı səbəbdən açılır? Gərək sahibkarlıq inkişaf etsin, sahibkarlar iş yerini açsınlar, biznesləri artsın, ölkəyə vəsait qoyulsun. Təəssüf ki, həm xarici, həm də daxili investorlar Azərbaycana sərmayə qoymaqda maraqlı deyil. Çünki mövcud problemlərlə bağlı hamı pulunun batmasından qorxur. Belə şəraitdə 100 min iş yerinin açılmasına inanmıram və bu qeyri-real görünür”.

Ekspert deyir ki, 2005-ci ildən 2015-ci ilə kimi Azərbaycanda iqtisadi bum dövrü, sıçrayış olub ki, bu insanlara müəyyən mənada çox mənfi təsir göstərdi:

“Belə ki, çox asan yolla pul qazana bildilər, bankdan pul götürə bildilər və s. Yəni biz özümüzü elə hiss etdik ki, sanki Avropayıq. İstədik ki, onlar kimi yaşayaq, pul qazanaq, özümüzü də çox işə verməyək. Onu da qeyd edək ki, son illərdə xaricdən çox sayda işçi qüvvəsi də cəlb edilib. Yəni o işlərə xaricilər cəlb olunub ki, bizimkilər o işdə çalışmaq istəmirlər. Başqa ölkələrdən fəhlələr gəlirdi, ucuz işçi qüvvəsi idi və bizimkilər o işi bəyənmirdilər. Ancaq biz buna tədricən alışacağıq. Biz onu qəbul etməliyik ki, Azərbaycanda elm, texnikanın inkişaf etdiyi ölkə, bu baxımdan da Avropa deyilik. Sadəcə, neft və qaza görə biz bir müddət istifadə edə bildik.

İndi insanlar məcburdurlar ki, az maaşa da qane olub gedib işləməlidirlər. Çünki əks halda variant yoxdur. Demirəm ki, belə də olmalıdır. Biz gərək çalışaq ki, elmi inkişaf etdirək, doğru məhkəmə sistemi quraq və insanlar daha çox qazanc əldə edə bilsin. Ancaq indiki şəraitdə bu mümkün deyil. Gənc nəsil görməyib, ancaq 1990-cı ildə vətəndaşlar istənilən işə razı idi ki, ayda 100-200 manat qazanıb ailəsini saxlaya bilsin. İndiki vəziyyət o vaxtkından qat-qat yaxşıdır. İnsanlar 300-500 manata iş tapa bilirlər, ancaq o maaşa işləmək istəmirlər. Bu vəziyyəti də aradan qaldırmaq üçün uşaqlara gərək təhsil verək. Yəni gedib ali məktəbə pul verib diplom almayaq”.

Əkrəm Həsənovun fikrincə, o ölkədə əməkhaqqı arta bilər ki, orada iqtisadi inkişaf var:

“Gərək gəlirlər artsın ki, maaş da artsın. Ancaq indi inkişaf yoxdur. Azərbaycan dünya bazarına neft və qazdan başqa heç nə satmır. Bizim nə elmimiz var ki, xaricə sataq, nə isə qazanaq. Hətta kənd təsərrüfatımız belə ürəkaçan deyil. Azərbaycanda hansı sahə var ki, o ölkəyə əlavə gəlir gətirsin və onun da hesabına maaş artsın. Yəni təhsil, elm, məhkəmə sistemi bərbaddır.

Yalnız normal olan neft və qazan sahəsi gəlir gətirir ki, o da əvvəlki kimi deyil. Mən o problemi deyirəm ki, insanlar maaşların artmayacağını qəbul etməlidirlər. Ancaq maaş kəskin artsa, inflyasiya da artacaq. Belə şərait heç kəsi qane etməyəcək. Biz gərək təhsilimizi inkişaf etdirək, ölkədə normal investisiya mühiti quraq ki, inkişaf olsun. Bu gün bu yoxdur, olmayan halda da pul artmayacaq. Heç kəs də gözləməsin ki, nəsə artacaq. Bunları demək məmin üçün də çətindir. Ancaq insanlara boş vədlər də veməyək. Yəni ki, qarşıdakı 10 il ərzində bu bumu görməyəcəyik.

Ona görə də insanlar hər bir işdən yapışmalıdırlar. Xüsusilə də gənclərə müraciət edirəm ki, ümidli olmasınlar. Onları da qınayıram ki, oxumurlar, gözləyirlər ki, göydən 3 alma düşsün, birdən-birə maaşları artsın. Ancaq belə bir amil olmayacaq”.

Nigar Abdullayeva
Cebhe.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10