“Hekayə müzakirəsi” layihəsindən Hüseybala Mirələmovun “Lələtəpə səltənəti” hekayəsi haqda yazarların fikirlərini təqdim edirik
Xatırladaq ki, bu layihədə dərc olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılır.
Cavanşir Yusifli
Zəif yazan və nasir olmayan (tinyətində-!) insanların yazılarında qəribə bir keyfiyyət olur: nələrsə danışır, nağıllayır, belə deyək, bəzən gül kimi bir mövzunu yaman günə qoyur, bəzən heç dəxli olmayan dialoqlar qurur, amma... bunlar bir yana, yazını (hekayəni) oxuyursan, birdən hiss edirsən ki, bunun böyrüylə başqa bir təhkiyə axıb gedir (çay kimi, həm də dibində daşları görünən çay-!), o başqa, yandan xısın-xısın axan hekayə müəllifin yazmaq istədiklərinin mükəmməl forması ola bilərdi. Bu “ikiləşmə” bütün zəif hekayələrdə həmişə hiss edilir, şəxsən mən hər oxuduğumda bunu duyuram. “Lələtəpə səltənəti” hekayəsi də o qismdəndir. Bu hadisəni poeziyada vaxtilə Əli Kərim müşahidə etmişdi: ... vardı dodaq-dodağa verib gülən qafiyə...
Söhbət hekayədən gedir, Mirələmovun 1) təhkiyəsi yoxdur, bütün mətn boyu bu hiss edilmir, sadəcə nələrsə danışılır, məzmun o qədər üzdədir, o qədər “rəndələnib” ki, hekayə, bədii nəsr məhsulu olmaq şansını tamamilə itirib. Hekayə yazmağın nə qədər böyük, nə qədər ağır zəhmət olduğunu bilən bilir, xam materialı necə var, elə təqdim eləmək ən azı acı gülüş doğurur. 2) Belə bir fabula əsasında çox ağrılı, çox-çox dərinlərə gedə bilən mətnlər yaratmaq olardı. Heyf...
Seymur Baycan
Heç bir sözüm, izahım, şərhim yoxdu. Əlim üzümdə qalıb. Ciddi deyirəm. Sadəcə bir suala cavab tapa bilmirəm. Görəsən, Azərbaycanda niyə doqquz bal gücündə zəlzələ baş vermir?
Mirmehdi Ağaoğlu
Ömrümdə belə bəsit hekayə oxumamışdım. Heyf o mövzuya ki, müəllif hekayəyə çevirib.
Ayxan Ayvaz
Uzun müddətdir Hüseynbala Mirələmovdan nəsə oxumurdum. Sağ olsun, bizi sevindirərək yeni əsərini qələmə aldı. Ona görə də bütün Azərbaycan xalqının adından Hüseynbala Mirələmova təşəkkür edirəm. Hekayəyə gəlincə isə… Bilmirəm, Hüseynbala müəllimin hekayəsi haqda nə yazım. Əlim gəlmir.