Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astaralı sahibkar: "Bəs güzəştli kreditlər hara gedir?"


Azərbaycanda yaz əkininə hazırlıq işləri başlanıb. Astara rayonunda fəaliyyət göstərən "Şindan" kənd təsərrüfatı kooperativinin sədri Kamran Zeydullayev güzəştli kredit alınmasında problemlərlə üzləşdiyini deyir. Onun vurğulamasına görə, kooperativi atası 1988-ci ildə yaradıb: "150 nəfər işçi qeydiyyatdadır. Kooperativin 54.02 hektar əkin və otlaq sahəsi var. Bu torpaq sahələrinin 28 hektarı dövlət fond torpaqlarının, yerdə qalanı isə kooperativdə çalışanların payıbəlli torpaqlarıdır".
"Banklar güzəştli kredit vermirlər"
K.Zeydullayev deyir ki, kooperativin mal-qarası da var. Arı da saxlayırlar: "Kollektivimizdə 50 baş iribuynuzlu, 165 baş xırdabuynuzlu heyvan və 10 baş at var. Vergini vaxtında ödəyirik".
Onun sözlərinə görə, geniş istehsal sahəsi olan "Şindan" kooperativinə banklar güzəştli kredit vermirlər: "Bizim torpaqlarımız, əsas fəaliyyət yerimiz dağda yerləşir. Bu il beş hektarda kartof əkini nəzərdə tutmuşuq. Adətən, dağda kartof əkini bu vaxtlar həyata keçirilir, avqustun sonlarında yığılır. İki hektarda naringi əkmişik. Ora su xətti çəkilməlidir. Bu və ya digər işləri görmək üçün 5-6 min manata ehtiyacımız var. Əlimizdə isə vəsaitimiz yoxdur".
Güzəştli kreditlə bağlı "Şindan" kooperativi Kənd Təsərrüfatı Nazirliyinə məktubla müraciət edib. Bu qurumdan bildirildiyinə görə, nazirlik cavab məktubunda "Bank Respublika" və "Unibank"ın Lənkəran filialına müraciət etməyi məsləhət görüb.

"Yaz əkinlərinin keçirilməsi üçün pulu haradan tapaq?"
Kooperativin sabiq direktoru Kamran Cəbiyevin atası Zeydulla Cəbiyevin sözlərinə görə, onları yekunda "Unibank"ın Lənkəran filialına yönəldiblər: "Bir dəfə "Unibank"dan güzəştli kredit götürmüşəm. Faizin köçürülməsində bir-iki dəfə gecikmələr oldu. Səbəb var idi, banka bu barədə məlumat vermişəm. İndi ödəmələr vaxtında yerinə yetirilir. Cəmi 1000 manat qalıb. Bank isə oğluma bildirib ki, atana görə sənə kredit vermirik...".
Onun deməsinə görə, girov qoymağa kifayət qədər resurslar var: "İndi biz nə edək, kimə ağız açaq? Yaz əkinlərinin keçirilməsi üçün pulu haradan tapaq? Banklar, adətən, kənd təsərrüfatına kredit verməkdən yayınırlar. Deyirlər ki, riski çoxdur. Məcburuq adi qaydada banklardan pul götürək. Bu da bizə baha başa gəlir. Bəs bu kənd təsərrüfatı üçün nəzərdə tutulmuş güzəştli kreditlər hara gedir?".
Z.Cəbiyev deyir ki, oğlu bununla bağlı "Unibank"ın sədrinin birinci müavininə məktub yollayıb: "Cavab gözləyirik".
"Unibank"ın Lənkəran filialı ilə əlaqə saxlamaq mümkün olmayıb. Bankın Bakıda yerləşən mərkəzi ofisindən isə bildiriblər ki, kredit verilərkən təsərrüfata və onun keçmiş kreditləri ödəmə imkanlarına baxırlar: "Kredit almaq istəyən kimdirsə müraciət eləsin, onu yönəldək".
"Dövlət Aqrar İnkişaf Mərkəzi o proseslərdə..."

Astara Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov da bankların işinə qarışmadıqlarını deyir: ""Şindan" kənd təsərrüfatı kooperativi sovet dövründə yaradılıb. Müstəqillik dövründə qeydiyyatdan keçməyib. Əkinə görə subsidiya ala bilmir. Torpaq sənədləri düzgün deyil, buna görə torpaqların çıxarışını ala bilmir. Arıçılığa, bir də süni mayalanmaya görə subsidiya alır. Sənədləri düz deyil. Bankların tələbləri var. Ya onun borcu var, ya da vaxtında pul götürüb qaytarmayıb. Ciddi bir səbəb var ki, vermir".
O vurğulayıb ki, proses bankla vətəndaşların arasında gedir: "Dövlət Aqrar İnkişaf Mərkəzi o proseslərdə iştirak etmir".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10