1840-1930-cu ilə qədər Azərbaycanda hansı qəzalar fəaliyyət göstərib?
Xanlıqlardan sonra yaranmış əyalətlər
Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra xanlıqlar və sultanlıqları ləğv edərək əvəzində əyalət və dairələr yaratmışdır.
Burada konkret olaraq 6 əyalət -
Bakı,
Talış (indi Lənkəran adlandırılır),
Şirvan,
Nuxa (1968-ci ildən Şəki),
Qarabağ,
Quba əyalətləri,
2 dairə -
Yelizavetpol (Gəncə 1804-1918-ci illərdə Yelizavetpol adlanmışdır),
Car-Balakən dairələri
və 2 distansiya -
Qazax,
Şəmşəddil distansiyaları yaradılmışdı.
Əyalət və dairələr 1840-cı ilə qədər mövcud olmuşlar.
Quberniyaların, mahalların, qəzaların və polis nahiyələrinin yaranması
Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Bu qanunla komendant idarə-üsulu, əyalətlər ləğv edildi, quberniyalar və onların nəzdində mahallar əvəzinə qəzalar yaradıldı.
1840-cı il 10 aprel qanununa əsasən Cənubi Qafqaz mərkəzi Tiflis (1936-cı ildən Tibilisi adlanır)olan Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Kaspi (Xəzər) vilayətinə bölündü.
Quberniya və vilayət özləri də qəzalara, qəzalar polis nahiyələrinə (dairə), polis nahiyələri isə kənd cəmiyyətlərinə bölünürdü.
İlk olaraq Azərbaycanda 8 qəza
Bakı,
Şamaxı,
Lənkəran,
Nuxa,
Şuşa,
Quba,
Yelizavetpol (Gəncə),
Dərbənd yaradılsa da, qəzaların sayı sonralar 19-a (Naxçıvan, İrəvan, Ordubad, Zəngəzur, Şərur-Dərələyəz, Cavad, Cavanşir, Cəbrayıl (Karyagin), Qazax, Göyçay, Ərəş) çatdırılmışdır.
Qeyd edək ki, 1860-cı ildə Dərbənd quberniyası, o cümlədən Dərbənd qəzası ləğv edilərək ərazisi Quba qəzasına, 1850-ci ildə yaradılmış Ordubad qəzası isə 1867-ci ildə ləğv edilərək Naxçıvan qəzasına birləşdirilmişdir.
Kaspi (Xəzər) vilayətində 7 qəza və 32 nahiyə təşkil olundu.
Bakı,
Lənkəran,
Şamaxı,
Şəki,
Şuşa,
Quba,
Dərbənd qəzaları Kaspi vilayətinə daxil idi.
Çarizm maraqları naminə regionda gələcəkdə milli zəmində münaqişə törətmək məqsədi ilə tarixi Azərbaycan torpaqları olan Yelizavetpol (Gəncə), İrəvan, Naxçıvan qəzaları və Car-Balakən dairəsini Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil etmişdir. Lakin Gürcüstan-İmeretiya quberniyası və Kaspi vilayəti cəmi 6 il (1840-1846) mövcud oldu.
Quberniya və vilayətlərin tərkibində dəyişiklik
Çar I Nikolayın 1846-cı il 16 dekabr tarixli fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası və Kaspi vilayəti ləğv edildi.
Onların əvəzində cəmi 4 -
Tiflis,
Kutaisi,
Şamaxı,
Dərbənd quberniyaları yaradıldı.
Quba qəzası Dərbənd quberniyasının tərkibində qaldı. Yelizavetpol və Naxçıvan qəzaları Tiflis quberniyasının tərkibində saxlanıldı. Car-Balakən torpağı və İlisudan ibarət Car-Balakən dairəsi təşkil edildi.
Şamaxı quberniyası
Şamaxı,
Bakı,
Lənkəran,
Nuxa (Şəki),
Şuşa qəzalarından ibarət idi.
1849-cu il iyunun 9-da İrəvan quberniyası təşkil olundu. Naxçıvan və Ordubad qəzaları həmin quberniyaya aid edildi (Azərbaycan tarixi. 10-cu siniflər üçün dərslik. B.,2005, səh.45).
Lənkəran qəzası
Göründüyü kimi Azərbaycanda yaradılmış qəzalardan biri də Lənkəran qəzası olmuşdur.
Lənkəran qəzası 1840-cı il aprelin 10-da yaradılmış və 1929 (1930)-cu ilə qədər mövcud olmuşdur.
Qəzanın sahəsi - 5,4 min kv.km.
Əhalisi – 1859-1864-cü illərdə
79.258 nəfər
(tatar (türk – İ.Ş.)- 35.035 nəfər,
talış – 34.344 nəfər,
rus – 5.534 nəfər,
digər millətlər – 4345 nəfər),
1897-ci ildə bu qəzada əhali 130.987 nəfər, 1926-cı ildə isə 208.479 nəfər olmuşdur.
1926-cı ilin siyahıyaalınmasında qəza əhalisinin milli tərkibi aşağıdakı kimi olmuşdur:
türklər – 111.181 nəfər (53,3 %),
talışlar – 77.261 nəfər (37,1 %),
ruslar – 13.384 nəfər (6,4 %),
digər xalqlar – 6.653 nəfər (3,2 %).
Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Lənkəran qəzası Şimali Azərbaycanın cənub-şərqində yerləşirdi.
O, şərqdən Xəzər dənizi,
cənub-qərbdən İran dövləti,
şimaldan əvvəl Şamaxı,
1868-ci ildən sonra isə Cavad qəzası ilə həmsərhəd olmuşdur.
Qəza Azərbaycan Respublikasının indiki Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə etmişdir. Lənkəran qəzası 1840-1859-cu illərdə Şamaxı quberniyasının tərkibində olmuşdur.
1859-cu ildə baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri dağıldığından quberniyanın mərkəzi Şamaxı şəhərindən Bakıya köçürülmüş və quberniya Bakı quberniyası adlandırılmışdır.
Lənkəran qəzası 1859-cu ildən Bakı quberniyasının tərkibində olmuşdur.
1860-cı ildə Dərbənd quberniyası və qəzası ləğv edilərək ərazisi Quba qəzasına birləşdirilmiş və Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edilmişdir.
1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyası yaradıldığı üçün Bakı quberniyasının tərkibində olan Nuxa (Şəki) və Şuşa qəzaları Yelizavetpol quberniyasına daxil edilmişdir.
Sonralar Bakı quberniyasının tərkibində Göyçay (1867) və Cavad (1868) qəzaları yaradılmış və Bakı quberniyası 1868-ci ildən etibarən 6 qəzadan –
Bakı,
Lənkəran,
Cavad,
Şamaxı,
Göyçay,
Quba qəzalarından ibarət olmuşdur.
Lənkəran qəzası 1840-1917-ci illərdə 5 polis nahiyəsinə bölünmüşdür. Qəzanın polis nahiyələri aşağıdakılar idi:
1.Lənkəran – mərkəz Lənkəran.
2. Astara – mərkəz Astara.
3. Zuvand (Vərgədüz- indiki Yardımlı rayonu da buraya daxil idi) – Lerik.
4. Ərkivan – Nikolayevka (Kalinovka, indiki Viləşkənd).
5. Sebican – Prişib (Göytəpə).
Polis nahiyələri özlüyündə kənd cəmiyyətlərinə bölünürdülər.
Qəzada olan kənd cəmiyyətlərinə misal olaraq
Lənkəranda Girdəni, Gərmətük, Veravul, Kərgəlan, Sifidor, Seydəkəran, Şıxəkəran, Şiləvar, Rvo,
Astarada Bütəsər (Pensər), Ərçivan, Təngərud, Rudəkənar, Siyaku, Səncərədi, Pui,
Lerikdə Tülüconi, Veri, Hoveri, Kəlvəz, Mistan, Mondigah, Şingədulan, Orand, Cəngəmiran, Gürdəsər, Vistən, Sori, Razano ,
Masallıda Boradigah, Qızılağac, Xırmandalı, Musakücə,
Cəlilabadda Alar, Pokrovka (Astraxanbazar/Cəlilabad),
Yardımlıda Arus, Perembel (Vərgədüz/Yardımlı) və digərlərini göstərmək olar.
Kənd cəmiyyətləri özündə bir neçə kəndi birləşdirirdi.
Məsələn, Lənkəran polis nahiyəsinə daxil olan Girdəni kənd cəmiyyəti Girdəni, Havzava, Rəzi, İncəçolə, Siyatu-Xanlu kəndlərini,
Ərkivan polis nahiyəsinə daxil olan Boradigah kənd (1966-cı ildən qəsəbə) cəmiyyəti Boradigah, Mahmudavar, Miyanku, Hişkədərə, Türkoba, Tüklə kəndlərini,
Astara polis nahiyəsinə daxil olan Ərçivan kənd (2012-ci ildən qəsəbə) cəmiyyəti Ərçivan, Maşxan, Kijəbə (1966-cı ildən qəsəbə), Burzuband, Lovayin, Qəjimardə, Sərək və d. kəndləri,
Zuvand polis nahiyəsinə daxil olan Kəlvəz kənd cəmiyyəti Kəlvəz, Kələxan, Qosmalyan, Hüseynabad, Amburdərə, Niməkeş, Tabloğoc kəndlərini əhatə edirdi.
Quberniya və qəzalarda idarəçilik sistemi
Quberniya çar tərəfindən təyin edilmiş qubernator,
qəzalar general-qubernator,
polis nahiyələri pristav,
kənd cəmiyyətləri isə kəndxudalar tərəfindən idarə olunurdu.
1917-ci il Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları yaradılmışdır. 1917-1929-cu illərdə qəzalar, o cümlədən Lənkəran qəzası polis nahiyələri deyil, dairələrə bölünmüşdü. Qeyd olunan dövrdə Lənkəran qəzası Lənkəran şəhəri, Sara (Sarı) adası və 9 dairədən (Astara, Astraxanbazar, Boradigah, Vərgədüz, Lerik, Masallı, Mistan, Prişib, Şürük) ibarət idi.
Əhalinin sayına (1926-cı ilin məlumatı) görə ən böyük dairə Astraxanbazar (37.598 nəfər) və Boradigah (28.622 nəfər) idi.
Lənkəran qəzasının gerbi
Bu gerb 21 may 1843-cü ildə yaradılmışdır.Gerbin yuxarı hissəsində tarla fonunda qalxan və Kaspi vilayətinin gerbindən parça verilmişdir. Aşağıda məhsul bolluğunu bildirən dırmığın tarladakı təsviri verilmişdir ki, bu da qəzanın Muğan çöllüyündə ilanların çoxluğunu göstərmişdir (Etibar Əhədov. Lənkəran boğçası. B.,1993, səh.79-80).
1930-cu ildə qəza və mahallar ləğv edilərək əvəzində ölkə üzrə rayonlar (54) yaradılmışdır.
Lənkəran qəzasının yerində 1930-cu il avqustun 8-də Astara, Astraxanbazar (1967-ci ildən Cəlilabad), Lənkəran, Masallı, Zuvand (1938-ci ildən Lerik) və Vərgədüz (1938-ci ildən Yardımlı) rayonları yaradılmışdır.
Onu da qeyd edək ki, 1918-1920-ci illərdə-cümhuriyyət dövründə də bu idarəçilik sistemi qalmışdır.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
Qeyd: Yazı FB-də Zahir Amanov səhifəsində paylaşılacaq. Yazı ilə bağlı kimin fikir və mülahizələri olarsa FB-də yerləşəcək yazının rəy bölümünə yaza bilər
Ədəbiyyat:
1.ASE, VI cild. B.,1982
2.Azərbaycan tarixi, I cild. B.,1994
3.Azərbaycan tarixi, 10-cu sinif üçün dərslik. B.,2005
4.Azərbaycan SSR inzibati-ərazi bölgüsü. B.,1968
5.Əsədov F. Talış diyarının keçmişinş bir nəzər. B.,1993
6.Əlizadə N. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə tarixindən. B.,1974
7.Əhədov E. Lənkəran boğçası. B.,1993
8.Hüseynbalaoğlu B., Talışlı M. Lənkəran. B.,1990
9.Həmati V., Xansıvo R. Qədim Həmat tarixdə. B.,2015
10. İsmayılov M. Azərbaycan tarixi. B.,1992
11. Talışlı M., Əhədov E. Lənkəran: ensiklopedik məlumat. B.,2014
12.Mirzəzadə Ə. Tarix və Zaman. B.,2017
13. Şamaxı ensiklopediyası. B.,2015
14.Vikipediya.