Ayaqları çarpazlayıb oturan, baş barmaq ilə işarət barmağını birləşdirən gözüyumulu insan görəndə ağlımıza ilk olaraq yoqa gəlir. Amma çoxumuz da yoqanın onlarla növündən, insan sağlamlığı üçün xeyrindən xəbərsizik. Kundalini yoqa üzrə peşəkar məşqçi Kristina Maxova da AYNA-ya müsahibəsində bu sahənin incəliklərindən danışıb:
- Təxminən 4 il öncə, hamiləlikdən sonra çox dərin depressiyaya girdim. Həmin müddətdə bir nəfər ilə tanış oldum. O, mənə kundalini yoqa ilə məşğul olmağı məsləhət gördü. Həmin müddətdə kundalini yoqa ilə məşğul olmağa başladım. Öncə özüm kundalini yoqa məşqləri ilə dərin depressiyadan çıxdım və düşündüm ki, bunu həyat tərzinə çevirməliyəm. Daha sonra artıq peşəkar olub digər insanlara da yardım etmək qərarına gəldim və bu sahə üzrə təhsil almağa başladım.
Qeyd edim ki, mən öncə digər yoqa növləri ilə də məşğul olmuşam. Amma məhz kundalini yoqa mənə imkan verdi ki, mən şüuraltımda olan problemin səbəbini tapıb, onu həll edim və depressiyadan çıxım. Bir sözlə, kundalini yoqa insanın emosional vəziyyəti ilə tez və effektiv işləməyə və müsbət nəticələr əldə etməyinə yardımçı olur.
Mən kundalini yoqaya başqa yoqa növlərinin hərəkətlərini qatmıram. Orijinal kundalini yoqasını necə öyrənmişəmsə, o cür də tələbələrimə öyrədirəm. Qeyd edim ki, bu yoqa növünü öyrənmək üçün bir neçə kursda təhsil almışam, amma bununla kifayətlənməmişəm. Ən önəmlisi Beynəlxalq Kundalini İnstitutunun məzunuyam. Öz üzərimdə daim işləyirəm. Bu gün belə, təhsilimi müxtəlif kurslarda davam etdirirəm ki, peşəmi daha da mükəmməl öyrənim.
- Yoqaya insanların əksəriyyəti idman növü kimi baxır. Kundalini yoqa idman növü sayılırmı?
- Öncəliklə bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Yoqa idman deyil. Əgər kimsə idmanda əldə edilən nəticəni kundalini yoqada əldə etmək məqsədilə məşğul olacaqsa, yaxşısı budur, digər idman növlərindən birini seçsin. Doğrudur, biz də bədənlə işləyirik. Amma daha çox şüuraltı ilə, hisslər ilə işləyirik.
- Yaş və cins fərqi varmı? Kimlərə yoqa məsləhət deyil?
- Kundalini yoqa ilə hətta uşaqlar da məşğul ola bilərlər. Təbii ki, uşaqlar üçün daha yüngül formada seanslar keçirilir. Məsələn, mənim öz qızım 4 yaş yarımlıqdır və mənimlə birlikdə yaşına uyğun kundalini yoqa ilə məşğul olur. Uşaqların nəfəs məşqlərini, daha çətin hərəkətləri isə 15 yaşından sonra etmələri daha məqsədəuyğundur. Yuxarı yaş həddi yoxdur. 60-65 yaşda olan tələbələrim var. Hətta 65+ insanlar da xüsusi proqramla məşq edə bilər. Burada məşqçidən çox şey asılıdır. Tələbəsini tanımalı, onun problemlərini və xəstəliklərini bilməli və ona uyğun məşqlər hazırlamalıdır ki, tələbəni sağaltsın. Əks halda doğru proqram seçilməzsə, tələbənin vəziyyəti daha da ağırlaşa bilər.
- Kundalini yoqa dünyada necə tanınmağa başlayıb?
- Kundalini yoqanı ABŞ-a ilk dəfə olaraq Yogi Bhajen gətirib. O vaxt ABŞ-da narkotik aludəçiləri, həyatda heç nə etmədən sərbəst yaşayan insanlar olub. Bu cərəyan Hipi adlanırdı. Hamımız yaxşı bilirik ki, narkotik istifadəsi insanın emosional sistemini dağıdır, daha sonra fiziki sağlamlığına ciddi problemlər yaradır. Bhajen ABŞ-da məşqlərə ilk olaraq narkotik aludəçiləri ilə işləməyə başlamışdı. Kundalini yoqa sayəsində bir çox narkomanlar sağlam həyata qayıtdılar. 1990-cı illərdə isə SSRİ-yə Marşal adlı şəxs gətirib. O, Rusiyada Yakov Marşal adlı xəstəxana açaraq narkotik aludəçilərinin sağalması üçün işlər görməyə başlayıb. Peşəkar müəllimlə kundalini ilə məşğul olan narkotik aludəçisi çox rahatlıqla bu alışqanlığından uzaqlaşa bilər. Həmçinin kundalini yoqada bir çox mənfi asılılıqlardan uzaqlaşmaq üçün xüsusi məşqlər də var.
- Hansı qrup insanlara yoqa məsləhət deyil?
- Əgər adamda fikizi problem varsa, məsələn, əl-ayağın qırılması kimi problemlər zamanı məşq edə bilməz. Hamiləlik zamanı isə müəllim nəzarəti ilə məşq etmək lazımdır. Hamilə qadınların kundalini ilə məşq etməsi onlar üçün çox xeyirlidir. Amma dediyim kimi müəllim nəzarəti ilə. Epilepsiya xəstələrinə də kundalini məşqləri etmək yalnız müəllim nəzarəti ilə, üz-üzə işləmək şərtilə və həkimin icazəsi ilə mümkündür. Şizofreniya xəstələrinə qəti qadağandır.
- Uşaqların yoqa ilə məşğul olması onlara nə verir? Faydası nədir?
- Əsəbi, sinir sistemlərində problem olan, imtahanqabağı stress keçirən uşaqlara kundalini yoqa mütləqdir. Hətta mənə görə məktəblərdə də 12-15 yaşlı uşaqlarda keçid dövründə, imtahana hazırlaşan 10-11-ci sinif şagirdlərinin də kundalini yoqa ilə məşğul olmaları əla olar.
- Yoqa vərdişləri dəyişməkdir, şüuraltı insanların dəyişməsidirsə, ruhi xəstələri müalicə etmək mümkündür? Məsələn, yüngül şizofreniyanı.
- Əgər hansısa yoqa müəllimi deyirsə ki, şizofreniya xəstəliyini yoqa ilə müalicə etmək olar, bu, doğru deyil. Kundalini yoqa şizofreniya xəstələrinə qəti qadağandır. Kundalini yoqa psixolji problemi olan, depressiyada olan, stresli insanlara yardım edə bilir. Hətta əsəbsakitləşdirici dərmanları qəbul etməzdən öncə kundalini yoqanı yoxlamaq lazımdır. Bəlkə, heç o dərmanlar sizə lazım olmadı. Amma qəbula başlamısınızsa, birdən-birə dərmanları saxlayıb yoqaya keçmək qəti olmaz. Həkim ilə məsləhətləşib, yoqa ilə məşğul olduğunuzu bildirməlisiniz. O zaman yavaş-yavaş dərmanları azaltmaq olur. Əks halda xəstənin sağlamlığına ziyan dəyə bilər.
- Siz həm də onlayn dərslər deyirsiniz. Maraq necədir? Ancaq qadınlar müraciət edir?
- Bəli, bizdə əsas tələbələr xanımlardır. Təəssüflər olsun ki, Azərbaycanda kişilər stress atmağı başqa yollarla edirlər. Məsələn, siqaret çəkmək, içki içmək və s. Bu da stress atmaq əvəzinə insanı daha da yükləyir. Kaş, kişilər nəhayət anlaya ki, yoqa ilə məşğul olmaq onlar üçün utancverici hərəkət deyil. Bu gün dünyada minlərlə kişi yoqa ilə məşğul olur. Hətta son illərdə dəb halını alıb. Kişilər müraciət edəndə də individual məşqlərə üstünlük verirlər.
- Arıqlamaq, dərinin cavanlaşması və s. məqsədlər üçün yoqaya müracit olunur?
- Kundalini yoqa ilə məşğul olmağa başladığınız gündən artıq fərqi görmək mümkün olur. Yoqa şüuraltına təsir etdiyi üçün bədən formasını müsbətə doğru dəyişir, insan sağlam qidalanmağa başlayır. Hətta bədən, üz forması, səs də dəyişir və insan özünün ideal formasına qovuşur.
- Yoqa məşqçisi olmaq üçün psixologiyanı bilmək önəmlidir?
- Mən öz adıma deyə bilərəm ki, hər zaman öz üzərimdə işləyirəm. Həm psixologiyanı, həm yoqanı, həm kouçinqi dərindən öyrənirəm. Hətta hazırda “Azerbaijan New Skeel Academy”-də təhsilimi davam etdirirəm. Gələcəkdə kouç olmaq üçün beynəlxalq sertifikat almağa əla imkan yarandı və mən də bu imkandan istifadə etdim. Yoqa və kouçinqi birləşdirmək məni daha da fərqli edə bilər deyə düşünürəm.
- Kundalini yoqa ilə hər gün məşğul olmaq lazımdır? Məsələn, tələbələr ilə hər gün necə məşğul olursunuz?
- Tələbələrin çoxu iş xanımlarıdır. Onları hər gün bir məkana toplamaq çətindir. Bunun mükəmməl çıxış yolu onlayn dərslərdir. Onlayn şəkildə hər birimiz məşqlərə qoşularaq məşq edir və birlikdə uğur qazanırıq.