Bu xanlığın tərkibindəki mahalların sərhədlərini bilirsinizmi?
XVIII əsrin ortaları Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ olmuşdur. Bu dövrdə Azərbaycan müstəqil və yarımmüstəqil feodal dövlətlər olan xanlıqlar (hansı ki onların 12-si indiki şimalda - Gəncə Qarabağ, Şəki, Şamaxı, Dərbənd Quba, Bakı, Talış, Cavad, Salyan, İrəvan, Naxçıvan, 8-i indiki cənubda - Təbriz, Ərdəbil Marağa, Urmiya, Xoy, Sərab, Maku, Qaradağ, camaatlıq (onu da qeyd edim ki, ərəb dilində bu söz ayrıca icmalar birliyi mənasını verir bu ad – Çar - Balakən ərazisinə aid idi, sultanlıq (sultanlıqlar xanlıqdan balaca, sultanlar tərəfindən idarə edilən ərazilərə deyilirdi) (Qazax Şəmşəddil (indiki Ağstafa), Qəbələ, Ərəş (indiki Ağdaş), İlisu (indiki Qaxda kənd) və məlikliklərə (hansı ki bu məliklərin hamısı Qarabağda yerləşirdi) parçalanmışdır.
Xanlıqlardan biri Talış xanlığı olmuş və Azərbaycanın şərqində yerləşmişdir.
Talış xanlığı
şərqdən Xəzər dənizi,
qərbdən Ərdəbil,
şimal-qərbdən Qaradağ (indiki İran ərazisi),
cənubdan Gilan,
şimaldan Salyan, Cavad (sonradan Salyan xanlığı Şamaxı xanlığına birləşdirilmiş, Cavad xanlığı isə Şamaxı və Qarabağ xanlıqları arasında bölüşdürülmüşdür) xanlıqları ilə həmsərhəd idi.
Xanlığın mərkəzi əvvəl Astara, sonra isə Lənkəran şəhəri olmuşdur.
Talış xanları sülaləsinin banisi səfəvilər sülaləsindən olan əslən ərdəbilli Seyid Abbas, xanlığın banisi isə Cəmaləddin xandır (1747-1786). Cəmaləddin xan qara olduğundan daha çox Qara xan kimi tanınmışdır.
Talış xanlığı 79 il, 1747-1826-cı illərdə mövcud olmuşdur. Xanlıqlar xan tərəfindən idarə olunur və inzibati cəhətdən mahallara bölünürdü.
Tarixi mənbələrdə Talış xanlığının gah 6, gah 10, gah da 11 mahaldan ibarət olması faktlarına rast gəlirik. Eyni zamanda mahalların adlarında da fərqlilik vardır. Xanlıq haqqında əsas mənbə fars dilində yazılmış “Cavahirnameyi-Lənkəran” (Səidəli Kazımbəyoğlu, 1869) və “Əxbarnamə” (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882-1883) əsərləridir. “Cavahirnameyi-Lənkəran” əsəri 2005-ci ildə Səfər Şirinovun tərcüməsi və Hacı Etibar Əhədovun redaktorluğu ilə “Səidiyyə” adı altında çap olunmuşdur.
“Səidiyyə” kitabında xanlığın mahallarının sayı 11 – Astara, Çayiçi Lənkəran, Dırığ (Derığ), Dəştvənd, Əsalim, Qorqanrud, Muğan, Uluf, Ucarud, Vilgic və Zuvand (səh.28), “Əxbarnamə”də isə 10 – Astara, Alar, Adınabazar, Çayiçi, Drığ, Ərkivan, Xanbili, Lənkəran, Səfidəşt və Zuvand (b.,2009, səh.158) qeyd olunur.
Maraqlıdır ki, “Səidiyyə”də Çayiçi Lənkəran bir mahal kimi verildiyi halda, “Əxbarnamə”də onlar ayrı-ayrı mahallar kimi qeyd edilmişlər.
Digər tərəfdən Dəştvənd-Ərkivan, Ucarud-Səfidəşt fərqli mahallar deyildir. Mənbələrdə Dəştvənd mahalı bəzən Ərkivan adlandırılır.
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu yazır: “Bu sətirlərin yazıldığı 1882-ci ildə böyük rus imperatorunun jurnalında Səfidəşt adı altında qeyd edilmiş o mahalın əsl adı Ucarud mahalıdır” (“Əxbarnamə”. B.,2009, səh.26).
Lakin 1828-ci ildə tərtib edilmiş Talış xəritəsində Ucarud və Səfidəşt iki müstəqil mahal göstərilmişdir.
“Əxbarnamə”də Səfidəşt, Alar və Adınabazar müstəqil mahal kimi təqdim edildikləri halda, “Səidiyyə”də Səfidəşt, Alar və Adınabazar Ucarud mahalının tərkib hissələri kimi qeyd olunmuşlar.
Göründüyü kimi “Səidiyyə” və “Əxbarnamə” əsərlərində Talış xanlığından bəhs edilsə də, bu kitablarda xanlığın mahallarının sayı və onların adları uyğun gəlmir.
“Cavahirnameyi-Lənkəran” (“Səidiyyə”) əsərində adları qeyd edilmiş mahalların sərhədləri aşağıdakı şəkildə verilmişdir.
1. ASTARA
Mahalın sərhədləri cənubdan Lömir kəndindən (hazırda İranda yerləşir) şimalda Bütəsər kəndinədək (Astara r. indiki Pensər kəndi), şərqdən Xəzər dənizi sahilindən qərbdə Vilgic mahalına qədər olmuşdur. Mahal şimaldan Çayiçi Lənkəran, şimal-qərbdən isə Zuvand (indiki Lerik rayonunun aşağı hissəsi) mahalları ilə həmsərhəd idi. Astara mahalı indiki Astara rayonunun ərazisini əhatə etmişdir.
Bu gün Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər (L.-n), Tüli və Coni (L.-k) kəndləri Astara mahalının tərkibində olmuşlar.
2. ÇAYİÇİ LƏNKƏRAN
Mahal 22 kənddən ibarət olub, Lənkəran şəhərinin ətrafında yerləşmişdir. Mahalın belə adlandırılmasının səbəbi Lənkəran (Vazəru) çayının bu mahalın içində olması ilə bağlıdır.
“Qədim Həmat tarixdə” kitabından oxuyuruq: “Çayiçi Lənkəran mahalının içində həm də qədim bir mahal olub. Həmin mahalın adı Xanbili mahalı olmuşdur. Xanbili mahalı Çayiçi Lənkəran mahalının dənizkənarı ərazisi olmuşdur. O, xanlıq dövründə ayrıca bir mahal idi” (V.Mirzəzodə, R.Xansıvo.B.,2015, səh.62-63).
Qeyd edim ki, “Səidiyyə” kitabında Xanbilinin adına mahal kimi rast gəlinmədiyi halda, “Əxbarnamə”də Lənkəran, Xanbili və Çayiçi müstəqil mahallar kimi qeyd edilmişdir.
Çayiçi Lənkəran mahalı indiki Lənkəran rayonunun Gərmətük (1971-ci ildən qəsəbə), Bəlləbur, Şürük, Kosalar, Şiləvar, Şıxəkəran, Xolmili, Mamusta, Siyavar, Kərgəlan, Şağlakücə, Qurunba, Rvo, Şovu, Digah, Darquba (Darğaoba), Velədi, Aşağı Nüvədi (1971-ci ildən qəsəbə), Yuxarı Nüvədi və d. kəndlərini əhatə etmişdir.
Bu gün Lerik rayonunun tərkibində olan Hamarat və Bradi kəndləri də Çayiçi Lənkəran mahalının tərkibində olmuşlar.
3. DIRIĞ (DERIĞ)
Xanlığın dağlıq hissəsinin mərkəzi mahalı idi. Dırığ (Derığ) cənubdan Zuvand, şimal-şərqdən Çayiçi Lənkəran, qərbdən Ucarud (indiki Cəlilabad və Yardımlı rayonu) mahalları ilə həmsərhəd olmuşdur.
Mahalın tərkibinə Lerik (2008-ci ildən şəhərdir), Barzavu, Bızəy (Büzeyir), Cəngəmiran, Camaşair, Mondigah, Orand, Şingədulan, Gürdəsər, Lüəkon (Lüləkəran), Nüvədi, Noda, Vistən, Sori, Savekon (Sifəkəran), Zenoni və digər kəndlər daxil idi. Mahal indiki Lerik rayonunun ərazisində yerləşir.
4. DƏŞTVƏND
Mahal mənbələrdə bəzən Ərkivan da adlandırılır. Dəştvənd mahalı Boradigahdan (Masallı r.-da qəsəbə) Göytəpəyə qədər olan əraziləri əhatə etmişdir. Boradigah özü mahalın tərkibində olmamışdır. Dəştvənd mahalı Şərqdən Xəzər dənizinə, qərbdən isə indiki Ucarud ərazisinin Masallıya yaxın olan kəndlərinə qədər ərazisini əhatə etmişdir. (Konkret olaraq Yardımlı rayonunun harasına qədər-bu barədə mənbələrdə dəqiq məlumat yoxdur). Şimaldan Muğan, cənubdan isə Uluf mahalları ilə həmsərhəd olmuşdur.
5. ƏSALİM
Xəzər dənizinin sahilində yerləşmişdir. Şərqdə Xəzər dənizi, cənubda Gilan xanlığı, qərbdə Ərdəbil xanlığının Xalxal mahalı və Qorqanrud mahalı ilə həmsərhəd idi. (Qorqanrud hazırda iran ərazisindədir ) Türkmənçay sülh müqaviləsindən (1828) sonra İran ərazisində qalmışdır.
6. QORQANRUD
Xanlığın cənub mahallarından biri idi. Şərqdə Xəzər dənizi, cənubda Əsalim mahalı, qərbdə Ərdəbil xanlığı, şimal-şərqdə Astara və şimal-qərbdə Vilgic mahalları ilə həmsərhəd olmuşdur. Mahal öz adını eyni adlı çayın adından götürmüşdür. Keçmiş Qorqanrud mahalı hazırda İranın Talış şəhristanına daxil olan nahiyyələrdən biridir.
7. MUĞAN
Adından da göründüyü kimi mahal xanlığın Muğan ərazisinin müəyyən hissəsini, indiki Cəlilabad rayonunun ərazisi sayılan torpaqların bir qismini, o cümlədən Göytəpə şəhəri, Privolnoye, Qarazəncir və digər yaşayış məntəqələrini əhatə etmişdir.
8. ULUF
Lənkəran şəhərinin qədim sərhəddi olan Ləkər körpüsündən (Girdəni kəndi) başlayaraq Bədəlan kəndinə (Masallı r.) qədər uzanmışdır. Cənubdan Çayiçi Lənkəran, şimaldan isə Dəştvənd mahalları ilə həmsərhəd olmuşdur. Mahalın eni isə Xəzər dənizindən Dırığ (Derığ) mahalına qədər olmuşdur. İndiki Lənkəran və Masallı rayonlarının bir sıra yaşayış məntəqələri Girdəni, Havzava, Veravul, Vilvan, Cil, Separadi, Mahmudavar, Boradigah, Bədəlan və d. Uluf mahalının tərkibində olmuşlar.
9. UCARUD
Xanlığın şimal-qərb hissəsində Balharud (Bolqarçay) çayının cənub-şərqində, hazırkı Buravar silsilə dağlarının şimalında yerləşmişdir. Mahal indiki Yardımlı rayonunu və Cəlilabad rayonunun bir hissəsini əhatə etmiş, digər hissəsi isə İran ərazisində Ərdəbil şəhristanının Germi rayonuna daxil olan beş nahiyədən birini təşkil edir.
10. VİLGİC
İran ilə sərhəd olan dağlıq ərazidə yerləşmişdir. Türkmənçay sülh müqaviləsindən (1828) sonra mahalın bir hissəsi İranın, digəri isə Azərbaycanın tərkibində qalmışdır.
11. ZUVAND
Xanlıqda dağlıq mahal olmuşdur. O, xanlığın cənubunda yerləşmiş, cənubdan Astara, şimaldan Dırığ (Derığ), şərqdən Çayiçi Lənkəran mahalları ilə həmsərhəd idi. Zuvand mahalının tərkibində həm də balaca mahal statuslu Piran mahalı (mikroregion) olmuşdur. Piran regionunun bir neçə kəndi, məsələn, Hamarat, Bradi Çayiçi Lənkəran mahalına tabe edilmişdir. Piran mahalının mərkəzi Veri kəndi sayılırdı. Zuvand mahalına Andurma, Anzoli, Veri, Çayrud, Rvarud, Küsəkəran, Siyov, Dico, Dizdipok, Tikəband, Xəlifənoni, Zardoni və digər kəndlər daxil olmuşdur. Keçmiş Zuvand mahalı hal-hazırda Lerik rayonunun ərazisinə daxil olaraq İran İslam Respublikası ilə həmsərhəddir.
Mahallar özlüyündə şəhər və kəndlərə bölünürdülər. Xanlığın idarəetmə sistemi aşağıdakı şəkildə qurulmuşdur.
Xanlıq xan,
mahallar naiblər,
şəhərlər kələntər və qalabəyi,
kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu.
Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergi hesabına ödənilirdi.
(Növbəti yazımızda)
Rusiya işğaldan sonra - 1840-a qədər Azərbaycanın indiki şimalındakı ərazisində 6 əyalət yaratdı.
1840-1929-ci illərdə isə həmin əyalət quberniyalara, quberniyalar qəzalara, məntəqələrə, onlar isə pristavlıqlara, polis nahiyələrinə, kənd cəmiyyətlərinə bölündü. Bütün bunlar barədə isə növbəti yazımızda sizi məlumatlandıracağıq.
P.S.
1. Çox əfsuslar olsun ki, xanlığın tarixi Talış adı dəyişdirilərək Lənkəran adlandırılmışdır. Son 10-15 ildə çap olunmuş tarix dərsliklərində, kitablarında xanlığın adı Lənkəran xanlığı kimi yazılır.
2. Dırığ, Zuvand, Piran və Orand Lerik rayonunun ərazisində yerləşir və onlar qeyri-rəsmi olaraq rayonun mikroregionları hesab olunur. Digər bir mikroregion isə Pornayim adlanır. Pornayim Lerik və Yardımlı rayonlarının bir sıra yaşayış məntəqələrini əhatə edir.
Yazının müəllifi, onun hər sətrinə cavabdeh şəxs kimi bildirirəm ki, təqdim etdiyim mövzuda istər FB-də, istər üzbəüz şəkildə bütün mübahisələrə, müzakirələr hazıram. Dəyərli tarixçi alimlərimiz bu müzakirələrə qoşulsa, çox şad olardım.
İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi
Ədəbiyyat:
1.ASE. IX cild, B.,1986
2.Azərbaycan tarixi . I cild, B.,1994
3.Azərbaycan tarixi. 9 (dərslik). B.,2005
4.Azərbaycan tarixi. 8 (dərslik). B.,2015
5.Səidəli Kazımbəyoğlu. “Səidiyyə”. B.,2005
6.Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. “Əxbarnamə”. B.,2009
7.M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B.,2017
8.V. Mirzəzodə, R.Xansıvo. Qədim Həmat tarixdə. B.,2015
9.Ə. Mirzəzadə. Tarix və Zaman. B.,2017
Buna da bax.
teleqraf.com