Azərbaycan bu problemi Qarabağda qaytarılan torpaqların köməyi ilə həll edəcək
Bir çox ekspertlərin fikrincə, Ukraynaya qarşı hərbi təcavüz səbəbindən Qərb ölkələrinin tətbiq etdiyi ağır sanksiyalar Rusiya taxılının bahalaşmasına gətirib çıxaracaq. Azərbaycan da Rusiyadan taxıl idxalından asılı olan ölkələr sırasındadır.
Bəs, Azərbaycan hökuməti Rusiya taxıl tədarükündən asılılıqdan qurtulmaq üçün hansı tədbirlər görür?
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanın taxıla olan tələbatı 3,5 milyon tona yaxındır: “Bunun da 2,4 milyon tonu ərzaq məhsullarının istehsalına sərf olunur. Məhz ərzaq məhsullarının istehsalı üçün istifadə olunan taxılın hansı hissəsinin başqa ölkələrdən Azərbaycana gətirildiyi məlum deyil. Belə bir statistika yoxdur. Amma məlumdur ki, bu taxılın böyük hissəsi xaricdən gətirilir”.
Direktorun sözlərinə görə, Azərbaycanda 2 milyon tondan bir qədər çox taxıl istehsal olunur: “Taxılın qalan hissəsi xaricdən gətirilir. Qeyd etmək istəyirəm ki, Azərbaycan ərzaq taxılına olan tələbatını tam ödəmək üçün əlindən gələni edir. Hakimiyyət orqanları taxıl istehsalını hər cür stimullaşdırır. Dövlət fermerlərin istehsal xərclərinin 40 faizini kompensasiya edir”.
Beyləqanlı fermer Alim Məmmədov isə AYNA-ya açıqlamasında F.Fikrətzadənin dediklərini təkzib edib. Bildirib ki, taxıl istehsalı ilə bağlı xərclərin böyük hissəsi fermerlərin özləri tərəfindən çəkilir.
“Dövlət buğda əkilən sahələrin hər hektarı üçün bizə 240 manat subsidiya verir. Biz özümüz bundan dörd dəfə çox xərcləməliyik. Yonca əkin sahələrinə də hər hektara 70 manat subsidiya verilir. Yenə də xərclərin böyük hissəsini öz üzərimizə götürməliyik”, - deyə o vurğulayıb.
Xaçmaz rayonundan olan fermer Nazim Məmmədov da eyni problemi yaşadıqlarını söyləyib: “Dövlət subsidiyaları fermerlərin xərclərinin cüzi hissəsini belə, ödəmir”.
Milli Məclisin üzvü, iqtisadçı ekspert Vahid Əhmədovun AYNA-ya dediyinə görə, Azərbaycan ərzaq buğdasının böyük hissəsini təkbaşına istehsal etmək gücünə qadirdir: “Bunun üçün işğaldan azad edilmiş Qarabağda əkin sahələrini səpmək kifayətdir. Unutmamalıyıq ki, Ermənistan ərzaq taxılının böyük hissəsini Qarabağdan alırdı”.
Deputat əmindir ki, Azərbaycanda taxıl qıtlığı olmayacaq: “Axı ölkənin Baş naziri Əli Əsədov Azərbaycanda kifayət qədər taxıl ehtiyatının olduğunu bildirdi. Ərzaq taxılının bahalaşacağına da inanmıram. İqtisadiyyat Nazirliyi artıq bəyan edib ki, süni qiymət artımına yol verilməyəcək”.
Xatırladaq ki, martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı Baş nazir Əli Əsədov Azərbaycanda kifayət qədər taxıl ehtiyatının olduğunu deyib: “Burada ərzaq təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirilib. Bu, yeni problem deyil. Xaricdən əsas taxıl mənbəyimiz Rusiyadır. Xaricdən gətirilən buğdanın 1 tonunun baza qiyməti 225-240 dollardan 340 dollara qalxıb. Həmçinin Rusiya hökumətinin ixrac rüsumları da 28 dollardan 34 dollara qaldırılıb. Bu boşluğu aradan qaldırmaq üçün 2021-ci ildə idxalçılara 75 milyon manatadək subsidiyalar verilib”.
Əsədov qeyd edib ki, subsidiyalara baxmayaraq, 50 kq ağırlığında bir kisə unun qiyməti 26 manatdan 36 manata qalxıb, lakin bu da son deyil: “Bunlar müharibədən əvvəlki rəqəmlərdir. Son günlər baş verən prosesləri və əsas ixracatçı ölkə olan Rusiyaya qarşı sanksiyaları nəzərə almaq lazımdır. Rusiya hökumətinin başçısı hələ də ixraca icazə verir. Kifayət qədər taxıl ehtiyatımız var”.
Müəllif: Rəşad Rüstəmov