Bayramlarda istirahət günlərinin bir neçə gün əvvəldən başlamasını istərdinizmi?
Bayramlarla əlaqəli qeyri-iş günlərinin bayramdan bir neçə gün əvvəl başlamalı olduğunu düşünənlər var. Belə hesab edənlərin fikrincə, bayrama hazırlıq görmək üçün bir neçə gün lazımdır. Buna görə də Qurban, Novruz, Ramazan, Yeni il kimi bayramlarda istirahət günü bayrama bir neçə gün qalmış verilməlidir ki, hazırlaşmaq imkanı olsun.
Əks halda istirahət günü elə bayram günündən başlayır və bayrama hazırlıq görmək qəliz işə çevrilir. Alış-verişdə yaranan uzun növbələrin, qaçaqaçlı hazırlığın elə bayram günündə yüksək əhval-ruhiyyədə olmağa da mane olduğu bildirilir.
“Bayramlarda istirahət günlərinin bir neçə gün əvvəldən başlamasını istərdinizmi? Sizcə, xüsusilə, hansı bayramlarda qeyri-iş günlərinin bayramdan bir neçə gün əvvəl olmasını daha məqbul hesab etmək olar?” AYNA bu suallarla sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Beləliklə:
Səbinə Yusif: “Bayramdan iki gün öncə vaxt verilsə, əlbəttə, yaxşı olar. Bu, əsasən, qadınlar üçün daha münasib olar. Çünki onlar bayram üçün biş-düş edir, ev-eşiyi təmizləyirlər. Doğrudan da, bayram günü insan o qədər işləyir ki, yemək yeməyə də həvəs qalmır. İstirahət günlərindən iki gün öncə qeyri-iş günü verilsə, daha yaxşı olar. Bayram günlərində həm istirahət etmək olar, həm də qonaq qarşılamaq, qonaq getmək. Mən xüsusilə, Ramazan və Novruz bayramlarından bir neçə gün əvvəl qeyri-iş gününün başlanmasını arzu edərdim. Çünki bu bayramlara xüsusi olaraq hazırlıq görülür”.
Şəhla Vahid Xəlili: “İlaxır çərşənbə də daxil olmaqla, bayrama qədər tətil olsa, bayramdan 1-2 gün sonra tətil bitsə, yaxşı olar”.
Elnurə Abuşova: “Bayrama qədər istirahət verməyib, bayramdan sonra yeknəsək qeyri-iş günlərinə qarşı etiraz səsləndirənlərdən biri mənəm. Bayram həftəsi gecə saat 3-dən tez yata bilmədim, çünki bayram təmizliyi edirdim. Hələ mən biş-düşü pulla alıram. Onları evdə hazırlayan iş xanımlarını da düşünmək lazımdır. Məncə, verilən tətil günləri bayramdan əvvəl və sonra olmaqla yarı bölünməlidir. İnsanlar bayrama yorğun-arğın girir, bayramın dadı-duzu da qalmır. Beləcə, həmçinin rayonlara gedəndə də yollarda xaos yaşanmaz”.
Səyyarə Elxan: “Ümumiyyətlə, mən hesab edirəm ki, bayramlarda ən az 3 gün istirahət verilməlidir. Həmin istirahət günləri bayramdan 1 gün əvvəl, bayram günü və bayramdan bir gün sonra olaraq paylana bilər”.
Leyla Abdullayeva: “Elə il olur ki, dekabrın 30-u iş günü, 31-i bayram günü kimi qeyd edilir. Bu da çətinlik yaradır. Çünki dekabrın 30-u işdə olan adamlar 31-i bayram gününə hazırlıq görə bilmirlər. Bu, təkcə işləyən adamlar üçün yox, elə işləməyənlər üçün də çətinlik yaradır. Amma istirahət günü bayramdan 2-3 gün əvvəl olsa, yaxşı olar. Bayram üçün bazarlıq etməyin özü heç də asan deyil. Özü işləməsə də, həyat yoldaşı işdə olan qadınlar bazarlıq etməyə tək gedə bilmirlərsə, bu, onlar üçün çətindirsə, belə halda onlar da bayrama hazırlıq üçün yubanırlar. Novruz bayramında xüsusilə şirniyyatlar hazırlanır. Eyni zamanda ölkəmizin şimal bölgəsində Ramazan bayramına 3-4 gün əvvəldən hazırlaşırlar. Şəkərbura, qoğal və s. bişirirlər. Məsələn, onlar üçün də bayram günü istirahəti Ramazan bayramından bir neçə gün əvvəldən başlasa, çox yaxşı olar. Bir məqamı da qeyd etmək istəyirəm. Məsələn, bayramı rayonda qeyd etməyi planlaşdıran adamlar evdə qalanlar üçün şirniyyat hazırlığı görüb, elə getmək istəyirlər. Lakin bayramdan əvvəl istirahət verilmədiyi üçün bunu edə bilmirlər”.
Orxan Cuvarlı: “Məsələn, 19-27 mart qeyri-iş günü olmaqdansa, 15-23 mart olması daha məntiqli olardı”.
İlahə Babyeva: “Əlbəttə, elə olsa, camaat tələsmədən işini bilər. Çox adam bayramdan sonra işə başlayanda da yorğun olur. İstirahət günü bayramdan 3 gün öncə olsa, məncə, əla olar”.
Fərid Balaş: “Bayram yaxınlaşanda bayramdan qabaqkı həftəni yarıiş günü etmək olar. Bayramdan sonra evdə qalmaq daha uyğundur, nəinki əvvəl”.
Afaq Miraiq: “Düzünü desəm, bu fikirlə tam razılaşmaq olmur. Tutaq ki, bayram günlərindən əlavə bir neçə gün bayrama hazırlıq üçün ayrılsa, mart ayı demək olar ki, tətil ayı olacaq. Nəzərə alsaq ki, 8 martda da 3 gün evdə olduq, bu, müəssisələrin işində ləngimələrə gətirib çıxara bilər. Hələ tətildən sonra işə çətinliklə adaptasiya olmaqdan danışmıram. Əgər 8 günlük bayram tətili günləri bölünərək bayram hazırlığına ayrılsa, onda da insanların istirahət hüququ pozulmuş olacaq. Eləsi var ki, il ərzində istirahətsiz çalışır, bəlkə də, bu tətil günlərini hava, su kimi gözləyir. Kimisi ölkədən kənara, ya da bölgələrimizə dincəlməyə getmək istəyir. Tətil günlərinin belə bölünməsi o şəxslərə sərf etməyəcək. Yalnız istirahət də deyil, eyni zamanda insanlar həmin günlərdə təxirə saldıqları işlərini görürlər. Uzun müddət baş çəkmədikləri yaxınları ilə görüşürlər. Yalnız axır çərşənbə ilə bağlı demək istərdim ki, ölkəmizdə axır çərşənbə əksər ailələrdə qeyd edilir, bu günün də bayram günü elan edilməsi yaxşı olardı. Həmin gün iş günü olduğundan hazırlaşmaq olmur. Sadəcə olaraq bayram ərəfəsində iş yerlərində də əməkdaşlara bayram hazırlığı ilə bağlı anlayışla yanaşıla bilər, əfsus ki, əksər müəssisələrdə bunun əksini görürük”.
Emin Hüseynzadə: “İlaxır çərşənbə mütləq bayram günü, istirahət günü olmalıdır. Hesab edirəm, indiyədək olmaması səhvdir”.
Lətifə Həsənova: “Açığı, bu haqda heç fikirləşməmişdim. Sualınızdan sonra düşündüm ki, bu, əslində necə möhtəşəm olar! Mütləq növbəti illərdə bu, nəzərə alınmalıdır. Xüsusilə də belə bir həftəlik tətillərdə”.
Arzu Kərimov: “Təklif edirəm ki, il boyu ayrı-ayrı təqvimlərdə keçirilən bayramları birləşdirib bir ay bayram edək. O biri ayları da işləyək”.
Könül Oruc: “Bu fikri dəstəkləyirəm. Onsuz da bizdə iş saatının çoxluğu və işlərin ağırlığı insanları yetərincə yorur. İnsanların ömrü demək olar ki, işləməyə həsr olunub. Fikrimcə, Novruz, Ramazan və Yeni il bayramlarından dən 1-2 gün öncə qeyri-iş günü olsa kifayət edər. Belə olan halda hər kəs işini rahat şəkildə tənzimləyər, xüsusilə də xanımlar. Bu həmçinin insanlara motivasiya verər. Belə olmadığı halda, bayram günündə bütün işləri bir-birinə qarışan xanımlar necə deyərlər, bayramın ləzzətini çıxara bilmirlər. Halbuki bayramlar istirahət etmək, əylənmək üçün ən uyğun zamandır. Lakin işlərin çoxluğundan bir çox insan nəinki istirahət edə bilmir, hətta daha çox yorulur. Təbii ki, bu qərarın təkcə xanımlara deyil, bəylər də şamil olmasını istəyərdim. Fikrimcə, ailənin birlikdə bayrama hazırlaşmasının özü belə bir dəyərdir".
Jalə Bənnayeva: “İstirahət günü bayramdan iki gün əvvəl verilsə, daha yaxşı olar. Bu, bayramı rayona gedib ailəsi ilə keçirmək istəyən insanlar üçün də daha əlverişli olar”.
Əmək və sosial hüquq üzrə ekspert Ruslan Hümbətov bayram günlərinin qanunvericiliklə hansı formada tənzimlənməsi barədə AYNA-ya şərhində deyib ki, bayramlarda istirahət günlərinin müəyyən edilməsi Əmək Məcəlləsinin 105-ci maddəsində öz əksini tapıb: “Həmin maddəyə görə, bayram günləri ümumilikdə qeyri-iş günü olan və olmayan hesab edilməklə iki yerə ayrılıb. Belə ki, Yeni il, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı qeyri-iş günü olan bayramlardır. Həmin günlər iş günü hesab edilmir”.
“Yəni həmin günlərdə – iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. Qısaldılmış iş rejimində işləyənlər istisna olunmaqla (91-93 maddə), qalan iş yerlərində qeyd olunan bu bayramlardan əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz”, - deyə mütəxəssis bildirib.
“Bununla yanaşı, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Həmçinin bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Bu il mart ayında biz bunun (8 mart və Novruz bayramı ilə əlaqədar dəyişikliklər edildiyinin ) şahidi olduq. Gördüyünüz kimi qanunvericiliyin tələblərini gözləmək şərti ilə hökumət iş və istirahət vaxtlarını insanların normal istirahəti üçün tənzimləməyə çalışır. Düzdür, 8 Martla bağlı bu il qərar sonuncu iş gününün axşam saatlarında elan olunduğundan, işçilər istirahətlərini tənzimləməkdə çətinlik çəkdilər, amma Novruz bayramında qərar kifayət qədər vaxtında verildi”, - deyə ekspert fikrini davam etdirib.
Hümbətov sonda işçilərin bir sıra hallarda ödənişsiz məzuniyyətdən də faydalana biləcəklərini diqqətə çatdırıb: “Ola bilər ki, insanın xarakteri, şəxsi və məişət məsələlərinin çoxluğu ilə əlaqədar bayramqabağı, yaxud bayramda işlərini çatdıra bilmirlərsə, yenə də qanunvericiliyin tələbinə uyğun ödənişsiz məzuniyyət götürüb öz işlərini həll edə bilərlər. Hansı ki, ailə-məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərin 7 təqvim gününədək, eyni zamanda işəgötürənlə qarşılıqlı razılıq əsasında 6 aydan çox olmamaqla (maddə 129, 130) ödənişsiz məzuniyyətdən istifadə etmək hüquqları var”.
Müəllif: Aləmdə Nəsib