Ayxan Ayvazın Bakıdakı qadın sığınacağından yazdığı reportajı təqdim edirik.
Dayımqızına və bütün şiddət görmüş qadınlara...
Qadın sığınacağına getdiyimiz gün günəşin səxavətli şüaları hər yeri mirvari kimi parıldadırdı. Darvazanın qabağında dayanıb siqaret çəkirdik. Dördmərtəbəli, mavi boyalı evdən uşaqların şən səsləri gəlirdi.
Sığınacağın sədri Mehriban Zeynalova maşınla içəri keçəndə biz də arxasınca düşdük. Maşından düşəndə Mehriban xanım yorğun-yorğun gülümsündü və əli ilə açılmış qapını göstərib bizi qabağa ötürdü. Sürücü maşında qaldı və bu yerdə həyətdə voleybol oynayan uşaqlardan biri qaça-qaça gəlib maşının qapısından tutdu:
“Dayı, nolar, minim, bir kruq sür də”.
Bizə qapını beş-altı qız uşağı açdı.
"Mehriban xanım sizi gözləyir" - dedi bir-ikisi.
Gülümsünür və bizə pilləkəni göstərirdilər.
Mehriban Zeynalovanın otağına getdik. Sədr bizə bələdçi xanımı qoşdu və dedi ki, yorğun olduğu üçün özü iştirak edə bilməyəcək.
Qadın sığınacağı üçüncü mərtəbədə idi, ora çatanda bələdçi bizə ayaqqabılarımızı çıxarmağımızı xahiş etdi. Pilləkənin başında uşaq ayaqqabılarını qırağa çəkib ayaqqabılarımızı çıxardıq. Bu vaxt yataq otaqlarının qapıları açıldı, sığınacaqdakı qadınlar tələsik bizə baxıb tez də qapını bağladılar. Qapıların hamısı eyni vaxtda açılıb eyni vaxtda örtüldü.
Bu mərtəbədə yataq otaqları, sanitar qovşağı vardı və darısqal dəhlizdə çömbəlib oturan uşaqlar bizə təəccüblə baxırdılar. Dəhlizin başındakı dəmirbarmaqlı pəncərədən uşaqların üstünə parça-parça işıqlar düşürdü. Onların qabağında bir-iki ayı oyuncağı vardı və oyuncaqların bəzilərinin çiyinləri yırtılmışdı.
İki uşaq döşəmədə üz-üzə oturub bir-birinin yaxasından yapışmışdı. Onların yanında, ayaqüstü bir uşaq kədərlə o uşaqların bir-birini dartışdırmasına baxırdı. Pəncərənin o üzündə hündürmərtəbəli bina görünürdü və qadınlardan biri əlləri qoynunda o səmtə doğru baxırdı. O biri qadınlar üzlərini gizləyə-gizləyə pəncərənin sağında və solunda çömbəlmə oturub ayaqlarını qucaqlamışdılar.
Yataq otağı mənə əsgər kazarlamalarını, həbsxana kalonlarını xatırlatdı. Otağın içində ikimərtəbəli çarpayılar, dəmirbarmaqlı pəncərə, boynubükük ayı oyuncağı, şkafların tutacağına qoyulmuş rəngli qız oyuncaqları, dovşan, siçan, at “mişka”ları, qoşa çarpayının yuxarısında oyuncaq pinqivin, o birisində canavarla dovşan və bir də əllərini cibinə salıb pərdəni aralayaraq çölə baxan qadın vardı.
Qadın bizi görən kimi tələsik pərdəni çəkib otaqdan çıxdı. Yataq otağında uşaqların oyuncaqlarından, yorğan-döşəkdən, bir də bayaqkı qadının pərdəni çəkəndə azacıq işığı qalmış pəncərədən savayı heç nə qalmadı.
- Sığınacaqda nə qədər qadın qalır?
- 15 qadındı, 40-a yaxın da uşaq. – bələdçi deyir. – İşə gedib gələnlər də var. Artır da, azalır da.
“Hər qadının bir hekayəsi var” deyir bələdçi xanım.
A. adlı qadın 20 il zorakılığa məruz qalıbmış. Yoldaşı keçmiş polis olub. Qadın, demək olar, məhbus həyatı yaşayıb, evindəki otağı kameraya çevrilib. Qaçmağa, kimdənsə kömək istəməyə heç cür imkan tapa bilmirmiş. Sonradan bir yolla sığınacaqdan xəbər tutub, özünü bu sığınacağa çatdırıb. Yoldaşı sığınacağa qaçdığını bilib, bura haqqında xoşagəlməz sözlər söyləyib, qadını öldürəcəyi ilə hədələyib.
“Deyəsən, işgəncə faktı da vardı. Bu indi araşdırılır. Getdikcə yaxşılığa doğru gedir”. – bələdçi xanım çətinliklə üzünə təbəssüm qondurur.
Biz hər yataq otağına girib-çıxa bilmirik, qadınlar narahat olduqlarından dəhlizin ucundan hazırda boş olan otaqlara baxıb söhbət edirik. Bu vaxt bir qız uşağı məktəbli çantasını döşəməyə atıb deyir:
- Ufff!
Oğlan uşağı onun qabağına yüyürür:
- Nə oldu? Necə keçdi dərs?
- Heç yaxşı olmadı e. Dərsi elə də yaxşı oxumamışdım.
Deyəsən, onlar qardaş-bacıydılar, oğlan uşağı onun döşəmədəki çantasını götürüb deyir:
- Əşşi, vecinə alma, gəl əl-üzünü yu, gedək uşaqlarla oynayaq.
Dəhlizdə çömbəltmə oturmuş uşaqlar qardaş-bacıya qoşulub başdakı yataq otağına doluşurlar. O yataq otağında da əlləri qoynunda bir qadının pəncərədən çölə baxdığını görürük.
“Qadınlar bura gəlmədən əvvəl reabilitasiyaya, psixoloqun yanına aparılır. Vəziyyəti stabilləşəndən sonra gətirilir bura. Əgər yaxşılaşarsa, həyati təhlükəsi yoxdursa, sığınacaqdan gedə bilər. Bura həbsxana deyil” – deyir bələdçi xanım.
Hicablı xanım girəcəkdəki yataq otağından çıxır və bizi görəndə ayaqlarının yalın olduğunun fərqinə varır, sağ ayağını sol ayağıyla örtüb başını aşağı salır.
- Bu xanım nə səbəbə burdadır?
- Yoldaşı onu diləndirirmiş. Çöldə dilənib ona pul gətirirmiş. – bələdçi deyir.
Hicablı xanımın yanına keçəl bir uşaq gəlir, xanımın yalın ayaqlarının üstünə çıxıb qulağına nəsə pıçıldayır.
- Oğludur?
- Yox. Bu uşağı bura gətirib qoymuşdular, anası, atası bilinmir. Uşağa da bu xanım baxır.
Pəncərənin o üzündən oynayan uşaqların səsləri gəlir, biz o səslərin müşayiəti altında bələdçi xanımla yuxarı mərtəbəyə, dərzi otağına gedirik. Bu mərtəbə aşağıdakıdan daha geniş və işıqlıdır, dörd tərəfdə yataq otaqları, televizor, divan və sağ tərəfdə dərzi otağı var. Dərzi otağında asılqandan asılmış qadın paltarları gözə dəyir, bir-ikisinin üstündən şlyapa da qoyulub.
- İşləyən xanımlar yoxdur?
- Burda dərzilik kursu keçirilir. Həftənin beş günü. Bu gün şənbə olduğundan heç kim yoxdur. Ancaq burda hər gün qadınlar paltar tikməyi, kəsməyi öyrənirlər.
Bu mərtəbədə qadınlar təkcə paltar tikmirlər, həm də aşağı mərtəbədən kitab götürüb oxuyanlar, televizoru açıb seriallara baxanlar da var. Hər şey təp-təzədir.
- Nə qədər işçi var sığınacaqda?
- Doqquz işçiyik. Hüquqşünas, psixoloq, sosial işçilər. Aşpazımız da var. Daha əvvəl sığınacaqda qalan qadındır. İndi isə biz onu işçi kimi götürmüşük.
- Gecə nə qədər işçi qalır burda?
- Növbə ilə qalırıq. Çalışırıq heç bir problem olmasın. Burda qidalanma, dərslər, psixoloji dəstək veririk.
B. adlı xanım aylarla əri tərəfindən döyülür, zorakılığa məruz qalırmış. Günlərin birində əri qadının boynuna zəncir keçirib onu otağa bağlayıb. Qadın günlərlə o vəziyyətdə həmin otaqda yaşayıbmış. Əri bütün günü içir və gəlib qadının üzərində cinsi zorakılıq edir, hətta uşaqlarını döyürmüş. Uşaqlardan biri döyülməkdən qanaxmaya düşmüş, xəstəxanaya çatdırılmışdı.
Hərdən-hərdən qadın sığınacağına buranın sakinlərinin ərləri, yaxud qardaşları hücum edir, doğmalarını təhdid və hədələrlə evə aparmağa çalışırlar.
“Onda bizim əməkdaşlar müdaxilə edirlər və şükür Allaha ki, hələ heç bir hadisə baş verməyib. Uşaqları dərsə aparanda da onlar “axrana” ilə gedirlər. Çünki biz heç nədən sığortalanmamışıq”.
“Barışanlar olur? Bu cür şiddətlərdən sonra təzədən o evlərə qayıdanlar...”
“Biz ailəni dağıtmaq istəmirik. İstəyirik ki, o qadınlar burda öz həyatlarını rahat keçirsinlər, travmalarını bir az olsun unutsunlar. – bələdçi xanım aşağı düşəndə deyir. – Əgər xanım razıdırsa, problem eləmirsə, o zaman görüşmələrinə icazə verilir. Barışmaq işi artıq xanımın özünə qalır. Çünki elə xanımlar var ki, şiddətlə yaşamağa alışıblar. Ona görə də biz onlara heç nə deyə bilmərik”.
Quşların səsi gəldi, göyərçinlər uşaqların oynadığı həyətdə yerə qonub dənlənməyə başladılar. Bələdçi xanım bizə başqa bir qadının həyat hekayəsini danışırdı.
Deyirdi ki, Z.adlı bir xanım illər əvvəl bura gələndə üzündəki dəhşəti unuda bilmirmiş. Xanım Z.-nin əri onu saatlarla döyür, işgəncələr verirmiş. Bu dəhşətli günlərin birində əri onu şoka salacaq bir təklif irəli sürür: “Bədənini satıb mənə pul gətirəcəksən”. Həmin kişi evə dostları ilə birgə gəlir, içib əylənir və dostlarının da yoldaşına seksual təcavüzlər etməyinə şərait yaradır...
“Hələ biri var idi, yoldaşı onu yandırmışdı” – bələdçi xanım əllərini qoynunda çarpazlayıb danışır.
Bəzən gecələr qadın sığınacağından isterik səslər gəlməyə başlayır. Uşaqlar da bu səslərə qoşulub qışqırır. Bu ümumi qışqırıq səsi o vahimə dolu günlərə işarə edən adi bir sözdən başlaya bilir: ərini tərk edən qadınlardan biri hardansa ərinin adını eşidir, yaxud da ona elə gəlir ki, əri indicə sığınacağa gəlir. Gecələr qadın sığınacağında bütün nəğmələr ölür. Səssizlikdə iç çəkişləri, hıçqırtılar, ağlayışlar dəhliz boyu gəzişir.
“Hətta ərinin adı çəkiləndə sudurğası tutan qadın da olub. Başqa cür olanlar da olur. Günlərlə özünü otağa bağlayanlar da. O zaman biz onlara müdaxilə etməyə çalışırıq. Dərmanlarla sakitləşdiririk”.
Qadın sığınacağında həyat hekayələrini bölüşmək istəyən çox az sayda qadın var. Bələdçi xanımın dediyinə görə, bir neçə qadın var ki, onlara, ümumiyyətlə, nəsə soruşmaq olmaz, halları dəyişə, özlərindən gedə bilərlər.
“Ancaq bir xanım var, onunla söhbət edə bilərsiniz” – deyir bələdçi xanım və bir azdan yanımıza ortayaşlı bir qadın gəlir.
C. adlı xanım üç aydır bu sığınacaqda yaşayır. Əri uşaqlarını onun əlindən almaq istəyib, buna görə dəfələrlə qadının qaldığı ata evinə hücum çəkib, uşaqları özü ilə aparmaq üçün təhdidlərə, hədələrə baş vurub.
- Ata evində yaşaya bilməyib, bura gəldim. Dəfələrlə mənə şiddət göstərib. Başımı yarıb, tikiş atdırmışam. Polisə də düşmüşük. Bizi barışdırmaq istəyiblər.
- Yoldaşınız içki düşkünü idi?
- Yox, heç içki ilə arası yox idi. Başqa pis əməli də. Özü elə idi. Əsəbi, gərgin...
- Neçə ildir ayrılmısınız?
- Elə bil ki, o, 11 il türmədə olub. Mən də 11 ildir ondan ayrı idim, atamgildə qalırdım. Sonra gördüm ki, türmədə olsa da, yenə də imkan vermir yaşamağıma. Hardasa 2 ildir rəsmi boşanmışıq.
- İndi türmədədir?
- Yox, iki ildir çıxıb.
- Gəlir bura? Sizi qaytarmaq istəyir?
- Gəlir, hə. Uşaqları görmək, mənimlə barışmaq istəyir. Özü də hədiyyələrlə gəlir.
- Barışmaq istəmirsiniz?
- Yox, yox. Heç vaxt ola bilməz. Ondan heç nə də istəmirəm, heç bir tələbim yoxdur. Bircə məndən uzaq olsun.
- Sizcə, yoldaşınızda dəyişiklik olubmu? Hədiyyələrlə gəlir deyirsiniz bura...
- Qıraq-bucaqdan eşidirəm ki, deyir, mənim elədiklərimi düşmənə eləməzlər. Amma yenə də inanmıram ona. Çünki güvəni itirib. Hərdən təhdid edir, hərdən də peşman olur.
- Neçə uşağınız var?
- İki qızım var.
- Vaxtınızı necə keçirirsiniz burda?
- Çox yaxşı. İndiyə qədər həyatımda görmədiyim gözəl günləri burda keçirmişəm.
Xanım C. paltar tikir, dərzilik kursuna gedir, öz uşaqlarına baxır, hərdən də vaxt tapanda kitab oxuyur, serialları izləyir. Burda rəfiqələr də qazanıb, onlarla dostlaşıblar.
- Bir-birinizə öz yaşadıqlarınızı danışırsınız?
- Bizə onu danışmaq qadağan olunub.
- Qadınlar bir-birilərindən heç nəyi gizləyə bilmirlər. Necə saxlaya bilirsiniz yaşadıqlarınızı içində?
- Düzdü, qadınlar hekayələrini gizləyə bilmirlər. Ancaq bizə bu, qadağan olunub. Ona görə də danışmırıq.
- Yəni heç kim bir-birinin hekayəsini bilmir?
- Xeyr. Bəzi şeyləri bilirik, ancaq dərinlərə gedə bilmirik. Çünki bir çox qadının həyati təhlükəsi var.
Sığınacaqda olan başqa bir qadının, şəhid qızının hekayəsini danışdılar. Ata-anası Şuşada şəhid olandan sonra Bakıya gələn qızın həyatının faciəli hissəsi bu cür başlayır: Bakıda bu qızı bir qadın övladlığa götürür. Və... hekayənin ən dəhşətli tərəfi də bundan sonra start götürür. Onu himayəyə götürən qadın insan alveri ilə məşğul olurmuş. “Təzə ana” şəhid qızını pulla yaşlı bir kişiyə satıb. Ondan sonra da qızı itkin kimi qələmə veriblər. Sanki bu adda biri yox imiş. Adını, sənədlərini, ona aid olan hər şeyi dəyişiblər. Sonradan bu söhbət gün işığına çıxanda xanımın peyda olması hamını, onu tanıyanları şoka salıbmış. Hər kəs onu itkin hesab edirmiş. Deyilənə görə, indi o xanıma ev də verilib və bütün yaşadıqlarının üstündən çalın-çarpaz bir xətt çəkilib.
Bələdçi xanım bizi aşağıya, bufetə düşürür, yemək vaxtıymış. Uşaqlar iki bir, üç bir yeməkxanaya axışırlar. Bayaqkı hicablı xanımı və başqa qadınları da burda görürük. Aşpaz xanım qazanı açıb çömçə ilə qarışdırır. Yeməkxananın divarında, düz ortada kiminsə çəkdiyi qarışıq bir rəsm əsəri var, sürreal tablolara bənzəyir.
- Nə bişirmisiniz?
- Mərci.
- Həmişə mərci olur?
- Yox, mən kabab da bişirmişəm burda. – deyir gülümsünərək.
Əvvəllər sığınacaqda qalan, sonra aşpaz işləyən xanıma başqa bir qadın da kömək edir, birlikdə qabları yuyur, yemək hazırlayırlar.
- Uşaqlar hansı yeməyi sevirlər? Nə bişirirsiniz onlara?
- Uşaqlar aşla toyuğu sevirlər. – deyir və yeməkləri paylamağa girişir.
Balaca bir uşaq piştaxtaya yaxınlaşır. Əlini qrafinkaya uzadır.
- Su! - əli çatmayanda dilə gəlir.
Ona qrafinkadan su süzüb verirəm.
- Adın nədir sənin?
- Üç.
- Nə?
- Üç! Üç! - əli ilə göstərir.
Bəlkə məni səhv başa düşüb deyə bir daha soruşuram. Yenə eyni cavabı verir:
- Üç!
- Bəs niyə Üç deyirlər sənə?
- Çünki... maşın vurdu... o gəldi... apardı məni...
Heç nə başa düşməyib başımı yelləyir və uşağın yanağından çimdik qoparıram.
Bufetdən ayrılanda üzbəüzdəki akt zalına girirəm, içəridə iki qız eyni kitabı oxuyurlar: Jul Vernin “On beş yaşlı kapitan” əsərini. Küncdə pianino var. Divarlarda xəritələr, uşaqların çəkdiyi rəsmlər. Qızlar kitabı açıq vəziyyətdə buraxıb otaqdan çıxırlar. Dəmirbarmaqlı pəncərənin o üzündə oğlanlar futbol oynayırlar.
Biz qapını açıb çölə çıxanda “Üç” də arxamızca gəlir.
- Əmi, əmi. Mənim adım Üçdür, Üç.
- Lap yaxşı. - əlimlə əla işarəsi göstərib gülürəm.
- Əmi, maşın gəldi, maşın gəldi...
Baxıram ki, maşın yoxdur.
- ...maşın gəldi, məni apardı, vurdu məni... apardılar məni...
O, öz-özünə danışa-danışa qapını açıb içəri girir. Biz darvazanın qapısını açıb içəri keçəndə maskalı, qara çarşablı bir qadınla qarşılaşırıq.
- Bura sığınacaqdır?
- Bəli.
Qadın ehtiyatla soruşur:
- İçəri girə bilərəm?
Mən gülümsəyirəm:
- Əlbəttə.
Qadın tərəddüdlə, arxasına baxa-baxa içəri girir, qapıya yaxınlaşır, təzədən geriyə çönüb mənə nəzər salır, ehtiyatla qapını açıb tez də onu örtür. Girəcəkdə dayanmış bir göyərçin pırıltıyla güllə kimi qanadlanıb qadın sığınacağından çox-çox uzaqlarda yerləşən göy üzünə istiqamətlənir. Elə bu vaxt mavi boyalı qadın sığınacağı nağıllardakı sehrli evə çevrilir./kulis.az