Fonoqramın açıqlaması belədir ki, fonoqrám plastinka, lent, plyonka və s.-ə köçürülmüş hər hansı səs yazısıdır.
Bu günlərimizdə fonoqram deyəndə öncə xəyalımıza gələn odur ki, televiziyalarda, toylarda, konsert salonlarında müğənni öz-özünə yellənir, səs isə kənardan gəlir. Fonoqramı əhəmiyyətsiz sayıb, canlı ifaya üstünlük verən də var. “Nə fərqi var e-səs haradan gəlir. Əsas odur, o səs ruhumuzu oxşasın”
Bir az ətraflı düşünəndə görürsən ki, ətrafımız başdan-başa fonoqramdır.
Məsələn, himn oxunur. Ancaq 2-3 nəfərin dodağı tərpəşir, qalanlar büt kimi dayanır və sonda əl çalır.
Gündə 3 dəfə azan verilir. Əksər yerlərdə azan üçün ucaldılan 10-15 metrlik minarələr, dekorasiya xarakteri daşıyır. Biri məsciddəki otaqlardan birində maqnitofonu açır, azan səsin kəndə yayır.
Böyük şəhərlərə çıxırsan-yalançı ağaclar, yalançı fiqurlar-yəni ağacların, heyvanların fonoqramı.
Bir dostum danışır ki, şəhərin yaşıllıq zonalarından birini gəzirdim. Gördüm kimsə, kiçik maşınla çəmənin üzərində hərəkət edir. Elə bildim, çəməni sulayır. Sonra gördüm ki, yox, başqa əməliyyatdır. Çəmən üstündə xüsusi maşınla işləyən adam çəməni yaşıl boya ilə rəngləyirmiş. Bu da çəmənin fonoqramı.
Hər işə fərqli yanaşan başqa tanışım danışır ki, protez DİŞİN, eynək GÖZÜN, ƏSA ayağın, kosmetika SİFƏTİN fonoqramıdır.
Daha nələrin yalançısını düzəltmirlər ki - düyünün, yumurtanın, toyuğun...
Riyakarlığı, maskalanmağı həyat tərzinə çevrilənlər də elə bil insan deyil, insan fonoqramıdır.
Bir fonoqram nümunəsi də var. Vaxt var idi oxuduğumuz romanlarda, povestlərdə yazarın mənəvi dünyasını görərdik. İndi məhşur yazarların öz “yazarlar”ı var. Qəmi olub pulu olmayan bir istedadlı qələm sahibinin cibinə 2-3 min manat qoyub, Pirquluda, Qəbələdə və sair istirahət yerlərində onlara otaq kirayəlib, bir balaca mövzu verib, özlərinə roman-filan yazdırırlar. Necə deyərlər, yazan biri, müəllif biri. Bu da sizin üçün yazıçının-fonoqramı.
Ev tapşırığı: Üzdə “bacı” dediyinə, ondan ayrılan kimi “fahişənin biridir”, yaxud üzdə “qardaş” dediyinə, bir addım aralanan kimi "özü kimi oğraş, bir də özüdür“-deyənin nəyin FONOQRAMI olduğunu siz deyin.
Vay o gündən ki, bütün günümüz güzəranımız başdan ayağa fonoqram olsun.
Elcan