Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda hər məhəllənin öz narkomanı var||--||



 


�Azərbaycanın böyük şəhərləri sırasında yer alan Lənkəranda narkomaniyaya aludə olanların adı son vaxtlar oğurluqla məşğul olanlarla eyni sırada çəkilir. İndi bu şəhərdə az qala narkomanların öz icmaları var. Hətta bəziləri yarızarafat-yarıciddi deyir ki, bu şəhərdə hər məhəllənin öz narkomanı və narkotik alverçisi var. Həm də maraqlıdır ki, belələrini hamı tanıyır.

�10 ildir ki, narkomanam. Rusiyada bir yoldaşa rast gəldim. Dedi ki, bu, yaxşı bir şeydir, məni yoldan çıxartdı. Yaxşı bir şey deyilmiş. Mənim 50-yə yaxın yaşım var. Övladlarım, nəvələrim var. Ailədə mənim bu hərəkətlərimə pis baxırlar. Gündə 1-2 dəfə narkotik qəbul edirəm. İmkan olmayanda dərman atıram. İrandan gətirilən ağ narkotikdən daha çox qəbul edirəm. Orda-burda işləyirəm. Müalicə olunmuşam. Müalicənin xeyri yoxdur. Çalış qurşanma, qurşandınsa, batdın. Çətin düzələsən.�

Şərti adı Əziz olan narkomanın əli titrəyir və bir anlıq susur. Onunla məlum ərazilərin birində tanış olmuşduq. Məqsədimizi dedik və müsahibə üçün pul də təkif etdik. Müsahibəyə razı oldu, lakin pul götürmədi. Əsasən bazarların ətrafında belələrinə daha çox rast gəlmək olur.

Əziz deyir ki, Lənkəranda narkomanların sayı çoxdur. �Hər yerə baxırsan, belə adamlar vardır... Narkotik satılan yer də çoxdur. Qeydiyyatda durmuram. Bu bəla İrandan gəlir. M.Ə.Sabir küçəsi, Kiçik və Böyük Bazarların ətrafı narkomanların həmişə toplaşdıqları yerlərdir. Onlar qəbiristanlıqlara da toplaşır. Narkomanlar dəstələrə bölünüblər. Sanki hərənin dəstəsi və dəstə başçısı var. Başçılar hər şeyə nəzarət edir. Burada kimsə səhvə yol verə bilməz. Dərhal cəzasını alacaq. Əziz deyir ki, onun narkoman olduğunu hamı bilir. Başqalarından fərqli olaraq narkotik maddəni evində qəbul edir. Təəssüflənir ki, öz sənətinin dalınca getməyib. Narkotik onu məhv edib. Yenidən həyata qayıtmaq gücündə deyil. �Heç nəyə ümüdüm yoxdur�, -deyir.

Lənkəran şəhərində istənilən adda narkotik tapa bilərsən - tiryək, həşiş, heroin, kokain,.. Necə deyərlər, puluna minnət. İndi ən çox, deyilənə görə. kristal şəklində olan narkotiki əridib şprislə damara vurmaq dəbdir. Həb isə istənilən qədərdir. Aspirini də tiryəkə qatıb istifadə edirlər. 4-5 nəfərlik narkoman dəstəsi heroinin 1 qramını 40 manata alır, sonra bölüşürlər. İmkanlı, kübar adamlar isə kokainə üstünlük verir. Əziz deyir: �İran yolu açılandan daha tez-tez gətirirlər. Buralarda 15-20 narkotik satış nöqtəsi var. Polis də yaxşı bilir ki, narkotiki İrandan kimlər gətirir. Gömrükdə üst-baş yoxlanılmır. Onu elə gətirirlər ki, gömrük heç özü bilmir.


Bafur əməliyyatı


İran Astarasının Qəmbərəməhəllə deyilən yerində narkotikin bir çeti bizim pulla 80 qəpiyə satılır. Burada isə 4-5 manatdır.�

Əzizin dediyinə görə, narkotik müxtəlif üsullarla istifadə olunur. Narkotiki istifadə etmək üçün qurğu düzəldirlər. Plastmas qabları götürüb, yarıya kimi içinə su doldururlar. Həmin qabın həm yuxarısından, həm də ortasından yol açırlar. Yuxarıda tiryəki yandırırlar. Tüstü suya daxil olur, oradan başqa yolla bayıra çıxır. Tüstünü burunları ilə çəkirlər. İranda bunun daha mükəmməl formasını tapıblar. Orada buna Bafur deyirlər. İmkanlı adamlar Bafura üstünlük verir. Narkomanlar daha çox şprisdən istifadə edirlər. Lənkəran şəhərinin məlum ərazilərini gəzərkən, narkomanların istifadə etdikdən sonra yerə atdıqları çoxlu şprislərə də rast gəldik.


Narkomanlarla mübarizə artdıqca onların sayı daha çoxalır


Lənkəran Ərazi Narkoloji Dispanserin baş həkimi İlqar Əliyev deyir ki, narkomaniya cənub bölgəsində olduqca ciddi problemə çevrilib: �Bir nəfər narkoman ətrafında 4-5 narkomanı cəmləyir. Bunların sayı gündən-günə çoxalır. Aprel ayının 1 - nə olan məlumata görə dispanserin qeyidiyyatında 1190 nəfər narkoman var. Narkomafiya bunun hesabına küllü miqdarda gəlir götürür�.


Baş həkimin sözlərinə görə 90-cı illədə narkomanların artım dinamikası yüksək olub. Həmin illərdə Lənkəranda gündə 80-90 belə xəstə qeydiyyata götürülərdi, indi artım olsa da, sürətli deyil. Narkomanlar ən çox heroindən istifadə edirlər. Son vaxtlar kokaindən də istifadə edənlər çoxalır.


Narkomanı təmiz həyata qaytarmaq olarmı?

İ.Əliyev: �Bu adamlar asanlıqla müalicəyə tabe olmur. Narkotik asılılığı götürmək çox çətindir. Problemin kəskinliyi bundadır. Bir narkomanı həyata qaytarmaq üçün xeyli vəsait tələb olunur. Xəstənin müalicəsi bir neçə mərhələdən keçməlidir. Belə olduqda bir narkomanın müalicəsinə azı min manata yaxın vəsait tələb olunur. Bakıda Narkoloji Dispanserdə nisbətən dərman təminatı var. Lakin xəstələrin müalicəyə maraqlı olmaması vəziyyəti çətinləşdirir�.


İ.Əliyev də cənub bölgəsində narkomanlığın artmasının əsas səbəbini bu ərazinin sərhəd zonasında yerləşməsində görür. İrandan Azərbaycana daşınan narkotiklərin 85 faizi cənub bölgəsinin payına düşür. Ona görə də bizim bölgədə narkomanlıq özünü daha kəskin şəkildə göstərir.�


AİDS və narkomaniya əkiz qardaşdır


Lənkəran Regional HİV labaratoriyasının baş həkimi Rəmiəli İbişov da Lənkəran şəhərində narkotikə qurşananların kifayət qədər çox olduğunu söylədi. Onun dediyinə görə AİDS kimi narkomanlıq da sürətlə yayılır və bu iki bəla cəmiyyət üçün ən böyük təhlükəyə çevrilir. �Narkomanlıqla AİDS -in bağlılığı ondan ibarətdir ki, xəstələrin hər ikisi bəzən eyni şprisdən istifadə edir. Onda AİDS -ə yoluxma ehtimalı artır. Heç narkomanların sayını dəqiq bilmirik, qalmışdı onların arasında AİDS - ə yoluxanların sayına. Əlimizdə olan rəqəmlərə əsaslanıb deyə bilərik ki, AİDS - ə tutulanların 60-70 faizi narkomanlardır�.


Lənkəran Dövlət Universitetinin müəllimi, narkomaniya ilə bağlı araşdırma aparan Yadigar Sadıqov da bu xəstəliyin Lənkəranda vüsət aldığını söylədi. Onun dediyinə görə, sovet dövründə Lənkəranda narkomanlar həşiş və tiryəkdən istifadə edirdilərsə, indi əsasən heroindən istifadə edirlər. Heroin isə insan orqanizmini dağıdır, qısa müddətdə məhv edir: �Təbii ki, Lənkəranda 10 mindən çox narkoman var. Elə bir nəsil, tayfa yoxdur ki, onların arasında narkoman olmasın.� Y.Sadıqov deyir ki, narkomaniyanı Lənkəranda sosial bəla hesab etmək olar. Onun fikrincə dövlət səviyyəsində bu bəla ilə ciddi mübarizə aparılmır.

�Narkoman narkotikə hər gün 10-15, sonralar 25-30 manat verməli olur. Hər gün bu qədər pulu işləməklə qazanmaq mümkün deyil. İmkanı olmayan narkoman pul əldə etmək üçün cinayətə əl atır. Digər tərəfdən heroini qəbul edənlər işləməyə meyilli olmurlar. Nəticədə cinayətkarların sayı narkomanların hesabına artır. Ailələr dağılır. Narkomanlar ya ölür, ya da həbsxanaya düşür�.


Y.Sadıqovun sözlərinə görə, narkomanlığın belə sürətlə yayılmasının bir səbəbi də əhalinin sosial vəziyyətinin pis olmasıdır. Bəzi məmurların da burada maraqları var. Onun ehtimallarına görə İran tərəfi bilərəkdən bu ərazidə narkomaniyanı çiçəkləndirir. Narkomanlığa qarşı aparılan mübarizə buna görə lazımi səmərə vermir.


Himayəçilər məsuliyyətdən kənardadır


Y.Sadıqov: �Bir narkomanı həbs edirlər, sonradan bu cinayətin silsilə həbslərini görmürük. Aydın məsələdir ki, narkoman bu narkotiki kimdənsə alıb. Ən yaxşı halda iki nəfəri həbs edirlər, istifadəçini, bir də satanı. Bəs satan kimdən alıb? Narkomanı sağaltmaq istiqamətində ciddi bir iş görülmür. Hər hansı ailədə narkoman varsa, bu həmin ailənin problemi olaraq qalır.�


Lənkəran İnsan Hüquqları üzrə resurs mərkəzin rəhbəri Esmirə Turhidə narkomanlığın ən çox vəzifəli şəxslər və gənclər arasında yayldığını qeyd etdi. Onun fikrincə narkomanlığın yayılmasında maraqlı qüvvələr var. Onlar bu məsələnin həll edilməsinə mane olur. Buna görə də narkomanlıq əhalinin bütün təbəqələrini əhatə etməkdədir. �Konfranslarda, tədbirlərdə bu problemi tez-tez qaldırırlar. Lakin bu o demək deyildir ki, problem həll olunub. Narkomanlığı yaradan köklü səbəblər aşkar edilməlidir. Lənkəranda bu sahədə reabilitasiya mərkəzi yaradılmalıdır�.


Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov isə deyir ki, cənub bölgəsində narkomanların sayının artması gözləniləndir. Onun deməsinə görə, İrandan daşınan narkotikin bir hissəsi bu ərazidə ilişib qalır. Artıq cənub bölgəsinin rayonlarında daimi olaraq narkotik bazarı var. E.Hüseynov belə hesab edir ki, narkotik maddələr ölkəyə 3 istiqamətdə daxil olur: gömrüklə, dənizlə və qaçaqmal yolu ilə. Gömrükdə elə adamlar işləyir ki, narkotiki başqa əşyadan seçə bilmirlər. Onlar kontingentin təhlilini aparmır. Burada narkotiki tapmaq üçün iki it saxlayırlar. İtlər tələbatı ödəyə bilmir. İranın viza rejiminin birtərəfli qaydada ləğv etməsi narkotik maddələrin gömrükdən daşınmasını asanlaşdırır. Axın çox olanda nəzarət zəifləyir. Xəzər dənizinin �40 qulac� deyilən ərazisi İranlı qaçaqmalçılarla azərbaycanlı qaçaqmalçıların görüş yerinə çevrilib.�


Amerika Dövlət Departamentinin �Narkotiklərə nəzarət strategiyası 2010� adlı illik hesabatında Lənkəranın da adı var. Hesabatda deyilir ki, heroin istifadəçilərinin əksəriyyəti Bakı da daxil olmaqla Abşeron yarımadasına toplaşır. İkinci yerdə isə İranın qonşuluğundakı Lənkəran rayonudur.


Onu da deyək ki, bu məsələ ilə bağlı münasibəti öyrənmək üçün dəfələrlə DİN-nin mətbuat xidmətinə və Lənkəran polis şöbəsinə müraciət etdik. Adları çəkdiyimiz orqanlar hər dəfə bəhanə gətirərək münasibət bildirmədilər. Onu da əlavə edək ki, bir çoxları narkotiklərlə bağlı faktları gizlətməyə çalışır, bəzi formal rəqəmləri təqdim etməklə işlərini bitirmiş hesab edirlər. Mayın 1-də narkotiklərlə bağlı Lənkəranda keçirilən konfransa yalnız hökmət yönümlü mətbuat orqanlarının nümayəndələri buraxılmışdılar.

Müstəcəb 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10