Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekunlarına dair demoqrafik göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda ölümlərin sayı ötən il də yüksək olaraq qalıb, doğum isə azalıb, təbii artım səviyyəsi bir az da aşağı düşüb.
2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərlə müqayisədə 20 min nəfər artaraq 55 mindən 75 min nəfərə çatmışdısa, 2021-ci ildə bu rəqəm 76 min 878 nəfərə çatıb.
Diqqətçəkən məqamlardan bir də odur ki, “artıq ölüm” sayı koronavirusdan dünyasını dəyişənlərin rəsmi sayı ilə uyğun gəlmir. Belə ki, 2020-ci ildə 2 641 nəfərin COVİD-dən həyatını itirdiyi açıqlanıb, ötən ilsə bu rəqəm təxminən iki dəfə artaraq, 5717 nəfərə çatıb. Nəticədə, son 10 ilin sabit ölüm statistikasından (55-56 min – red.) 16 min artıq ölüm baş verib. Ölümlərin təxminən 40 faizi 65 yaşa qədər olan insanları əhatə edib.
Ölkədə doğum sayında azalma isə ölüm sayını azı iki dəfə qabaqlayır. Burada diqqətçəkən problem odur ki, Azərbaycanda doğum sayı son 10 ildə davamlı şəkildə azalıb. Məsələn, 2011-ci ildə ölkədə doğulanların sayı 176 min 072, vəfat edənlər 53 min 762 nəfər təşkil edib. Təbii artım 122 min 310 nəfər olub. 2021-ci ildə doğulanların sayı 112 min 284, ölənlər 76 min 878 min nəfər, təbii artım cəmi 35 min 348 nəfər təşkil edib.
Pandemiya dövründə azalma daha qabarıq görünüb. 2019-cu ildə ölkədə 141 mindən çox uşaq doğulmuşdusa, bir il sonra bu rəqəm 15 minədək azalıb. 2021-ci ildə də doğum sayında ondan öncəki illə müqayisədə daha 14 mindən çox azalma qeydə alınıb.
Statistik durumu şərh edən iqtisadçı Toğrul Maşallı bildirib ki, təbii artımın azalmasının əsas səbəblərindən biri ölüm hallarının artmasıdır. Onun sözlərinə görə, buna səbəb koronavirus infeksiyasının yayılması və virusla əlaqəli problemlərlə bağlıdır. “Virusun yayılması ilə səhiyyə sistemində ciddi problemlər yarandı, nəticə etibarı ilə insanlar keyfiyyətli tibbi xidmətlərdən məhrum oldu və ciddi problemlərlə üzləşdilər. 2021-ci ildə də ölüm sayının yüksək olması COVİD-in ölkədə kütləvi yayılması ilə bağlıdır. Məlumdur ki, ölkədə əksər vətəndaşlar bu və ya digər şəkildə xəstəliyə yoluxub. Nəticə etibarı ilə kütləvi yoluxma ölümlərin sayının artmasına ciddi təsir edib”,-ekspert qeyd edib.
İqtisadçı bir məqama diqqət çəkir – Operativ Qərargahın məlumatına görə, virusdan ölüm faizi 2020-ci illə müqayisədə ötən il 2.6 dəfə çox olub: “Amma DSK-nın yaydığı məlumatda yuxarı tənəffüs yolları xəstəliklərindən ölənlərin sayı TƏBİB-in göstərdiyi rəqəmlərdən 3 dəfə çoxdur”.
T.Maşallı deyir ki, əhalinin qocalması da təbii artımın azalmasında mühüm rol oynayır: “Ötən əsrin 50-60-cı illərində təbii artım yüksək olub. Lakin həmin dövrdə doğulanlar hazırkı səhiyyə sisteminin qeyri-effektiv işləməsi nəticəsində 60-65 yaşa çatmırlar. Bu insanlar COVİD keçirməsələr belə, lazımi tibbi yardım ala bilmədiklərindən, yaxud başqa səbəblərdən vəfat edirlər”.
Ekspert hesab edir ki, doğumun son illər azalmasının əsas səbəbi karantindir. “Toy mərasimlərinin keçirilməsi qadağan idi. Nəticədə, həm nikahların, həm də qeydiyyatsız toyların sayı kəskin azaldı. Bizdə uşaqların doğulması, əsasən, nikahın birinci ilində baş verir. Nikah az olubsa, təbii ki, doğulan uşaqların sayı az olacaq”.
T.Maşallı əlavə edir ki, karantin və koronovirusu nəzərə almasaq belə, Azərbaycanda doğumun azalması tendensiyası var. “Bu da təbii artımın aşağı düşməsinə təsir edir. Səbəb iqtisadi, sosial və s. problemlərlə bağlı ola bilər. Azərbaycanda daŞ bütün dünyada olduğu kimi, doğumun azalması trendi hakimdir. Paradoks odur ki, dünyada ölümlərin sayı azalır, amma bizdə həm doğum, həm də ölüm azalır”.
Həkim Müşfiq Hüseynov isə deyib ki, dünyada ölümlərin artması tendensiyası var və bu, COVİD-lə bağlıdır: “Çünki heç bir ölkədə əvvəldən koronavirusdan ölüm statistikası doğru-düzgün verilmədi. Məlum olmadı ki, nə qədər insan yoluxub, ölüb və s. İkincisi, stress faktorunun güclənməsi, Vətən Müharibəsi ilə əlaqədar itkilər də statistikaya təsir edib”.
Həkim vurğulayır ki, doğumun, təbii artımın azalmasının səbəbləri anormal haldır: “Burada birinci səbəb mental faktordur. İnsanların ailəyə münasibəti dəyişir, gənclər daha çox müstəqil həyat yaşamağa, evlənməməyə, nikahdan kənar əlaqələrə meyl edirlər. Belə münasibətlər çoxaldığına, asanlaşdığına və normal hal kimi qəbul olunduğuna görə, doğum sayı da azalır”.
M.Hüseynovun sözlərinə görə, əsas problemlərdən biri də sosial təminat sistemi ilə bağlıdır. “Evi, işi, gəliri olmayan insan uşaq barədə fikirləşmir, təbii olaraq, fikirləşməməlidir də. Beləliklə, bu tendensiya davam edir və edəcək”, – deyə, o vurğulayıb.
Həkim son 15 ildə Gürcüstan və Ermənistanın əhalisinin say artımına baxmağı təklif edir: “Pribaltikada, Ukraynada, Moldovada, Rusiyada əhali azalması var. Artım orta Asiyanın bəzi ölkələrində var. Məsələn, Tacikistanda, Özbəkistanda qismən də Qazaxıstanda. Qırğızıstanda artım yoxdur, Türkmənistanla bağlı isə məlumat tapmaq mümkün deyil”.
M.Hüseynov qeyd edir ki, ümumiyyətlə, dünyada təbii artımın azalması tendensiyası var, Azərbaycan da bu axına düşüb gedir: “Vəziyyət getdikcə pisləşəcək. Burada iqtisadi, mental faktorlarla yanaşı, sağlam qida problemi da var. Qidaların getdikcə süniləşməsi, natural qidanın sürətlə azalması, ekologiyanın korlanması, böyük şəhərlərdə stress faktorunun çoxalması təbii artıma ciddi təsir edir. Kifayət sayda gənclər artıq prostat xəstəliklərindən əziyyət çəkirlər. Bu problemin səviyyəsi androloqlara yaxşı məlumdur”.
Turqut/presskkub.az